QARABAĞ
ZƏFƏRİ ƏCNƏBİ
RƏSSAMLARIN
GÖZÜ İLƏ
Rəssamlar qazandığımız
tarixi zəfərə həsr olunan nadir əsərlər ərsəyə
gətiriblər
Onlar gördüklərini,
yaşadıqları hissləri festival üçün
hazırlanan xarıbülbül maketləri üzərinə
köçürüb, dünyaya mühüm mesaj verən əsərlər
yaradıblar
Həmin gün xarıbülbül
Ağdamda təkcə çiçək
açmamışdı, həm də elə bil “ayaq tutub
yeriyirdi”. Hər tərəfdə xarıbülbülün
çiçəkləri göz oxşayırdı. Bu, 28 ildən çox davam edən həsrətin
ağrı-acısı, intizarı idi, yoxsa illərlə
doğmalarını gözləyən qeyri-adi çiçəyin
sevinci? Elə bil burdakı daşlar, qayalar,
xırdalanmış daş parçaları da qoynuna ayaq
basan, illərlə onun həsrətini çəkən
doğma sakinlərinin gəlişindən duyğulanıb vəcdə
gəlmişdi…
“Hürriyyət”
azertag.az-a istinadən xəbər verir ki,
bir qrup mətbuat işçisinin Ağdama səfərinin məqsədi
Şuşada keçiriləcək “Xarıbülbül”
musiqi festivalı çərçivəsində Heydər
Əliyev Fondu tərəfindən təşkil edilən beynəlxalq
incəsənət festivalı ilə tanışlıq idi.
İlk dəfə
keçirilən “Xarıbülbül” beynəlxalq incəsənət
festivalında 13 ölkəni təmsil edən 32 rəssam Vətən
müharibəsində qazanılan tarixi Zəfərə həsr
olunan nadir əsərlər ərsəyə gətiriblər.
Azərbaycan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş,
Niderland, Pakistan, Rumıniya, Türkiyə, Ukrayna və
Yunanıstanı təmsil edən Anar Yolçiyev, Anastasia
Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva,
Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva,
Zöhrab Salamzadə və digər rəssamlar erməni
yaraqlılarının işğalından azad edilmiş ərazilərimizdə
gördüklərini, yaşadıqları hissləri festival
üçün hazırlanan xarıbülbül maketləri
üzərinə köçürüb, dünyaya
mühüm mesaj verən əsərlər yaradıblar.
Layihənin əsas məqsədi müxtəlif ölkələri
təmsil edən sənətkarlar vasitəsilə
işğal altında olan ərazilərdəki
dağıntının miqyasını, tarixi abidələrimizə,
milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə,
təbiətimizə qarşı qəsbkarlığı beynəlxalq
auditoriyaya çatdırmaqdır.
Qarabağın
simvoluna çevrilən xarıbülbül
Havası gül qoxuyan, suyu, torpağı da muğam
avazlı Ağdam düşmən tapdağından azad
olunandan sonra bura üz tutanların və tutmaq istəyənlərin
ardı-arası kəsilmir. Bizi bu müqəddəs
məkana aparan təkcə yurd sevgisi deyil, həm də
fırça ustalarının Qarabağın simvoluna
çevrilən xarıbülbülə həsr etdikləri
maketlər idi. Canlı çiçəklərdən fərqlənməyən
həmin maketlərdə hər bir rəssamın duyğusu, Vətən,
yurd sevgisi, müqəddəs Qarabağ torpağına olan
sonsuz sevgisi boy göstərirdi…
İlk olaraq “Xarıbülbül” maketləri Ağdam
Cümə məscidinin qarşısında nümayiş
olundu. Beş
rəssamın- Eldar Babazadə, Nigar Nərimanbəyova, Leyla
Əliyeva, Leyla Əzimbəyova və Günay Bəylərovanın
bir-birindən fərqli və orijinal maketləri ilk
baxışdan zövq oxşayırdı.
Həmin maketlərlə yanaşı nümayiş
olunan rəssamların kətan üzərində yağlı
boya ilə çəkdikləri “Yaddaşın rəsmləri”
mövzusunda əsərləri də xoş duyğular
oyatdı.
Xatırladaq ki, Ağdam Cümə məscidi 1868-1870-ci
illərdə tikilib. Memarı Kərbəlayi Səfixan
Qarabaği olan məscidin iki minarəsi var. Məscid binası
daşdan, binanın fasad hissəsinin künclərindən
ucalan minarələr isə kərpicdən hörülüb.
1993-cü ildə Ermənistan respublikasının
silahlı qüvvələri tərəfindən işğal
edildikdən sonra digər tarixi abidələrimiz kimi Ağdam
Cümə məscidi də yandırılıb, ciddi
dağıntılara məruz qalıb.
Məscidin indiki vəziyyəti UNESCO-nun 1954-cü ildə
qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni
mülkiyyətin müdafiəsi haqqında” Haaqa Konvensiyasının
Ermənistan respublikası tərəfindən pozulduğunu
bir daha nümayiş etdirir.
“Xarıbülbül” maketlərinin ilk dəfə bu məscidin
həyətində nümayişinin özünü də bir
çağırış simvolu kimi dəyərləndirmək
lazımdır.
Yaradıcılıq üslubuna sadiq qalaraq, böyük
zəhmət hesabına orijinal bir əsər ərsəyə
gətirən Nigar Nərimanbəyova festivalda
iştirakından böyük qürur hissi keçirdiyini
bildirir. O, məşhur
Nərimanbəyovlar nəslinin davamçısıdır. Onun atası Vidadi Nərimanbəyov və əmisi
Toğrul Nərimanbəyov dünya şöhrətli
fırça ustaları, Azərbaycanın Xalq rəssamlarıdır.
O, bizimlə söhbət zamanı dedi: “Xarıbülbül”
beynəlxalq incəsənət festivalında Qarabağın
mirvarisi və azadlıq rəmzi sayılan
xarıbülbülün rəsmini çəkdiyimə
görə qürur hissi keçirirəm. Burada Eldar Babazadə,
Leyla Əliyeva kimi rəssamlarla bir araya gəlib düşmən
üzərində qazandığımız qələbəyə
öz töhfəmi verirəm. Ümid edirəm
ki, yaratdığım əsər “Xarıbülbül” beynəlxalq
incəsənət festivalına rəng qatacaq. Əsərdə təsvir etdiyim əlində göyərçin
tutan qız Şuşanı bəzəyəcək”.
Sevincdən
göz yaşlarını saxlaya bilməyən fırça
ustası düşmən tapdağından qurtulan Ağdam
şəhərini limana yan alan bir gəmiyə
bənzədir.
Yazın gəlişi ilə ana təbiətin hər tərəfi
yam-yaşıl xalıya bürüdüyü, çinarları
göylərə ucalan Ağdamda nümayiş olunan bu əsərlər
düşmənin daş üstə daş
qoymadığı bu qədim diyarın yaxın zamanlarda yenidən
öz xoşbəxt çağlarına
qayıdacağına böyük inam hissi yaradır.
Nümayiş olunan əsərlər sırasında Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının tələbəsi
Günay Bəylərovanın da maketi diqqəti cəlb edir. Gənc
olmasına baxmayaraq hazırladığı əsər
çox baxımlı və
düşündürücüdür.
“Bir rəssam olaraq festivalda iştirak etdiyimə görə
sevinc hissi keçirirəm. Mən çiçəklənən,
pöhrələnən xarıbülbülü həyat
ağacı şəklində təsvir etmişəm. Düşünürəm ki, xarıbülbül gələcəkdə
qol-budaq atıb şaxələnən ağac tək
çiçəklənən Qarabağımızın əbədi
simvoluna çevriləcək. Əsərdə
Qarabağı əlvan rənglərlə təsvir etmişəm,
çünki bura xüsusi bir məkandır”,-deyə
Günay Bəylərova vurğulayıb.
“Xarıbülbül”
maketlərinin növbəti ünvanı – Ağdam Dövlət
Dram Teatrı
Növbəti dayanacağımız Ağdam Dövlət
Dram Teatrının qarşısı oldu. Mənfur
düşmənin viran qoyduğu, yalnız sütunları
qalan bu mədəniyyət mərkəzi doğma nəfəsə
həsrət qalmışdı. İndi
doğmaları onun görüşünə
gül-çiçəklə, xarıbülbülün əsrarəngiz
gözəlliyi ilə gəlib.
Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və
Əbdürrəhim bəy Haqverdiyevin yaxından köməyi
və iştirakı ilə yaradılıb. İki il
davam edən gərgin zəhmətdən sonra teatr 1904-cü
ildə M.F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
və Ə.Haqverdiyevin “Dağılan tifaq” pyeslərinin
tamaşaları ilə açılıb. Uzun
illər ictimai əsaslarla fəaliyyət göstərib.
1968-ci ildə
isə Nazirlər Kabinetinin qərarı ilə Ə.
Haqverdiyev adına Ağdam Dövlət
Dram Teatrı kimi fəaliyyətə başlayıb. Teatr Qarabağın Ermənistan ordusu tərəfindən
işğalından sonra da məcburi köçkün rayonun
müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini
davam etdirib. Teatrın yaradıcı
kollektivi müxtəlif ünvanlarda fəaliyyət göstərmək
məcburiyyətində qalmışdı. Artıq
onların doğma şəhərdə səhnəyə
çıxacaqları günə az
qalıb.
“Xarıbülbül”
maketləri ilə yanaşı sərgilənən
“Yaddaşın rəsmləri” mövzusunda əsərlər
sırasında Röya Həsənovanın “Çiçəklənən
Qarabağ”, “Ağdam çay evi” və “Qarabağın nəğməsi”,
Elçin Vəliyevin “Xarıbülbül” rəsm əsərləri
silsiləsi və Səbuhi Atababayevin Ağdamın tarixinə
aid rəsm əsərləri yer alıb.
Festivalın
iştirakçıları sırasında olduğu
üçün çox xoş duyğular keçirən
Röya Həsənova deyib: “Festivala hazırlıq müddətində
beş əsər üzərində
işlədim. Burada xarıbülbül və art obyektləri
də var. Çəkdiyim əsərdə təkcə
Ağdamı deyil, eyni zamanda, Şuşa,
Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl
kimi digər bölgələrimizi də təsvir etmişəm.
Onu da deyim ki, mən bu gün ən böyük
arzuma çatdım. Həmişə əsərlərimin
Qarabağda nümayiş olunması arzusu ilə
yaşamışam. Bu gün mən həmin
arzuma qovuşduğum üçün çox sevinirəm.
Üzləşdiyimiz mənzərə, erməni
vandallarının mənfur izləri qəlbimizdə
ağrılı izlər qoyub. Ancaq
inanırıq ki, Ağdam daha da gözəlləşəcək,
inkişaf edəcək, ən xoş və gözəl
günlərinə qovuşacaq. Çəkdiyim
rəsmdə də çiçəklənən
Ağdamı təsvir etmişəm. Çox
keçməz ki, bu gözəlliklərin şahidi
olarıq”.
Ağdam
Çörək muzeyi də xarıbülbülü
salamladı
Sonuncu dayanacağımız şəhərin mərkəzində,
el arasında “od dəyirmanı” kimi tanınan qədim malikanədə
yaradılan Ağdam Çörək muzeyinin
qarşısı oldu. Bu muzey keçmiş SSRİ-də
birinci, dünyada isə ikinci olub. Vaxtilə onun ziyarətçilərini
daha çox heyrətləndirən ən maraqlı eksponat
Leninqrad mühasirəsinin iştirakçısı olan rus
qadınının muzeyə bağışladığı
ağır günlərin yadigarı kimi saxladığı,
kömürləşmiş 150 qramlıq çörək
parçası olmuşdu…
Dağıdılmış
Ağdam Çörək muzeyinin qarşısında
nümayiş olunan “Xarıbülbül” maketləri və
“Yaddaşın rəsmləri” mövzusunda
hazırlanmış əsərlər sankı təbiətlə
bir harmoniya yaradırdı…
Qeyd edək ki, nümayiş olunan əsərlər
“Xarıbülbül” musiqi festivalı zamanı Prezident
İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın
mədəniyyət paytaxtı elan olunan Şuşada sərgilənəcək.
Gözəl təbiəti və zəngin təbii sərvətləri
ilə tanınan qədim bölgələrimizdən olan
Qarabağda belə bir incəsənət festivalının
keçirilməsi həm də mədəniyyətlərarası
dialoqun zənginləşməsinə xidmət edir.
Hürriyyət.-
2021.- 11- 17 may.- S.14.