“İçimdə sevgi
az olsa da,
şeirlərim sevgidən
yoğrulub”
Aysel Fikrət: “Şairlik fiziki
olaraq xəstəliyə yaxın bir şeydir”
“Əslində,
çalışıram ki, yazmayım, amma bəzən məni
narahat edən hansısa fikir, söz qəhərə
çevrilib məni boğmağa başlayır…”
“Səmimi söhbət”in budəfəki
qonağı unudulmaz şair-publisist Fikrət
Sadığın yadigarı, Azərbaycan
Yazıçılar Birliyinin üzvü tanınmış
şairə və yazıçı, pedoqoq Aysel Fikrətdir.
(Əvvəli ötən
sayımızda)
- Sən görkəmli qələm
ustası, unudulmaz şairimiz Fikrət Sadığın
qızısan. Fikrət müəllim dünyasını dəyişsə
də, qəlbimizdə yaşayır. Gözünü
açıb bu gözəl insanı görmüsən, ədəbi
mühitdə böyümüsən. Atan səninçün
insanlıq nümunəsi olub. İnanıram ki, gələcək
taleyini də elə atan, ona, onun
yaradıcılığına olan sevgin müəyyən
edib. Onu da deyim ki, sən həqiqətən çox
yaxşı övladsan, atanın xatirəsini yaşatmaq
üçün əlindən gələni edirsən. Fikrət
Sadıq Aysel Fikrət üçün kimdir? Təbii ki, hər
bir övlad üçün atası ən əziz, ən
dogma, əvəzolunmaz insandır. Amma sizin münasibətləriniz
təkcə ata-qız münasibətləri deyildi, siz həm
də dost, sirdaş, həmkar idiniz.
-
Fikrət Sadıq Azərbaycan ədəbiyyatı
üçün çox böyük bir şəxsiyyət
idi. Ötən əsrin 60-cı illərindən üzü bu
yana yaşayıb-yaradan gözəl şairlərimiz
arasında öz yeri olub, özünəməxsus dəst-xətti
ilə seçiıib. Əlbəttə, atam haqqında
xoş sözlər eşitmək mənim üçün dəyərli
və xoşdur. Atamın adı çəkiləndə
insanların simasında yaranan təbəssüm, sevinc, fərəh
məni hər zaman ruhlandırıb, təsirləndirib.
Ədəbi
mühitə gəlişim bilavasitə atamla bağlıdır.
Mən atamın ətrini sanki ədəbi mühitdən almaq
istəmişəm. Onun tanıdığı insanlara daha
yaxın olmaq istəmişəm. Bəlkə də bu mənim
yaradıcılığımdan daha öndə duran bir arzu
olub. Atama yaxın olum, onu nəzərimdən itirməyim. Atam
mənim üçün örnək bir insandır. Atam mərhəmətli,
sakit, həlim. Həyatının keşməkeşli
olmağına baxmayaraq, saflığı, həyatsevərliyi,
gözəlliyi özündə qoruyub saxlamağı bacaran,
nadanlara, cahillərə qarşı həmişə
mübarizə aparan, vətəni sevən, ömrünün
sonuna qədər ətrafda baş verən hadisələrlə,
bütün yeniliklərlə yaxından maraqlanan,
övladlarına savadlı, insansevər, ədalətli
olmağı aşılayan, qayğıkeş, cəfakeş
bir ata kimi kimi yadımda
qalıb.
Fikrət
Sadıq mənə təkcə qayğıkeş ata,
istedadlı şair deyil, həm də müdrik şəxsiyyət,
büt, ruhuma dinclik bəxş edən insan kimi əzizdir, əvəzolunmazdır.
O, adi insan deyildi. Biz onunla dost, sirdaş olmamışıq.
Tamamilə bunun əksi olub. Atam ailədə olduqca sakit, az
danışan, övladları ilə uzun-uzadı söhbət
etməyən bir insan olub. Biz övladları onun bu xasiyyəti
ilə hər zaman barışmışıq. Anamız onu
bizə olduğu kimi sevdirib. Biz böyük bir sevgidən
dünyaya gəlmişik. Anam onu çox sevirdi, əzizləyirdi.
Atamın adicə işdən evə gəlişi bizim
üçün bir bayram idi.
Atam
ömrünün sonuna qədər mənim nəfəs alma səbəbim
idi. Həyatda qarşılaşdığım bütün
haqsızlıqlara, ağrı-acıya rəğmən, sadəcə
gəlib onun yanında oturmaq, onun səssizliyini dimnləmək
qəlbimə, ruhuma bir məlhəm idi, yalnız onun
yanında sakitləşirdim, huzur tapırdım. Onun
yoxluğu məni demək olar, tamamilə dəyişdirdi.
Onun gedişi məni sanki görəvləndirilmiş bir əsgərə
çevirdi. İnanmıram ki, Azərbaycan poeziyasında Fikrət
Sadıq qədər səliqəli, öz əsərlərini
yığan, qoruyan, özünü bu dərəcədə
yaradıcılığa həsr edən, onun qədər
çalışqan, ömrünün sonunadək yorulmadan
yazıb-yaradan, daim yeni fikirlərlə yaşayan ikinci bir
şair olsun. Bu şəraiti anam onun üçün
yaratmışdı.
Atam
cəmi 14 gün yataq xəstəsi oldu, bu müddətdə
yeganə təəssüfləndiyi məqam-fikirlərini
kağıza köçürə bilməməsi idi.
Çox həyatsevər insan idi, amma o qədər müdrik
idi ki, doymadığı həyatdan belə şahanə
ayrılmağı bacardı.
Mənə
elə gəlir ki, mənim yeganə xoşbəxtliyim
atamdır. Atam mənim həyat müəllimim,
ustadımdır. Mən yaşamağı, hiss etməyi-hər
şeyi ondan öyrənmişəm. Bu gün də
düşdüyüm müxtəlif vəziyyətlərdə
atamı xzatırlayıram, onun kimi hərəkət etməyə
çalışıram. Ola bilsin, ata kimi hansısa
qüsurları vardı, o mənada ki, bizə az vaxt
ayırırdı, amma həyatımızın bütün
önəmli məqamlarında yanımızda olurdu. Biz ondan
heç incimədik, qardaşlarım da, mən də hər
zaman ona layiq övlad olmağa çalışdıq və
düşünürəm ki, yaxşı insan kimi
yetişdik. Atam həqiqətən
böyük insan, böyük şəxsiyyət idi. O, bir mələk
idi, onun düşüncəsi mələk düşüncəsi
idi.
- Sən həm də ona görə
şanslı insansan ki, Orxan Fikrətoğlu kimi bir
qardaşın var. Orxan Fikrətoğlunun həm jurnalistika sahəsində
özünəməxsus rolu var, həm də bir
yazışı kimi çox dəyərlidir.
Düşünürəm ki, o da sənin yol göstərənin,
həyat müəllimin olub. Çünki səndən
yaşca xeyli böyükdür.
-
Orxan Fikrətoğlu gözəl nasirdir. Mənim ona iki
cür yanaşmama var: bir bacı kimi və bir
yazıçı kimi. Onu yaxından tanıdığım
üçün yazdıqlarını içdən duyuram,
neyçün yazdığını, fikirlərinin nədən
qaynaqlandığını bilirəm. Biz bir-birimizi o qədər
yaxından, o qədər yaxşı tanıyırıq ki,
çox vaxt yazılarımı ona heç göndərmirəm
də. Orxan həqiqətən böyük nasirdi, amma onun
yazıları Azərbaycan ədəbi aləmi
üçün deyil. O, dünya miqyaslı
yazıçıdı. Obrazlara tamamilə fərqli aspektdən
yanaşır. Çox realistdir. Əsərlərində də,
həyatda da realist insandır. Onunla çox fəxr edirəm,
çünki cəmiyyətdə öz adını
qazanmış bir insandır. Onun televiziya fəaliyyəti
tamamilə ayrı bir dünyadır. Cəlil Məmmədquluzadə
ruhlu bir yazıçıdır,
aparıcılığında da bu aydın sezilir. Orxan saf,
vicdanlı insandı, onun insanlığı ilə də fəxr
edirəm. Həm övlad, həm qardaş, həm ata, həm
də ailə başçısı kimi dəyərlidir.
Orxan ən çox oxuduğum, sevə-sevə, sonadək oxuya
bildiyim, hər yeni əsəri ilə məni valeh edən az
sayda yazıçılar siyahısındadır.
Mən
qardaşlarımı dəlicəsinə sevən bir
bacıyam. Qardaşlarım mənim üçün hər
şeydən öndədir. Orxan da mənim
qardaşımdır, onu dünyalar qədər sevirəm.
Atamızı, iki qardaşımızı itirəndən
sonra bir-birimizə yeganə sirdaş və dost
qalmışıq. Baxmayaraq ki, uzun illər abir-birimizlə pərdəli
davranmışıq. Mən qardaşlarımdan çox uzaq,
içimə qapalı bir qız olmuşam. Ola bilsin, bu kimin
üçünsə təəccüblü səslənə
bilər. Şairə, yazıçı necə özünə
qapalı ola bilər axı? Amma həqiqətən belə
olmuşam. Az danışan, hisslərini biruzə verməyən
biri kimi tanınmışam, həm ailəmdə, həm də
ətrafımda. Amma təbiətim içimdəki sevgiyə
zərrə qədər təsir etməyib. Üç
qardaşımın üçünü də çox
sevmişəm. Onlar dünyadan getdikcə sanki nəfəsim
azalır. Bu gün bütün sevgim Orxanda cəmləşib.
O, həm qardaşlarımı, həm də atamı əvəz
edir mənim üçün. Bir yazıçı, ziyalı
kimi isə Azərbaycan cəmiyyətinə gərək olan
insandı Orxan. Çünki ziyalı cəmiyyətə
xeyir verən, onu düz yola çəkən, onu
çirkabdan təmizləyən bir insandır, ziyadır.
Orxan Fikrətoğlu məhz belə ziyalardandır.
- Sənin şeirlərində,
paylaşdığın statuslarda belə bir ağrı,
nisgil var. Hətta bəzən adama elə gəlir ki, o
misralara, sətirlərə toxunsa, şüşə kimi
çiliklənib töküləcəklər. Çox
kövrək, həssas bir dünyan var. Ümumiyyətlə,
şeir, şairlik, yazıçılıq sənin
üçün nədir? İlk şeirini, hekayəni nə
vaxt yazmısan? İlk oxucun atan olub? Münasibəti necə
olub?
-
Dediyim kimi, mən çox qapalı bir insan olmuşam. Duyğularımı
hər kəsdən gizlətmişəm. Amma günlərin
birində özümdə cəsarət tapıb üç
şeirimi atama təqdim etdim, amma dedim ki, bu şeirlər
xarici ədəbiyyat nümunəsidir, kimsə tərcümə
edib. Atam şeirləri bəyəndi və müəlliflə
maraqlandı. Ona heç nə demədim, amma anladım ki,
yazmaq qabiliyyətim var. Bundan sonra da uzun illər
yaradıcılığımı hər kəsdən gizlətdim.
Amma elə bir vaxt gəldi ki, onları üzə
çıxarmaq ehtiyacı duydum və bunu etdim. Əslində
nəsr yaradıcılığım hər kəsə bəlli
idi. Biz kurs işi olaraq bədii əsərlər
yazırdıq, kiçik həcmli hekayələrim qəzetlərdə
çap olunurdu, müəllimlərim, tələbə
yoldaşlarım yazı üslubumu bəyənirdi.
Şeir
yaradıcılığına gəlincə isə, bu,
öz-özünə yaranan bir prosesdir. Buna mənim heç
bir qatqım, heç bir istəyim olmayıb. Heç
ağlıma da gəlməzdi ki, şeir yaza bilərəm.
Ümumiyyətlə, “mən şair olmaq istədim və
oldum”, - deyə bir şey yoxdur. Şairlik fiziki olaraq xəstəliyə
yaxın bir şeydir. Əslində, çalışıram
ki, yazmayım. Amma bəzən məni narahat edən
hansısa fikir, söz qəhərə çevrilib məni
boğmağa başlayır və sakitləşmək
üçün düşündüklərimi sətirlərə
köçürmək məcburiyyətində qalıram. Yəqin
ki, ağrıdan doğulur bu.
İlk
oxucum atam yox, anam olub. Anam ixtisasca ədəbiyyatçı və
dilçidir. Mənim düşüncələrimi şox bəyənir.
Neqativ bir cavab almamışam ondan. Sonradan şeirlərim dərc
olunmağa başlayanda atam hər dəfə sevinirdi.
alnımdan öpürdü. Atamın xeyir-duasını
almışam. Amma yaradıcılığıma çox az
müddət nəzarət edə bildi. Vaqif Səmədoğlu,
“Ulduz” jurnalında çalışan şairə Fərqanə
Mehdiyeva mənə böyük ruh verdi. İndi hər ikisi
haqq dünyasındadır, amma heç birini unutmuram, hər
ikisinə rəhmət oxuyuram. Gördüyünüz kimi,
şairə, yazıçı olmağımda ailəmin elə
də böyük rolu olmayıb. Bəlkə də onlar
heç istəməyiblər mən şairə olum.
Əslində, yaradıcı insan olacağım
ağıllarına belə gəlmirdi.
Nə
yaxşı ki, fikrimi sözlə, şeirlə ifadə etməyi
bacarıram. Şeir səmimi yazılmalıdır və
şəxsi addan yazılmalıdır. Şairlik odur ki,
insanlarla ünsiyyət qurduqda onlar sənə, sənin səmimiyyətinə
inansınlar. Mənim yaradıcılığım, şeirlərim
ətrafda baş verən, milyonlarla insanın
yaşadığı olaylara şəxsi yanaşmamdır.
Amma orada olan dərd, kədər, həsrət, ağrı,
sevgi, yalan, iftira bütünlükdə cəmiyyətin
problemidir. Onlarla insanın dərdidir, bir qadın
ağrısıdır. Mənə deyirlər ki, şeirlərində,
hekayələrində bir az çox pessimizm var. Bu pessimizm həyatda
görüb müşahidə etdiyim qadınların
ağrı-acısıdır. Bəlkə məni şair edən
də elə haqsızlığa düçar olan,
ağrısını içində yaşamağa məcbur
qalan həmin o qadınlar olub. Yazdığım yüzlərlə
şeirdə sırf özümü ifadə edə bilməzdim
axı. İnsanın hisslərinin tükəndiyi məqamlar
olur, mən o qədər də sevən qadın deyiləm. Məndə
ümumiyyətlə sevgi hissi bir az problemlidir. Yəni
övladlarıma, şagirdlərimə, onların valideynlərinə
o qədər sevgi xərcləmişəm ki, şəxsi həyatıma
yetərincə sevgi qalmayıb. İçimdə sevgi az olsa
da, şeirlərim sevgidən yoğrulub. Şeirlərim elə
mənim xəyallarımdır, paralel dünyamdır. Mənim
həyatım çox sadədir və mən çox realist,
dürüst adamam. Sadə bir ailəm var. Tələbə
yoldaşımla ailə qurmuşam. Çox sevilən bir
insanam. İki oğlum var, hər ikisi çox
ağıllı, tərbiyəli və mədəni, təhsilli,
sevgi doludurlar. Çox şükür, həyatımda elə
böyük bir ağrı-acı yaşamamışam.
İçimdəki ağrı isə tamam başqa bir
dünyadır. Mənə elə gəlir ki, bütün
şairlərdə belədir.
Yazıçı
insanlara, dünyaya çox açıq olmalıdır.
Dramaturgiyası olmayan nəsr əsəri əsər deyil.
Şeir isə əsas hisslərdir. Şair öz oxucusu ilə
söhbət edir. Şeirin strukturu, quruluşu - bunlar
hamısı axırıncı işlərdir. Əsas səmimiyyətdir.
Şair ilk sətirdən oxucusunun inamını,
etibarını qazanmağı bacarmalı və onun
zövqünü oxşamalıdır. Şeir budur. Şeir
bir ahdır, şeir bir andır. Şeir bütün həyatı
tərənnüm edə bilməz. Şeir həll,
möhür, damğa deyil.
İnsan yaşadığı qədərdir və o an
yaşantısının özü də böyük bir
xoşbəxtlikdir.
Hər
zaman demişəm, bir daha təkrar edirəm: ədəbi
mühitdə iddialı deyiləm, ədəbiyyata atamın ətrini
almaq üçün gəlmişəm. Amma yazmaya da bilmirəm.
Bəzən həftələrlə, aylarla yazmıram, amma bir
fikir, düşüncə dünyaya gəlməlidirsə,
onun qarşısını almaq mümkün deyil, hökmən
doğulmalıdır.
- Aysel Fikrət özünü
xoşbət qadın, xoşbəxt insan hesab edirmi? Yəni
bir yaradıcı insan, bir
şəxsiyyət, bir qadın,
bir ana kimi özünü realizə
edə bilmisən? Özünə, övladlarına nə
arzulayırsan? Gələcəyi necə görürsən?
-
Xoşbəxtlik deməzdim buna, uğurlu insanam. Ümumiyyətlə,
“xoşbəxt-bədbəxt” söhbəti mənə
çox primitiv gəlir. Çünki insan övladı xeyir
işlər görmək üçün yaranıb. İnsan
özü öz həyatını zəhərə döndərir,
seçdiyi yanlış insanlar, nankor dostlar onun həyatını qaraldır. Həyatımda
olan aqillər də, cahillər də, sevincim də, kədərim
də-hamısı mənimdir. Həyatım boyu
atdığım addımların nəticəsidir. Bu gün
qazandıqlarım dünənki əməllərimin bəhrəsidir.
Əgər bu gün övladlarım təhsilli, cəmiyyətə
yararlı insanlardırsa, demək
dünən bunun üçün
çalışmışam. Eləcə də şagirdlərimin
uğurlu sabahı bir müəllim kimi bu günkü fəaliyyətimdən
asılıdır. əgər bu gün kimsə mənə
qarşı haqsızlıq edirsə, kimdənsə namərdlik
görürəmsə, demək onu həyatıma buraxmaqla səhv
etmişəm. İnsan öz yanlışlarından nəticə
çıxararaq səhvlərini düzəldir, yaxşı
cəhətlərini daha çox formalaşdırır.
İnsan özü özünü yaradır. Mənim
üçün həyatda ən böyük rahatlıq
azadlıqdır. Uğurlu insan nəyinsə xatirinə
özünü, ruhunu qəfəsə salmayan insandır, bu
üzdən özümü uğurlu insan sayıram. Amma
xoşbəxt deyiləm. Buna görə üzülmürəm.
Xoşbəxlik anlayışı hər kəs
üçün fərqlidir. Mən heç vaxt mal-mülk,
var-dövlət arxasınca qaçmamışam. Sahib
olduqlarıma qane olub rahat yaşamağı üstün
tutmuşam. Həyatda düşmən yoxdur. Düşmənimiz
də, dostumuz da özümüzük, öz
düşüncələrimizdir. İnsan özü
özünü yaradır, əgər özünü
uğurlu insan kimi formalaşdıra bilirsə və siz buna
“xoşbəxtlik” deyirsinizsə, demək həmin şəxs
ömrünün sonuna yaxın həyatını xoşbəxt
yaçşayan bir insan hesab oluna bilər.
Dediyim
kimi, özümü xoşbəxt
insan saymıram, bunu tam səmimi etiraf edirəm. Amma uğurlu,
mərhəmətli insan olduğumu düşünürəm.
Çalışıram dürüst olum, insanların həyatına
müdaxilə etməyim. Hər kəsə, hətta
düşmənlərimə belə gözəl şeylər
arzulamağa çalışıram. Bütün bu
üstün cəhətləri özümdə
formalaşdıra bildiyim üçün fəxr edirəm.
Bir də
inanıram ki, hər kəs öz vəzifəsini bilsə, cəmiyyət
də düzələr, hər şey öz yoluna düşər,
yaşadığımız xaosa son qoyular.
Söhbətləşdi: RUNA
Hürriyyət.- 2022.- 26 aprel.-
S.12.