HƏYATDA VƏ SƏNƏTDƏ XOŞBƏXT ADAM  

 

İslam peyğəmbəri öz əsabələrilə söhbət apararkən deyir ki, gözəl xasiyyət 60 cürdür. Həzrəti Əbubəkir soruşur: “Ya peyğəmbər, həmin gözəl xasiyyətlərdən məndə varmı?”. Məhəmməd peyğəmbər əleyhissalam səlləllahu vəsəlləm cavab verir: “Səndə həmin xasiyyətlərin hamısı var”. Düşünürəm ki, bu yazı vasitəsilə haqqında söhbət etdiyim Hüseynqulu müəllimin insani xüsusiyyətlərində ulu peyğəmbərimizin söylədiyi 60 cür gözəl xasiyyətin hamısı toplanıb.

 

***

 

Heç kim ritm sənətinə elə belə baxmasın. Bu bir həqiqətdir ki, ritm musiqimizin yalnız vəzni, ölçü tənzimləyicisi, nizamlayıcısı deyil, həm də qeyrətidir. Azərbaycan ritmləri zəngindir. Ritm musiqinin canı-cövhəri, naxış vuranı, yar-yaraşığı və formalaşdıranıdır. Ritm musiqinin cilovu, qəlibə, çərçivəyə salanıdır. Bu sənətə xidmət edən sənətkarların hər birinin öz xüsusi xidməti olub. Böyük ritm ustaları musiqimizi şərafətə mindirib, gözəl, ona yaraşacaq qədər bənzərsiz naxışlar vurublar. Bəli, Azərbaycan ritmləri gözəl naxışlarla dolu deyilmi?

Haqqında oçerk yazdığım soydaşımız, ritm sənətçisi olaraq cəmiyyətdə fəallığı, çalşqanlığı, zəhməti, nailiyyətləri, səmimiyyəti, əxlaqı, vicdanı və insani keyfiyyətləri ilə seçilərək böyük nüfuz sahibidir. O, ifaçı olaraq bütün ömrünü bu sənətə və onun tədrisinə sərf edib. Yetirmələri arasında bu sahəyə xidmət edənlər də çoxdur.

Hüseynqulu Abdulla oğlu Abdullayev 1953-cü il aprelin 13-də Bakının Zığ kəndində anadan olub. Ailədə on bir uşaq: səkkiz oğul, üç qız olublar. Hüseynqulu ikinci övladdır. Abdulla (1926-1997) əslən Tovuz rayonunun Girzan kəndindən idi. Məşhur Aşıq Hüseyn Bozalqanlı (1868-1941) Abdullanın kirvəsi olub. Abdulla əla saz çalardı. Xanımı ona deyərmiş: “Saz çalma, Zığ kəndində eşidib bizə gülüb şəbədə edərlər”. Abdulla Abdullayev 1944-cü ildə əsgərliyə çağrılsa da, müharibəyə aparılmayıb, neft sahəsində, “Suraxanıneft”də çalışıb. Bu zəhmətkeş insanın yalnız bir iş yeri olub, əmək veteranı kimi ad-san qazanıb, orden, medallarla təltif olunub. Onun ömür-gün yoldaşı Mərcibə Əlirza qızı (1933-1996) əslən Zığ kəndindən olaraq daim burada yaşamış, Hacı Zeynal Abdin Tağıyev (əvvəl Lenin) adına kombinatda çalışaraq on bir uşağı min-bir zəhmətlə böyütmüşdür. Onun qəhrəman ana titulu, ad-sanı vardı.

Hüseynqulu 1960-1970-ci illərdə Zığ kəndindəki 65 saylı məktəbdə təhsil alıb. Uşaqlıqdan musiqiyə, toylara tamaşa etməyə xüsusi maraq göstərib. Xatrlayır ki, əslən zığlı nağara ifaçısı Kamal Axundov zurna, klarnetçalanı Qara Süleyman və yanlarında bir dəmkeşlə Zığa toylara gələrdilər. Kamalın nağara çalmağına diqqət edən Hüseynqulu o vaxtdan bu işə həvəs göstərib və ritm sənətini sevib. Bu sənətə böyük həvəsi olaraq ona nağara alınmasını istəsə də, buna maddi imkan yox idi. O zaman ailənin, böyük külfətin ruzi gətirəni yalnız ata idi, ana isə hələ işləmir, körpələrin qayğısını çəkirdi. Hüseynqulunun xatirələrindən: “1966-cı ildə Mərdəkan qəsəbəsindəki “Svetlyaçok” pioner düşərgəsində dincəlirdim. Atam mənə balaca nağara almışdı. Sevindim, dedim gətirin, düşərgəyə gətirdilər, orada çalırdım. Sonralar nağara sinfinin müəllimi kimi məşhurlaşan, ustad olan Fikrət Mirzəbəyov o zaman düşərgədə pioner baş dəstə rəhbəri idi. O, çalmağımı görüb soruşdu ki, nağara üzrə təhsil almaq istəyirsən? Əlbəttə, dedim. Axı mən bu sənətə vurğun idim, dəlicəsinə sevirdim. Fikrət müəllim 1967-ci ildə məni Qara Şəhərdəki 13 saylı uşaq musiqi məktəbinə apardı və onun köməyilə nağara sinfinə qəbul olundum. O qədər sevindim ki...”

Hüseynqulu musiqi məktəbində 4 il təhsil alıb. Bu illərdə baxış-müsabiqələrdə və festivallardakı çıxışları ilə nailiyyətlər əldə edib.

O, Sovet ordusunda 3 illik hərbi xidməti Şimal Hərbi Donanmasında keçib. Əvvəl 7 ay hərbi məktəbdə oxuyaraq kursant kimi xüsusi təlimlər keçib və radio-teleqrafçı ixtisasına yiyələnərək hərbi hissəyə göndərilib. H.Abdullayev orduda da ritmdən ayrılmayıb, 6 ay hərbi hissənin rəqs meydançasında zərb alətləri çalıb. Bu kimi xidmətlərini nəzərə alıb ona fəxri fərmanlar təqdim etmişdilər. Ona əsgər yoldaşlarından biri nağara bağışlamışdı. Hüseynqulu Qafqaz və Azərbaycan ritmlərini ifa edərək əsgər yoldaşlarını şənləndirirdi. Onlar rəqs edirdilər.

Hüseynqulu əsgərlikdən qayıdaraq musiqi məktəbindəki təhsili davam etdirərək 5-sinfi bitirib. Onun fikirlərindən: “Musiqi məktəbinin sonuncu sinfində oxuyarkən, 1974-cü ildə Bakı Mədəni-Mədəni-Maarif Texnikumuna daxil oldum və buranı 1977-ci ildə bitirdim. Orada qarmon sinfinin müəllimi Bəxtiyar Nurməmmədov (1947-2002) məni Qara şəhərdə yerləşən “Qırmızı ulduzklubuna apararaq işə düzəltdi. Orada 1 il ictimai əsaslarla, sonra isə 19 il ştatda çalışdım. Həmin klubda hazırladığım şagirdlər indi də xatirimdədir. Uşaqlar nağara çalmağa maraq göstərir, dərslərə həvəslə gəlirdilər. Onlardan biri Əhliman İsmayılov çox fəal, bacarıqlı və savadlı idi. O, “Bakı fəhləsi” mədəniyyət evində nağara dərsi dedi. Əsgərliyə çağrılarkən aviasiya hərbi hissəsinə düşdüsonra həmin sahə üzrə təhsil alaraq təyyarəçi oldu, ömrünü həmin işə bağladı. Şahin Dadaşov nağara sənətində tanınaraq mahir ifaçı olduçox məşhurlaşdı. Allah ona rəhmət eləsin. İlhamRamiz (Roma) musiqi aləmində çalışaraq tanındılar, qoşa nağara ifa etdilər. Onların hər biri mənim “Qırmızı ulduz” klubundakı müəllimlik fəaliyyətimin yetirmələri olublar. Orada Nazilə Xankişiyeva da mənim sinfimdə oxuyub, sonra “Lalə” qızlar ansamblında çalışdı”.

Hüseynqulu müəllim Naziləni UPD qəsəbəsindəki Dmitrov adına mədəniyyət evinə apararaq özünün çalışdığı nağara sinfinə işə düzəltmişdi. N.Xankişiyevanın yeri olmadığı üçün Hüseynqulu müəllim bu addımı atmışdı. Təbii ki, o da öz müəlliminin etimadını doğruldaraq orada həvəslə dərs demişdi.

H.Abdullayev “Bakı fəhləsi” mədəniyyət evində əvəzçiliklə çalışırdı. Burada hazırladığı şagirdlərdən Sadıq Cəfərov, onun oğlu Anarın da adını qeyd edə bilərik. S.Cəfərov “Koroğluinstrumental ansamblda çalışıb.

Hüseynqulu müəllim öz işini ürəkdən sevərək çalışdığı hər yerdə məhsuldar və layiqli görərək yetirmələri ilə tanınıb.

H.Abdullayevin xidməti, sənət fəaliyyəti barədə məbuatda yazılar gedib. “Bakı” qəzeti 04.01.1983-cü il (say 2-2679), 23.10.1984-cü il (say 244) “Vışka” qəzetində, 1999-cu il və sonrakı illərdə bir sıra qəzetlərdə bu sənət adamının fəaliyyəti işıqlandırılıb.

Fuad Əzimlinin “Bakı musiqiçiləri” kitabında Hüseynqulu Abdullayev barədə də məlumat verilir (Bakı, Adiloğlu, 2002, səh.122-126).

H.Abdullayev fəxri fərmanlarla təltifləndirilib. 1984-cü ildə onun “Zərb” nağaraçalanlar ansamblı “Sevincidman klubunda keçirilən, uşaq futbol komandalarının yarış mövsümünün açılışındakı çıxışa görə ansambla və şəxsən onun rəhbəri H.Abdullayevə diplom verilmişdir. Diplomları klubun prezidenti, əməkdar idman ustası Ələkbər Məmmədov təqdim etmişdi. 1987-ci ilHüseynqulu müəllimin nağaraçalanlar ansamblı üçün uğurlu olmuşdu. Həmin il oktyabr ayının 10-da İkinci Ümumittifaq festivalında ansamblın uğurlu fəaliyyətinə görə H.Abdullayevə Respublika Həmkarlar İttifaqı sədrinin imzası və möhürü ilə fəxri fərman verilib.

1986-cı il oktyabrın 18-də İkinci Respublika festivalında “Bakı fəhləsi” mədəniyyət evinin və “Qırmızı ulduz” klubundakı nağaraçalanlar ansambllarının nailiyyətləri də dəyərləndirilmişdir. Hüseynqulu müəllimin yaradıcılıq fəaliyyətinin belə nəticələri illərlə davam edib. Biz yalnız bəzilərini yazıya daxil etdik. 2003-cü ildə onun S.Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbinin, həmçinin 25 saylı uşaq musiqi məktəbinin şagirdlərindən ibarət nağaraçalanlar ansambllarına yeni il şənlikləri ilə bağlı uşaq baxçalarında, orta ümumtəhsil məktəblərində, hərbi hissələrdə verdiyi konsertlərə görə təşəkkürnamələr və fəxri fərmanlar verilmişdir. Çalışdığı məktəblərdəki ansambllarla o, 2005-ci ildə də belə konsertlərdə çıxış etdiyi üçün onun işi hədiyyələr və fəxri fərmanlarla dəyərləndirilmişdir. Onun ansamblları “Qönçə” uşaq festivallarındakı çıxışları ilə daim uğurlar qazandığı üçün mükafatlandırılmşdır.

Hüseynqulu müəllimin çalışdığı məktəblərdə 70 yaşının tamamına qədər fəaliyyət göstərməsinə imkan verilmişdir. Ölkəmizdəki mövcud əmək qaydalarına əsasən hər kəsə bu icazə verilmir. Bu məsələdə H.Abdullayev kimi bir ixtisaslı adama məktəblərdə ehtiyac olması əsas rol oynamışdıır.

H.Abdullayevin toy sənətçisi kimi fəaliyyəti 1968-ci ildən başlayaraq bu günə qədər davam etməkdədir. O, vaxtılə Bakıda və əyalətlərin toy-büsatında müxtəlif dəstələrin tərkibində çalışaraq Azərbaycan ritmlərini sərgiləyib. Ən çox da Bakının Qobu kəndində çalıb-çağırıb. Təbii ki, illərlə onun nağarasının səsi doğma kəndi Zığdan da gəlib.

H.Abdullayev 1978-ci ildə ailə qurub, üç övlad böyüdübyeddi nəvənin şirinliyini dadıb.

Hüseynqulu Abdullayevi sənətdə və həyatda xoşbəxt adam saymaq olar. O, ilk gənclik illərindən başlayaraq daim sənət aləmində olub, nağara əlindən düşməyib, ürəyinin ritmləri bu zərb alətinin ritmləri ilə bir vurub. Sənət onu hörmətə çatdırıb, dost-tanışlar, qohumlar, həmkəndliləri, musiqi cameəsi və bütünlükdə xalq arasında yaxşı tanıdıb və şöhrətə ucaldıb. Toy-nişan məclislərindən əldə etdiyi gəlirdən əlavə, daim nağara sinfinin müəllimi olaraq maaş aldığı üçün həmişə maddi cəhətdən yaxşı yaşayıb. Onu da vurğulamalıyıq ki, H.Abdullayev şərafətli, səmimi, doğruçuluq və təmizliklə sənət işlədib. Sənət onun həyatına işıqlı rəng qatıb. Sənətdən qazandığı onun həyatını rövnəqləndirib və şənləndirib. Hüseynqulu müəllim ailədə də xoşbəxt olub, ağıllı, fərasətli, tərbiyəli, mehriban övladlar böyüdüb, nəvələrin məhəbbətindən ilham alaraq fərəhli ömür yaşayıb. Onun üç nəticəsi var. Əlbəttə, nəticələr də şirin bar olaraq onun həyatına sevinc qatır, ömrün müdrik və bəhərli anlarını yaşayan bu insana böyük fərəh gətirir.

Ritm bu ailənin canı, həyat ritmidir. Hüseynqulu müəllimin oğulları da nağara ifaçısıdır. Elşən M.Ə.Sabir adına kitabxana-klubda nağaradan dərs deyir. İkinci oğul Elçin Fövqaladə Hallar Nazirliyinin əməkdaşıdır, yaxşı işi daim dəyərləndirilib medallarla təltif olunub. Hər iki qardaş nağara ifaçısı kimi toy-büsatda çalışaraq xalqa xidmət edir. Hüseynqulu müəllimin nəvələri Hüseynqulu Nicat da nağara ifaçısıdır. Hər şey, ömür , sənət , ritmlər öz axarında davam etməkdədir. Uğurlu davamlı olsun!

 

Əhsən RƏHMANLI

SƏNƏTŞÜNASLIQ ÜZRƏ

FƏLSƏFƏ DOKTORU

 

Hürriyyət.- 2022.- 27 dekabr.- S.13.