Unudulmaz qəhrəmanlıq məfkurəsi!
Şəhid Səbuhinin həyat hekayəsi…
Haqqında söhbət
açacağım növbəti şəxs,
xalımızın igid oğlu, öz ömrünü Vətənimiz
Azərbaycan üçün yaşayıb, Azərbaycan
üçün də fəda etməyi bacaran Əliyev Səbuhi
Teyyub oğlu olacaq. Möhtəşəm ürəyə
sahib olan və olduqca yaxşı insan kimi yaddaşlarda qalan
nur üzlü şəhidimizin
həyat yolu qısa olsa da, gələcək nəsillər
üçün bir qəhrəmanlıq nümunəsidir!
Əvvəli ötən
sayımızda
Şəhidimizin
atası Teyyub Əliyev: Səbuhi bizim ilk övladımız,
gözümüzün nuru, ürəyimizin ilk sevinci idi. Ailəmizdə onun
özündən başqa bir qardaşı və bir
bacısı da var. Uşaqlıqdan idmanla məşğul
olar, sağlam həyat tərzi keçirdər, zərərli
vərdişlərdən uzaq gəzərdi. Çox tərbiyəli,
sakit təbiətli, səmimi və düzgün insan idi. O,
halal zəhmətlə yaşamağa hələ körpəlikdən
uyğunlaşmışdı.
Onun ən
böyük arzusu təyyarəçi olmaq idi. Hələ o,
uşaq olanda pambıq sahələrinə zərərvericilərə
qarşı mübarizə məqsədilə dərman səpən
təyyarənin pilotuna yaxınlaşıb, ondan təyyarə
ilə uçmağı xahiş etmişdi. Pilot Səbuhinin
sözünü yerə salmayıb, onunla razılaşsa da, mən
buna etiraz etmişdim.
Bir
sözlə, bütün həyatım onunla bağlı idi!
Səbuhinin birdəfəlik gedişi ilə, mən də hər
şeyimi itirdim. O, mənim, həm oğlum, həm ən
yaxın dostum, həm də, ən etibarlı sirdaşım
idi. Hər kəs onu çox vətənpərvər,
xalqına və dövlətinə bağlı bir insan kimi
tanıyırdı. Oğlumla qürur duymaqla yanaşı,
ona qibtə də edirdim. Çox seçilmiş insan idi.
Şəxsən mən Səbuhinin yaşında olanda onun
etdiyi hərəkətlərin heç birini edə bilməzdim.
Onunla aramızda çox söhbətimiz olub, amma bu gün
heç kimlə onunla etdiyim kimi səmimi, mehriban söhbəti
edə bilmirəm. O, həmişə mənə yol göstərər,
bütün çətinliklərimdə yanımda olardı.
Deyirdi ki, bizi min bir əziyyətlə, zülmlə
böyütmüsünüz, sizin haqqınızdan
çıxa bilmərik. Valideynlərinə, qardaşına,
bacısına və bütün qohumlara qarşı
istiqanlı, mehriban idi. Hərb sənətini özü
seçmişdi, vurğunu idi bu sahənin. Hər dəfə
xidmətdən evə qayıdanda, Səbuhi bütün
qohumları bir-bir yoxlayar, onların hörmətini
saxlayardı. Hətta, ad günlərimizdə də bizi tək
qoymazdı, vaxt tapıb gəlib təbrik edərdi.
Hər
ildə bir neçə dəfə təkbaşına ailə
üzvlərimizin, qohum-əqrəbanın qəbirüstü
abidəsini ziyarət edər, təmizləyər və
ruhlarına dualar oxutdurardı.
Oğlum
musiqi ilə çox maraqlanardı, sevərdi musiqi dinləməyi.
Onun özünə aid, çox zəngin bir xəyallar aləmi
vardı.
Səbuhi,
həm də, çox kövrək bir insan idi.
Axırıncı dəfə şəhid olandan bir gün
qabaq telefonla danışmışdıq. Kövrəldi,
heç söhbətimizi yekunlaşdırıb, axıra qədər
danışa da bilmədik.
Adını
özüm qoymuşdum – Səbuhi! Bu adın mənası “səhər
mehi” deməkdir! Onu hər görəndə, sanki ürəyimə
sərinlik gələr, rahat olardım!
44
günlük müharibənin gedişində vaxt tapan kimi, biz
nigaran qalmayaq deyə, gündə bir dəfə zəng edib
bizimlə danışardı. Hər şeyin yaxşı
olduğunu bildirər, narahat olmamağımızı bizə
tapşırardı.
06 oktyabr
2020-ci il tarixdə Səbuhi hamıya zəng edib, hal-əhval
tutub, şəxsi əşyalarını da
yoldaşlarından evə göndəribmiş. Biz, bunun nə demək olduğunu
indi başa düşürük. Sən demə, o, sonuncu dəfə
zəng vuranda bizimlə halallaşırmış…
Şəhidimizin
anası Raziyyə Əliyeva: Səbuhi uşaqlıqdan
çevik, qorxmaz və zəhmətkeş
böyümüşdü. Ailəmizin yaxşı
dolanması üçün hər çətinliyə
dözər və zəhmət çəkərək hər
şeyə nail olardı. Özündən kiçik
qardaşı Nəbi ilə birgə təsərrüfat
işləri ilə məşğul olar, ailəmizi saxlamaqda
bizə yaxından kömək edərdi.
O, hərb
sahəsində yüksəlməyə, inkişaf etməyə
can atardı. Həmişə mənə: “Ana, ön cəbhədə
qulluq etmək mənə daha rahatdır və həm də,
bu mənim uşaqlıq arzumdur! Həsrətlə
torpaqlarımızın düşmən əsarətindən
azad ediləcəyi günü gözləyirəm!” deyərdi.
O, əvvəlcə müddətdən artıq hərbi
qulluqçu kimi xidmətə başladı. Daha sonra, hərbi
hissə rəhbərliyi tərəfindən seçilərək
gizirlik kursuna göndərildi. Sonuncu dəfə Səbuhi ilə
kiçik oğlu Emilin ad günündə, sentyabr
ayının 20-də görüşmüşdük. Bir
neçə gün sonra isə, məlum Vətən
Müharibəsi başladı və oğlum da digər hərbçilər
kimi həmin gündən döyüşlərə
qatıldı.
O, həmişə
bizimlə ciddi şəkildə maraqlanar, əlindən gələni
əsirgəməzdi. Çox ailəcanlı, əliaçıq
və mərd bir oğul idi Səbuhi! Qohumları, əzizləri
üçün çox narahat olardı, bir sözlə, bizə
görə yaşayardı! Hər zəng edəndə
hamı ilə danışar, dönə-dönə bizə
özümüzə yaxşı baxmağı
tapşırar və çətinliyimiz olan təqdirdə,
mütləq ona bildirməyimizi israr edərdi!
Səbuhi,
əl tutmağı, yaxşılıq etməyi çox sevərdi.
Tabeçiliyində olan əsgərləri qorumağa
çalışar, onların hər bir çətinliyində
yanlarında olardı. Həmişə onlardan ötrü
narahat olar, əlindən gələn hər şeyi edərdi
ki, valideynləri nigaran qalmasın. Həftə ərzində
bir neçə dəfə şəxsi telefonu ilə əsgərlərini
ailə üzvləri ilə danışdırar və zərurət
yarandığı halda, onların görüşünü
də təşkil edərdi.
O, həm
də, çox etibarlı bir dost idi. Bu yaxınlarda 20 illik əsgərlik
yoldaşları, əziz dostları bizə qonaq gəlmişdi.
Onlar Səbuhi haqqında bilmədiyimiz xatirələrini bizimlə
bölüşdülər. Ağıllı, olduqca səmimi
insan olduğundan, dostları onu heç vaxt unutmur,
övladları ilə tez-tez zəng edib danışırlar.
Oktyabr
ayınını 6-da nə mən, nə də ailə
üzvlərimiz gecə səhərə qədər yata bilmədik!
Səbuhinin şəhid olması bizə agah olmuşdu! Həmin
anları yaşamağı heç bir valideynə
arzulamıram!…
Bütün
xoşbətliyimi, sevincimi Səbuhi özü ilə
apardı! İndi isə, ancaq oğlum yuxuma gələndə,
xəyallarda xoşbəxt oluram!…
Şəhidimizin
qardaşı Nəbi Murtuzayev: Səbuhi ilə aramızda
yaş fərqi bir o qədər də çox deyildi. Bəlkə
də, bu səbəbdən idi ki, o, məni özünə ən
yaxın dost seçmişdi. Biz qardaş olsaq da, dost kimi daha
yaxın idik. Səbuhi çox etibarlı dost,
qayğıkeş bir insan idi. Hər görəcəyimiz
işi bir yerdə məsləhətləşər, daha sonra
bu istiqamətdə addım atardıq.
Kənd
yerində yaşadığımız üçün təsərrüfat
işlərində qardaşımla bərabər ailəmizə
kömək edərdik. Valideynlərimiz bizi uşaqlıqdan zəhmətə
uyğunlaşdırmışdı. Bütün işlərimizi
iki qardaş birlikdə görər, sevincimizi də, kədərimizi
də, birlikdə bölüşərdik. Mən, ən
yaxın, ən doğma sirdaşımı itirdim. Onsuz
yaşamaq mənə çox çətindir! Hər tərəfdə
onun yeri görünür! O gedən gündən, mən də
tək qalmışam! İnsan üçün qardaş itirmək
qədər ağır bir faciə yoxdur!
Onu da
bildirim ki, qardaşım fiziki cəhətdən çox
güclü idi. Uşaqlıqdan idmanla məşğul olurdu.
Mən də ona baxıb idman edərdim. Səbuhi, hələ,
o zamandan hərbçi olmağa can atırdı.
Uşaqlıqdan arzuladığı yolla da getdi. Mən
qardaşımla fəxr edirəm! Şəhidlik ən uca zirvədir!
Şəhidimizin
bacısı Rasta Murtuzayeva: Qardaşım çox mehriban, səmimi
bir insan idi. O, mənimlə qardaş kimi yox, bir ata kimi
maraqlanardı. Ailəmizin sonuncu üzvü olduğuma görə,
Səbuhi məni daha çox əzizləyərdi. Həmişə
çətinliyim olanda qardaşım mənə arxa-dayaq
durar, əl tutar, birlikdə problemlərimizi həll edərdik.
O, heç vaxt məni tək qoymazdı. Ailəmiz
üçün əlamətdar günlərdə
yanımızda olar, zövqümüzə uyğun hədiyyələr
alar, gözəl təbəssümü ilə,
könlümüzü oxşayardı! Sözlə ifadə
edə bilməyəcəyim qədər mükəmməl
bir qardaş idi Səbuhi! Hələ də,
qardaşımın yoxluğunu qəbul edə bilmirəm.
Onun ruhu həmişə mənimlədir. Tək qalanda onun
ruhu ilə danışıram. O, mənim üçün
ölməyib və əbədiyaşar qardaşım olaraq
da, qalacaqdır. Heyif Səbuhidən, çox heyif! Səbuhi,
şəhidliyi ilə mənə özü boyda fəxarət
gətirməklə yanaşı, qocaman dünyamız
ağırlıqda bir dərd də gətirdi! Ruhunun mənimlə
olduğunu bilirəm əziz qardaşım, həmişə
olduğu kimi, yenə də məni tək qoymursan! Allah Sənə
rəhmət eləsin, ruhun şad olsun!
Sonuncu dəfə
danışanda hər şeyin yaxşı olacağını
demişdi mənə. Döyüşlərdə olduğunu
bilsəm də, o, bu barədə mənə heç nə
deməzdi. Döyüş yoldaşlarının dediyinə
görə, Səbuhi çox güclü hərbçi olub.
Döyüşə birinci atılar, əsgərlərini
qorumağa çalışardı. Çox mərd adam idi Səbuhi.
Dostları bildirirdi ki, o, sərrast atıcı olmaqla bərabər,
silahlarla da peşəkarlıqla rəftar edərdi. Zirehli
texnikaların mahir bilicisi kimi hərbçilər arasında
çox məşhur idi. Onun
ürəyində, qətiyyən düşmən qorxusu yox
idi, tam əksinə,
bütün ruhu ilə düşmənə nifrət edərdi.
Səbuhi öz elinə, öz Vətəninə çox
bağlı bir vətəndaş idi.
Səbuhi
“Baş gizir” rütbəsini və növbəti dəfə
“Qüsursuz xidmətə görə” medalını almağa
bir neçə ay qalmışdı.
Qardaşım,
həmişə böyük oğlu olan Teyyubla fəxr edərdi!
Oğlunun böyüməsinə çox sevinər, onu,
özünün davamçısı kimi görmək istəyərdi!
Bir
gün Bəyazid adlı 7 yaşlı oğlum mənə:
“Ana, dayımdan ötrü çox darıxmışam! Onu
görmək üçün ölmək istəyirəm!
Dayımla cənnətdə görüşmək istəyirəm!”
dedi. Oğluma cavab verməyə bir söz tapa bilmədim və
onu bağrıma basaraq, sakitləşdirməyə
çalışdım!
Bu hadisədən
bir az sonra, kiçik oğlum Bəyazid yenidən mənə
yaxınlaşıb dedi: “Ana, oğlum olanda adını Səbuhi
qoyacağam! Qoy, o da, dayım kimi qəhrəman bir oğul
olsun!”.
Böyük
oğlum Mətləb də dayısı üçün
çox darıxır. Mətləb dayısını çox
sevirdi. Səbuhi, onun yaddaşında daha çox şən
zarafatları və mehriban münasibət dolu yaxşı
xatirələrlə qalıb. O, dərslərini yaxşı
oxuyur ki, Vətənimizə layiq bir vətəndaş kimi
böyüsün və dayısının
yarımçıq qalan arzularını həyata
keçirtsin. Hətta, Mətləb qardaşı ilə bərabər
qarşılarına məqsəd qoyublar ki, ali təhsillərini başa vurub
diplom alan kimi, ilk olaraq dayısının məzarı
üstünə gedib, ona verdikləri sözə əməl
etdiklərini göstərəcəklər! Mətləb
qarşısına məqsəd qoyub ki, dayısı kimi,
xalqına, dövlətinə ləyaqətlə xidmət
edib, vətənpərvər insan kimi formalaşacaq!…
Şəhidimizin
həyat yoldaşı Nuranə Əliyeva: Səbuhi çox vətənpərvər
insan olmaqla yanaşı, ailəsinə sadiq, namuslu və təmiz
vicdanlı bir həyat yoldaşı idi. Səbuhi
ilə 14 illik ailəlik həyatımızdan mənə onun
2 oğul övladı və əziz xatirəsi yadigar olaraq
qaldı. Onunla çox xoşbəxt idim. 07 oktyabr 2020-ci ildə,
onun şəhid olması xəbərini eşitdiyim gündən,
bu xoşbəxtliyimə son qoyuldu. Həyat yoldaşım
haqqında xatirələrim çoxdur, danışmaqla qurtarmaz.
Çalışacağam ki, onun mənə əmanət
olaraq qoyub getdiyi övladlarını, öz adına layiq bir vətəndaş
kimi böyüdüm! Səbuhi ilə qürur duyuram! Vətən
sağ olsun! Səbuhi ilə bərabər, digər şəhidlərimizə
də Allahdan rəhmət diləyirəm. Müqəddəs
ruhları qarşısında baş əyirəm!
Şəhidimizin
böyük oğlu, 13 yaşlı Teyyub Əliyev: Atam bizə
daha çox vaxt ayırardı. O, bizimlə ata kimi yox, bir dost
kimi münasibət saxlayardı. Birlikdə gəzintiyə gedər,
doyunca istirahət edərdik. Heç vaxt harasa tək getməzdi,
bizi də özü ilə həmin yerə aparardı. O, məni
peşəkar bir hərbçi kimi görməyi arzulayar,
bunun üçün dərslərimi yaxşı
oxumağımı tapşırardı. Həmişə mənə
deyərdi: “Zabit adını qazanmaq üçün
savadlı və sağlam olmaq, qarşıya çıxan
çətinliklərdən qorxmamaq gərəkdir!”. Elə
bu məqsədlə də, atam məni idmanın güləş
növünə qoydu və o
gündən bəri güləşlə məşğulam.
Bundan əlavə olaraq, atam istirahət günlərində
bizi xidmət etdiyi hərbi hissəyə aparar, orada olan hərbi
texnikaları göstərər və əsgərləri ilə
tanış edərdi! O, bununla da bizə Vətənimizə
ləyaqətlə xidmət etməyin yollarını öyrətmiş
olurdu!
Atam, bizə
böyüklərlə yaxşı davranmağı
tapşırar, tərbiyəli böyüməyimiz
üçün əlindən gələni edərdi. Hətta,
məndən yaşca kiçik qardaşım Emil ilə
aramızda dərs yarışması da keçirdərdi.
Qalib gələn tərəfə həvəsləndirici hədiyyələr
verərdi.
Hər il
“Novruz” bayramı olanda, atam bizi özü ilə bərabər
qohumların evini gəzməyə aparardı. Həmin gün
yaxşı istirahət edərdik…
Bu gün
də, hər yerdə gözüm atamı gəzir, səbrsizliklə
onun yolunu gözləyirəm! O, heç vaxt bizi tək
qoymazdı, inanıram ki, atam nə vaxtsa yenidən gələcək!
Yenə də ümidlə əvvəlki kimi bir yerdə
olduğumuz xoşbəxt günlərin
qayıdacağını gözləyirəm! Şəhidlərin
ölmədiyinə inanıram! Atam da ölməyib, onun ruhu
bizimlədir! Mən, atamla və bütün şəhidlərimizlə
fəxr edirəm! Atam, xəyallarımın qəhrəmanıdır!
Şəhidimizin
kiçik oğlu, 10 yaşlı Emil Əliyev: Atam həmişə
bizi düşünərdi. Hər dəfə ad
günümüz olanda, atam qardaşımla məni hədiyyə
almaq üçün ürəyimiz istəyən yerlərə
aparar və həmin gün bizi öz hədiyyələri ilə
sevindirərdi. O, hər gün dərslərimizlə
maraqlanar, çətin tapşırıqlarımız olanda,
bizə kömək edərdi. Hər dəfə evə
gülə-gülə girər, qardaşımla məni
qucağına alıb oxşayardı. İndi, atamın o
cür gəlişini gözləyirəm! Bilirəm ki, nə
vaxtsa o gələcək! O, heç vaxt bizi tək qoymaz! Atam
çox yaxşı insan idi, mən onu heç zaman
unutmayacağam! Atamla qürur duyuram!…
Sabit MEHDİYEV,
“Şəhid Ailələrinə
Qayğı” Cəmiyyətinin
Beyləqan rayon şöbəsinin
sədri
Hürriyyət.- 2021.- 9-10 mart.-
S.12.