Mirzə Ələkbər Sabirlə müsahibə...
Şair, ədəbiyyatşünas,
mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının
kolleksiyaçısı, 1934-cü ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü Salman Mümtazın
(20 may 1884, 6 sentyabr 1941) doğum günüdür
Salman Mümtazın Mirzə Ələkbər haqqında yazdığı "Sabir haqqında xatirələr" məqaləsində çox maraqlı bir məqam var, Böyük şairlə müsahibə...
S.Mümtaz yazır: "Sabirlə aşağıdakı müsahibəmiz oldu:
Sual: Sizin ilk təxəllüsünüz olan "Hophop" sözünün mənası nədir və nə səbəbə bunu qəbul etmiziniz?
Cavab: Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdi. Hophop quş adıdır. Bu quşun bu addan başqa el arasında bir neçə adı da vardır ki, Fatmabacı, bunbbu, öp-öp və şanapipik o cümlədəndir. Məşədi Həbib mənə "Fatmabacı" deyə xitab etmək üçün bu adı intixab etmişdir. Mən də bunun əvəzində onun təxəllüsünü "Qızdırmalı" qoymuşam ki, mənasını hələ bu günə kimi anlaya bilməmişdir.
Sual: Nə səbəbə təxəllüsünüzü tez-tez dəyişdirirsiniz?
Cavab: Bunu şirvanlılardan və mühitdən soruşmalısınız.
Sual: Abbas
Səhhətin neçə yaşı vardır? Siz
böyüksünüz, yoxsa o?
Cavab:
Başda o böyükdür, yaşda mən.
Sual: Səhhət
dərin savadlıdırmı?
Cavab: Mən
onun şagirdiyəm, o mənə ustaddır.
Sual:Osmanlıların
klassik şairlərindən kimləri bəyənirsiniz?
Cavab: Ziya
Paşa və Namiq Kamal bəyi
Sual: Tofiq
Fikrəti bəyənmirsiniz, düzdürmü?
Cavab: Siz
Osmanlı şairlərini soruşursunuz, mən də fikrimi
dedim. Fikrət ərəb şairidir. Bu adda türk şairi
yoxdur. Yaxşı olardı ki, bunu Məhəmməd Hadi əfəndidən
soruşaydınız. Yaxşısını o bilir.
Sual:
"Molla Nəsrəddin" məcmuəsinin 18-ci nömrəsindəki
"Gözəlim" ünvanlı şeirinizin 3-cü və
5-ci bəndləri ayrı bəhrdədir. Bunun səbəbi və
hikməti nədir?
Cavab: Hikməti
və səbəbi mürgüləməkdir. Mən gecələr
"Səda" qəzetində korrektorluq edirəm. İdarə
xüsusi teleqramlar almır. O qədər gözləyir ki,
"Kaspi", "Həqiqət" və sair qəzetlər
çap olub çıxır. Onlar çıxandan sonra
teleqramlar tərcümə olunur, düzülür,
basılır. mən də korrekturasına baxıram. Mən
o şeiri Haşım bəyin mətbəəsində gecə
yarısı yazmışam, və yazarkən mürgüləyib
sonra da yuxulamışam. Yuxudan ayılandan sonra da məbədini
yazmışam. Şeir təb olub gələndən sonra səhvimi
başa düşmüşəm ki, bu da çox gec idi.
Sual: Mətbu
şeirlərinizin hansını bəyənirsiniz?
Cavab:
Heç birini. Bəyəniləsi şeirləri sonralar
yazacağam.
Sual:
Sonra, yəni nə vaxt?
Cavab:
Mürgüləməyəndə.
Sual: Nə
üçün şeirlərinizi heca vəznində deyil, əruz
bəhrində yazırsınız və şerin əski
formalarını, şəkillərini şiddətli surətdə
mühafizə edirsiniz?
Cavab: Bu
çox mühüm məsələdir. Görüm öz
fikrimi deyə biləcəyəmmi. Məncə yeni fikirləri
və yeni mövzuları mütləq əski formada və əruz
bəhrlərində vermək və yazmaq lazım, həm də
vacibdir. Bunları birdən-birə dəyişib oxucunu ədəbiyyatdan
yadırğatmaq və soyutmaq olmaz. İri-iri toplar ilə
hücuma keçən düşmənin qabağına sədəf
dəstəli və qızıl suyu ilə yazılı
gümüşlü xəncəl ilə çıxmaq
ağılsızlıqdır.
Əruz
bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı
mühasirəyə almışdır. Bu mühasirə də
böyük-böyük ustadların planı, nəqşəsi
və əlləri ilə olmuşdur. Bu mühasirəni
yarıb ədəbiyyatımızı xilas etmək, yenə
yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri
ilə mümkün olacaqdır. Böyük şairləri də,
ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair
elin, xalqın hökmranı və gözünün
işığı olmalıdır ki, o, nə desə xalq ona
baxsın və nə yazsa el oxusun.
Etibar Əliyev,
deputat
Hürriyyət.- 2021.- 27-28 may.-
S.13.