Qərbi Azərbaycanın coğrafiyası…

 

Hidroqrafik şəbəkə – Göllər… sututarlar…

 

(III məqalə)

 

Təqribən 100 min il əvvəl IV dövr buzlaşmasından sonra yaranan isti dövr sərhədləri boyunca Mərkəzi və Şərqi Asiyadan şimala doğru miqrasiya edən əski türkdilli qəbilə-tayfa birlikləri Anadır bərzəxindən keçərək Amerika qitəsinin quzey-güney hissələrində məskunlaşaraq dünyanın ilk sivilizasiya ocaqlarını (Meksika dağlıq yaylasında, And dağlarında) yaratmışlar. Qədim türkdilli xalqlardan olan yerli ink, pukin, aymara, keçua tayfalarının müqəddəs bildikləri Titikaka gölü təbiətin onlara ilahi payı kimi dünyada pak su ehtiyatına (sahəsi 8372 kv.km) malik və yüksək dağ gölü (3812 m yüksəklikdə)  kimi məşhurdur.

Cənubi Qafqazın fəal seysmik Alp-Himalay geosinklinal qurşağı daxilində yerləşən Qərbi Azərbaycanın hidroqrafik şəbəkəsinin (buzlaqlar, çaylar, göllər, sututarlar, yeraltı su hövzələri, bataqlıqlar…) geoloji-struktur morfogenezisi bir sıra fərqli xüsusiyyətləri ilə seçilir. Yəni, ümumilikdə  bu bölgənin təbii sututar-suaxar yataqlarının əmələ gəlməsində tektonik-geoloji, vulkanogen-sürüşmə, buzlaq-uçqun amilləri üstünlük təşkil edir (dağ göllərinin mənşəyi, çay yataqlarının stukturu, yeraltı suların temperaturu, mineraloji tərkibi və yatım xüsusiyyəti, səth sularının və bataqlıqların paylanması…baxımından).

Eyniliklə bölgənin istər Pəmbək, Gəyən, Şərqi Göyçə, Basarkeçər dağlıq silsilələri əhatəsində yerləşən Göyçə gölü olsun, istərsə də Şirəel-Cavahirli platosunda yaranan Arpa gölü, ya da Zəngəzur dağlarında, Qapıcıq zirvəsi (3906 m) yaxınlığındakı Qazangöl-Yaşılgöl, Dərələyəz mahalında Buzxana dağındakı Qanlı göl, ya da Pəmbək platosunda, Xırdacalar dağının şimal-qərb hissəsindəki Ağçala, Qoşa göl, Qafan nahiyəsində Üçeniş sututarı… heç biri bu baxımdan istisnalıq təşkil etmir.

Ümumilikdə, Qərbi Azərbaycanda müxtəlif mənşəli (tektonik, buzlaq, qalıq-relikt, bataqlıq, sürüşmə, vulkanik…) və ölçülü 100-ə qədər, su ehtiyatı təqribən 39,3 milyon kub metrə çatan göl və sututar hövzə əmələ gəlmişdir.

Göyçə gölü nəinki Qərbi Azərbaycanda, Cənubi Qafqazda, ümumən Qafqazda, eləcə də dünyada tektonik mənşəli yüksək dağ gölləri sırasında təmiz su ehtiyatına görə fərqlənən, Cənubi Amerikada, And dağlarındakı məşhur Titikaka gölü ilə müqayisə edilən  təbii sututar kimi (1898 m yüksəklikdə olan) qiymətləndirilir və “Qafqazın incisi” hesab edilir.

Azərbaycan xalqının VII əsr yaşlı əski yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının (2004-cü il nəşri, səh.80) “Qazan bəy oğlu Uruz bəyin tutsaq olduğu boy”da  belə bir cümlə işlədilib: “Ox atduğum yerləri, qılıc çalub baş kəsdügüm yerləri göstərəyim…Cızığlara, Ağlağana, Gögcə dağa aluban çıqayın…”.

Şimal-qərbdə Pəmbək, şimal-şərqdə Göyçə, qərbdə və cənubda Gəyən (eyni adda isə düzənlik Araz çayının sol sahilində uzanır) və Basarkeçər dağları ilə əhatələnən, 2776 kv.km sahə tutan Göyçə gölünə (orta dərinliyi 26,8 m, ən dərin yeri  99 m) 28 çay tökülür, ondan isə Zəngi çayı (70 km ) axaraq, Araz çayına soldan qovuşur. Gölün hidroloji-bioloji və geoloji-struktur tərkibinə görə fərqlənən iki hissəsini – Böyük və Kiçik Göyçəni 5 km-lik ensiz boğaz birləşdirir.

Gölə tökülən çaylar ətraf dağlardan axan bulaq sularından əmələ gəlmişdir (Babacan kəndində Gur bulaq, Dərəkənd kəndində Orucoğlu bulağı, Kərimkənd, Başkənd, Paşakənd, Kosa Məhəmməd kəndlərindən axan bulaq suları Nərədüz kəndində (bu kənd liman idi) birləşərək gölə tökülür, Pəmbək kəndindən Pirverdi bulağı, Həmzəli bulağı, Piyalə bulaq, Murtuzəli bulağı, Toğluca və Ağbulaq kəndləri arasında axan Cələçay, Hamarçay, Çaldaş dağından başlayan Gözəldərə çayı…).

Yüksək dağ gölü kimi suyunun büllur, təmiz, saf olması və mavi səmanın “güzgülənmiş” su səthində bərq vurması, səma rənginin su aynasında əks olunması Göyçə hidrotoponminin (“Göy, mavi rəngli dəryaça” mənasında) yaranmasına səbəb olmuşdur. Hava tutqun olanda onun rəngi “qaralır”. Sahil xətlərinin girintili-çıxıntılı olması, su səviyyəsinin artıb-azalması eyni adlı yarımadanın mövcudluğunu şərtləndirir. Belə ki, 1923-cü ildən sonra gölün suyundan suvarma əkinçiliyi üçün istifadə edildiyindən (ətrafında taxıl, tütün əkinləri geniş yer tuturdu) artıq 1931-ci ildən sonra onun səviyyəsinin azalması müşahidə edilmişdir. Bunu nəzərə alararaq, 1960-cı illərdə Basarkeçər, Pəmbək, Çəmbərək və Kəvər nahiyələrinin müsəlman-türk əhalisi yaşayan kəndlərin (Dərəkənd, Babacan, Toğluca, Pəmbək, Ağbulaq, Cil, Ardanış, Şorca, Ağzıbir, Ağqala, Bığlı, Hacı Muxan, Əyrivəng…) vəsaiti və qüvvəsi hesabına Göyçə gölünün bütün ətrafında, sahil zolaqlarında eni 800-1000 metrə çatan meyvə-meşə ağaclarının və kol bitkilərinin (ərik, alma, alça, qoz, şam, küknar, qarağac, xan çınarı, iydə və akasiya ağacları, çaytikanı, qarağat kolları…) qurşağı salındı ki, nəticədə su səviyyəsinin azalmasının qarşısı alınmışdır.

Həmçinin, 1975-ci ildə Arpaçay çayından kanal çəkilərək Aşağı Qaranlıq kəndindən gölə (cənub hissədə) su axıdıldı.

Amma mürtəce hay kilsəsi 2004-cü ildə bu müqəddəs, ilahi məkanın irfani-ruhani bütövlüyünə qara ləkə saldı, sahilində murdar Ruhani akademiyası açmış və kilsə inşa etdirmişdir, qədim Göyçə kəndi ətrafındakı Göyçə yarımadasında (gölün şimal-qərbində) Zəngi çayının (1927-ci ilə aid 1:84000 miqyaslı topoqrafik xəritədə Zəngi çayı yazılıb) mənbəyi yaxınlığında, 1930-cu ilədək ada olub, sonra su səviyyəsi aşağı düşdüyündən yarımada yaranıb, sahəsi 0,95 kv.km-dir.

Bir tarixi faktı xatırladaq ki, 1918-1920-ci illərdə hay-daşnak quldurları Göyçə gölündən 12 km cənub-şərqdə yerləşən Şişqaya kəndinin cənubundakı (4-5 km aralıda), Göysu kəndi yaxınlığındakı II-III əsr yadigarı Ağkilsə məbədini dağıdaraq məhv etmiş, əski yazılı və naxışlı qəbir daşlarını qarət edərək İrəvana və Ü(i)çmüəzzinə aparmışlar.

Göyçə gölünün bir səciyyəvi geoloji-struktur xüsusiyyəti də ondan ibarətddir ki, göl yatağında 2000-ə qədər bulaq qaynayıb gölə qarışır, təbii tənzimləmə rolunu oynayır və göl suyunun təmizliyini bərpa edir, qış aylarında buz qəbəqəsini əridərək səthə axır (“bulaq suları buzu yeyir”). Ona görə də göl səthi yanvar ayının 15-də martın 22-dək buz bağlasa da (qalınlığı 1 m-dək), ayrı-ayrı yerlərdə qaynayan bu sualtı çeşmələr 5 m diametr ölçüdə buzu əridir, ordan asanlıqla balıq tutmaq olurdu.

Məşhur balıq növlərindən qızıl və qara xallı balıq, ağ ətli “baxtəng” balığı, qara bığlı balıq (1 kq, Bığlı kəndinə bitişik hissədə çox yayılmışdır), siqa balığı (40 kq), Arpaçay suyunun töküldüyü yerdə karp balığı… hətta qışda da tutulurdu.

Göyçə gölünün təbii, geoloji, hidroloji və ekoloji özəllikləri onun əsrarəngiz mənzərəsi ilə bərabər dəyərini artırdığından onun ekoturizm əhəmiyyəti gündən-günə artmaqdadır. Ümumiyyətlə, ekoturizm dəyərinə görə Qərbi Azərbaycanının bütün gölləri əsrarəngiz ekomühitə malikdir.

Onlardan biri də Zəngəzur dağlıq silsiləsinin ən uca Qapıcıq zirvəsindən (3906 m) şimalda, Qazandağ hövzəsində, 3112 m yüksəklidə “Daşbaşı yaylağı”nda yerləşən, “Gıhı dərəsi”nin şimal-qərb qurtaracağındakı tektonik-buzlaq mənşəli Qazangöldür, ətrafı həm də daimi buz örtüyünə bürünüb. Bu göl Zəngəzur mahalının Qafan nahiyəsinin Acıbac kəndndən şimal-qərbə 11 km aralıdır. Eyni adlı  hidrotoponim Tovuz rayonu ərazisində Ceyrançöl düzündə olan relikt gölə də şamil edilir. Qazangölün sahəsi 1,8 hektar, orta dərinliyi 10 m-dir.

Qazan dağ orotoponimi həm də antrotoponim kimi bu yerlərdə əski  Oğuz-Sak tayfalarının adını özündə yaşadır. Belə ki, yuxarıda adı çəkilən “Kitabi-Dədə Qorqud” dastanının “Salur Qazanın evinin yağmalanması” boyunda (səhifə 188-202) bu yerlərin coğrafi təsviri verilmiş, “ Qazan dağ” yer adının  “Qalın Oğuzun “dayağı” Ulaş oğlu Salur Qazanın adınından yarandığına bir işarədir. Qazan (göl) dağ həm də Qafan nahiyəsinin Həqəti kəndi ilə Ordubad nahiyəsinin Nurgüt kəndləri arasında yerləşir.

Yüksək dağ gölü olduğundan onun ətəklərində bir sıra bulaqlar (axırıncı kənd-Acıbacdan 2 km aralıdakı “Çobanboğan” bulağı, Qızıl ağıl dağında  “Yal çeşmə”, Yuxarı Pürülü kəndinin “Çınqılın dibi” deyilən yerdən axan “Göbəyin bulağı”…) yaranmış, onların cuyu birləşərək Gıhı çayını (Oxçu çayının (bu çayı Qapıcıq və Gecalan çayları əmələ gətirir) sol qolu, bu çay da Qazangöldən başlayır) əmələ gətirmişdir.

Bu göl təbii mənzərəsinin gözəlliyi ilə yanaşı, həm də Qərbi Azərbaycanın sakral guşəsi kimi irfani-ruhani məkandır, “Qazangöl ocağı” ziyarətgah kimi Zəngəzur və Naxçıvan mahallarının dini-irfani ocaqlarından biridir.

Qərbi Azərbaycanın digər gölləri barədə növbəti yazılarımızda.

P.S. Hay kilsəsi və ibtidai insan-hay sürüsü Göyçə gölünü Sevan, Arpa gölünü Arpi, Qazangölü Qazanaliç, Aygil gölünü Akna, Üçeniş gölünü Artsvanik… adlandırır, hətta Laçın rayonunun inzibati-ərazisi daxilindəki Qara gölə də “dil uzadaraq” ona Sevliç deyirlər. Qədim Göyçə kəndinin adı 1842-ci ildə dəyişdirilərək Yelenovka (Rusiya çarı I Nikolayın qardaşının arvadı Yelena Pavlovnanın adına uyğun) qoyulub, 1935-ci ildən sonra Sevan şəhəri deyilir.

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Zəngəzur mahalının Mehri nahiyəsinin Gıhı və Nüvədi kənd sakinləri Səfixan Xəlil oğlu Gəncəliyevin (1936), Balakişi Balakişi oğlu Həsənovun (1939), Qafan nahiyəsinin Yuxarı Gödəkli kənd sakini Məhərrəm Musa oğlu Hümbətovun (1966), Göyçə mahalının Kəvər nahiyəsinin Hacı Muxan kənd sakini Mehdi Həsən oğlu Vəliyevin (1930), Basarkeçər nahiyəsinin Pəmbək kənd sakini Bəymalı Gülmalı oğlunun (1950) məlumatlarından istifadə edilmişdir.)

 

Qismət YUNUSOĞLU

Bakı Dövlət Universitetinin müəllimi

 

Hürriyyət.- 2021.- 6-7 may.- S.11.