Sirr olan duyğunun
səsi
Gənc şair Həsən
Hüseynovun “Sevgi səninlə gözəldir” kitabı
haqqında düşünərkən
Əslində onu ilk dəfə Gəncə Dövlət
Dram Teatrında məşq proseslərində zalda bir kənarda
sakitcə oturub izləyici olduğunu görürdüm.
Bir müddət sonra isə öyrənə bildim ki, aktyor
olmaq məqsədilə gəlib-gedir. Doğrusu
görünüş etibarı ilə ilk günlərdə
elə də məni özünə cəlb edə bilməmişdir.
Hətta açıq deyim ki, səhnədə nə cür
aktyor olaraq fəaliyyət göstərə biləcəyindən
belə şübhəli idim. Daha sonra
maraqlarımızın toqquşmasını duydum. Yəni onun da qələm əhli olaraq şer yazmaq
qabiliyyətinin olduğunu öyrəndim. Beləliklə
maraqlar toqquşdu və bir gün şerlərini dinləmək
qərarına gəldim. Bu minval ilə onu
dinləmək istədim.
O,
şerlərini özü oxuyurdu. Mənsə
qulaq asdıqca sərbəst şerlərin sanki qulaqlarımda
bulaq çeşməsi kimi
çağladığını, hərdən də müəyyən
məqamların həyat yolumla eyniləşdiyini duyurdum.
Çox zaman isə dinləmək belə istəmirdim.
Sanki dinlədikcə əsəblərim tarimar
olur, “axı bunu nədən yazır” deyirdim. Çox
zaman isə onun şeirlərinin vəzni, üslubu, məzmunu,
bədii təsviri məndə belə bir təəssürat
yaradırdı ki, müəllif heç də özü
deyil. Başqa bir aləmin, dünyanın bəlkə
də hələ də sirr olan duyğunun səsidir.
Ancaq təəssüf… Elə sevginin gözəlliyi
onun qəlbinin özündə idi. Gənc
şair Həsən Hüseynov kimi.
Həsən
Sakit oğlu Hüseynov 1997-ci il noyabr
ayının 7-də Gəncə şəhərində anadan
olub. 2003-cü ildə Ə. Cavad adına
2 saylı tam orta məktəbin birinci sinifinə daxil olub. Orta məktəbdə oxuduğu müddətdə
isə 2010-cu ildə Kompyuter operatoru ixtisasını fərqlənmə
diplomu ilə bitirib. Uşaq
yaşlarından isə incəsənətə olan
marağı onu Gəncə Uşaq İncəsənət məktəbinə
gətirib və 2013-cü ildə buranı qarmon ixtisası
üzrə bitirməsi ilə nəticələnib. Gənc
şair 2012-ci ildə Ə. Cavad adına 2 saylı tam orta məktəbi
bitirib və həmin ildə də 3 saylı Gəncə
Peşə Liseyinin Turizm agenti fakültəsinə daxil olub.
Daha sonra təhsilini
Rusiya Dövlət Aqrar Universitetinin Biznesin idarə
edilməsi fakültəsində davam etdirmək istəsə
də ailədə olan maddi çətinlik buna imkan verməyib.
Gənc, istedadlı şairin incəsənət
sahəsinə olan maraq və sevgisinin tükənməməsi
onu 2016-cı ildə Bakı şəhərində Model və
aktyorluq kursuna gətirib. Qarşısına
davamlı aktyor olaraq çalışmaq məqsədini qoyan
istedadlı şair sonradan taleyini Gəncə Dövlət
Dram Teatrına bağlamaqla “İkinci nəfəs” Teatr
studiyasında çalışmağa başlayıb.
İlk
şerlər kitabı olan “Sevgi səninlə gözəldir” toplumunun
taleyindən söhbət düşərkən gənc
şair deyir: “Uşaq yaşlarımdan şeiriyyata
böyük marağım olub. Bir gün həyatda
gördüklərimi, başıma gələn yaxşı və
pis hadisələri qələmə almağı qərar
verdim. Bu minvalla gördüm ki, elə hey
yazıram. Düzü
yazdıqlarımı ilk öncə kimlərəsə
oxumağa ehtiyat edirdim. Sonra özümdə
cəsarət tapıb yanımda olan dostlarıma ilk olaraq
oxudum. Beləcə şerlər, hekayələr
yazmağa başaldım və toplum halına
düşdü. Qərarımda israrlı
idim. Bu üzdən də ilk sınaq olaraq
oxucularla görüşə “Sevgi səninlə gözəldir”
adlı kitabımla gəldim. Son söz isə
yenə də oxucularındır”.
Qeyd etmək
istərdim ki, gənc şair Həsən Hüseynovun sayca ilk
kitabı olan “Sevgi səninlə gözəldir” adlı
şeirlər toplusunu mənə təqdim etdikdə ona olan
minnətdarlıqla yanaşı həm də
marağımı daha da artırmış oldu. Bu minvalla 134 səhifəlik kitabda şairin cəmi
97 şeiri nəşr edilib. Xüsusi
olaraq qeyd etmək istərdim ki, kitabın başlıca
özünəməxsusluğu onun içərisində
toplanan bütöv şeirlərində, bəzəndə isə
bəndlərində əksərən isə misralarındadır.
Kitab haqqında düşüncələrimi qələmə
almaqda da elə əsas məqsəd buradan qaynaqlanaraq bu təəssüratları
yazıya çevirməyə əsas səbəb də
misralarda olan bənzərsizlik, bəzən isə bu bənzərsizlikdən
doğan “ağlı
başdan alan” epitetlər, metaforalar, mübaliğələrdir.
Ümumiyyətlə, gənc şairin şeirləri
düşündürücüdür. Gənc
şair çox zaman misralarında sözün elə uzaq mənasına
arxalanır ki, onu tapıb yenidən yerinə qoymaq oxucu
üçün elə də asan başa gəlmir.
Məsələn:
İsti
gecənin birində,
Soyuq bir
qış günündə,
Qalın
paltarda üşüyəndə,
Yazmağa başladım.
Birinci misrada aydın olur ki, gənc şair dərdi
can-başla qəbul edir, ikinci misrada artıq həddi
aşır, digər misralarda isə üstəlik dərdin bəlasını
da boynuna götürmüş olur.
“Sevgi səninlə
gözəldir” adlı kitabla daha yaxından tanış olarkən
burada olan bədiilikdən söz düşdükdə bir
daha qeyd etmək lazımdır ki, onun şeirlərinin ən
qabarıq cəhətləri misralarındakı yeni söz
birləşməsi tipləri çox zaman adət etmədiyimiz qafiyələr,
sözün içinə-məna
dərinliyinə baş vurmaq kimi sənət əlamətləri
xüsusi olaraq diqqəti cəlb edir. Onları oxuyanda belə
qənaətə gəlirsən
ki, gənc şair Həsən Hüseynov şeirlərini
misralara birnəfəsə, bədahətən deyilən,
üstündə “əməliyyat”
aparılmayan, redaktə olunmayan bir formada oxucusuna təqdim
edir. Məhz buna görə də onların ahəngi,
səsləşməsi, bir-birinə qovuşuqluğu, qafiyəsi,
hər şeydən əvvəl, gözlənilməz və
çox vaxt da yerində işlənmə üslubuna görə
heyrət doğuracaq qədər təbii olaraq
görünür. Bu baxımdan da məhz gənc
şairin əksər şeirlərində məzmundan daha
çox forma və üslubu mütaliə zamanı oxucusunu
“tutur”, onu hətta istər-istəməz
“baş bulamağa” vadar edir.
Məsələn:
Bu
gündə yorğunuq sanki it leşi
Yenə
yuxu yoxdur saat keçib ta beşi
Sübh
çağı Azanın səsinə dursan
Deməli
səndə xoşbəxt adamsan
Ya
seçilmişsən ya seçirsən sən
Qarşımda
səssiz keçirsən sən
Yadlaşmış
illərin üzbə-üz binasıyıq biz
Bir birimizə
baxırıq qovuşa bilmirik
Aramızda
illərin ağacları var
Ağaclarda
çoxdur bir-birimizə
İrəli
atmağa addım yeri dar
Müasir poeziyamızda ən çox sevgi şeirlərindən
söhbət düşdükdə mənə belə gəlir
ki, bu kimi qeyri-bənzərsizliklərə çox nadir
hallarda misralarda rast gəlinir. Məhz bu kimi duyğulu şairlərin
qələmə aldıqları misralar isə onların sevgi
şeirləri kimi ürəyinin
pıçıltısı, qəlbinin həyəcanı,
gözünün işığından yaranır ki, o,
heç zaman “sevirəm”,
“yanıram” kəlməsini belə işlətmir, əksinə
bu hisslərdən doğan duyğuları, düşüncələri
və baxışları insan qəlbindən misaralara
köçərək həzin-həzin oxunur. Çox
zaman isə gənc şair öz misralarında zehninin hakim kəsildiyi
sevgilisinin rəsmini, onun cizgilərini sadəcə sadalamaqla
diqqətə çatdırmır əksinə onun bənzərini
göz önünə gətirməklə sözlərdə
baş qaldıran duyğular misralarda narın
yağışın səsi, gözlər yağışdan
sonrakı göylərin rənginə çevrilə bilir.
Bu baxımdan onun duyğusal xəyali söhbətləri
daha təsirli və daha dolğundur. Bunun nəticəsidir
ki, gənc şairin “Sevgi səninlə gözəldir”
kitabında saf və zərif sevgi duyğuları öz ahəngində
daha təravətlidir. Daha çox sevgi
şeirlərinin toplandığı kitabda hər zaman oxucuya
xoş gələn cəhətlər çoxluq təşkil
edir. Hətta deyərdim ki, burda elə şeir misraları da var ki, oxucuya
onlar daha çox yaddaqalan süjetli bir əsər təsiri
bağışlayır. Çox zamanda da misralarında
başlanan bədii parçada olduğu lirik qəhrəman
obrazı onun həyat yollarını, həyatının sərt
üzünü
özünəməxsus
şəkildə vərəqləməklə müəllif özü onun bələdçiliyini
edir, həsrətə yol verməyən üsullarını,
gözlərinə köçürdüyü tin və
döngələrini, izi ilə gələn kölgələri
öyrənir. Bununlada oxucusuna mənim həyat
hekayəmi vərəqlə deyir.
“Sevgi səninlə
gözəldir” adlı
kitabının müəllifi olan Həsən
Hüseynovun gələcəkdə daha da püxtələşməklə
onun şeir yaradıcılığının müasir
poeziyamızda xüsusi bir yerinin olacağı ümidləri
heç də danılmazdır. Qeyd etməliyəm ki, həm
də bu poeziyada ayrıca bir dərd, kədər mövzusu da
xüsusi olaraq hakim
mövqe tutur. Bu həm də müəllifin dilindən
qəlbən sevən lirik bir qəhrəmanın hicran, ayrılıq, giley və
nisgil sevdasıdır.
Anar
Burcəliyev,
teatrşünas
Hürriyyət.-
2021.- 18-19 mart.- S.14.