YADDAŞLARDA
QALAN "LEYLİ”!
Gözəl, bənzərsiz bir səs bəxş elədi ona Yaradan. O da bu səsi Leylinin naləsinə, Ərəbzənginin
harayına, xalq mahnılarımızın həzin,
kövrək sədalarına
çevirib dinləyicilərinə
bağışladı.
Səhnəyə həqiqi mənada qəhrəmanlar gərək
olduğu bir vaxtda gəldi. Elə bir
zamanda ki, kişilərin belə səhnəyə çıxması
hünər sayılırdı.
Çünki aktyorluq sənəti
adət-ənənəmizə zidd sayıldığı
üçün ona qarşı çıxılırdı.
Düşmənləri pərəstişkarlarına çevirmək üçün
ağır bir yol keçməli idi bu sənət.
Sənətin belə çətin
günlərində ona
üz tutdu Həqiqət Rzayeva.
Səhnəyə yol açan
ilk qadın xanəndələrdən
biri oldu. O, sənətə könülləri
oxşayan, duyğuları
dilləndirən, səsini,
ömrünün rahatlığını,
dincliyini verdi.
Musiqi sənəti də borclu qalmadı. Həqiqət Rzayevaya yaddaşlarda
həmişəlik yer
ayırdı.
Səsinin cazibəsi
Həqiqət xanımın xatirələrində yaşayan dünyasına yol tapmaqda mənə gəlini, Azərbaycan Dövlət Musiqi Akademiyasının müəllimi Gülər xanım bələdçilik edir.
- Neçə illər Həqiqət xanımla bir evdə yaşamışıq. Bu illər ərzində Həqiqət xanım mənim üçün qaynana yox, doğma ana oldu. Mən onu öncə sənətkar kimi tanımışam, sonra bir ana, qaynana, nənə tək görmüşəm. Deyim ki, bunların hər biri Həqiqət xanımın simasında gözəl idi. Onun səsində elə bir səmimiyyət, həssaslıq vardı ki, bu ifanı dinləyən hər kəs düşünə bilərdi ki, bu adamla ünsiyyətdə olmaq, ona ürək açmaq, dərdini paylaşmaq mümkündür. Həqiqət də o, ifası qədər səmimi, kövrək bir insan idi. Həyat Həqiqət xanımı ömür yolunun başlanğıcından imtahana çəkmişdi. Danışırdı ki, 5 aylıq körpə ikən atası dünyasını dəyişib. Ailənin bütün ağırlığını anası çəkməli olub. Əl işləri görməklə ailəni dolandırmağa çalışan anası bir müddət sonra bir fəhləyə ərə gedib. Onlar yaşamaq üçün Bakıya köçüblər. Ancaq burada yaşaya bilməyib, yenidən Lənkərana dönüblər.
O zaman Lənkəranda qızların oxuması üçün məktəb olmadığından Həqiqət xanım 11 yaşınacan təhsilsiz qalıb. Belə bir vaxtda gənc müəllimi Məryəm Bayraməlibəyovanın təşəbbüsü ilə Lənkəranda qızlar məktəbi təşkil edilib. Hətta məktəbin binası olmadığından Məryəm xanım xeyirxahlıq göstərərək məktəbi öz evində açıb. Lakin valideynlər yeni açılan məktəbdə öz qızlarını oxutmaq istəməyiblər. Məryəm xanım məcbur olub ev-ev gəzərək ata-anaları qızlarını məktəbə vermələri üçün dilə tutub. Bu cür çətinliklə məktəbə 8-9 qız yığa bilib. Həqiqət xanımın anası Zeynəb xanım isə özü qızının əlindən tutub Məryəm xanımın yanına gətirib, ondan qızına təhsil verməsini xahiş eləyib. Beləcə Həqiqət xanım yazıb-oxumaq öyrənib. O, 1923-cü ildə Bakıya gələrək qız müəllimləri seminariyasına daxil olub. Burada oxuyanda teatr dərnəyinə üzv yazılıb. Məktəbdə "Vətən" adlı tamaşada oynadığı ilk rolu ilə diqqəti cəlb edib. Onun güclü, ürəyəyatımlı səsini eşidənlər bundan sonra uzun sürən illər boyunca bu səsin cazibəsindən qurtulmayıblar.
Aktyorların canlarını qız rolları oynamaqdan qurtarıb
Həqiqət xanımın ifası rəhbər təşkilatları da maraqlandırıb. Maarif komissarı D.Bünyadzadənin əmri ilə məktəbin müdiriyyətinə, xüsusən də oğlan rolunu gözəl oynadığına görə, Həqiqət xanıma təşəkkür edilib. Bundan sonra onun istedadı barədə məktəb dərnəyindən kənarlarda da danışılıb. Həm də oynadığı dramatik rollardan çox məlahətli səsi ilə tanıyıblar Həqiqət xanımı.
Bu onun uğurunun, şöhrətinin ilki idi. Bu uğurunun sayəsində "Damğa" teatrına dəvət alır. "Damğa" teatrı onun sənət həyatına unudulmaz səhifələr yazır. Bu teatrın səhnəsində oynadığı rolları ilə tamaşaçı alqışları qazanır. "Qız nədi, oxudu nədi", - deyə səhnəyə gəlişinə qarşı çıxanları Həqiqət xanımın təkrarsız oxusu susdurur. Bu ifanı dinləyənlər heyranlıqlarını gizlədə bilmirlər.
"Damğa" Həqiqət
xanımı teatr dünyasına
bağlayır. 1927-ci ildə Konservatoriyaya daxil olur. Konservatoriya onun
sənət dünyasında
yeni aləm açır. Burada Üzeyir Hacıbəyovu,
Cabbar Qaryağdıoğlunu,
Seyid Şuşinskini,
Qurban Primovu yaxından tanıyır. Onlardan musiqi dərsi alır. Musiqiyə olan kortəbii
istəyi qarşısıalınmaz
amala, tükənməz
sevgiyə çevrilir.
Müslüm bəy onu "Ərəbzəngi bacı"
deyə çağırıb
Sonra Opera Teatrına
dəvət olunur. 20 yaşlı
Həqiqət xanımın
bu teatra gəlişi aktyor Əli Zülalovu "Ərəbzəngi"ni, Hüseynağa Hacıbababəyovu
"Leyli"ni oynamaqdan
qurtarır. 1927-ci ilin
payızında yeni quruluşda səhnəyə
çıxacaq "Şah
İsmayıl" tamaşasının
afişasında "Ərəbzəngi
rolunda Həqiqət Rzayeva" yazılması
musiqisevərlər üçün
əsl sevinc olur. Ona görə ki,
o vaxta qədər Ərəbzəngi rolunu tamaşaçılar Məmmədtağı
Bağırovun və
Əli Zülalovun ifasında görmüşdülər.
Uğurla keçən bu tamaşanın həyəcanını,
sevincini ömrü boyu yaddan çıxarmayıb
Həqiqət xanım. Özü xatırlayırmış
ki, o günkü tamaşanı hamı mühüm hadisə kimi gözləyirdi.
Salon tamaşaçılarla
dolu idi. Hətta hökumət lojasında da boş yer
yox idi. Müslüm bəy qrim otağına gəlib narahatlıqla dedi: "Həqiqət, bacım, bütün ümidim sənədir, görək neyləyəcəksən".
Onu arxayın edib yola saldım. Lakin bu zaman özüm
də böyük narahatlıq duydum. Fikirləşdim ki, birdən
oynaya bilmərəm, bəs onda necə
olar? Ondan sonra gərək
bir də səhnəyə çıxmayım.
Rejissorun "Həqiqət, səhnəyə"
çağırışı onu bu düşüncələrdən
alır. Qılıncını və qalxanının
götürərək səhnəyə
atılan Həqiqət
xanım bir andaca hər şeyi unudur. Yalnız tamaşaçıların alqış
səsləri onu Ərəbzəngi dünyasından
ayırır. Gözləri tamaşaya dirijorluq edən Müsülüm bəyin üzünə sataşanda onun gülümsədiyini görüb
cürətlənir və
pərdəni uğurla
başa vurur. Pərdənin sonunda tamaşaçıların
alqışlarına teatr
işçilərinin də
alqış və təbrikləri qoşulur.
Müslüm bəy Həqiqət xanıma yaxınlaşıb onun əllərini sıxaraq:
"Bacım Həqiqət,
sən mənim başımı ucaltdın,
çox sağ ol", - deyir. Bu tamaşadan sonra o, Həqiqət xanımı
həmişə öz
adı ilə deyil, "Ərəbzəngi
bacı", - deyə
çağırıb.
Yaddaşlarda qalan "Leyli"
İlk böyük
tamaşası sənət
sınağı olub onun üçün. Daha sənət
dünyasına elə
bağlanıb ki, ondan ayrılmağı ağlına belə gətirməyib. Ömrünün 40 ilindən çoxu sənət imtahanında keçib. Həqiqət Rzayeva bütün
rollarını - Leylisini,
Ərəbzəngisini, Əslisini,
Şahsənəmini təkrarsız
ifa edib. Hər rola öz möhürünü
vurub. Həqiqət
xanım "Ərəbzəngi"
obrazı ilə beş yüz
dəfədən, "Leyli"
obrazı ilə isə min dəfədən
artıq tamaşaçılar
qarşısına çıxıb.
Ancaq
"Leyli" obrazı
onu daha çox sevdirib pərəstişkarlarına. Həm də ona görə
yox ki, Həqiqət
xanım bu obrazı sayca ən çox ifa edən aktrisa
olub, onu Sarabskinin ən vəfalı "Leyli"si
adlandırıblar. Həqiqət xanım bu rolun
ilk ifaçısı olmasa
da, onu çox
sevərək, duyaraq yaradanlardan biri olub. Təəssüf
doğuran odur ki, Həqiqət Rzayevanın bənzərsiz
"Leyli"si lent yazılarının
yaddaşında deyil,
yalnız xatirələrdə
qalıb.
"Eşit Həqiqətin incə səsini"
Sənət ömrünün neçə-neçə
günləri səngərlərdən
keçib. Müharibə illərində o, şirin, kövrək nəşələri ilə
əsgərlərimiz qarşısında
çıxış edib.
Həqiqət xanımın
səsi ilə musiqimizə vurğun kəsilən bir rus əsgəri sağalıb vətəninə
qayıtdıqdan 4 il sonra ona məktub göndərib minnətdarlığını
bildirərək yazırdı:
"Siz Leylini elə oynayırdınız
ki, dilinizi bilməyən mən hər şeyi başa düşür, duyur və sevirdim".
Xalq şairi Səməd Vurğun isə Voroşilova göndərdiyi
məktubda onu Bakıya dəvət edərək yazırdı:
"Eşit Həqiqətin incə səsini,
Bülbülün Qarabağ şikəstəsini".
1943-cü ildə Həqiqət
xanım da bir çox incəsənət ustaları
ilə İranda qastrol səfərində olub, Tehranda, Zəncanda, Rəştdə,
Ərdəbildə konsert
proqramı ilə çıxış edib. Həmin
il Həqiqət
xanım xalq artisti adına layiq görülüb. O çağlarda bu adı almaq böyük sənət uğuru sayılırdı.
Çünki o zaman fəxri
adlar yalnız əsl sənətkara, sənətdə yüksək
xidmətlərinə görə
verilirdi.
Həqiqət xanımın sənətdə
göstərdiyi xidmətlər
isə onun təkcə istedadlı aktrisa, gözəl xanəndə olması ilə bitmir. O, həm
də neçə-neçə
el havalarımıza, xalq
mahnılarımıza yeni
həyat verib, onları ölümsüzləşdirib.
"Ögey ana" filmində öz obrazını yaradıb
Onun haqqında düşünəndə
nədənsə yadıma
həmişə "Ögey
ana" filmində Həqiqət xanımın
yaratdığı nənə
obrazı düşür!
Xanım-xatın, vüqarlı,
mərd bir Azərbaycan xanımının
obrazıdır bu. Gülər
xanım Həqiqət
xanımın kino yaradıcılığından danışanda bildirir:
- O, "İzzət" və "Ögey ana" filmlərində
çəkilib. Sözün düzü, "Ögey ana" filmi mənə daha doğmadır. Çünki
Həqiqət xanım bu rolda
öz obrazını yaradıb. Onu bu rolda
görənlər "Həqiqət xanımı həyatda
görmədim", - deməsinlər. O, sənətkar idi və pərəstişkarları onun həyatına həmişə maraq göstərirdilər. Bilmək istəyirdilər,
Həqiqət xanımın ailəsi, uşaqları varmı,
həyat yoldaşı kimdi? Mənim üçün isə o,
ideal bir qadın idi. Mən xatırlamıram ki,
o kiminsə xətrinə dəysin acı
bir söz desin. Bununla yanaşı,
Həqiqət xanım sərt bir qadın
idi. Özünə diqqət yetirməyi olduqca sevərdi. Onu narahat eləməmək üçün
evdə az qala
barmağımızın ucunda gəzərdik.
Çünki sakitliyi
çox xoşlayırdı.
Övladlarının da ona
münasibəti çox yaxşı idi. Yadıma düşmür
ki, ailədə kimsə onun
bir sözünü iki eləsin. Musiqini hədsiz bir məhəbbətlə
sevirdi və bu sevgini, hörməti doğmalarına da aşılayırdı Təsadüfi deyil, bu gün
onun ailəsində bir
ənənə yaşayır, Həqiqət xanımın
başladığı və bu gün övladlarının davam
etdirdiyi musiqi ənənəsi.
Mürsəl İrəvanlı
Hürriyyət.-
2021.- 30 noyabr. S. 13.