Qalib xalqın ədəbiyyatını

təmsil etmək çox qürurvericidir

 

Aysel Fikrət: “Şagirdlərim mənə övladlarım qədər əzizdir”

 

“Yetirmələrim cəmiyyətdə özlərinə layiqli yer tutmağı bacarır, bu isə bir müəllim kimi məni çox sevindirir

 

“Səmimi söhbət”in budəfəki qonağı unudulmaz şair-publisist Fikrət Sadığın yadigarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü tanınmış şairə və yazıçı, pedoqoq Aysel Fikrətdir.

                              

       - Xoş gördük səni, Aysel. Son illlər təkcə Azərbaycanda deyl, Azərbaycanın hüdudlarından kənarda, türkdilli dövlətlərdə də tanınıb sevilirsən. Azərbaycanda və ölkəmizdən kənarda bir neçə şeirlər kitabın işıq üzü görüb. Bir sıra mötəbər tədbirdə iştirak etmisən, diplomlarla təltif edilmisən. Təbii ki, bu təkcə sənin deyil, həm də Azərbaycanın uğurudur. Çünki sən xaricdə Azərbaycanı, Azərbaycan mədəniyyətini, Azərbaycan ədəbiyyatını təmsil edirsən. Amma bu uğur bir gündə qazanılmayıb, bunun üçün uzun, incə bir yol keçməli olmusan. Çox guman ki, həmin yol heç də həmişə hamar olmayıb. Səni uğura aparan həmin o yol haradan başlayıb, kimlərlə, nələrlə qarşılaşdırıb səni? Bu gün çatdığın hədəflər yaradıcı insan kimi səni nə dərəcədə qane edir? Ümumiyyətlə, qarşına qoyduğun məqsəd, çatmaq istədiyin hədəf nədir? Bax, bu haqda eşitmək çox maraqlı olardı.

- Xoş gördük. Dəvətinə görə təşəkkür edirəm. Doğrudur, son illər türkdilli dövlətlərdə, xüsusilə də qardaş Türkiyədə keçirilən mötəbər tədbirlərə, ədəbi məclislərə, festivallara tez-tez dəvət olunuram, şeirlərimə də maraq göstərirlər, bir neçə kitabımı da dərc ediblər. Mənim üçün Türkiyə səfərləri xüsusilə dəyərlidir. Bilirik ki, Türkiyənin ədəbi aləmində vahid yazıçılar birliyi yoxdur. Ayrı-ayrı bölgələrdə, bələdiyyələrin nəzdində fəaliyyət göstərən ədəbiyyat dərnəkləri var. Misal üçün, Adananın Çukurova vilayətində Bələdiyyənin nəzdində Ədəbiyyat dərnəyi var. Uzun illərdir Adanada uluslararası ədəbiyyat festivalı keçirilir. Həmin festivalda demək olar, bütün türkdilli dövlətlərdən şair və yazıçılar iştirak edir. Mən də bir neçə dəfə bu mötəbər tədbirə qatılmışam.

44 günlük Vətən müharibəsindən sonra keçirilən festival daha maraqlı idi. Qalib xalqın mədəniyyətini, ədəbiyyatını təmsil etmək çox qürurverici idi. Onu da qeyd edim ki, festivalda bütün iştirakçılar öz ana dilində danışır, biz bir-birimizi çox gözəl anlayırıq. Hər gedişimdə vətənpərvər ruhlu şeirlərimi xüsusi qürur hissi ilə oxuyuram. İlk dəfə isə atamın “Tanrı türkü qorusun” və müəllifi olduğum “Vətən” şeirlərini ifa etmişdim. Çıxışımda da festivalda bir yox, iki şairi təmsil etdiyimi qeyd etmişdim.Alaniya” və “Osmaniyyə” həftəlik qəzetlərində “Azərbaycandan salamlar” adlı ayrıca rubrika var, hər iki qəzetin həmin rubrikasında görkəmli Azərbaycan sənətkarları haqda yazdığım esselər, həmçinin hekayələrim, şeirlərim dərc olunur.

Türkiyə mediası ilə daimi əməkdaşlıq etmək istəyirəm. Bu məqsədlə lazımi sənədlər də toplamışam. Yayda Türkiyəyə səfərim olmalıdır. Ankarada görüşməm olacaq. Orda bir qurum var, mənə Türkiyənin bir sıra şəhərlərinin qəzetlərinə çıxış imkanı verəcək. Onlarla əməkdaşlıq etməkdə məqsədim türkiyəli oxucuları Azərbaycanın həm klassik, həm də gənc yazışı və şairlərinin yaradıcılığı ilə tanış etməkdir. Jurnalistikada hədəfim budur. Ədəbiyyatda isə hədəfim bundan sonra nəsir sahəsində öz üzərimdə daha çox çalışmaq, yarımçıq qalmış əsərlərimi tamamlamaqdır. Həmin əsərlərdən biri atam haqda başladığım romandır, bir də “Zəvvar” adlı romanım var. Hədəfim bu iki romanı tamamlamaqdır.

-Yazıçı, şairə olmaqla yanaşı, həm də pedoqoqsan. Uzun illərdir İncəsənət Gimnaziyasında fidan balaların istedadını üzə çıxarmağı özünə məslək seçmisən. Maraqlıdır ki, şagirdin olan uşaqlar arasında gimnaziyadakı təhsilini başa vurduqdan sonra incəsənət sahəsini seçənlər olubmu? Ümumiyyətlə, Gənc Yazarlar Birliyi yaratmaq ideyası necə yarandı? Birliyin dövlət statusu olmadığından dövlət tərəfindən maliyyə dəstəyi almırsınız, bəs kim dəstək olur sənə bu işdə?

- Mən 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbi ekran dramaturgiyası” fakültəsini bitirmişəm. Mən və qrup yoldaşlarım həmin fakültənin ilk məzunlarıyıq. Qrupda altı nəfər idik. Onlardan demək olar ki, yalnız mən öz ixtisasım üzrə çalışıram. Məzun olduğum ildən etibarən taleyimi hazırda Azərbaycan Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası ilə bağlamışam. Bir gün belə, oradan ayrılmamışam. Gimnaziyada öz ixtisasımı tədris edirəm. İncəsənət Gimnaziyasında bu fənni ilk tədris edən də mən olmuşam. O zaman gimnaziyanın direktoru olan tanınmış bəstəkarımız, görkəmli pedoqoq Oqtay Rəcəbov “Ədəbi ekran dramaturgiyası” fakültəsini yaratdı və mən orada dərs deməyə başladım.

Əlbəttə, qabiliyyətinə bələd olmadığın uşaqlara yaradıcılıq, yazıçılıq aşılamaq kifayət qədər çətin prosesdir və mən uşaqları öyrətməyin ən asan yollarını tapmaq üçün yeni metodlar kəşf edib, tətbiq etməyə başladm. Bəhrəsini də gördüm. Hazırda sözügedən fənn gimnaziyada yüksək səviyyədə tədris olunur. Bu illər ərzində uğurlarımız da olub, uğursuzluqlarımız da. Elə qruplar olub ki, oradan heç bir nəticə ala bilməmişik, şagirdlər tədris etdiyim fənni yalnız nəzəri tərəfdən qavrayıb. Ən böyük uğurumuz isə Balaca Yazarlar Birliyinin və Gimnaziyanın teatr şöbəsində Balaca Yazarlar Birliyi studiyasının yaranması oldu. Uşaqlar həmin studiyada müəllif proqramları hazırlayır, hər ay qəzet-jurnalımız dərc olunur. Bu il artıq uşaqların yazdığı hekayələrdən ibarət ikinci hekayə toplumuz işıq üzü gördü. Deməzdim ki, onların hər biri böyüyəndə yazıçı, yaxud jurnalist olacaq, amma mən onlara dramaturgiyanın bütün sirlərini, nəzəriyyəsini, bütün ssenari növlərini öyrədirəm. Bir sözlə, mötəbər müəllimlərimdən aldığım bilgiləri onlara ötürməyə çalışıram. Şagirdlərimin hər birinə fərdi yanaşmağa çalışıram, onlarda vətən sevgisi, milli-mənəvi dəyərlərimizə ehtiram hissi aşılamağa çalışıram. Onlara qlobal mövzularla bağlı tapşırıqlar verirəm, ayrı-ayrılıqda hər birinin sözügedən mövzuya münasibətini öyrənirəm. Birlikdə filmlər, tamaşalar seyr edirik, muzeylərə, teatrlara ekskursiyalar təşkil edirəm, televiziya, radio verilişlərində iştiraklarına nail oluram. Məqsədim isə onların nitq qabiliyyətini inkişaf etdirmək, dünyagörüşlərini zənginləşdirmək, şəxsiyyət kimi formalaşmalarına yardımçı olmaqdır. Nəticə özünü çox gözlətmir. Yetirmələrim fikirlərini gözəl ifadə etməyi, cəmiyyətdə özlərinə layiqli yer tutmağı bacarır, bu isə bir müəllim kimi məni çox sevindirir.

Bu vaxtadək dərs dediyim uşaqlar arasında radio-televiziya sahəsində çalışan, aparıcı kimi fəaliyyət göstərən bircə şagirdim var. Təəssüf ki, hələlik heç biri yazıçı, jurnalist, ssenarist olmayıb. Amma mənə elə gəlir ki, onların qəlbində məskən salan işıq - yaradıcılıq sevgisi heç vaxt onları tərk etməyəcək.

Şagirdlərim mənə övladlarım qədər əzizdir. Bu günədək pis şagirdə rast gəlməmişəm. Mənə görə, ümumiyyətlə pis şagird yoxdur. Sadəcə tədris etdiyim fənnə maraq göstərməyən uşaqlar olur. Çalışıram həmin şagirdləri başqa qruplara yönləndim ki, bacarıqlarına, istəklərinə uyğun sahəni öyrənsinlər.

Xoşbəxt müəlliməm, çünki şagirdlərim tərəfindən yetərincə sevilirəm. Amma etiraf edim ki, heç vaxt müəllim olmaq istəməmişəm. Çünki bilirdim ki, müəllim olmaq, öz yaradıcılığını və potensialını uşaqlara xərcləmək deməkdir. Müəllim özünü şagirdlərinə fəda etmək deməkdir. Odur ki, bu gün həm pedaqoji fəaliyyətdə, həm də yaradıcılıqda uğur qazanmağı bacarmağım, doğrusu, özümü də təəccübləndirir. Nə yaxşı ki, yaradıcı müəllim olmağı bacardım. Öz işimi çox sevirəm, şagirdlərimin yanında özümü müəllimdən çox, yaradıcı bir insan kimi hiss edirəm. Sanki onlar da mənim əsərlərimdir, yaradıcılığımın bir qoludur. Elə Balaca Yazarlar Birliyinibu baxımdan yaratmışam. Düşündüm ki, böyüklər üçün Yazıçılar Birliyi varsa, nədən istedadlı uşaqların da öz balaca birliyi olmasın? Dediyim kimi, bizim loqomuz var, qəzet, jurnal, kitab dərc edirik, yəni fəaliyyətdəyik. Şəxsi büdcəmin, müəllim maaşımın imkanları çərçivəsində nələrsə etməyə çalışıram. Nəyə isə imkanım çatmayanda bunu uşaqlara səmimi etiraf edirəm, onlar da sağ olsunlar ki, məni anlayırlar.

Bayaq hədəflərimlə bağlı sual vermişdin. Hədəflərimdən biri də məhz pedoqoji fəaliyyətimlə bağlıdır. Qrupu daha da təkmilləşdirmək, uşaqları yaradıcı fəaliyyətə daha çox sövq etmək və yasradıcı uşaqlar üçün daha geniş imkanlar yaratmaq məqsədi qoymuşam qarşıma.

- Sənin şeirlərində, paylaşdığın statuslarda belə bir ağrı, nisgil var. Hətta bəzən adama elə gəlir ki, o misralara, sətirlərə toxunsa, şüşə kimi çiliklənib töküləcəklər. Çox kövrək, həssas bir dünyan var. Ümumiyyətlə, şeir, şairlik, yazıçılıq sənin üçün nədir? İlk şeirini, hekayəni nə vaxt yazmısan? İlk oxucun atan olub? Münasibəti necə olub?

 

(Ardı var)

 

Söhbətləşdi: RUNA

 

Hürriyyət.- 2022.- 19 aprel.- S.12.