Sevgi həsrətinin sonsuzluğu...

 

Yaradıcılığın şərtiliyi: qəribəlikləri bu gün də adi ovqatla qarşılanır, xüsusi-lə, şeir aləmində. Ona görə də mən bu psixologiyaya təəccüb etmirəm: enişə və yo-xuşa! İstedadında ilahiliyini qoruyan xalq şairi Vahid Əzizin son yaradıcılığını da izlədiyim əhval – ruhiyyəmdə qalmağım təəccüblü deyil. Amma arada bir-iki şeiri-ni oxuyub çiyinlərimi çəkdimsə ruhdan düşmədim və əlli illik münasibətlərimdə əmindim ki, şairliyə ötəri hisslə gəlməmişdir, ilahinin verdiyi "payla” poeziyaya varid olmuşdur. "Ədəbiyyat” qəzeti”ndə (19 fevral 2022) çap etdirdiyi silsilə şeir-lərini oxuyanda sakitləşdim – nə gizlədim. Bu şeirlər öncə ritorikadan uzaqdır – is-rarla deyirəm. Axı, poeziyada ritorika cılız balıq kimi daha tez suyun üzünə çıxır, zəif dalğalar da onu tapır. Şair üçün bu, çox çətindir, ona görə ki, şeirdə obyektin ani ötüb keçən predmetin, hadisənin təsirinin poetikləşdirilməsi, lirik – hissi mə-cazların tapılması sənətkarlıqdır. Əlbəttə, şairin ritorik məcazın çərçivəsindən çıxa bilməməsi fəlakətdir, bir poetik məqam kimi yaradıcı təxəyyülün "bişirmək” im-kansızlığının nəticəsidir. Lakin Vahid Əziz 20-30, bəlkə də daha irəli yazdığı şeir-lərdəki saf və nikbin həsrəti unutmamışdır, unutmağa hacət varmı? Yox, əgər ge-dərsə necə?

 

Gedirsənsə, nə cür səni saxlayım?

Darıxacam, özümü də apar, get.

Dönməyinə nədən ümid bağlayım?

Həsrətini ürəyimdən qopar get.

 

Həsrət nə qədər ağır – acı olsa da şair qıymır sevgisi uğursuzluğa düçar ol-sun, bu sevgi üşüsün, bu sevgi dona bilər.

 

O tərəfdə hava soyuq, bura get,

Sel olunca gözlərimdə qora, get!

Tap həsrətin çarəsini – sonra get,

Göynəməsin qəlbindəki qabar, get.

 

Çiliklənsə sevgimizin aynası,

Sənə mütləq agah olar sədası.

Gedirsənsə, di ləngimə, qadası,

Yazıq-yazıq nə baxırsan, nə var – get!

Aramızda bir qiyamət qopar, get.

 

Şairin sevgi motivli misralarında Vahid Əziz ritorik ovqatdan uzaqlaşır, təs-vir obyekti fiziki mənada çəkisiz predmet olsa da, sevginin oyatdığı hiss şair duyu-mundan qidalanır, oxucu əhvalını "əsir” edir. Vahid Əzizdə sevgi həsrəti o qədər saf və güclüdür iztirablardan qaçmaq üçün ölüb canını qurtarmaq istər, amma onu yaşadan xatirələrə sığınır.

 

Keçər xəyalında gecəm, səhərim,

Qəlb deyil – yaşadan xatirələrim.

Tapsaydım, dünyanı yük eləyərdim

Səni də üstündə aparmaq üçün.

 

Sevgisinə qovuşmaq üçün şair çəməni seçir, bəxtəvərlik sorağında:

 

Çəmənə gəldim ki, vəslinə yetəm,

Ətrinə uyuyub, yanında bitəm,

Çiçəyim, gəldim ki bəxtəvər edəm,

Düşünmə, gəlmişəm yalvarmaq üçün.

 

Bəs şair nə etməli? Hey bu soraqlamı yaşamalı? Bəslədiyi ümidlər puç olub?

 

Gəzirəm ormanı, çölü, çəməni,

İmanı yanmışlar biçdi gülşəni.

Bilsəydim bu qədər sevəcəm səni,

Ölərdim – canımı qurtarmaq üçün...

 

"Lakin”in ömrü bununla qurtarmır. – Bu təəssüratlar bir oxucu olaraq "Ge-dirsənsə” və "Bilsəydim bu qədər sevəcəm səni” şeirlərindəndir. Sevgi bəs hansı yaşda çəkilir uzaqlara, təsəllisini xatirələrdə tapır. Vahid Əzizlə 50 illik sönməyən  münasibətimdə o, heç vaxt ruhunda, iradəsində əyilməmişdir nə yaşı, nə də sosial təzyiqlərdə, şeir yazmaqda İlahidən gələn səsin pıçıltısını gözləmişdir. Olub ki, ge-cə saat birdə, ikidə onun telefon zənginə oyanmışam, şeirlərini dinləmişəm: – "Pro-fessor, indicə yazmışam bu şeirləri”, – demişdir, səsin titrəyişində...

Poeziya şairin ilahidən qopartdığı yeganə imkan olmuş ki, qarşılaşdığı olay-larda, proseslərdə, hətta ani baxışın təxəyyülündə oyatdığı əks – səda şeirin doğul-masında "mamaça” rolunu oynamışdır. Adətən, belə məqamlarda şair(lər) iki yolu seçir: ya mövzunu ritorik nida, ya da poetik tərənnümlə başa çatdırır. Birinci də, ikinci də eyni səlahiyyətə malikdir, lakin şeirin yuvasında dünyaya gələn balalar – misralar sağlamdırmı, uçmaq vərdişinə malikdirmi? Əslində poetik əsərdirsə istər lirik, istərsə epik olsun – subyektin bədii – patetik funksiyasını ödəməlidir. Oxucu-da ehtiras, həyəcan hissini oyatmalıdır. Başqa sözlə, forma ilə qayənin harmonik vəhdəti təmin olunmalıdır. Deyək ki, hər birimiz qonaq qarşılamaq həvəsilə "xoş gəlmisən” deyirik və gələnin kimliyindən asılı olaraq xatirələrə qapılırıq. Vahid Əziz bir sevginin ölməzliyini ötən – arxada qalan illərindən soraqlayır.

 

Geri baxdım, doldu gözlər,

Soruşmayın "nəyim qaldı?”

Hayıf sizə, ötən illər,

Sizlərdə gəncliyim qaldı.

Çəkilmədim heç nəyindən,

Keçdim vaxtın ətəyindən,

Yüyrükdəki bələyimdə

Körpə nadincliyim qaldı.

Əqidəmdən dönməz oldum,

Kül tutsam da, sönməz oldum,

Geri baxdım, gözüm doldu,

Qarşıda heç nəyim qaldı...

 

Son misra ilə razılaşan deyiləm, Vahid Əziz. Sən həmişə sevmisən, sevgində totallıq – bütövlük axtarmısan, ulitarlıq – faydalıq yox. Hisslərini yenidən oyatmağa nə ehtiyac var? – Sualı ilə üz-üzə gələndə təəssüf də edirsən. Təbiətin bütün predmetləri məgər yaza çıxırlar? Alov sinə gərir qışa, ayaza "əlvida” deyib ayrılır-sa "tərgidib getməyə nə ehtiyac var” – Suallar heç də ritorik səslənmir.

 

Budaq sızıltısı qopduğu yerdə,

Kəpənək xoşbəxtdi qonduğu yerdə.

Şoran göz yaşları hopduğu yerdə

Yenidən bitməyə nə ehtiyac var?

 

Hər kəs bir tərəfə dərdlərlə varıb,

Qənimət bilərək eşqi aparıb,

Qəlbdəki Tanrını yaddan çıxarıb

Qisməti güdməyə nə ehtiyac var?

 

Yaşın ötməsi niyə bu qədər kədər gətirir insana, ona görəmi canın – ruhun sevgi əzabından usanıb çəkilir, emosiya yerini təfəkkür qüvvəsinə – potensiyaya verir. Sual işarəsini yazmadım. Heç də belə olmur, xüsusilə, şairlər sevgisi ilə "dia-loqa” girir, gileyini dövrana edir. Şair Vahid Əziz, buna giley – güzar deməzdim, etirafın səsidir.

 

Gülüm tanıyarsan məni külümdən,

Tüstülər içində haçansa görsən?

Yansaq ayrı-ayrı, bir ocaqda sən –

Başqa birində mən – dözə bilərsən?

 

Neynərsən puç olmuş arzularında,

Xəzələ dönəndə ilk baharında?

Sən soyuq həsrətin qalın torunda

Bir qaçaq sevginin tilovunda mən.

 

Dərdlər danışdırıb? Yenə lalmısan?

Mən öldüm qaldınsa, nə cür qalmısan?

Sən özgə bir oxdan şikar olmusan,

İzi itirilmiş eşq ovunda mən.

 

Elə deyil, şair, səndəki o sevgi, o eşq var, hansı səmtə fırlansa izi sənin vü-cudundadır!

Vahid Əzizin silsilə şeirləri poeziyanın ötkəm səsidir, şeirin müxalif tərəfin-dən danışırıqsa, bu qeyri-adi yanaşma – ovqat və tərənnüm aktından söz salırıqsa, şair forma aludəçiliyindən, mövzunun ritorik biçimindən uzaqdır, bədii qavrayışın və duyğuların mənbəyi olan qəlbin pıçıltılarıdır.

Mən Vahid Əzizin son bir neçə ildə yazdığı şeirləri haqqında yazmaq istəmi-şəm, nədənsə səhhətimlə bağlı imkan tapmamışam. Görünür, susmağa üstünlük vermişəm: söz demək üçün can – ruh sağlam olmalıdır. Bu fikrimi şairlərə də şamil edərdim. Şeirdə vəzn də, qafiyə də, ahəng də ola bilər, amma poetik fikir şeirin "nəzəri atributları” ilə ölçüdə qoşalaşmırsa şeir lokaldır, ölüdür. Bu məqamda da müəllifi aldadan cazibəli pafosdur, ritorikadır Bu, elə bir anlamdır ki, saysız şairlə-ri sözçülük bazarına çəkib şeirini ucuz qiymətə satdırır. Vahid Əzizin son şeirlərin-də epiklik yox deyilsə də, poetik çəki bu çərçivəni adlayıb şeirin hüququnu özünə qaytarır:

 

Hələ də gülünü özgələr dərir,

Gözümün yaşını güzgülər dərir.

Necə kəfənsən ki, sənə bükülmür,

Nə qoca, nə də ki, cavan – Qarabağ?..

 

Yaxud:

 

Hər kəs bir bəlayla dünyadan gedir,

Ömrün halalı var, naməhrəmi var.

Torpaq etibarlı dostum kimidir –

"Ətimi yesə də, sümüyüm qalar”.

 

Vahid Əziz poeziyası əlli ildən artıqdır mənimlə yol gəlir, oxuyuram və dü-şünürəm ki, nə yaxşı bu poeziya nümunələri "qocalmır”, təravətini saxlayır, oxucu-sunu qidalandırır – başqa cür də ola bilməz, çünki İlahinin pıçıltısıdır...

 

Allahverdi Eminov

 

Hürriyyət.- 2022.- 19 aprel.- S.15.