Güclü kişi
Hekayə
Pul
yaxşı qulluqçudur, lakin pis ağadır
Frensis Bekon
...Pərt
olduğu üzündən bəlli idi. Gözlərini
Rəhimdən yayındırmağa
çalışırdı.
-Bala , nə olub sənə? Kefsizsən?
-Yox, Rəhim
bəy, gecə bir az gec yatmışam, yəqin
ondandır.
Rəhim şəhvət yağan gözlərini ona zilləyib
bic-bic gülümsədi.
-Hər
şey yaxşı olacaq. Bir az işlə
sənə yaxşı bir mənzil tutarıq. Elə
Gülşən də ordan narazıdır. İkiniz bir mənzildə yaşayarsınız.
Pulunu özüm verəcəm. Mən istəmirəm ki, mənim mələk
kimi gözəl,incə, zərif işçim
narahat şəraitdə yaşasın.
-Yox-yox, Rəhim
bəy, narahat olmayın. Maaşım kirayə
mənzil tutmağa da, xərclərimə də yetər.
-Nə
danışırsan, balam. Belə bir
çiçəyin toz içində qalmasını qəbul
edə bilmərəm, - deyib əlini onun çılpaq qoluna
sürtdü. Bu təmasdan
canına bir üşütmə düşdü
Röyanın...
Artıq o Rəhimin əsirinə çevrilmişdi. Rəhim onu dərsə
getməyə də qoymurdu. Qrup nümayəndəsi
zəng edib qayıblarının çox olmasından
dolayı universitetdən qovula biləcəyini söyləmişdi.
Bunu eşidən Rəhim hamısını
asıb-kəsmiş, Röyanın mobil telefonunu və
nömrəsini də dəyişdirmişdi. Rəhim
qızı işlə elə yükləyirdi ki,
proqramları və iş üslubunu yenicə mənimsəyən
qızın dərsə getmək imkanı olmurdu. Bəzən
o, iş vaxtından əlavə də
işləyirdi. Günlər sürətlə
ötürdü. Artıq Röyanı
universitetdən xaric etmişdilər. Çarəsiz
qızcığazın ağlamaqdan gözləri
şişib qan çanağına dönmüşdü
. Heç nəyə marağı
qalmamışdı. Onun ümidləri
yarıda qırılmışdı. İnamı
ölmüşdü. Rəhimə güvənmişdi,
lakin əbəs imiş. Rəhim öz
dünyasında idi. Nə qədər bu vəziyyətdə
gözləri yol çəkə-çəkə
qaldığını bilmədi. Onu xəyal
dünyasından Rəhimin amiranə səsi ayırdı.
-Eşitmirsən?!
Bu nədi? Niyə
ağlayırsan?
İlk dəfə idi ki Rəhimə cavab vermirdi və hətta
hər zaman qorxub-çəkindiyi bu yekəpər adamdan
qorxmurdu. Rəhim heyrət içində ona baxırdı.
Səsi gələndə ayaq üstə dayanan,
qorxudan baxışlarını ondan yayındıran bu zərif
qız indi ona cavab vermirdi. Əlbəttə
bu Rəhimin xoşuna gəlmirdi. Yaxınlaşıb
qızın gözəl və zərif biləyindən tutaraq
dedi
-Kimin
qarşısında olduğunu unutma! Sənə sual verdim, zəhmət
çək, cavab ver!
Düz Rəhimin
gözlərinin içinə baxaraq, “sayəndə universitetdən
qovuldum” - dedi.
Rəhim ilan kimi fısıldaya-fısıldaya telefonu
götürüb əsəbi halda düymələri döyəcləyə-döyəcləyə
kimisə yığdı. Sonra danışa-danışa kabinetindəki istirahət
otağına keçdi. Təxminən yarım
saat sonra otaqdan çıxıb Röyanın başı
üstündə dayandı.
-Məni
o lüt müəllimlərlə və tələbə gədələrlə
səhv salma. Mən güclü kişiyəm, əlim
hər yerə çatır. Sayəmdə
universitetə bərpa olundun. Əmri ləğv
etdilər. Bundan sonra danışığına fikir
ver!
Əslində Röyanın belə
çılğın və aqressiv olması onun
ehtirasını daha da artırırdı. Rəhim ələ
keçməməyə çalışan qadınları əldə
edəndə daha çox zövq alırdı. O,
Röyaya bir neçə dəfə
üstüörtülü eyham vurmuş
qarşılığını sərt almışdı. Bu
gün isə həm qızın ona qarşı dik
dayanmasından, həm də bərpa olunduğunu eşidəndən
sonra az qala onu qucaqlayacağından
zövq almışdı. O, çox təcrübəli adam idi. Röyanın ürəyində ona bə
qədər minnətdar olduğunu və özünü Rəhimə
borclu saydığını hiss edirdi. Belə
bir vəziyyət onun qələbəsi idi. Ov yavaş-yavaş tələyə
düşürdü. Rəhim mahir
ovçu olduğu üçün bərədə əsla tələsmirdi.
Amma hər gecikən gün onun içindəki
heyvani şəhvaniliyi daha da artırırdı. Röya bir-iki dəfə Rəhim istəmədən
belə ona çay gətirmişdi. Rəhim
istirahət otağından günortadan sonra
çıxdı.
Mobil
telefon ara vermədən
çağırırdı. Rəhimdən günlük
tapşırıqları alan Röya onun
qarşısında ürək edib telefona baxa bilmirdi. Rəhim hiyləgərcəsinə üzünə
ciddi və narazı bir ifadə verib qıza nə isə diktə
edirdi. Nəhayət qaşlarını bir az da yuxarı çəkib ağızucu, - ya
bu telefonu səssizə al, ya da cavab ver! -deyib
öz kabinetinə keçdi. Telefonu götürüb
kimin zəng etdiyinə baxmaq istəyirdi ki, bu dəm də
iş telefonu çağırdı. Alo dəyən kimi xəttin
o biri başından tanış səs
eşitdi. Gülşən idi. Dayanmadan, birnəfəsə danışırdı.
-Ay
qız, sən dəlisən! Camaat Rəhim bəy kimi bir adam axtarır, sən isə kişinin xətrinə
dəymisən. Elə güclü, imkanlı
adamların öz kaprizləri olur. Sənə
dərsə getmə deyir, getmə də. O cür mədəni,
tərbiyəli, dünyagörmüş, sənə hər
zaman balam dəyən bir adama qarşı bu nə ədəbsizlikdir. İnan, Rəhim bəy
səni çox istəyir, yoxsa həmin dəqiqə
qovardı.
-Gülşən,
özüm də pis olmuşam. Az
qalırdım ucaqlayam onu, amma bilirsən də olmaz.
-Ay dəli,
niyə olmasın. Qızlar o kişidən
ötrü ölür e. Hər cür cildə girib
qarşısında cürbəcür poza verirlər. Sən görmürsən ki Rəhim bəy səndən
başqa heç kimə diqqət ayırmır. Ağılsız adamsan. Özü
də ailəsindən boşanıb. Bəlkə
elə sənin qismətindir, ay dəli. Mənə
bax, Ayaz Rəhim bəylə söhbət edəcək. Görüşəcəyik. Özünü
ağıllı apar.
İçəridə qızların söhbətini
dinləyən Rəhim isə ürəyində Gülşənə
əhsən deyirdi. Yenə də axşama qədər
kabinetindən çıxmadı. İş
yekunlaşmaq üzrə idi. Bu gün həftə sonu, sabah da istirahət günü olduğunu və
işləməyəcəklərini nəzərə alaraq əlindəki
işi yekunlaşdırmaq istəyirdi. Artıq
ofisin işçiləri getmişdilər. Onun başı işə elə
qarışmışdı ki səssizcə içəri girən
Gülşənlə Ayazı görməmişdi. Sonuncu cümləni bitirib başını yuxarı
qaldıranda onları gördü. Ayaz sakitcə salam verib Rəhimin kabinetinə girdi. Gülşən isə onunla görüşüb
divanda əyləşdi. Zəngin həyat
təcrübəsi olan Gülşən şirin sözlər
ilə Röyanın qəlbini
duyğulandırmışdı. O, Rəhimdəki fiziki
gücdən və enerjidən danışdıqca
Röyanın gözləri önünə bir neçə
ay əvvəl kirayə yaşadıqları mənzilin dəhlizində
yarıçılpaq sevişən Ayazla Gülşənin
silueti canlanırdı. Sonra isə siluetlər dəyişilir
Gülşənin yerində o, Ayazın yerində isə Rəhim
olurdu və bu an qız qeyri-ixtiyari diksinərək
qımışırdı. Onlar uzun-uzadı
söhbət etdilər. Təxminən
30-40 dəqiqə sonra Ayazla Rəhim də otaqdan
çıxdılar və onlar birlikdə ofisin binasını
tərk etdilər.
...Kokteyl
yenə də Röyanın dilini açmış, hərəkətlərini
sərbəstləşdirmişdi. Gülşən
və Ayazın canfəşanlığından sonra Rəhim
Röya ilə “barışmış" və bundan sonra
qızın kefi açılmış, üzü gülməyə
başlamışdı. Onlar məşhur
dənizkənarı restoran bağlanana qədər əyləndilər.
Gözəl bir yay gecəsi idi. Göy üzü tərtəmiz, parlaq və minlərlə
kilometr uzaqda par-par parıldayaraq bərq vuran ulduzlarla dolu idi.
Elə bil ulduzları əl ilə kəhkəşana
düzmüşdülər. Süd kimi ay
işığı altında səssizcə dörd kölgə
hərəkət edirdi. Sükutu Ayaz pozdu.
- Daha
gecdir, gedək!
-Yox
canım, hara gedirsiniz? Unutmusan Ayaz? Mənim
burada böyük evim var, bu gecə hamı bizdə qalacaq. Rəhim bu sözləri elə dedi
ki kimsə etiraz edə bilmədi. Röya belə
dəm-dərgahlı evi yalnız o zamanların məşhur
Braziliya seriallarında görmüşdü. Rəhim
soyuducudan növbənöv bahalı xarici içkilər, buz, çərəz
çıxarıb stolun üstünə düzdü. Hamı kimi Röya da içirdi. Nə olduğunu bilməsə də içirdi.
Xeyli söhbət etdilər. Rəhim gələcək planlarından, Ayaz isə
yaxınlarda Rusiyada təşkil olunacaq sərgisindən
danışır, qızlar isə sakitcə qulaq
asırdılar. Ayaz Rəhimlə
Röyanı ən əziz dostlar olaraq sərgiyə dəvət
edirdi. Gecə yarı idi. Ayaz mənalı şəkildə Gülşənə
baxdı. Qız onun nə demək istədiyini
anlayan kimi otaqdan çıxdı. Röya
ilə Rəhim tək qaldılar. Rəhim
divanda küncdə əyləşmiş Röyaya daha
yaxın oturdu. Röya dalbadal Rəhimin təkidi
ilə özü də bilmədən az-az içdiyi
şampan şərabından əməlli-başlı dəmlənmişdi.
Çılpaq ayaqlarını bir-birinin
üstünə aşırıb oturmuşdu. Bu vəziyyətdə o, olduqca füsunkar
görünürdü. Rəhimin
içində ehtiras atəşi qalanmışdı. Arabir Röya içki gətirmək
üçün qalxıb onun qarşısında
dayanmış Rəhimin odlu baxışlarından hürksə
də özünü toparlaya bilmirdi. İçki
onun bütün hərəkətlərini və müqavimətini
kilidləmişdi. Rəhimin əlləri
onun ayaqlarını tumarlayır dodaqları isə
dodaqlarını, boynunu və sinəsini yandırırdı.
Röya heç bir müqavimət göstərə
bilmirdi. İlk başda azacıq
dartınsa da sonradan içkinin təsirindən və təmasdan
məst olaraq Rəhimə qısılmışdı.
O gecə
Rəhimin və “köməkçilərinin" toruna
düşən Röya səhər açılanda hər
şeyi anlasa da artıq gec idi. Rəhim
altdan-altdan gecə sahibləndiyi bu gözəlliyə
tamaşa edirdi. Güzgüdə
göz-gözə gəldilər. İki fərqli
baxış toqquşdu. Aldadılmış, namusu ləkəkənmiş
sadəlövh bir qızın kinli baxışları ilə
daima aldatmağa meyl edən, əylənməyi sevən, istədiyinə
əldə etmək üçün hər cür rola girən
birinin gözlərindəki özündənrazılıq toqquşmuşdu.
-Sən nə
alçaq adamsan. Adın Rəhim olsa da
özün rəhimsiz adamsan. Məni
içki ilə tora saldın. Heçmi
insafın yoxdur? Heçmi vicdanın
sızıldamır?
-Eee, mənə əxlaq
və vicdandan moizə oxuma. Nə vicdan, nə əxlaq?! Mən güclü
kişiyəm. İstədiyimi edə bilirəm.
Hələ ki mənimsən, dadını
çıxaraq, sonra ərə də gedərsən.
Narahat olma dedim axı güclü adamam, hər şeyi yoluna
qoyacam.
-Sən əsl
alçaq adamsan! Unutma Rəhim, mən sənin məşuqən
olub, sonradan da namuslu bir adamın evinə bakirə qız kimi
gedə bilmərəm. Əgər məni kimsə belə qəbul
edərsə başqa, etməzsə ömrümün sonuna kimi tənha
yaşayaram. Öz xoşbəxtliyini
başqalarının bədbəxtliyi üzərində
qurmaq olmaz. Mənim vicdanım buna yol verməz.
Tfu sənə. Nakişi!
2015 -ci
ilin dekabr böhranından sonra işlər yeni-yeni
canlanmağa başlayırdı. Maşını
təmirdə olduğu üçün taksi sifariş
etmişdi. Aramsız yağış
yağırdı. Pəncərənin
önündə dayanıb məhəccəri döyəcləyən
yağış damlalarına baxırdı. Yağış bağçadakı bütün
çiçəklərin tozunu yuyub təmizləmişdi.
Pəncərəni açıb təmiz havanı
qoxuladı. Havadan torpaq ətri gəlirdi.
Telefonu çağırırdı. Pəncərəni bağlayıb telefonu
götürdü. Nömrə ona tanış
gəlirdi. Taksiçi idi.
Öz-özünə, bu nömrə və səs mənə
yaman tanış gəldi, kim olar? - deyib yaz pencəyini əyninə keçirib
qapıdan çıxdı. Tünd göy rəngli
“Mercedes" maşın onu gözləyirdi. 55-60
yaşlarında gözləri çuxura düşmüş, arıq, lakin
iri sümüklü bir kişi ona “xanım taksi sifariş
etmişdiniz?” -deyəndə tükləri
biz-biz oldu. Qapını açıb əyləşdi və
birdən
-Rəhim,
Allahın ədaləti böyükdür, deyilmi?
Kişi
mat qalmışdı. Olduqca gözəl olan bu
qadın onu hardan tanıyırdı?
-Tanımadın,
ay güclü kişi? Sən
güclü deyilsən, səni güclü edən cibindəki
və bank hesablarındakı yaşıl əskinasların
üzərindəki o kişilər idi. Pul
kimindirsə güclü odur, amma mən səndən daha
güclüyəm. Səndən sonra mərd, ləyaqətli,
ailəcanlı bir kişi ilə
tanış oldum. O, səndən fərqli olaraq mənə əsl
dəyər verdi, təhsil verdi, işlə
təmin etdi. Tədricən bir-birimizə
isinişdik, sonra isə sevdik, sevildik. Ailəsini
itirmişdi. İki azyaşlı qız
övladı ilə çətin durumda qalmışdı.
Mən onun övladlarına analıq etdim,
böyütdüm. Bu il böyük
qızım, qızı demirəm çünki onları
öz övladım bilirəm, universiteti qurtarır. Ali təhsilli həkimdir. Mən
xoşbəxtəm sən isə əməllərin bəlasını
çəkən müflis, bədbəxt və tüfeyli.
Sənin kimilərini güclü edən qiymətli
kağızlardır. O kağızlar olmadan sizlər bir
heçsiniz. Qabaqda maşını saxla və rədd ol! Bir
daha qarşıma çıxma, gücsüz kişi!
Fərid Muradzadə
Hürriyyət.- 2021.- 2 noyabr.-
S.15.