Güclü kişi

 

Hekayə

 

Əvvəli ötən sayımızda

 

Pul yaxşı qulluqçudur, lakin pis ağadır

Frensis Bekon

 

-Ay tənbəl ,qalx!

Səsə ayılanda Gülşəni başının üstündə gördü. Hamamdan çıxmışdı. Gözəl şampun qoxusu gəlirdi. Bilinirdi ki satışda olanlardan deyil, özəl bir şampundur.

-Qalx, get sən də duş al! Özünə bir az əl gəzdir, iş görüşməsinə gedirsən. Bir az işvə-nazın olsun. Heykəl kimi dayanma, -deyərək ona göz vurdu. Otaqdan çıxan Röyanı görən Gülşən onu başdan ayağa süzüb dedi:

-Bu nə vid-fasondur? Belə olmaz. Gəl mənim otağına deyib onun o biri otağa sürüdü. On beş dəqiqə sonra güzgü önündə dayanan Röya özünü tanıya bilmirdi. O nə qədər gözəl imiş. Öz-özünə , gözəllik ondur, doqquzu dondur "u boşuna deməyiblər, - dedi.  Geyim insanı çox dəyişdirir. Yenə də güzgüdə özünə baxırdı. O, nə qədər dəyişmişdi. Düzü bir az sıxılırdı, çünki hələ indiyə qədər belə qısa ətək geyməmişdi. Eyni zamanda da özündən xoşu gəlirdi. Gülşənin seçdiyi paltarlar onu olduqca gözəgəlimli göstərirdi. Bütün əzaları paltarı qabartmışdı. Gülşənin telefonu çağırırdı. Telefona baxan Gülşən sevincək dilləndi, - tez ol, gedək, Ayaz bizi gözləyir.

Ayazın bahalı gümüşü “Cip" maşını gün işığında par-par parıldayırdı. Gülşən onları tanış edəndən sonra maşına əyləşdilər. Ayaz birbaşa mətləbə keçdi

-Rəhim bəy, bizi ofisində gözləyir. Danışmışam. Sizi işlə təmin edəcək. Narahat olmayın.

Ürəyində, -nə yaxşı oldu -deyə düşünürdü. İşləsəm çox yaxşı olacaq. Tətildə anamla bacımı şəhərə dəvət edəcəm. Onları qonaq saxlayacağam, ciblərinə xərclik qoyacağaçm, hədiyyələr alacağam.

Maşın hündürmərtəbəli bir binanın qarşısında dayandı.

-Rəhim bəyin ofisi bu binadadır, - düşün.

Onlar lift ilə yuxarı mərtəbəyə qalxıb geniş, xüsusi işləmələri olan tünd şabalıdı rəngli bir qapıdan içəri keçdilər. Avanqard üslubda hazırlanmış ofis Röyanı valeh etmişdi. İrəli keçən dərin dekolteli və qısa geyimli hündürboy, modelə oxşayan qız onları qarşılayıb Rəhimin kabinetinə apardı. Dəniz panoramalı iri lay şüşəli pəncərənin önündə əllərini qoynunda çarpazlamış, sözün əsl mənasında yekəpər, nataraz, enlikürək bir kişi dayanmışdı.

-Ooo , Rəhim bəy, xoş gördük, - deyib Ayaz irəli yeridi. Qucaqlaşıb görüşdülər.

Rəhim təxminən 40-45 yaşlarında olardı. İri cüssəli olmasına baxmayaraq qıvraq adam idi. İri əzələli, tüklü qolları onu bir az da vahiməli göstərirdi. Qızlarla da əl verib görüşdü. Röyanın əli onun iri əlinin içində itmişdi. O, ehtiraslı baxışlarla Röyanı süzürdü. Rəhimin baxışlarından üşənən Röya gözlərini yerə zilləmişdi. Çay içə-içə söhbətləşirdilər. Röya divana qısılmışdı. Qısa ətəyindən lap narahat idi. Rəhimin onun düz biçimli, ağappaq ayaqlarına şəhvani baxışlarından sıxılırdı. Belə geyiminə görə peşman olmuşdu. Ürəyində bu geyimə görə Gülşəni asıb-kəsirdi. Söhbət get-gedə qızışırdı. Gülşənlə Ayaz daha fəal idilər.

-Balam,  sən də bir söhbət etsənə.  Bayaqdan elə özümüz danışırıq. Sənin işindən heç danışmadıq, - deyə Rəhim mövzunu dolayısı ilə tam olaraq Röyanın üstünə gətirdi.

Röya nə dəyəcəyini bilmirdi. Gülşənin müdaxiləsindən və ən əsas da Rəhimin “balam" sözündən sonra bir az rahatlaşıb söhbətə başladı. Sadəlövh qızcığaz bu “balam"ın nə bəla olduğunu bilmirdi. Artıq həyəcanı ötmüşdü. İndi Rəhimə qorxu ilə deyil ümidlə baxır, verdiyi sualları dəqiq cavablandırırdı. Rəhim onu işə götürdüyünü bildirib ayağa qalxdı və birdən Ayaza tərəf dönüb:

-Durun gedək bu işi bir “yuyaq". Röya bu “yuma"nın nə olduğunu bilməsə də sövq-təbii ayağa qalxıb onların yanında dayandı.

Restoran sırf yüksək təbəqə üçün nəzərdə tutulmuş bir məkan idi. Röya bu günə qədər belə bir restoranda olmamışdı. Dəbdəbəli zalı, bahalı avadanlıqları, hər zövqə uyğun təamları, yüksək səviyyədə təşkil olunmuş xidmət, peşəkar personal və musiqiçilər bu məkanın yaxşıların yaxşısı olmasını bir daha  sübut edirdi. İnsanın ruhunu oxşayan  gözəl, lirik musiqi adamı əsla darıxmağa qoymazdı. Onlar sərin zalda əyləşmədilır. Rəhim bu restoranın ən hörmətli müştərilərindən idi. Onun belə havalarda hər zaman düşərgə saldığı özəl bir məkanı vardı. Qarşısı gül-çiçəklə dolu olan, havası daha təmiz, üzü dumduru,lacivərd  dənizə açılan şüşəli artırma. Onları qarşılayan inzibatçı və ofisiantların üzlərində xüsusi bir təbəssüm vardı. Hamı bu “xüsusi" qonağın gəlişindən məmnun idi.

  Məclis qızışmışdı. Ayaz maraqlı lətifələr və həyat hadisələri danışaraq onları güldürürdü. Onun həqiqətən də gözəl nitq qabiliyyəti vardı. Rəhim də maraqlı söhbətlər edirdi. Bu nəhəng adam elə şirin danışırdı ki, bəzən Röya səsin bu iri gövdəli, zabitləli adama aid olmadığını düşünürdü. Röyanın bakalına da tünd içki süzülmüşdü. Yazıq qızcığaz əyilib Gülşəndən bunun nə içki olduğunu  soruşdu. Eşitdiyindən ağzındakı olduqca yüksək qiymətə olan nadir Fransız şərabını süfrəyə dağıtmamaq üçün özünü zorla toparladı və şərab olduğunu dedi. Röya belə içki içməyəcəyini bildirib üzrxahlıq etdi.

Rəhim o birilərə göz vurub dedi:

-Balam, narahat olma, eybi yox. Məcbur deyil ki. Sənə xüsusi kokteyl hazlrlatdıraram. Həm də əla bir limonad gətirdərəm.

Rəhim əlinin işarəsi ilə ofisiantı çağırdı. 20-lik dolları onun cibinə basıb qulağına nəsə dedi. O da bic-bic gülərək baş endirib getdi. Az sonra ofisiant üzündə təbəssüm, əlində xüsusi hazırlanmış kokteyllə Röyaya yaxınlaşdı. Kokteyl əla təsir bağışlamışdı. Üç belə kokteyldən sonra Röyanın dili elə açılmışdı ki heç özü də özünü tanıya bilmirdi. O hər söhbətə qoşulur, deyib-gülür, zarafatlaşırdı. Hətta Rəhimin “balamı" ona çox şirin gəlirdi. Restorandan çıxanda artıq saat beşi keçmişdi. Rəhim onu öz maşınında iri ticarət mərkəzinə gətirdi. Burdakı brend butiklərdən birinə keçdilər. Dəbli, zövqlə geyinmiş qızlar Rəhimi görən kimi onları xoş qarşılayıb qıza qulluq  göstərməyə başladılar. Röyanın indiyə kimi bu qədər paltarı olmamışdı. Alınan paltarlar çox bahalı və dəbli idi. Röya özü ilə bacarmırdı. Daha Rəhimdən qorxmurdu və hətta əlindəki çantaları sanki öz maşınına qoyurmuş kimi şəstlə irəli yeridi. Maşın onun yaşadığı məhəlləyə çatdı. Rəhim sabah saat 10 da ofisdə olmasını bildirərək sağollaşıb getdi.

Qapını digər otaq yoldaşı olan Xatirə açdı. Qız gözlərinə inanmırdı. Mat-mat Röyanı süzüb bir söz demədən onu içəri buraxdı. Röya heç özündə deyildi. Güzgünün qarşısında ora-bura dönərək özünə tamaşa edir, astadan mahnı oxuyurdu. Xatirə olduqca ağır təbiətli, əxlaqlı bir qız idi.  Onun Gülşəndən ,Gülşənin də ondan xoşu gəlmirdi. O, bu evdə məcburiyyətdən yaşayırdı. Açığı başqa mənzil tutmaq onun büdcəsinə uyğun gəlmirdi, həm də Röyaya da isinişmişdi deyə hələlik dözürdü. Xatirə Röyanı məsum bir qız kimi tanımışdı. İndi Röyanı bu görkəmdə görəndə əməlli-başlı özünü itirdi. Nə dəyəcəyini, nə edəcəyini bilmirdi. Gözlərini məchul bir nöqtəyə zilləyib səssizcə dayanmışdı. Onu Röyanın, “paltarlarım necədir, Xatirəcan?”-deməsi fikir dünyasından ayırdı. Röya tamam dəyişilmişdi. Onun bir neçə saat içində bu cür dəyişməsi Xatirəni çaşdırmışdı. Röya bir iki dəfə də sağa-sola çevrilib qəribə pozalar verərək Xatirədən necə göründüyünü soruşdu. Bayaqdan deməyə söz tapa bilməyən Xatirənin dili birdən-birə açıldı.

-Ay qız bu nədir? Mən səni ağıllı bir qız bilirdim. Bu gün səhərə  qədər iş axtarırdın. Pulun yox idi. Danışanda da səsin çıxmazdı. Olmaya sərvət tapmısan?! Səsin də tamam dəyişib. Hardan əldə etmisən bu qədər bahalı brend paltarları? Həm də bu qədər şit geyinmək sənə yaraşmaz. Sən kimin kəməndinə keçdin, ay yazıq? Tfu... Sən içmisən?! Bu nə biabırçılıqdır.

-Aaa, dəlisən, nə içmək?!

-Röya , ağzından içki qoxusu gəlir. 

-Mən kokteyl və bir də limonad içmişəm.

-Yazıq! Sənə likorlu kokteyl və şampan şərabı içiriblər, bəlkə də çaxır.

Onun bu sözləri içkinin təsiri altında olan Röyaya pis təsir etdi. Çığır-bağır salaraq Xatirənin haqsız olduğunu, ona böhtan atdığını, gözü götürmədiyini deyirdi. Xatirə keyimişdi. Ana quzusu saydığı Röyanın dili açılmışdı. O, dibi görünməyən, lakin ilk baxışdan insanı cəlb edən uçurumun üstündə dayanmışdı. Röya necə bir bataqlığa ayaq basdığının fərqində deyildi. Girdaba girən ayaqlarını qurtarmaq üçün ona doğru uzanan əli deyil, görünüşü gözəl olan, lakin onu çirkaba çəkən gülü tutmuşdu. Daha Xatirənin burda qalmağı mənasız idi. Gecə ilə yaxın Rəfiqəsi olan Aliyəylə danışıb onlara getdi. Sabah universitetdə kirayənşin qızlarla danışıb onların yanına köçəcəkdi.

 

Sonu növbəti sayımızda

 

Fərid Muradzadə

 

Hürriyyət.- 2021.- 26 oktyabr.- S.15.