Əmək kitabçası olmadan yaşadı…
Ənvər Börüsöyun
yoxluğu millətimiz
və dövlətimiz
üçün böyük
itkidir
Onun haqqında keçmiş
zamanda yazmaq, cismani yoxluğunu qəbul etmək çox çətindir.
Əminik ki, Tanrı
dərgahına qovuşması
ilə içimizdə
yaratdığı boşluq
heç vaxt da dolmayacaq. Həftələr, aylar keçəcək, hər
dəfə qəzet çapa hazırlananda Ənvər Börüsoyun
zəng vurub, “gözəl insan, yazıları göndərdim”
(bir-birimizə belə
müraciət edərdik
– müəl.), – deməsini
gözləyəcəyik. Necə ki,
həmin telefon zəngləri 17 ildir aramsız şəkildə
daxil olurdu. Bu illər ərzində cəmi iki dəfə
“ənənə” pozulmuşdu:
bir neçə il əvvəl
müalicə məqsədilə
İrana gedəndə
və ölümündən
bir gün öncə…
Ənvər Börüsoy olduqca sərbəst və müstəqil düşüncəli
insan idi. Onu heç
bir çərçivəyə
salmaq mümkün deyildi. Görünür,
elə bu səbəbdən də heç vaxt rəsmi iş yeri olmamışdı. Hətta bir dəfə tanışlardan
biri, “Ənvər, sən təkbaşına
bu qədər iş görə bilməzsən, yəqin ki, arxanda hansısa
bir güc var”, – deyə söz atanda, “mənim heç vaxt əmək kitabçam olmayıb”, – cavabını vermişdi…
Daimi iş yeri kimi
“Hürriyyət”də çalışsa
da, çox nadir hallarda yazılarını
redaksiyada yazardı. Evdə də həmişə gecə saatlarında işləyərdi. Bu səbədən də, çox vaxt məqalələrini qəzetimizin
elektron poçtuna gecə saat 2-3-də, bəzən isə səhərə yaxın göndərərdi. Günorta
saatlarında isə zəng vuraraq, yazıları göndərdiyini
xəbər verərdi…
4-5 il öncədən
ağciyər xərçənginə
tutulduğunu bilsə
də, bunu uzun müddət yaxınlarından və dostlarından gizli saxlamışdı. Heç kimin
onun halına acımasını istəməzdi.
Təxminən iki il əvvəl
İrana müalicəyə
getdiyini bilirdik. Hansı xəstəlikdən əziyyət
çəkdiyini soruşduqda,
ciddi bir şey olmadığını
demiş, sualdan yayınmışdı. Biz
də çox israr etməmişdik.
Çünki onun ağır
xəstəliyə tutulduğunu
ağlımıza belə
gətirə bilməzdik.
Əksər hallarda işə piyada gedib-gələrdi. Bizə də
məsləhət bilirdi
ki, sağlam olmaq, cavan qalmaq
istəyirsinizsə, piyada
çox gəzin.
Həkimə getməyin də
tərəfdarı deyildi.
Deyirdi ki, ən yaxşı
müalicə “türkəçarə”
üsuludur. Hər bir
xəstəliyin də
çarəsini bilirdi.
Bütün bunlardan sonra,
Ə.Börüsoyun öz
dərdinə çarə
tapmayacağını necə
düşünə bilərdik?!
Bu yazının mövzusu
olmasa da, əminliklə deyə bilərik ki, onu ağciyərini sarmış xərçəng
deyil, Azərbaycan səhiyyəsi öldürdü. Ölümündən bir neçə həftə əvvəl özü bu haqda danışmışdı.
Etiraf etmişdi ki, bir neçə
il İranda
kimyaterapiya seansı alıb. Deyirdi ki, hər seansdan sonra Bakıya çox gümrah şəkildə
qayıdıb. Ötən
il pandemiya
səbəbindən İrana
gedə bilmədiyindən,
Azərbaycanda kimyaterapiya
qəbul etmişdi. Üzülərək bildirirdi ki,
İrandan fərqli olaraq Bakıda həkimlər ilk növbədə
onun xəstəliyi ilə deyil, pulunun olub-olmaması ilə maraqlanıb. Üstəlik, seans
üçün yetərli
vəsait ödənsə
də, kimyaterapiyadan sonra halı pisləşmişdi. Səhv etmirəmsə,
iki gün komada qalmışdı.
Özünə gəldikdən sonra
bunun səbəbi ilə maraqlınmış
və bu zaman məlum olmuşdu ki, kimyaterapiya zamanı keyfiyyətsiz və yararlılıq müddəti
keçmiş dərmanlardan
istifadə olunub.
Həkim bu xəbərin mediaya çıxacağından ehtiyat
edərək, bütün
məsuliyyəti tibb bacısının üstünə
atmış və növbəti seansa özü nəzarət etmişdi…
Həmişə bir yaxınımız, tanışımız rəhmətə
gedəndə özümüzə
onunla təsəlli veririk ki, Allah-təalanın yazdığı
ömürdür, demək,
bura qədər yaşamalıymış. Amma bir daha əminliklə qeyd edirik ki,
Ənvər Börüsoyu
Azərbaycanın yarıtmaz
səhiyyə sistemi və məmur biganəliyi öldürdü.
Müalicə xərclərini qarşılamağa
çətinlik çəksə
də, özünü
“sındırıb”, kimsədən
kömək istəmirdi.
Nəhayət, ardıcıl israrlardan
sonra ölkə rəhbərliyinə müraciət
olunmasını qəbul
etmişdi. Və Azərbaycanın
əksər media orqanlarının
rəhbərləri, tanınmış
jurnalistlər bu müraciətə imza atmışdılar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlanan müraciət rəsmi qaydada göndərilməklə
yanaşı, “Hürriyyət”
qəzetində və
başqa bir neçə saytda dərc olunmuşdu.
Həmin müraciət ikinci Qarabağ savaşının
qızğın vaxtına
təsadüf etdiyindən,
obyektiv səbəblərdən
dərhal reaksiya verilməmişdi. Təxminən iki həftə
sonra Səhiyyə Nazirliyinin xanım əməkdaşı Ənvər
Börüsoya zəng
vuraraq, sanki bütün müalicə
xərcləri onun cibindən çıxacaqmış
kimi, çox kobud tərzdə ünvanını soruşmuşdu.
Məmur
xanımın bu rəftarı onu incitsə də, müharibə getdiyindən
və yaralı əsgərlərimizin sayı
çox olduğundan,
nazirlik əməkdaşına
özlüyündə “haqq”
da qazandırırdı.
Savaş
bitdikdən sonra isə məlum oldu ki, Mehriban
xanım onun müalicə xərclərinin
qarşılanması ilə
bağlı göstəriş
veribmiş.
Bütün bunlara rəğmən, o,
İrana getməyi düşünürdü. Çox
inanırdı ki, İranda bir seans kimyaterapiya
qəbul etdikdən sonra sağlıq durumu əvvəlkitək qaydasına düşəcək.
Jurnalist dostlarından biri müvafiq sənədləri
hazırlayacağına və
dövlət qurumlarından
icazə alınmasına
köməklik göstərəcəyinə
söz vermişdi.
Ölümündən bir neçə
gün əvvəl bu haqda danışmışdıq.
Dedi ki, yaxın günlərdə
sənədlər hazır
olacaq…
…Çərşənbə günü
günortadan xeyli keçsə də, 17 ildə ikinci dəfə qəzet üçün material göndərməmişdi.
Hansısa səbəbdən yazını gec hazırlamağa məcbur
olduğu halda, əvvəlcədən mütləq
zəng vuracağını
bilirdim. Amma Ənvər Börüsoy
17 il ərzində
ikinci dəfə “ənənə”ni pozmuşdu.
Həmin
gün qəzetdə materiallar yetərincə olsa da, Ə.Börüsoyun
zəng etməməsi
bizi xeyli narahat etmişdi. Odur ki, səhifələr hazır olduqdan sonra ona zəng
vurub, həm o gün əlavə yazıya ehtiyac olmadığını bildirmək,
həm də səhhəti ilə maraqlanmaq istədim. Uzun illər ərzində onun telefonunu ilk dəfə həyat yoldaşı Afaq xanım götürəndə,
artıq Ənvər Börüsoyun sağalma şansının olmadığını
hiss etmişdim. Afaq xanımdan
Ənvərin səhhətinin
necə olduğunu soruşdum. Təcili
yardım çağırdıqlarını
dedi. Daha sonra kənardan
“bu gün yazı göndərə bilmədim, növbəti nömrədə iki yazı göndərəcəm”,
– deyə Ənvərin
güclə eşidilən
səsi gəldi.
Xanımı dediklərini təkrar
etdikdə, səsi titrədi. Artıq hər şey
bəlli idi, biz onu itirmək üzrəydik. Təbii ki,
Afaq xanıma yazının önəmli
olmadığını deyib,
sağollaşdım.
Səhərisi gün “Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla birlikdə ona baş çəkməyə
gedəcəydik. Saat 13:00-da redaksiyada bir qonağımız olacağı
üçün, nahardan
sonra getməyi qərara aldıq. Qonağı
yola saldıqdan sonra Ənvərin telefonuna zəng vurdum. Son vaxtlar
tez-tez xəstəxanaya
getdiyindən, evdə
olub-olmadığını dəqiqləşdirmək istədim.
Onunla çalışdığımız illər ərzində ilk dəfə zəngimizə
cavab vermədi. Artıq hər şey aydın idi, biz millət, dövlət və “Hürriyyət” olaraq Ənvər Börüsoyu itirmişdik.
Çox
təəssüf ki,
o, artıq bizim, sevdiklərinin və çoxsaylı oxucularının
heç bir zənginə cavab verə bilməyəcək.
Lakin ona əminəm ki, Haqqın dərgahına qovuşmuş
bir neçə dostum kimi, Ənvərin
də nömrəsi telefonumun yaddaşından
heç vaxt silinməyəcək.
Allah sənə rəhmət eləsin, GÖZƏL İNSAN!
Anar HƏSƏNLİ
P.S. Son iki gündə Ənvər Börüsoyun
ölümü ilə
bağlı sosial şəbəkələrdə yüzlərlə status paylaşılıb,
mətbuatda bu haqda çoxsaylı xəbərlər yer alıb. Hər kəs onun
Türk dünyası və Türk milləti üçün
əvəzsiz xidmət göstərməsindən, dövlətimiz
üçün gördüyü
işlərdən yazır. Bu
statusları oxuduqca, mərhum Cabir Növruzun
“Sağlığında qiymət verin insanlara” şeirini
xatırladım…
Hürriyyət.- 2021.-
30 yanvar – 1 fevral. S. 3.