Sonuncu dayanacaq
Hekayə
Əjdər
çoxdandır ki, gecə növbəsinə
qalmırdı. Bu sabah iş yoldaşı Kamranı əvəz
edib növbəni təhvil vermək istəyirdi. Axı onlar
çoxdanın sadiq və səmimi dostları idilər. Həm
də taksi sürücüsü kimi Kamran dostu Əjdərə
daha çox güvənib inanırdı.
Günorta saat
üçə yaxınlaşırdı ki, şəhərin
mərkəzi küçələrindən birinə taksi
sifariş edildi. Əjdər maşını işə
salıb şəhərin o başından bu başına gedəcəyini
bir anlıq düşündü. Hava da bir az çiskinli idi.
Yağış ara-sıra yağırdı. Əjdər
düşüncələrdən bir anlıq ayrılıb, nəzər-diqqətini
yola yönəltdi.Yollarda sıxlıq
olmadığı üçün maşınlar bir-birinin
ardınca səliqə ilə şütüyürdü.
Əjdər göstərilən ünvana çatıb,
taksini deyilən binanın qarşısında, göstərilən
ünvünü lap yaxın yerdə saxladı. Artıq 20 dəqiqə
idi ki, binanın önündə gözləyirdi. Birdən
ağlına gəldi ki, düşüb ünvanda göstərilən
mənzilə getsin. Şəhərin qədim tikiliyə məxsus
bir binada yerləşən mənzilin qapısının zəngini
vurdu. Araya bir xeyli sakitlik çökməsinə baxmayaraq, nəhayət,
qapını qoca – yaşı 75-80-nə yaxın olan bir
qadın açdı:
- Gəl oğlum, gəl,
xoş gəlmisən. Səni mən xahiş etdim, sifarişlə
bura gəlib məni dediyim ünvana aparasan. Nə yaxşı
ki, gəldin.
Əjdər
qadının səmimiyyətindən bir qədər duruxdu.
Evə keçməyə ehtiyat edib, qadından izn istədi:
- Xanım, taksi artıq
20 dəqiqədir ki, sizi gözləyir. Biz hər zaman
müştərilərə kömək və xidmət etməyə
hazırıq. Buyurun, nə kömək lazımdır?
Əjdər bu sözləri
deyib, evdəki ab-havaya nəzər saldı. Mənzilin
görkəmi illərlə qapısı açılmayan, tənhalıq
qoxusu gələn bir məkanı xatırladırdı. Evin
mebelləri və əşyaları isə ağ mələfələrlə
örtülü idi. İçəridə ürək
dağlayan niskil və hicran duyulurdu. Birdən qoca
qarının titrək səsi yenə sükutu pozdu:
- Oğlum, bu
çamadanı aşağı düşürməyə mənə
kömək edə bilərsən?
Əjdər tərəddüd
etmədən dərhal dilləndi:
- Əlbəttə
xanım, borcumuzdur, - deyib cəld çamadanı
götürüb aşağı düşmək istəyəndə
qarı onu səslədi:
- Dayan, mənim balam, məni
aşağı düşməkdə müşayiət etsən,
şad olaram. Çünki, tək oilləkənləri
düşməkdə çətinlik çəkirəm.
- Yaxşı, - deyə
Əjdər dilləndi və qarının qoluna girib pilləkənləri
aşağıya doğru düşməkdə ona ehmalca
yardım etdi.
- Köhnə monolit
binada qırx ildən artıq ömür sürən Sitarə
xanım uzun illərdir ki, Xoreoqrafiya məktəbində
müəllim kimi çalışırdı.
Ömrünün ən gözəl çağlarını
sənətinə, işinə, sevdiyi tələbələrinə
vermişdi. Çoxdan idi ki, təqaüdə
çıxmışdı. Evdən də çox vaxt az
hallarda bayıra – hava almağa çıxardı. Artıq həyatdan
usanıb yorulmuşdu. Yeganə övladı – Aygün də
artıq anasına baş çəkməyə gəlmirdi. Təbii
ki, bəhanəsi də ailəsi, həyat yoldaşı və
uşaqları idi. Sevib-seçdiyi həyat yoldaşı
İlhamda qaynanasına baş çəkməyə
çoxdandır ki, gəlmirdi. Bir sözlə, hər ikisi
qoca qarını unudub, taleyin ümidinə
buraxmışdılar. Hər ikisi Layihə institutunda mühəndis
kimi daha “vacib” işlərlə məşğul idilər.
Ana öz
doğmalarına yük olmasın deyə, özünü
Qocalar evində daha rahat hiss edəcəyini aylardır ki,
düşünüb-daşınırdı. Nəhayət,
bir gün bu fikirdə olduğunu qızına dedi:
- Qızım, sizin
heç bir günahınız yoxdur. Bu qərarı mən
özüm vermişəm. Artıq neçə vaxtdır ki,
götür-qoy edirəm. Qərarım qətidir...
- Ana, axı el-oba bizə
nə deyər? Əminsən ki, bu doğru seçimdir? Sən
bizim fikrimizi soruşmadan qərar vermisən...
- Qızım, bu
seçim ən doğrusudur. Siz
də rahat olarsız, mən də...
Sitarə xanım, bu sözləri deyəndə,
içindəki hayqırtını kimsə duymasın deyə,
üzünü yana çevirdi ki, qəfil gilələnən
göz yaşlarını kimsə görməsin.
***
Əjdər Sitarə xanıma taksinin arxa
oturacağına əyləşməyə kömək etdi.
Qadın yerini nizamlayıb Əjdərə dedi:
- Oğlum, məni əvvəlcə sənə
dediyim ünvanlardan kemirib, sonuncu dayanacağım yerə
apararsan. Vaxtin varmı?
- Əlbəttə var. Hara desəniz,
apararam.
Qoca qarı dərindən ah çəkdi.
Taksi yollardan şütüyüb keçirdi. Birdən Sitarə xanım:
- Bax, görürsən bu küçəni?
Onun qutaracağındakı orta məktəbdə 1-ci sinfə
getmişəm... İlahi, necə də sevincli idim o anlarda!.. O hissi hələ də duyuram...
Oğlum, qarşıdakı küçədən sola
dönərsən, zəhmət deyilsə...
- Bir xeyli keçmiş Əjdər sual
dolu nəzərlərlə qarıya tərəf baxdı.
Sitarə xanım taksi sürücüsünün nə demək
istədiyini dərhal duydu:
- Bax, bu möhtəşəm binanı
görürsən? Burda gəncliyimin ən gözəl
anlarını keçirib, ilk dəfə sevib-sevilmişəm.
Gələcək həyat yoldaşımla hər ikimiz eyni
kursda oxuyub, Xoreoqrafiya məktəbini fərqlənmə ilə
bitirmişik. Onun da mənim qədər arzuları gözəl
və həyat dolu idi. Artıq on ildir ki, həyatdan
köçüb...
Araya sükut çökür. Əjdər
qoca qarının danışdığı həyat hekayəsindən
təsirlənir, sanki dili-ağzı quruyur, matı-qutu
çəkilir. Birdən qarı dillənir:
- Mən elə bitiridiyim Xoreoqrafiya məktəbində
də uzun illər pedaqoji fəaliyyətdə olub, neçə-neçə
uğurli tələbələr yetişdirmişəm.
Onların hamısı ilə qürur duyuram. Hamısı da
mənim xətrimi əziz tutur, zəhmətimi dəyərləndirirlər...
Bu sözləri deyib, Sitarə xanım bir
anlıq taksinin pəncərəsindən bayıra baxdı:
- Hava da bu gün çiskindir...
Görünür, mənim Qocalar evinə getməyimə o da
kədərlənir...
Əjdər fikirlərdən qəfil
ayılan kimi soruşdu:
- Bizim gedəcəyimiz son ünvan Qocalar
evidir... Xanım, bəlkə fikrinizi dəyişəsiz, ora
getməyəsiz?
Qarı bir qədər susqunluqdan sonra ah
çəkərək dilləndi:
- Yox oğlum, qərarım qətidir.
Geriyə yol yoxdur. Budur bax, deyəsən
çatmağımıza da az qalıb.
Əjdər yolun nə zaman başa
çatdığını hiss etmədi. Qoca qarının
danışdığı həyat hekayəsi onu təsirləndirmişdi:
- Buyurun xanım, çatdıq ünvana.
Sitarə xanım ağır addımlarla
taksidən düşüb Qocalar evinin qapısına
yaxınlaşanda çantasına əl atıb soruşdu:
- Oğlum, sizə borcum nə qədərdir?
- Xanım, heç nə lazım deyil.
Halal xoşunuz olsun.
Əjdər bu sözləri deyib
uzaqlaşarkən, Qocalar evinin qəfil
çırpılıb örtülən qapılarına
diksinən kimi oldu.
Daha bir ömür tarixçəsi bu
bağlı qapılar arxasında sona yetdi.
Səadət
Sultan
Paralel.-2022.-10
fevral.-S.11