Başmaqçı ailəsində dünyaya

gəldi, milyonçu oldu

 

Öz oğlu ilə bacanaq olan Hacı Zeynalabdin Tağıyevin həyatı…

 

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə (başqa mənbədə isə 1823-cü ildə (bəzi mənbələrə görə 1838-ci ildə) Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur . 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir.

Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdur. Oğlanları: İsmayıl, Sadiq və qızı Xanım. İkinci həyat yoldaşı məşhur general leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu İsmayılın həyat yoldaşı idi. Hacı oğlugildə olarkən Balakişi bəy Ərəblinskinin kiçik qızı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdir. Yəni Hacı öz oğlu ilə bacanaq idi. Sona xanım 16 yaşında ikən 73 yaşlı Tağıyevə ərə verilmişdi. Balakişi bəy Tağıyevin mülkünə ortaq olmaq üçün kiçik qızını Hacıya vermişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla , Sara və Sürayya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd “Dikaya diviziya”-nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür.

Qızı Leyla xanım Şəmsi Əsədullayevin oğlu Əli Əsədullayevlə evlənmişdir. Onların Əli, Nadir, Gülnar və Zeynal adlı övladları olmuşdur. Zeynal Türkiyədə anadan olmuşdur. Əli Əsədullyev 1920-ci illərdə ailəsini götürərək əvvəlcə İrana, sonra isə Türkiyəyə mühacirət etmiş, daha sonra ailə Parisə köçmüşdür. Qızları Gülnar Əsədullayev Parisin Sorbonna Universitetini bitirdikdən sonra Leyla Əsədullayeva ilə İstanbula kömüşdür. Leyla Əsədullayeva 1948-ci ildə İstanbulda vəfat etmişdir.

Hacı özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçiliərdən idi.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o 1872-ci ildə “Hacı Zeynalabdin” şirkətini yaradır.

1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də iki ortağı ilə birlikdə BibiHeybətdə icarəyə torpaq götürüb, buruq quraraq quyu qazmağa başlayır. Lakin beş il ərzində heç bir nəticə olmur, xərclər artır, neft isə çıxmırdı. Ortaqlar “zərərli biznesdən” çıxmaq qərarına gəldilər. Zeynalabdin isə onlar tərəfindən qoyulan kapitalı qaytarmaq məcburiyyətində idi. Buna baxmayaraq o, inadla “qara qızıl” axtarmağa davam edirdi. 1878-ci ildə dörd quyudan birində neft fontan vurdu. Bu hadisə həmin andan Z.Tağıyevin şirkətini neft sahəsində öndə gedən müəssisələr sırasına çıxardı. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayırdı. Üç il sonra Balaxanıda və BibiHeybətdə yerləşən 30 desyatin neft verən torpaq, neft məhsullarının daşınması üçün iki şxun, Tsaritsında (indiki Volqoqrad), Nijni Novqorodda, Moskvada anbarlar, iki – ağ neft və sürtgü yağı zavodu Tağıyevin şirkətinə məxsus idi. Şirkətin illik səmərəliliyi 1 milyon barelə yaxın xam və emal edilmiş məhsul təşkil edirdi.

Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır.

1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layıq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (512 kq) neft hasil edir.

“Mazut” şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə “Bakı-Batum” neft kəməri aksioner şirkətini yaradırlar. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamacını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsafədə uzanıb Xəzər sahilini Qara dəniz sahili ilə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı. Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə tamamlamışdılar. 29 oktyabr 1897-ci ildə Londonda “Rusiya nefti və maye yanacağın hasil edilməsi cəmiyyəti” (və ya “Oleum”) təsis olunarkən Z.Tağıyev Şuranın 6 üzvündən biri olur.

Bundan başqa Tağıyev “Kaspi” birliyi ilə əməkdaşlığını sürətli inkişaf etdirir ki, orada da o,1889-cu ilə qədər 738 pay haqqına, müxtəlif illərdə 100-dən 250-yə qədər fəhlənin çalışdığı 3 gəmiyə, iki quru doka (Q. Ş. Dadaşovla birgə) və körpüyə sahib idi.

Z.Tağıyev üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir. Bu sarayın hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyantinski, digəri Starıy politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır. Hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biri sayılır. Layihənin müəllifi Yuzef Qoslavski əsasən Avropa order memarlıq üslübundan istifadə edib, fərdi kompozisiya yaradıb. Binanın hər dörd tinində və baş girəcəyinin qabağında nəhəng qaz fanarı yanırdı.

O vaxt qız məktəbinin açılmasına yerli ruhanilər mane olurdular. Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırırdılar. Köhnə fikirli ruhanilər məktəb açmaq təklifini bəyənmiş qazi Mir Məhəmməd Kərimi qapısına neft töküb yandırmaqla hədələyirdilər. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnə fikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə Hacı Zeynalabdin Tağıyevi də öldürmək istəyirdilər…

1873-cü ildə icarəyə yer götürərək neft quyusu qazdırıb. 1888-ci ildə H. Z.Tağıyev Bakıda açılan orta-texniki məktəbin 1897-ci ildən fəxri himayəçisi olmuş, həmin ildən daimi olaraq bu məktəbə maddi yardım göstərmişdi.

Z.Tağıyev Mərdəkanda bağçılıq məktəbi açmışdı. 1895-ci ildən fəaliyyətə başlayan bağçılıq məktəbinin xərclərini Tağıyev öz üzərinə götürmüşdür.

1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəmişdir. Tağıyev Bakı Dövlət Universitetinin yaradılması məqsədi ilə külli miqdarda vəsait ödəmişdir.

Azərbaycan Respublikası Dövlət vəsaiti hesabına 100 nəfəri xarici ölkələrə oxumağa göndərmişdi. Onlardan 10 nəfəri İngiltərəyə, 23 nəfəri İtaliyaya, 45 nəfəri Fransaya, 9 nəfəri Türkiyəyə, 13 nəfəri isə Almaniya və Rusiyaya getmişdi. H. Z.Tağıyev həmin tələbələrə də maddi yardım göstərmişdi.

Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Sona xanımın təklif etdiyi göstərilir. Çünki gənc yaşda Hacıya arvad olan Sona xanım təhsil ala bilməmişdi. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə , digər cərgə isə qızılı daşdan hörülüb.

Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvələrindən başlayır. Bu da təsadüfü deyildi. 1905-ci il inqilabından sonra hökumətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdır. Bundan əlavə Tağıyevin vəsaiti hesabına 1885-ci ildə Bakının əsas qəzeti olan “Kaspi” qəzeti dərc olunurdu. 1896-cı ildə memar K. B. Skureviçin layihəsi əsasında onun tərəfindən tikilən pasaj (BUM) bu gün də şəhərin ən yaxşı ticarət mərkəzlərindən biridir.

İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa “Nəşr və maarif”, “Nicat” cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.

O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə yaman əziyyət çəkirdi. Axırda Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə kömək elə, dərdimizə bir çarə qıl. O da, o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyimanı (indiki şirniyyat fabrikini) dustaqxana üçün verir. Digər istinadlara əsasən, Bakıya yüksək rütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, sizə nə kömək lazımsa, utanmayın, söyləyin, mən padşahlıqdan heç nə müzayiqə edən deyiləm. Yüksək rütbəli şəxs izah edir ki, “dustaqları Nargin adasında saxlayırıq, işçilər gedib-qayıtmağa çox vaxt sərf edirlər. Həm də əziyyət çəkirlər; mümkünsə bu işdə bizə kömək edin”. Hacı Zeynalabdin tikilib qurtarmış dəyirman binasını dustaqxana üçün hökumətə verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq fabriki yerləşən əraziyə daşıtdırır, orda dəyirman tikdirir. Özü və ailəsi yaşamaq üçün fabrikin yaxınlığında xüsusi mülk tikdirmişdi və vaxtaşırı orda qalırdılar.

Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb. Lindleyin xaricdən dəvət etdiyi mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu aşkarlayır. Buna baxmayaraq, Bakı sakinlərinə sərinlik və firavanlıq gətirəcək Şollar kəmərinin çəkilişi bir tərəfdən lazımi vəsaitin tapılmamasından, digər tərəfdən isə layihənin əleyhdarlarının apardıqları əkstəbliğat səbəbindən uzanırdı. Yalnız çar II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verməsindən sonra Şollar su kəməri layihəsi fəal tikinti mərhələsinə qədəm qoyur. Layihənin müəllifi Lindleyin qətiyyəti və inadkarlığı sayəsində kəmərin çəkilişi üçün lazım olan bütün avadanlıq xaricdən alınıb gətirlir. Hətta Birinci Dünya müharibəsinin qızğın çağında belə tikinti işləri səngimir. Kəmərin, anbarların, şəhərdaxili şəbəkənin inşası anbaan sürətlənir. Nəhayət, V.Lindleyin və onun mütəxəssis komandasının, Bakı Dumasının və onun azərbaycanlı deputatlarının, şəhər idarəsinin, tikintidə çalışan minlərlə Azərbaycan kəndlisinin, Bakı fəhlələrinin möhkəm iradəsi və gərgin əməyi hesabına 1916-cı ilin dekabrında Şollar-Bakı su kəmərinin birinci növbəsi, 1917-ci ildə bu gün Bakını ən yaxşı içməli su ilə təmin edən 160 kilometrlik su kəmərinin çəkilməsi başa çatır.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında (bəzi mənbələrə görə 86 yaşında) vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir.

 

Təqdim etdi: Məmməd MİRZƏLİYEV,

Tarix üzrə fəlsəfə doktoru

 

Hürriyyət.- 2021.- 4-5 mart.- S.13.