Unudulmaz qəhrəmanlıq məfkurəsi!
Şəhid Səbuhinin həyat hekayəsi…
Vətən
sevgisi – uğrunda özünü qurban edən oğullara əbədi,
müqəddəs bir ucalıq qazandıran yeganə sevgidir! Şəxsi ləyaqətə, təmiz vicdana və
yenilməz qürura sahib olmaq isə, bilavasitə, Vətənə
məhəbbətdən qaynaqlanır. Vətənə
məhəbbət – çox müqəddəs, əlçatmaz
və ən ali bir dəyərdir! Əsl vətəndaş
üçün Vətən anlayışı, elə
azadlığın özü deməkdir!
Azərbaycan xalqı zəngin, fəxarətlə dolu
tarixi keçmişə malik olan bir xalqdır. Xalqımızın
şanlı hərb tarixi çoxlu sayda qəhrəmanlıq
səhifələri ilə zəngindir. Şərait,
mühit qəhrəmanlar yaradır, qəhrəmanlar isə
öz xalqının tarixini formalaşdırır.
Öz Vətən sevgisi, qüruru, vüqarı və ölməzliyi
ilə bizə örnək olan Səbuhi Əliyev kimi…
Haqqında söhbət açacağım növbəti
şəxs, xalımızın igid oğlu, öz
ömrünü Vətənimiz Azərbaycan üçün
yaşayıb, Azərbaycan üçün də fəda etməyi
bacaran Əliyev Səbuhi Teyyub oğlu olacaq. Möhtəşəm
ürəyə sahib olan və olduqca yaxşı insan kimi
yaddaşlarda qalan nur üzlü şəhidimizin həyat yolu qısa olsa da, gələcək
nəsillər üçün bir qəhrəmanlıq
nümunəsidir!
Səbuhi,
düşmən işğalı altında olan tarixi
torpaqlarımızın nə vaxtsa azad olunacağını
ümidlə gözləyər, bu nisgili ürəyində
gizli saxlayar və daxili dünyasında Vətən həsrəti ilə
yaşayardı. Bu
ədalətsizliyə dözə bilməz,
için-için əzab çəkərdi.
Torpağın Vətən olması üçün
düşmənlə mübarizə aparmaq, onun üzərində
zəfər qazanmaq lazımdır! Məhz, düşmən
üzərində qazanılacaq bu qələbənin
şahidi olmaq Səbuhinin ən ümdə arzusu, ən
böyük amalı idi! Səbuhinin
sözünün əvvəli də, axırı da Vətən
idi. Onu tanıyan hər kəs
bilir ki, şəhidimiz həmişə Vətəni sevməyi,
onu qorumağı və uğrunda şəhid olmağı
bir vətəndaş kimi özünə şərəf
borcu sayardı!
Bu dəfəki səfərim, yenə də Beyləqan
rayonunun Orta Əlinəzərli kəndinə oldu. Ziyarət
etdiyim bütün şəhid ailələrində olduğu
kimi, doğma el-obamın, qohumlarımın içində
sayılıb-seçilən, qəlbimdə xüsusi bir yeri
olan Teyyub əmimin də ailəsində çox mehriban
qarşılandım və bir neçə saat səmimi
söhbət etdik. Olduqca
sadə, zəhmətkeş və qonaqpərvər ailə
üzvlərinin əhatəsində şəhidimizlə
bağlı kövrək, acılı-şirinli xatirələrimizi
bölüşdük…
İllərlə məni düşündürən,
lakin bu günə kimi cavabını tapa bilmədiyim bir
sualı bu ailədə olduğum zaman da öz-özümə
verdim. Niyə şəhid ailələri, şəhid
valideynləri bir-birinə daha çox oxşayır? Niyə bu ailələr bu qədər mehriban, bu qədər
qonaqpərvər və bu qədər ürəyiaçıqdır?
Sirlərlə
dolu olan dünyamızın çox mürəkkəb
sınaqlarının, insanları imtahan edən fələyin
dözülməz gərdişinin və sonu görünməyən
çarəsizliyin izini, daha dəqiq desəm, elə,
ümidsizliyin özünü gördüm bu ailədə!
Övladı
haqqında danışanda qəhərlənən, bəzən
də, bunu gizlətməyə çalışan Teyyub əmimin
üzündə, ürəyi oğul həsrəti ilə
yanan, xatirələri dünyaya sığmayan, lakin bu barədə
söhbət edərkən kövrəlib danışmaqda
çətinlik çəkən Raziyyə anamın gözlərində
bütün şəhidlərimizin nisgilini gördüm.
Ömrünü,
hər şeyini övladına həsr edən, onu
böyüdüb, ərsəyə yetirən, lakin doyunca
sevib-oxşamağa belə macal tapmayan, kövrək, oğul
həsrəti ilə alışıb-yanan şəhid
valideynləri ilə qarşı-qarşıya həmsöhbət
olmaq mənin üçün, həm şərəf, həm
də, olduqca çətindir!
Bu cür
ailədə böyümüş, Vətəninə ləyaqətlə
xidmət etmiş və xalqının qəhrəman oğlu
kimi tarixə düşmüş bir insanın keçdiyi həyat
yolu haqqında yazı hazırlayıb oxucuların diqqətinə
çatdırmaq mənim üçün qürurverici və
məsuliyyətli bir işdir!
Əliyev Səbuhi Teyyub oğlu 07 avqust 1983-cü ildə
oğuz yurdu, qəhrəmanlar diyarı olan Qədim Beyləqan
rayonunda, öz qanı ilə tarix yazan igidlər elində –
doğma Əlinəzərli kəndində dünyaya göz
açmışdır. 1990-cı ildə Beyləqan rayonu, şəhid Kərəm
Əliyev adına Orta Əlinəzərli
kənd 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil
olmuş, 2000-ci ildə həmin məktəbin 11-ci sinfini
uğurla başa vurmuşdur.
2001-ci ildə “N” saylı hərbi hissədə həqiqi
hərbi xidmətdə olmuş və 2003-cü ildə ordu
sıralarından tərxis edilərək, ehtiyata
buraxılmışdır.
Səbuhi Əliyev 16 oktyabr 2007-ci ildə Silahlı
Qüvvələrin Təlim-Tədris Mərkəzində
müddətdən artıq hərbi xidmət keçmək
üçün kursa qəbul olmuşdur. 25 yanvar 2008-ci ildən
başlayaraq, “N” saylı hərbi hissədə top komandiri kimi
xidmətini davam etdirir. Bir müddət sonra, 23
dekabr 2009-cu ildə “N” saylı hərbi hissənin 4-cü
motoatıcı taborunun minaatan batareyasında minaatan komandiri vəzifəsində
xidmətini davam etdirir. Daha sonra, o, 07 noyabr 2010-cu ildə
xidmətini “N” saylı hərbi hissədə top komandiri kimi
davam etdirmişdir. Səbuhi, 30 yanvar 2016-cı il
tarixindən etibarən, “N” saylı hərbi hissədə
sürücü kimi xidmət göstərmişdir. 23 noyabr 2016-cı ildən etibarən isə, “N”
saylı hərbi hissənin həmlə taborunun 1-ci həmlə
bölüyündə sürücü kimi öz xidməti fəaliyyətini
davam etdirmişdir.
Səbuhi Əliyev 31 yanvar 2017-ci ildə Silahlı
Qüvvələrin Təlim-Tədris Mərkəzində
gizir hazırlıq kursuna daxil olmuşdur. 25 aprel 2017-ci
ildə gizir kimi fəaliyyət göstərmək
üçün, “N” saylı hərbi hissənin 2-ci
motoatıcı taborunda texnik kimi xidmətə
başlamışdır. 12 oktyabr 2017-ci
ildən isə, “N” saylı hissənin həmlə taborunun
1-ci həmlə bölüyündə texnik kimi xidmət
göstərməyə başlamışdır. 24 iyun 2019-cu ildə “N” saylı hərbi hissənin
4-cü motoatıcı taborunda döyüş maşın
komandiri heyət rəisi vəzifəsində xidmətini davam
etdirir.
26 oktyabr
2019-cu ildən başlayaraq, “N” saylı hərbi hissənin
3-cü tabor, 8-ci bölük döyüş maşın komandiri heyət rəisi vəzifəsində
xidmətini davam etdirmişdir.
Qürurverici haldır ki, hərbi hissə rəhbərliyi
gizirlik kursuna seçim edərkən, 10 nəfər hərbi
qulluqçu arasından namizəd kimi, məhz Səbuhini
seçmiş və həmin kursa göndərilmişdir.
Bir
faktı diqqətinizə çatdırmaq istəyirəm ki,
Səbuhi Əliyev hərbi xidmət keçdiyi bu illər ərzində,
yalnız ön cəbhədə, düşmənə yaxın
təmas xəttində qulluq etmişdir. O, Ağdam, Ağcabədi,
Beyləqan və Füzuli rayonlarında yerləşən hərbi
hissələrin düşmənə daha yaxın olan
mövqelərində xidməti vəzifəsini ləyaqətlə
yerinə yetirmişdir.
Şəhid
qardaşım hərbçi kimi xidmətdə olduğu
müxtəlif vaxtlarda, ardıcıl
olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 90, 95 və 100 illiyi münasibətilə
təsis edilmiş “Yubiley” medalları və “Qüsursuz xidmətə
görə ” medalı ilə təltif edilmişdir.
Bütün bunlardan əlavə olaraq bildirmək istəyirəm
ki, Əliyev Səbuhi nizam-intizamına, qüsursuz xidmətlərinə
görə yuxarı komandanlıq tərəfindən müxtəlif
vaxtlarda çox sayda diplom və fəxri fərmanlarla da təltif
edilmişdir.
Onu da qeyd edim ki, şanlı hərb tariximizə
“dörd günlük müharibə” kimi daxil olmuş haqq
savaşımızda Səbuhinin də özünəməxsus
xidmətləri olmuş və bu mübarizədə bir
çox uğurlara imza atmışdır. Lələtəpə
yüksəkliyinin düşmən əsarətindən azad
olunmasında Səbuhinin də müstəsna xidmətləri
olmuşdur! Həmin döyüşlərdə o, düşmənə
sarsıdıcı zərbələr endirmiş, şəhid
qardaşlarımızın qisasını artıqlaması ilə
almışdır! Hər kəsin gözü
qarşısında Azərbaycan Ordusu sürətli əks-hücum
əməliyyatı ilə düşməni ağır məğlubiyyətə
uğratdı. Aprel döyüşləri bütün
dünyaya Azərbaycan
dövlətinin qüdrətini, ədalət tərəfdarı
olmasını, xalqımızın həmrəyliyini, Ordumuzun
gücünü və qələbə əzmini bir daha
göstərdi.
Lakin hələ də, torpaqlarımızın bir hissəsi
düşmən əlində qalmaqda davam edirdi. Azğın düşmənə
layiq olduğu yeri göstərməyimizə isə, çox az qalmışdı. Artıq, həmin
tarixi gün yaxınlaşmaqda idi. Hamı kimi, Səbuhi
qardaşım da möhtəşəm Qələbə
gününü səbrsizliklə gözləyirdi! Nəhayət,
onun illərlə gözlədiyi, həmişə
arzuladığı həmin o tarixi gün gəlir!
Bütün bəşəriyyətə səs salan Vətən
Müharibəsi başlayır!
Vətən Müharibəsi başlayanda digər qəhrəman
hərbçilərimiz kimi, Səbuhi də xidməti vəzifəsini
yerinə yetirirdi. 27 sentyabrdan, müharibənin ilk
günündən Səbuhi də xidmət etdiyi hərbi hissənin
tərkibində mənfur düşmənə qarşı
mübarizəyə qoşulur. Onun
döyüş yolu Füzuli rayonu istiqamətindən
başlayır. Tabeçiliyində olan
“BTR” hərbi döyüş maşını ilə 11
gün ərzində fasiləsiz olaraq erməni faşistləri
ilə mübarizə aparmış, onların çox sayda hərbi
texnikasını və canlı qüvvəsini məhv
etmişdir. Şahidlərin dediyinə görə,
müharibənin ən qızğın vaxtlarında, 2020-ci
il oktyabr ayının 3-də şəhid qardaşımın
rəhbərlik etdiyi “BTR” hərbi döyüş
maşını düşmən mərmisinə tuş gəlir
və şəxsi heyət müxtəlif dərəcəli bədən
xəsarətləri alır, lakin buna baxmayaraq cəsur
döyüşçülər yenidən döyüşlərə
qatılır və düşmənə qarşı
mübarizələrini davam etdirirlər. Vətən
Müharibəsinin 11-ci gününə qədər qəhrəmanımız
yorulmadan, qorxu bilmədən döyüşlərdə
iştirak edib. Çox təəssüflər
olsun ki, Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən
döyüş Səbuhinin iştirak etdiyi sonuncu
döyüş olur. Məhz, bu mübarizə zamanı,
07 oktyabr 2020-ci ildə, fasiləsiz olaraq 15 il
Vətəninə ləyaqətlə xidmət etmiş
qardaşım şəhadət şərbətini içərək,
əbədiyyətə qovuşur. Şəhidimiz
08 oktyabr 2020-ci ildə Beyləqan rayonu ərazisində yerləşən
Cərcis Peygəmbər ziyarətgahının ətrafındakı
Şəhidlər Xiyabanında dəfn edilmişdir. Minlərlə vətənpərvər insan
izdihamı və müqəddəs üçrəngli
bayrağımızın müşayiəti ilə son mənzilə
yola salındı qeyrətli Vətən oğlu. Həmin gün mən də xalqımızla bərabər
bu faciənin canlı şahidi idim. Valideynlərinin
öz şəhid övladını necə qürurla, necə
hörmətlə qarşılayıb yola
saldığını hamı kimi mən də izlədim.
Onların bu cür hərəkətlərini
gördükcə, bir daha xalqımla, belə gözəl
ürəyə sahib olan insanlarla fəxr etdim.
Nəzərinizə çatdırmaq istəyirəm ki,
şəhidimiz Səbuhi Əliyev ailəli idi. Vətənimiz
üçün iki oğul övladı əmanət
edərək, haqqa qovuşub!
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezidentimiz, cənab İlham Əliyevin sərəncamları ilə, Əliyev Səbuhi ölümündən sonra, müvafiq olaraq, “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
(Ardı var)
Sabit MEHDİYEV,
“Şəhid Ailələrinə
Qayğı” Cəmiyyətinin
Beyləqan rayon şöbəsinin
sədri
Hürriyyət.- 2021.- 6-8 mart.-
S.12.