Ürəklərdə yaşayan qəhrəman!!!
Şəhid Elvinin həyat hekayəsi…
Haqqında söz
açacağım insan, həmvətənimiz olaraq
adını böyük iftixar hissi ilə
xatırladığımız, xalqımızın qəhrəman
övladı Elvin Tələt oğlu İsmayılov da bu
igidlərin sırasındadır…
Şəhid
qardaşım Elvin Tələt oğlu İsmayılov, 09 mart
1989-cu ildə Beyləqan rayonunun Orta Əlinəzərli kəndində,
zəhmətkeş, öz əməyinin bəhrəsi ilə
dolanan, sadə bir ailədə dünyaya göz
açmışdır. O, 1995-ci ildə şəhid Kərəm
Əliyev adına Orta Əlinəzərli
kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə
daxil olmuş və 2006-cı ildə isə, həmin məktəbin
11-ci sinfini müvəffəqiyyətlə başa
vurmuşdur.
Elvin
İsmayılovun ibtidai sinif müəllimi isə, əsl
ziyalı nüfuzuna sahib, müəllimlər müəllimi,
şəxsiyyətinə çox böyük hörmət bəslədiyim
bir insan, el ağsaqqalı Mayor müəllim
olmuşdur. Onu da qeyd edim ki, Mayor müəllim
özünəməxsus dəsti-xətti olan dəyərli
pedaqoq və yüksək intellektə malik yaradıcı bir
insandır!
Elvin
İsmayılovun arzularından biri də, ali
təhsil almaq olmuş, lakin bu arzusuna çatmaq ona qismət
olmamışdır.
Nəhayət,
Vətənə xidmət zamanı gəlir və Elvin 2007-ci
il aprel ayında Ordu sıralarına həqiqi hərbi xidmətə
çağırılır. Vətənpərvər
Azərbaycan əsgəri öz xidmətini cəbhə xəttində,
Tərtər rayonunda, mənfur düşmənlərimizlə
üzbəüz mövqelərimizdə yerləşən “N”
saylı hərbi hissəsindən başlayır.
O, snayper
silahının incəliklərini dərindən öyrənmiş
və bu sahə üzrə peşəkar atıcı kimi
formalaşa bilmışdır. Xüsusi qabiliyyətinə
və Vətənə ləyaqətlə xidmət etdiyinə
görə, dəfələrlə yuxarı komandanlıq tərəfindən
diplom və mükafatlarla təltif edilmişdir.
Elvin, Vətənə olan borcunu layiqincə yerinə
yetirdikdən sonra, 2008-ci ilin oktyabr ayında Ordu
sıralarından tərxis edilir. O, bir müddət doğma Əlinəzərli
kəndində şəxsi təsərrüfatlarında fərdi
əməklə məşğul olur və ailəsinin
xoş güzəranı üçün valideynlərinə
yaxından köməklik göstərir.
Lakin torpaqlarımızın hələ də
düşmən əsarətində qalması, şəhidlərimizin
qisasının alınması və ümumiyyətlə, hərb
sahəsinə olan hədsiz sevgisi onu rahat buraxmır, yenidən
peşəkar bir əsgər kimi, Vətənə xidmət
etmək qərarına gəlir.
Elvin, hələ həqiqi hərbi xidmətdə
olduğu dövrdə, mənfur düşmənimiz olan erməni
quldurları növbəti dəfə təmas xəttində
atəşkəs razılaşmasını pozur. Silahlı
qarşıdurma zamanı hər iki tərəf müəyyən
sayda itki verir. Elvin, ağır yaralanmış əsgər
yoldaşını döyüş gedən ərazidən
çıxarmağa nail olur, lakin özünə qardaş qədər
yaxın hesab etdiyi həmin əsgər, elə Elvinin
qolları arasındaca, şəhadətə yüksəlir!
Bu hadisə Elvinə çox pis təsir edir və həmin
an, dostunun və bütün şəhid
qardaşlarının ruhu qarşısında, onların
qisasını düşməndən alacağına kişi sözü verir!
Elvin
ürəyinin dərinliyində gizli saxladığı ən
böyük arzusunu
ailə üzvlərinə bildirir və tələb olunan zəruri
sənədləri hazırlayaraq, Silahlı Qüvvələrin
Təlim-Tədris Mərkəzinə təqdim edir.
Nəhayət, Elvin İsmayılov, 17 yanvar 2017-ci ildə
Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində
müddətdən artıq hərbi xidmət keçmək
üçün kursa qəbul olur. O, 01 aprel 2011-ci ildən
başlayaraq, Qazax rayonunda yerləşən “N” saylı hərbi
hissənin düşmənlə ən yaxın təmas xəttində
yerləşən motoatıcı taborun tərkibinə daxil
olan bölükdə çavuş rütbəsi ilə, manqa
komandiri kimi xidmətini davam etdirir.
Şəhid
qardaşım hərbçi kimi xidmətdə olduğu
müxtəlif vaxtlarda,
ardıcıl olaraq, Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ali Baş Komandanı, Prezident, cənab
İlham Əliyevin imzaladığı 24 iyul 2013-cü il
tarixli Sərəncamı ilə, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin yaradılmasının “95
illiyi”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Ali Baş Komandanı, Prezident, cənab İlham Əliyevin 26
iyun 2018-ci il tarixli Sərəncamı ilə, Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının “100 illiyi” münasibətilə təsis
edilmiş “Yubiley” medallarına layiq görülmüşdür.
Bütün bunlardan əlavə olaraq bildirmək
istəyirəm ki, Elvin İsmayılov nizam-intizamına, təlim-tərbiyəsinə
və qüsursuz xidmətlərinə görə, digər hərbi
qulluqçulardan seçilirdi. Məhz, bunun nəticəsi
idi ki, Elvin İsmayılov yuxarı komandanlıq tərəfindən
26 iyun 2020-ci il tarixdə “10 illik qüsursuz xidmətə
görə” medalı, eyni zamanda, xeyli sayda diplom və fəxri
fərmanlarla da təltif edilmişdir.
Eloğlumuz Elvin haqqında yazmaq, onun keçdiyi şərəf
dolu həyat hekayəsini dəyərli oxucuların diqqətinə
lazımi şəkildə, qüsursuz bir formada
çatdırmaq, mənim üçün sözün hər
mənasında çox çətin və məsuliyyətli
bir işdir.
Həmişə
xalqımızın arasında olan adi bir vətəndaş
kimi və eləcə də, işim ilə əlaqədar
olaraq, xüsusi
hörmətə layiq olan şəhid ailələrini tez-tez
ziyarət edir və onların halal süfrəsinin
qonağı oluram. Bu dəfə də, növbəti
bir şəhid ailəsini, mənim üçün çox əziz
şəxslərdən olan Tələt dayımın və
Ağgül xalamın Orta Əlinəzərli kəndində
yerləşən evlərində qonaq oldum.
Orada olduğum müddət ərzində şəhidimizin
ailə üzvləri ilə səmimi söhbət etdik və
bitib-tükənməyən, şirinli-acılı, kədər
dolu xatirələri dilə gəldi həmin gün. Ailə
üzvlərini dinlədikcə, onların şəhidimizə
necə ürəkdən bağlı olduqlarına bir daha
şahid oldum.
Şəhidimizin ailə üzvlərinin həsrət
dolu baxışları keçmişə zilləndikcə, əlçatmaz
xatirələrdən başqa ona sirdaş olacaq, təsəlli
verəcək heç bir vasitə tapılmır və bu da
öz növbəsində, həmin xatirələrin
burulğanına düşən həmin insanların qəlbində
incə tellərə toxunur, onu yenidən “dilə gətirir”. Doğmaları Elvin
qardaşım haqqında özümdə
formalaşdırdığım fikirlərimə kövrək
xatirələrlə dolu, insanın ruhunu titrədən,
çox təsirli söhbətləri ilə “körpü
saldılar”!.
Mən isə,
nisgil dolu notlara toxunan ünsiyyətin fonunda ən əziz
övladları ilə bağlı yaşanan o xoşbəxt
illəri arxada qoymuş və həmin dövrün kövrək
hissləri ilə baş-başa qalan bu insanları ovundurub, dərdlərinə
şərik olmağa çalışırdım!..
Şəhidimizin
atası Tələt İsmayılovun xatirələri: Elvin,
ailəmizdə böyüyən ikinci övladımız
idi. O, uşaqlıqdan sakit
xarakterli, səxavətli, alicənab, mehriban və əməksevər
olub. Səxavətli, sədaqətli və
kövrək olması, zaman keçdikcə, Elvini mənim ən
yaxın dostuma, ən sadiq sirdaşıma çevirmişdi.
Ailəsinə çox bağlı idi və
bizi heç vaxt diqqətindən kənarda qoymazdı. Bəzi xüsusiyyətlərinə görə, ailəmizdə
böyüyən digər uşaqlardan çox seçilərdi.
Elvin Allaha, dinə çox bağlı, imanlı bir insan
olduğu üçün, hər kəsin hörmətini
qazanmışdı.
Sözün hər mənasında, Elvin Vətəninə,
dövlətinə və xalqına çox bağlı bir vətəndaş
idi. Elvin xidmətini demək olar ki, səngərlərdə
keçirmişdi. Hətta, onun xidmət
etdiyi, Qazax rayonunun düşmənlə təmas xəttində
yerləşən post, “2018-ci ilin ən nümunəvi postu”
kimi qiymətləndirilmişdir. Bu
münasibətlə, Müdafiə Nazirliyinin əməkdaşları
və Azərbaycanın Milli Qəhrəmanı, general-mayor
Polad Həşimov onunla görüşərək, təbrik
etmişlər. Şəhid
generalımız Elvinin kürəyinə əlini qoyaraq, ona
uğurlar arzulamşıdı. “Halal olsun
sənə çavuş, həmişə belə
intizamlı ol!” deyərək, onu təbrik etmişdi.
Elvin, general-mayor Polad Həşimovun xətrini çox
istəyirdi. Onun cəsarəti, igidliyi və səmimiyyəti
haqda həmişə söz açar, qürurla
danışardı. Yaxşı
yadımdadır, generalın şəhid olması Elvinə
çox pis təsir etmişdi. O, hər gün
bütün şəhidlərimizin qisasını almaq hissi ilə
yaşayırdı. Hələ, 4 il qabaq
Elvin xidmət etdiyi səngərə girən erməni kəşfiyyatçısını
təkbaşına məhv etmişdi. Çox qorxmaz,
qoçaq və mərd bir oğul idi Elvin! Bu
cür xarakterlərinə görə, Elvin yuxarı
komandanlığın xüsusi hörmətini qazanmışdı.
Elvinin tabeçiliyində olan əsgərlərinə
göstərdiyi hərtərəfli qayğı isə, onu
tanıyan hər kəsə məlumdur. Bu barədə
onun xidmətləri danılmazdır. Bu
gün də əsgərləri bizə gəlib baş
çəkir, Elvinlə bağlı xatirələrini
bölüşürlər. Hamısı
ondan razılıq edir və onun yoxluğu ilə
barışmadıqlarını bildirirlər.
Vətən Müharibəsi başlayanda, o, hər
şeyin mümkünlüyü barəsində mənimlə
açıq söhbət etmişdi. Hətta, heç kimin
övladından artıq olmadığını və şəhid
olacağı təqdirdə, mənə təmkinli
olmağımı da dönə-dönə tapşırmışdı.
Sonuncu görüşümüzdə Elvin mənə: “Ata, mənin
Vətən qarşısında alnım açıq,
üzüm ağdır, mənimlə fəxr edə bilərsən!”
demişdi. Bu gün onun bu sözlərinin doğruluğuna mənim
kimi, hər kəs də şahiddir!.
Hətta, Vətən Müharibəsinin
başlamasından bir gün qabaq, Elvinin şəhid
olacağını yuxuda da görmüşdüm. Elvini, yoldan
keçən minlərlə hərbçinin arasından nə
qədər axtardımsa, tapa bilmədim. Təlaş
içində yuxudan qalxdım və bu barədə heç
kimə bir söz demədim. Günlərin
bir günü ürəyimdəki narahatçılıq
çin oldu və oğlumun şəhid olması xəbərini
eşitdim. Allah heç kimə övlad acısı
yaşatmasın! Bu, çəkilməsi çox çətin
olan böyük bir dərd yüküdür…
O, mənim
üçün çox dəyərli bir insan idi. Elvin şəhid
olandan sonra, mən
dünyanı, həyatı daha dərindən
düşünməyə başlamışam. Bu gün ətrafıma
diqqətlə baxıram ki, qəlbimdə yaranmış olan
çarəsizlik boşluğunu heç kim
və heç nə doldura bilmir! Qəlbimin sağalmaz
yarasına yeganə məlhəm isə, Elvinin ruhudur! Tez-tez
otağında onun ruhu ilə təklikdə qalmaqla təsəlli
tapır və yalnız bu zaman rahat oluram!
Ən
böyük arzum isə, Elvinin hərbi formasını əynimə
geyinib, əlimdə müqəddəs üçrəngli
bayrağımızla birlikdə işğaldan azad edilmiş
torpaqlarımızda gəzmək, Elvinin şəhid olduğu
yeri ziyarət etmək və nəhayət,
bayrağımızı Şuşa şəhərinin
ən uca zirvəsinə sancaraq, dalğalandırmaqdır!
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Ali Baş Komandanı və Müzəffər Ordumuz
düşmənə öz yerini göstərdi. Mən, dövlətimlə,
millətimlə və bütün şəhidlərimizlə
fəxr edirəm!
Bu gün
isə, artıq Elvin tək mənim övladım deyil, o, həm
də, xalqımızın övladıdır! Dövlətimiz,
Vətənimiz və Xalqımız var olsun! Allah, cəmi
şəhidlərimizə rəhmət etsin!
(Ardı var)
Sabit Mehdiyev
Hürriyyət.-
2021.- 20-24 mart.- S.14.