"Azadlıq Günəşi"
Günəş
Zakirqızının eyniadlı
kitabı haqda düşüncələrim
Gənc
tədqiqatçı və şair
Günəş Zakirqızının Xəlil Rza
yaradıcılığına müraciət etməsi, şairin əsərlərində vətənpərvərlik
anlayışının mənəvi, ictimai
-siyasi və estetik
yönlərini təhlilə cəlb etmək istəyində
olması həm filoloji, həm də ictimai baxımdan dəyər
daşıyır. İçindən keçdiyimiz
yaxın təlatümlü tarixin bədii
sözdə "maddiləşən" ruhuna,
bu günümüzün
mənəvi bünövrələrinə yeni
nəslin gözü ilə baxılması
aktual olmaqla
yanaşı, həm də maraqlıdır. Bu, zamanla sinə-sinəyə
gələn sözün artıq tarixə
çevrilən keçmişinə baxışdır.
Bir həqiqət var ki, bədii söz zamanla insan, tarixlə cəmiyyət arasında tarazlaşdırıcı qüvvə rolunu oynayır.
Bəzən zamanın axarı ilə uyum yaradaraq onun ahənginə qoşulur, onu vəsf edir, onun gözəlliklərinə dalıb, ona yeni rənglər, çalarlar, səslər gətirir, bəzən də gedişatın əksinə çıxır, onunla barışmır, onu dəyişmək uğrunda mübarizə aparır.Bu halda bədii söz yalnız özünün yükünü daşımaqla kifayətlənmir, həm də tarixin və tarixi yaradan cəmiyyətin yükünün daşıyıcısına çevrilir. Cəmiyyətin bədii sözə ögeyləşdiyi, özgələşdiyi, şairi "Dindirir əsr bizi dinməyiriz" (Mirzə Ələkbər Sabir) harayı çəkməyə məcbur edən vaxtlar da olur. İstənilən halda, bədii söz zamanın "sifarişinə" cavab, tarixin səsinə səs verir, öz yaddaşında yarandığı zamanın ruhunu hifz eləyir. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Xəlil Rza poeziyasına qiymət vermək, onu təhlil etmək üçün də məhz bədii sözü zaman işığında qiymətləndirməyə ehtiyac var və Günəş Zakirqızının "Azadlıq günəşi" bu ehtiyacdan doğub. Bir alim kimi ədəbiyyat tarixinin qanunauyğunluqlarına yaxından bələd olan Xəlil Rza öz təbiətinə görə maarifçi, maarifləndirici bir şəxsiyyət olmuş, yaradıcılığının böyük bir qismini insanları "təhrik etməyə" : azadlıq, vətəni, milləti sevmək, haqsızlığa qarşı üsyan etmək duyğularına yönəltməyə həsr etmişdir. Şairin yaradıcılığının əsaslı bir bölümü zamanın axarı ilə, zamanın içində axıb gedən insan düşüncələrinin ətalətli ehkamları ilə mübarizəyə həsr olunub. Bədii ədəbiyyat üçün, şairin ədəbi taleyi üçün nə qədər riskli olsa da, Xəlil Rza yaradıcılığı boyunca cəmiyyətin və ya xalqın taleyini, vətənin mənafeyini bədii sözün mənafeyindən öndə tutmuşdur. Günəş Zakirqızının araşdırması Xəlil Rzanın timsalında yaxın ədəbiyyat tariximizin yığcam mənzərəsini canlandırır. Xəlil Rza XX əsrin ikinci yarısında Azərbaycanda milli azadlıq düşüncəsinin formalaşmasına xidmət edən, insanlarda total itaət formalaşdırmağa yönəldilmiş sovet təbliğatına zərbə vuran şairlərimizdən biri olmuş, milli azadlıq hərəkatı başlayandan sonra isə onun önündə getmişdir. Xəlil Rza poeziyası bütün eniş -yoxuşları, relyefləri ilə milli azadlıq hərəkatına yalnız yaradıcılığını deyil, azadlığa yollar axtaran, yol göstərən bir insab kimi bütün varlığını həsr etmiş, sözün hərfi mənasında milli azadlıq uğrunda döyüşmüşdür. Mübarizə yolunda atıldığı məhbəs həyatı onu sındırmamışdır.
Azərbaycanda milli azadlıq hərəkatının önünü kəsmək üçün qarşımıza atılan "erməni məsələsində" də alovlu şair olmaqla yanaşı, bir vətəndaş kimi - vətən əsgəri kimi cəbhənin önündə yer tutmuşdur. Vətən uğrunda qanlı döyüşlər başlayanda müharibənin ən qaynar çağında döyüş meydanında olmuşdur. Həmin döyüş meydanında oğlu Təbriz ( elə bu adın özü də bölünmüş Azərbaycan taleyinin bir rəmzi kimi böyük məna və əhəmiyyət daşıyır) torpağımızın azadlığı uğrunda şəhid olmuşdur. Günəş Zakirqızı tərəfindən Xəlil Rzanın həyat və yaradıcılığının bu cəhətlərinin tədqiq edilib öyrənilməsi və oxuculara təqdim olunması Azərbaycanda azadlıq hərəkatının mənəvi aspektlərinin araşdırılıb açılması üçün lazımlıdır. Müəllif Xəlil Rzanın yaradıcılığında vətənpərvərlik anlayışını yalnız şairin vətənə, azadlığa həsr etdiyi şeirlərində axtarmır. Tam haqlı olaraq bu mövqeyə üstünlük verir ki, Xəlil Rzanın yaradıcılığında vətənpərvərlik anlayışı yalnız birbaşa vətən və azadlıq mövzularına həsr olunmuş şeirlərdə deyil, onun yaradıcılığının mayasındadır. Vətən Xəlil Rza üçün yalnız torpaqdan ibarət deyil, torpaqdan başlayıb, torpaqda sona çatmır. Şairin tərənnüm etdiyi vətən insan ruhundan başlayır, "kişi qanındakı qeyrət selindən" güc alır, sənin, mənim içimdəki sevgi üzərində boy atır. Bu kitabı oxuyan hər kəs Xəlil Rzanın bir şəxsiyyət kimi, azadlıq nəğməkarı kimi, alovlu vətənpərvər bir şair kimi keçdiyi yaradıcılıq yolu ilə yaxından tanış olur. Günəş Zakirqızı Xəlil Rza yaradıcılığında vətənpərvərlik anlayışının bu aspektlərinin təhlilinə üstünlük verməyə çalışmışdır:
1. Müasirlik və aktuallıq. Xəlil Rza poeziyasında müasirlik anlayışı bununla şərtlənir ki, şair xalqın həyatının ən mühüm və ağrılı problemlərini önə çəkir. Layla deyib insanları uyutmur, əksinə, barışmazlığa, mübarizəyə səsləyir. Xəlil Rza vətənin, millətin tərəqqisi yolunda çidar olanları, öz ifadəsincə, " boşqab dibi yalayanları" yaradıcılığının əvvəlindən sonuna qədər bədii sözün hədəfində saxlamış, onlara qarşı barışmaz mövqe tutmuşdur.
2. Ana dili məsələsi. Xüsusilə sovet dövründə bir yandan Azərbaycan dilinin işlənmə imkanlarını daraldan imperiya siyasəti, digər yandansa həmin ideologiyanın yetişdirməsi olan insanların öz dilimizə və mənəvi varlığımıza laqeydliyi Xəlil Rzanı dərindən narahat edən məsələlərin önündə gəlirdi və şair bədii sözün təsir gücündən istifadə edərək buna qarşı üsyan edirdi. Şair vətənin azadlığını hər şeydən öncə dilin və düşüncənin azadlığında görürdü.
3. Türkçülük və turançılıq. Sovet ideologiyasının hakim olduğu illərdə imperiya siyasətinin ən güclü alətlərindən biri insanlarda öz tarixinə, keçmişinə, köklərinə laqeydlik yaratmaq idi. Bunun üçün əl atılan namərd üsullardan biri də türkçülüyün qadağan olunması idi. Sovet hakimiyyəti bərqərar olan vaxtdan başlayaraq türk xalqlarının bir-birinə qarşı ögeyləşdirilməsi siyasəti yürüdülürdü. Represiyya illərində işıqlı insanlara qarşı irəli sürülən ən populyar ittihamlardan biri də "pantürkizm" - türkçülük olmuşdu. Represiyya qurbanlarına bəraət veriləndən sonra isə türkçülüyə bəraət verilmədi və türkçülük "qadağan zonası" kimi saxlanıldı. Bu mənada, Xəlil Rzanın yaradıcılığında türkçülük daha çox ideoloji əngəllərlə mübarizə kimi diqqəti cəlb edir.
4. Milli azadlıq. Hələ sovet hakimiyyətinin qadağalarının sərt və kəskin olduğu bir dövrdə "azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, qolumdakı zəncirləri qıram gərək, qıram-qıram" hayqıran şairin yaradıcılığında bu xətt sona qədər davam etdi və azadlıq hərəkatının ən həlledici anlarında Xəlil Rza şeirləri milli azadlığın marşına çevrildi. Xəlil Rzanın bir şair kimi xoşbəxtliyi onda oldu ki, Azərbaycanın milli azadlığa, dövlət müstəqilliyinə qovuşduğunu görə bildi...
Xəlil Rzanın bir xoşbəxtliyi də bundadır ki, onun yaradıcılığı kitab rəflərində qalmır, gənclik onu araşdırır, öyrənir və öyrətməyə çalışır. Günəş Zakirqızının oxucuların mühakiməsinə təqdim etdiyi "Azadlıq günəşi" bunun əyani nümunəsidir...
Məti Osmanoğlu
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Hürriyyət.- 2021.- 26 oktyabr.-
S.14.