“32 il sonra Şuşadan

Xankəndini seyr etdim…”

 

Bahar Orucova: “İndi Xankəndiyə dönüş xəbərini necə qarşılayacağımı xəyalımda canlandırmağa çalışıram…”

 

Bilirəm ki, dönəcəyimiz gün yaxındır. Amma çətin bir yol olacağını da bilirəm. Biz Xankəndililər yenidən ermənilərlə yaşamağı öyrənməliyik…”

 

1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvəllərinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 %-ikeçmiş Dağlıq Qarabağ, eləcə ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, nəticədə 600 min nəfərdən çox soydaşımız məcburi köçkün düşmüş respublikanın 62 şəhər rayonunda, 1600-dən çox sıx məskunlaşma ərazisində müvəqqəti yaşamağa başlamışlar.

1988-1989-cu ildə Xankəndi şəhəri artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Bunun nəticəsində 26 dekabr 1991-ci ildə Moskvanın dəstəyilə azərbaycanlılar Xankəndindən qovulmuş, şəhərin işğalı tam başa çatdırılmışdı.

1988-ci il hadisələri başlayanda Xankəndidə azərbaycanlıların sayı 17 min nəfərə yaxın idisə, erməniləri süni surətdə 40 min nəfərədək artırmışdılar

Ermənistanın təxribatına növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ədalətin bərpası üçün ötən il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər həmrəy oldu.

Bu günkü müsahibimiz Xakəndi sakinidir. Bahar Orucovanın 17 yaşı olanda Xankəndi şəhəri ermənilər tərfindən işğal olunub. O, 32 ildir doğma şəhərinə qayıdacağı günü gözləyir

- Bu yaxında doğum günümü qeyd etdim. 32 ildir bu günü doğma Xankəndimdən uzaqlarda qeyd edirəm. 30 il demədim. çünki 32 il öncə doğma Xankəndimdən başladı işğal. Dərdimizi, torpaq həsrətimizi, utancımızı içimizə gömdük. Göz yaşlarımızı kimsəyə göstərməməyə çalışdıq. Qürurlu görsənməyə, məğrur dayanmağa çalışsaq da bir tərəfimiz yarımçıq qaldı. Vətəndə Vətənsiz olmanın acısından belimiz büküldü. Çoxlarımız bu günün həsrətinə dözmədən dünyamızı dəyişdik. İndi Qarabağa qayıdışın qüruru ilə doğum günümü qeyd edirəm. O doğum günümü ki, sırf azərbaycanlı əhalinin sayı rəsmi olaraq az göstərilsin deyə, qeydiyata almayan düşmənlərimizin ucbatından sənədlərimdə qeyd olunmayıb.

Yenə bir tək arzu tutdum ürəyimdə. Doğma Xankəndimə dönmək arzusu. O Xankəndimə ki, orada doğulmağıma baxmayaraq ermənilərin ucbatından sənədlərimdə qeyd olunmayıb. Lakin mən sənədlərdəki deyil , əsl doğulduğum tarixi qeyd edirəm. Beləcə, 32 ildir ki, hər il ad günümü Xankəndimdə qeyd etmək diləyim dəyişməz olaraq qalır.  Amma içimdən bir səs gələn ad günümü doğma şəhərimdə qeyd edəcəyimdən xəbər verir. Bu arzumun həyata keçməsinə ümidim Ali Baş Komandanımız İlham Əliyev cənablarının xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşadan görsənən Xankəndi mənzərəsi önündə şəkilləri yayımlandıqdan sonra daha da artıb.

- Bu yaxında Şuşaya səfər etmişdiniz. Hansı hissləri keçirdiniz?

- Şuşa işğaldan azad olunduqdan bir neçə ay sonra mənə işimlə bağlı Şuşaya gedəcəyimi dediklərində sevincimin həddi-hüdudu yox idi. Yəni Şuşaya gedəcəyimin sevincindən aza qala qanadlanıb uçacaqdım.

Yol boyu gördüyüm mənzərə məni dəhşətə gətirmişdi. Yerlə yeksan olmuş kəndlər, xaraba qalmış qəsəbələr, müharibənin izləri ilə şumlanmış ucsuz-bucaqsız tarlalar əsl sahiblərinin gəlişinə sevinirdi, sanki. Təbiətin o rənglərini, yaz çiçəklərinin rahiyyəsini, quşların cəh-cəhini sözlə ifadə etmək çətindir. Gərək, bu gözəlliyi görəsən, yaşayasan. Qarabağda olan bitki qurşağı çox zəngindir. Yabanı şəkildə bitən tülpanlar, nərgizlər, primulalar, bənövşələr, lalələr insanı valeh edirdi. Doğma Qarabağıma yaz gəlmişdi artıq. İlk baharın gəlişi ilə təbiətlə yanaşı, doğma Qarabağımız 30 illik işğal yuxusundan da oyanmışdı.

Nəhayət, Şuşaya çatdığımızda Şuşanın məğrur duruşu məni ovsunlamışdı. Qəribə təzadlı hisslər vardı içimdə. Bir tərəfdə erməni vandalları tərəfindən dağıdılmış tarixi abidələrimizi görməyin acısı, digər tərəfdən sürətlə gedən quruculuq işlərinin sevinci. Düşmən azərbaycanlı ruhunu qədər məhv etməyə çalışsa da Şuşa hər daşıyla, hər divarıylamən türk oğlu türkəm”, - deyib-durmuşdu.

İlk olaraq Gövhər ağa məscidini ziyarət etmişdik. Bu sevinci bizə yaşadan şəhidlərimizin ruhuna dualar oxuyub, qazilərimizə hərbçilərimizə cansağlığı dilədikdən sonra, məğrur Şuşamdan doğma Xankəndimə baxmağa tələsmişdim. O gün 32 ildə ilk dəfə hönkür-hönkür ağlamışdım. Bu, Şuşamıza qayıdışın sevinc gözyaşları, hönkürtüsü idi. Bu, 32 il içimizdə çəkdiyimiz həsrətimizin sona yetməsinin sevincindən doğan hayqırtıydı.  Qoy, həmişə sevinc göz yaşlarına boğulaq! Bir daha torpaq itkisi yaşamayaq. Bir daha itkilərimiz olmasın!

- Şuşadan Xankəndini baxanda, ilk olaraq, qəlbinizdən keçdi, düşündünüz?

- 29 il sonra Şuşaya döndüyümdə ən ucqar nöqtədən Xankəndini uzun-uzun seyr etmişdim. Evimizi aramışdım orada. 32 il öncə orada qoyub getdiyim uşaqlığımı aramışdım. Bir gecədə böyüməyin acısından ağlamışdım. Orada gömüb getdiyim arzularıma, ümidlərimə ağlamışdım. 32 il vətəndə vətənsizliyin verdiyi utancın acısına ağlamışdım. Geri dönüşümüzə sevinərək ağlamışdım. Yaddaşımda həkk olunmuş xatirələri canlandırmağa çalışdım. Azad Şuşadan Xankəndiyə baxarkən, tezliklə Xankəndiyə dönə biləcəyimiz günü düşünürdüm.

44 günlük müharibədə Şuşanın azad olunma xəbərini eşidənədə hiss etdiklərimi sözlə ifadə etmək çətindir. Bu hissləri bütün Azərbaycan xalqı qürurla fəxarətlə yaşadı o günlərdə. “Əziz Şuşa, sən azadsan!” xəbərini alanda dünyanın hər yerində hər bir azərbaycanlı sevinc göz yaşlarını tuta bilmədi.

İndi Şuşadan Xankəndiyə dönüş xəbərini necə qarşılayacağımı xəyalımda canlandırmağa çalışıram. O an nələr hiss edəcəyimi düşünürəm. Bilirəm ki, dönəcəyimiz gün yaxındır. Amma çətin bir yol olacağını da bilirəm. Biz Xankəndililər yenidən ermənilərlə yaşamağı öyrənməliyik. Axı, biz əvvəllər bərabər yaşayırdıq. Axı, yaxşı günlərimiz çox olmuşdu. Bir-birimizin xeyrinə-şərinə gedib-gələrdik. Bizim ataların çox gözəl sözləri var: “Qonşun pisdirsə, köç qurtar”. Əgər qonşuluqdan köçə bilmirlərsə, onda digər atalar sözümüz var: “Yaxın qonşu uzaq qohumdan yaxşıdır”.  Bu atalar sözünə əməl etməyə çağırıram erməni qonşularımızı. Ömür boyu nifrətlə yaşamaq olmaz! Cənab prezidentimizin dediyi kimi, Azərbaycan vətəndaşlığını qəbul edərək, Azərbayca Respublikasının qanunlarına uyaraq bizimlə yaşaya bilərlər. Qarabağın erməni əhalisi artıq bu münaqişənin bitməsinin yeganə həll yolunun bu olduğunu anlamalıdır.

- Xankədinin işğal edildiyi günü necə xatılayırsınız?

 

Yəhya

 

(Ardı var)

 

Hürriyyət.- 2021.- 30 noyabr.- S.7.