Azərbaycan dövlətinin Zəngəzur
dəhlizi
layihəsi vasitəsi
ilə Qafqazda toqquşan
maraqları birləşən
maraqlara çevirmək planı
“Bölgədə və ölkəmizdə
tamamilə yeni geosiyasi vəziyyət yaranıb. Ona görə
biz bütün addımlarımızı düzgün
atmalıyıq ki, daim qələbə qazanaq. Daim Azərbaycan
bayrağı yüksəklərdə olsun”.
İlham
Əliyev
Qədim zamanlardan bəri Qafqaz
dünyanın ən mühüm geosiyasi regionlarından biri
kimi qiymətləndirilib. O, Şərqi Avropa ölkələri
ilə Orta Asiya dövlətləri, pravoslav aləmi ilə
(Gürcüstan, Rusiya) islam dünyası arasında
körpü, Bizans, Osmanlı, İran və Rusiya
imperiyaları arasında sərhəd olub. Əsrlər boyunca
Qafqaz imperiyaların mübarizə meydanına çevrilib.
Qafqaz həm də Yaxın və Orta Şərqə, Xəzər,
Qara və Aralıq dənizlərinə çıxış
yolu, eyni zamanda bu regionları birləşdirən həlqədir.
Tarix boyunca Qafqaz müxtəlif hərbi qüvvələr,
ordalar, qəbilələr, dövlətlər, imperiyalar, dinlər
arasında saysız-hesabsız müharibələr və
münaqişələr meydanı olub. Ötən ilin
payızında imzalanan sülh müqaviləsi Azərbaycanı
regionun güclü mərkəzinə çevirmək yolunda
böyük addım və Cənubi Qafqazın sülh,
sabitlik, əməkdaşlıq, birgə maraqlar məkanına
çevrilməsi yolunda inqilabi dönüş nöqtəsi
oldu.
Qafqazda
son dövrün ən qanlı münaqişələrindən
biri 30 il əvvəl başlanan, işğal, atəşkəs
və azadlıq dövrlərinə bölünən
Qarabağ müharibəsi oldu.
2020-ci
ilin payızında rəşadətli Azərbaycan ordusunun qələbəsi
ilə torpaqlarımızın işğaldan azad olunması
ilə nəticələnən Vətən müharibəsi həm
ölkəmizin, həm də ümumilikdə regionun gələcək
inkişafında böyük perspektivlər üçün
başlanğıca çevrildi.
Azərbaycan
dövləti və ordusu Ermənistanı
işğalçı siyasətindən çəkindirməklə
yanaşı, Qafqazda böyük bir qanlı münaqişə
ocağını söndürmüş oldu. Postmüharibə
dövrü regionda və ümumilikdə dünyada əməkdaşlıq,
qarşılıqlı ticarət, kommunikasiyaların, nəqliyyat
dəhlizlərinin yaradılması üçün
böyük gələcək vəd edir.
Azərbaycan
dövlətinin 10 noyabr tarixli üçtərəfli bəyanatın
şərtlərinə görə açılması nəzərdə
tutulan Zəngəzur dəhlizi Rusiya, Azərbaycan, Türkiyə,
İran, Gürcüstan, Ermənistan dövlətlərinin
maraqları ilə yanaşı, digər qonşu ölkələrin,
Türkmənistandan tutmuş İtaliyaya qədər dünya
dövlətlərinin, hətta “Bir kəmər – bir yol” layihəsinin
mərkəzinə çevrilə biləcəyi
üçün Çinin belə maraqlarına cavab verir. Zəngəzur
dəhlizinin açılması Avrasiyanın ürəyində
yeni nəqliyyat damarının açılması, logistika
sahəsində inqilab deməkdir.
Əvvəlki yazılarda qeyd
edildiyi kimi, Azərbaycan Avrasiya meterikinin şimalını
və cənubunun, Avropa və Asiya qitələrinin, böyük enerji və nəqliyyat dəhlizlərinin mərkəzində
yerləşir. Birinci
neft kəmərinin işə düşməsindən
– Azərbaycanı, Xəzər
dənizini Qara dənizlə birləşdirən,
99-cu ildə istismara verilən Bakı-Supsa kəmərinin istismara verilməsindən sonra böyük layihələr
icra edilməyə başladı. Buna nümunə
olaraq, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirən
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini göstərmək
olar. Bu böyük layihələrin ən axırıncısı bu
günlərdə istifadəyə
verilmiş, 7 ölkəni
birləşdirən, Türkmənistan
qazını İtaliyaya
çatdıra bilən
Cənub Qaz Dəhlizi layihəsidir.
Avropada yerləşən Albaniya dövlətindən, Qallipoli
yarımadasından tutmuş
Uzaq Şərqdəki
Yakutiyaya qədər eyni dilin müxtəlif
şivələrində danışan
150 milyonluq türkdilli
xalqlar coğrafiyasını
– hərəsi cəmi
onlarla kilometr enə malik – iki kiçik zolaq bir-birindən ayrılır.
Bu iki ayırıcı
zolağın birincisi,
Türkiyə ilə Azərbaycanın arasına
son bir əsr ərzində süni surətdə yaradılaraq
yerləşirilən Zəngəzur-Sisyan
dəhlizidir (ikinci –
Orsk dəhlizi Başqırdıstanla
Qazaxıstan arasındadır). Zəngəzur həm də Azərbaycanın böyük
hissəsi ilə Naxçıvan ərazisini
bir-birindən ayrı
salır.
1928-ci ildə Türkmənçay
müqaviləsinin imzalanmasından
sonra Azərbaycanın
qərb bölgələrində,
İrəvan, Göyçə
mahallarında, Zəngəzurda
əvvəlcə erməni
köçü ilə
demoqrafik balans dəyişdirildi.
Ermənilərin Qərbi Azərbaycan
ərazisinə kütləvi
şəkildə köç
etməsindən sonra Tehrana göndərilən
Rusiya diplomatik heyətinin tərkibində
olan Nikolay Şavrov açıq və aydın şəkildə yazır:
“XIX əsrdə Cənubi
Qafqazda sayı 1,3 milyona çatmış
ermənilərin 1 milyonundan
çoxu bizim tərəfimizdən bölgəyə
yerləşdirilib”.
Birinci Dünya
müharibəsi dövründə
ermənilər silahlandırılaraq
həm Türkiyədə
Osmanlı dövlətinə
qarşı, həm də Qafqazda Azərbaycana qarşı maşa rolunu oynadı. 1920-ci ildə
Sovet Rusiyasının
təzyiqi ilə Zəngəzur Ermənistana
verildi və Azərbaycanın Qarabağ
və Naxçıvan
zonaları arasında
hasara çevrildi.
Zəngəzur ərazisi o zaman
Ermənistana verilməsəydi,
bu gün Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsi mövcud olardı.
Atatürk ilə diplomatik münasibətlərinə baxmayaraq,
nə “beynəlmiləlçi”
Lenin, nə də
Stalin Zəngəzurun Azərbaycanın
tərkibində qalmasına
imkan verməyiblər
– türkofobiya onları
süni surətdə
yaradılmış erməni
dövlətini dəstəkləməyə
və genişləndirməyə
məcbur edib.
Sovet imperiyasının
süqutu ilə “dəmir qapılar” açıldı. Türkiyə ilə Azərbaycan
arasında onillərlə
kəsilən əlaqələri
yenidən bərpa eləmək imkanı yaransa da, birbaşa
əlaqə yenə də mümkün olmadı.
Ermənistan dövlətinin artan iştahı havadarlarının
dəstəyi ilə Qarabağın işğal
edilməsi ilə nəticələndi. Naxçıvan blokdada qaldı.
Heydər Əliyev və Süleyman Dəmirəlin təşəbbüsü
ilə Naxçıvanla
Türkiyə arasında salınan “Ümid” körpüsü
bölgənin ərzaq
təminatını yaxşılaşdırdı.
Razılaşma əsasında İran
qazının verilməsi
əhalinin istilik problemini həll etdi.
Azərbaycanın Qarabağı erməni işğalından geri alması ilə həm də digər region dövlətləri
üçün də
problem yaradacaq dənizdən-dənizə
qondarma “Böyük Ermənistan” xülyasına
zərbə vurulmuş
oldu. Ordumuzun zəfəri regionda
balansı və perspektivləri dəyişdirdi.
Azərbaycandan Türkiyəyə birbaşa
kəsə yolun açılışı məsafəni
xeyli qısaltmağa və yükdaşımaların
həcmini artırmağa
imkan yaradır. “Şimal-Cənub” və
“Şərq-Qərb” nəqliyyat dəhlizləri, İpək
yolu ilə birlikdə Azərbaycan
regional nəqliyyat mərkəzi
mövqeyini gücləndirir,
onun tərəfdaşları
üçün isə
yeni imkanlar açılır.
Ermənistan izolyasiyadan çıxmaq imkanından möhkəm yapışmaq əvəzinə,
altına imzasını
qoyduğu layihənin
həyata keçirilməsinə
əngəl olmağa
çalışır. Halbuki, Azərbaycanın
Ermənistan üzərində
qələbəsi hətta
faşist ideyaların,
monomillətçiliyin köləsinə
çevrilmiş ermənilər
üçün də
faydalıdır. Dağlıq
Qarabağın erməni
əhalisini öz vətəndaşı kimi
qəbul edən dövlətimizin Zəngəzur
dəhlizi planının
həyata keçirilməsi,
3+3 (Azərbaycan, Gürcüstan,
Ermənistan, Rusiya, İran, Türkiyə) prosesi daxilində normallaşma dövrünün
başlanması, hazırda
Gürcüstandan keçərək
Türkiyədə qaçaq
şəkildə işləyən
100 minə qədər
erməni üçün
faydalı olacaq, ermənilərin avtomobil və dəmir yolu nəqliyyatı vasitəsi ilə həm İrana, həm də Türkiyəyə getməsinə
imkan yaradacaqdır. Rusiyadan iqtisadi və hərbi asılılıqdan
qurtulan ermənilər
türk dünyasına
üz tutmaq məcburiyyətində qalacaqlar.
Bütün bu imkanlardan
faydalana bilmək üçün Ermənistan
Türkiyə və Azərbaycana qarşı torpaq iddiaları və düşmən siyasətindən vaz keçməlidir. Hətta ermənilərin
milli xislətləri dəyişməsə də
(təcrübə göstərir
ki, ermənilərin türklüyə qarşı
düşmənlikləri müəyyən
dövrlərdə nəzərə
çarpmasa da, bu yalnız onların gizli inkubasiya dövrü keçirməsi demək olur), dövlət olaraq absurd iddialarından əl çəkməsi erməni faşizminin islahı yolunda böyük addım olacaqdır.
Bəli,
tarixi Zəngəzur ərazisindən keçəcək,
türk dünyasını
bir-birinə bağlayacaq
nəqliyyat dəhlizi
layihəsi torpaqlarımızı
işğaldan xilas edən cənnət qoxulu şəhidlərimizin,
fədakar qazilərimizin,
şanlı ordumuzun, müdrik
dövlət başçımızın,
bütövlükdə xalqımızın
regionda sülhün yaradılmasına töfhəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi: “Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə
bu məsələnin
əks olunması bizim, eyni zamanda,
böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur
dəhlizinin fəaliyyəti
istiqamətində fəal
işlər aparılır,
bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya
layihələri masa üzərindədir, müzakirə
edilir və bu, bizim növbəti
tarixi uğurumuz olacaqdır”.
Zeynəb Rüstəmli
Hürriyyət.- 2021.- 11-12 mart.-
S.13.