BƏŞƏR
ÖVLADININ HÜRRİYYƏT VƏ İSTİQLALI
ƏNUŞİRƏVAN
İBRAHİMİ QANUNLARI VƏ
FİRİDUN
İBRAHİMİ ANAYASASI!
Fədakarlığınız nəticəsiz
qalmayıb. Məsləkinizlə, mübarizə əzminiz və
şəhadətinizlə yandırdığınız milli
azadlıq məşəli bu gün sizin yolunuzu davam etdirən
milyonlarla türk ərənlərinin ürəyində
alovlanaraq azadlıq yoluna nur saçmaqla türkün milli
azadlığını addım-addım
yaxınlaşdırır.
Əvvəli ötən
saylarımızda
Bu
gün dünyanın bütün quldarlıq, feodalist,
kapitalist ölkələrindəki dövlət mülkiyyəti
çox zaman populistcəsinə milli mülkiyyət
adlanır. Halbuki bu mülkiyyətlərin nəinki iqtisadi
mahiyyətində, həm də inzibati statusunda çox ciddi fərqlər
mövcuddur. Bu ölkələrdə dövlət mülkiyyətinin
sahiblik hüququ kral, prezident və s.
adlandırılmasından asılı olmayaraq dövlət
başçısına məxsus olur və ya icra hakimiyyəti
ilə qanunvericilik hakimiyyəti arasında
bölüşdürülür. Yəni bütün hallarda
bu sahiblik hüququ mülkiyyətin əsl sahiblərinə məxsus
olmur. Dövlət mülkiyyətinin sahiblik hüququnun kiməsə
məxsus olması cəmiyyətdə dövlət idarəetməsində
mütləqiyyət idarəetmə üsulunun
yaranmasını labüd edir. Bu halda hətta dövlət
mülkiyyətinin bir hissəsinin daim ictimailəşdirərək
mülkiyyətsiz vətəndaşlara verilməsi də
mümkün deyil. Çünki, bu mülkiyyətin hakimiyyət
piramidası pillələrində duran məmurların vəzifə
statusuna uyğun olaraq onların mülkiyyətində
toplanması labüddür.
Fərdi
və dövlət feodalizmi quruluşlarında dövlət
mülkiyyətinin kiçik bir hissəsi yerli feodalların, əsas
hissəsi isə baş feodalın mülkiyyətində
olması ilə fərqlənərək digər proseslərin
məhz bu fərqin məzmun və mahiyyətinə uyğun
olaraq inkişafını təmin etdiyindən mülkiyyətsiz
vətəndaşların daim mülkiyyətlə təmin
edilməsi ehtimalı sıfra bərabər olur.
Kapitalizm
quruluşunda əvvəlki quruluşlardan fərqli olaraq dövlət
mülkiyyəti üzərində sahiblik hüququ və
inzibati hakimiyyət dövlət başçısı və
qanunverici orqan arasında bölüşdürülsə də
dövlətin mülkiyyətsiz vətəndaşları
mülkiyyətlə təmin etmək öhdəliyi
olmadığından, vətəndaşın mülkiyyət
sahibi olmaq hüququ reallaşmadan qalır.
Sosialist
dövləti isə mülkiyyətsiz vətəndaşı
ən azı minimum zəruri mülkiyyətlə qeyd-şərtsiz
təmin etmək öhdəliyi daşıyır və K.
Marksın "proletariat diktaturası"
adlandırdığı hüquqi anlayışdan doğan
inzibati qanuna əsasən, onun müəyyən etdiyi, ictimai
mülkiyyət iqtisadi mexanizmi vasitəsilə
reallaşdırılır. Bundan başqa sosialist dövlətində
hakimiyyətin dövlətin hansısa qurumuna, dövlət
başçısına və s. deyil ancaq Anayasaya və ondan
irəli gələn qanunlara məxsus olması, həm də
bu qanunların məzmun və mahiyyət etibarilə vətəndaşın
mülkiyyət sahibi, məmurun isə muzdur statusu nisbətində
tənzimlənən münasibətlər əsasında
müəyyən edilərək çərçivələnməsi,
bəşər tarixində ilk dəfə dövlətin
mülkiyyət sahibləri və məmurların mülkiyyətsiz
vətəndaşları əzmək, onları ədalətsiz
istismara məruz qoymaq vasitəsi olmaq xüsusiyyətini
kökündən ləğv etmiş olur. Bu hal həm də
kimliyindən asılı olmayaraq bütün vətəndaşların
qanun qarşısında bərabərliyini və qanunun
aliliyini real olaraq təmin edir.
Başda
V. Lenin olmaqla bolşeviklərin mahiyyətini
saxtalaşdıraraq, guya vətəndaşları ədalətsiz
istismara məruz qoyulmasının günahkarı kimi lənətlədiyi
iqtisadi kateqoriyalardan ən əsas olanı xüsusi mülkiyyətdir.
Bəs mülkiyyət (kapital) və xüsusi mülkiyyət
nədir? Hər hansı bir mülkiyyət öncə əmlak
vəziyyətində olub, ancaq sahibinin istehlak tələbini
ödəyir, yəni ona öz dəyərindən artıq dəyər
gətirmir. Əmlak sahibi bu əmlaka öz şəxsi əməyini
tətbiq etməklə istehsal etdiyi əmtəəyə,
göstərdiyi xidmətə sərf etdiyi dəyərdən
artıq, izafi dəyər əldə edirsə, bu əmlak
şəxsi mülkiyyətə (kapitala) çevrilmiş
olur. Bu əmlak sahibi istehsal və ya xidmət prossesində
muzdlu özgə əməyindən istifadə etdikdə isə
bu əmlak xüsusi mülkiyyətə çevrilir. Yəni
xüsusi müıkiyyətin xüsusiliyi onda istehsal və ya
xidmət prossesində özgənin muzdlu əməyindən
istifadə edilməsindədir. Quldar, feodalist, kapitalist dövlət
mülkiyyətləri, hətta milli mülkiyyət belə
bütün hallarda xüsusi mülkiyyətdir. Beləki,
dövlət texniki, təşkilati mexanizm olmaqla canlı
varlıq olmadığından, öz iş qüvvəsinə
malik olmadığından hər hansı bir prossesdə muzdlu
özgə əməyindən istifadə etməyə məhkumdur.
Yəni, bolşeviklər rəsmən xüsusi mülkiyyəti
daim lənətləmələrinə rəğmən,
özlərinin yaradıb 74 il vətəndaşları qula
çevirdikləri dövlət quldarlığı
mülkiyyəti insanları ən ədalətsiz istismara məruz
qoyan, mürtəce, mülkiyyət növüdür. Primitiv
istehsal alətlərlə kustar istehsal və xidmət istisna
olmaqla mürəkkəb texniki vasitələrin, texnoloji
proseslərin tətbiqi vasitəsilə bəşər cəmiyyətinin
bu günkü durmadan artan tələbatını ödəyə
biləcək istehsal və xidmət sahələrində
muzdlu, özgə əməyindən istifadə etmədən
istehsal və xidmətin həyata keçirilməsi
mümkün deyil. Deməli xüsusi mülkiyyətin ləğv
edilməsi bəşərin mövcudluğunu təmin edən
istehsal məhsullarının və istehsal vasitələrinin
istehsalının durdurulması, yəni bəşəriyyətin
məhv edilməsi anlamına gəlir. Nəticə budur ki,
kiminsə istəyib, istəməməsindən asılı
olmayaraq xüsusi mülkiyyətin mövcudluğu bəşərin
mövcudluğu üçün əbədi və zəruri
iqtisadi amildir. Xüsusi mülkiyyətə olan yeganə etiraz
isə istehsal olunan məhsulun dəyərinin xüsusi
mülkiyyət sahibi ilə muzdlu istehsalçının
arasında ədalətsiz bölüşdürülməsidir.
Lenin
və bolşeviklər dövlət mülkiyyətini ictimai
mülkiyyət, ümumxalq mülkiyyəti, sovet dövlət
quldarlıq hakimiyyətini isə proletariatın diktaturası
adlandırmaqla dövlət quldarlığını sosializmlə,
marksizmi isə leninizmlə eyniləşdirmək məqsədi
güdərək buna nail ola bilmişlər. Belə ki, bu
günədək dünyanın ən adlı-sanlı
iqtisadçı, hüquqşünas alimləri belə
bolşeviklərin dələduzluğunun bu qədər sadə
mexanizmini anlamaqda aciz qalıblar.
İstehsal
olunan məhsulun xüsusi mülkiyyət sahibi ilə muzdlu
arasında ədalətsiz bölgüsünə gəldikdə
isə kiçik bir müqayisə etmək zəruridir. Hamiya
məlumdur ki, bəşər cəmiyyətinin daimi
mövcudluğunu təmin edən amil kişi ilə
qadının cinsi əlaqəsidir. Əgər biz bu əlaqə
zamanı və ya nəticə olaraq kişinin qadını və
ya əksinə ədalətsiz istismara məruz qoyduğuna əsaslanaraq
bu əlaqəni qadağan və ya ləğv etsək bu bəşəriyyətin
məhvə məhkum edilməsi demək olardı. Bəşərin
inkişafının bir çox dövrlərində qadın
– kişi cinsi əlaqələrinin, ailə münasibətlərinin
ədalətsiz, hətta vəhşi əsaslarla qurulması,
tənzim edilməsi dövrləri olub, bu gün də
mövcuddur. Bunun belə olduğunu sübut etməyə Səuduyyə
Ərəbistanı taxt-tacının vəliəhdi
Salmanın yalnız bu yaxınlarda “qadınlar da bəzi
hallarda insandır” bəyənatı yetərlidir. Lakin bu
gün qadın-kişi cinsi əlaqə və münasibətləri
daha sivil əsaslarda qurulub, tənzimlənir və daim təkmilləşdirilir.
Mülkiyyət elementlərinin sahibkar ilə muzdur arasında
bölüşdürülməsi nisbətini sivil üsularla
dəyişməklə xüsusi mülkiyyət əsasında
istehsal olunan məhsulun dəyərinin ədalətli
bölgüsünə nail olmaq olar ki, hər iki tərəf
bundan razı qalsın. Bütün cəmiyyətlərdə
mövcud olan əmək və kapital arasındakı
barışmaz ziddiyyəti ləğv edərək, bəşərin
min illər boyu arzuladığı ədalətli
iqtisadi-ictimai quruluşu qurmağın yeganə mümkün
yolu da məhz budur. K. Marks və F. Engeles “Kommunist
partiyasının manifestində” yazır ki, “Kommunizmi fərqləndirən
cəhət ümumiyyətlə mülkiyyəti ləğv
etmək deyil, burjua mülkiyyətini ləğv etməkdir”.
K.Marksın burjua mülkiyyəti ifadəsini bolşeviklər
bütövlükdə xüsusi mülkiyyət
anlayışına şamil edirlər. Xüsusi mülkiyyət
sahibinin muzdlunu ədalətsiz istismara məruz qoya bilməsinin
səbəbi xüsusi mülkiyyətin mövcudluğu deyil.
Quldarlıq qurluşunda mülkiyyətin rəsmən 5,
reallıqda isə 4, feodalizmdə 3, kapitalizmdə 2 elementinin
xüsusi mülkiyyət sahibinin mülkiyyətində
olmasıdır. Yəni, bu birbaşa mülkiyyət elementlərinin
sahibkar ilə muzdurun arasında bölgüsü nisbətindən
asılı olan məsələdir.
Məsələn,
kapitalist istehsal üsulunda mülkiyyət elementlərinin
üçü, onun iş qüvvəsi, əməyinin və
özünün inzibati azadlığı muzdurun mülkiyyətində
olmasına baxmayaraq əməyin iqtisadi elementinin, yəni
istehsal vasitələrinin onun mülkiyyətində
olmadığından, o özünü və ailəsinin
mövcudluğunu ancaq əməyini sahibkara satmaqla təmin edə
bilər.
Çünki
onun özünün və ailəsinin mövcudluğunu təmin
edə biləcək mülkiyyəti yoxdur. İnkişaf səviyyəsindən
asılı olmayaraq kapitalizm quruluşu olan ölkələrdə
əmək bazarında təklif daim tələbatdan çox
olur ki, bu kapitalizmin mahiyyətindən yaranan qanundur. Bu səbəbdən
əmək bazarında əməyin satış qiyməti
onun real dəyərindən aşağı olur. Buna görədə
muzdur acından ölmək təhlükəsi
qarşısında əməyini dəyər-dəyməzinə
satmağa, yəni öz əməyinin ədalətsiz
istismarına məcburən razılıq verir.
K.
Marks kommunizmdə burjua mülkiyyətinin ləğv ediləcəyini
deyərkən hec də kapitalizm cəmiyyətində
mövcud olan xüsusi mülkiyyətin hərfi mənada cismən
ləğv edilməsini və ya bolşeviklər kimi
xüsusi mülkiyyət sahiblərinin mülkiyyətinin əlindən
alınaraq özlərinin də güllələnməsini nəzərdə
tutmur. K.Marks kommunizmdə, o cümlədən onun ilk pilləsi
olan sosializmdə hər bir mülkiyyətsiz vətəndaşa
onun mövcudluğunu təmin edən mülkiyyət verilməsi
ilə onun acından ölmək təhlükəsi
qarşısında öz əməyini sahibkara dəyər-dəyməzinə
satmaq məcburiyyətinin qarşısının
alınması ilə xüsusi mülkiyyət sahibinin onun əməyini
ədalətsiz istismara məruz qoymaq imkanının ləğv
edilməsini nəzərdə tutur. Obrazlı ifadə ilə
desək söhbət ilanı öldürməkdən deyil,
onun potensial qurbanlarının müqavimət qabiliyyətinin
artırılmasını təmin edərək təcavüz
imkanlarının neytrallaşdırılmasından gedir.
Bundan başqa sosializm cəmiyyətində yetkinlik yaşına çatmış imkansız vətəndaşlara əvəzi ödənilmədən birdəfəlik start kapitalı, müxtəlif səbəblərdən müflis olmuş vətəndaşları yenidən sahibkarlığa cəlb etmək və ölkənin strateji, zəruri sahələrinə əlavə kapital qoyulmasına sahibkarlara aşağı tarif dərəcələri ilə qısa, uzunmüddətli kredirlər verilməsi işsizliyin bir problem kimi aradan qaldırılmasına, sahibkarların sayının artmasına, uyğun olaraq əmək bazarında əməyin öz real qiymətinə satılmasına şərait yaradacaq. K. Marks kommunizm quruluşunda məhz bu üsulla burjua xüsusi mülkiyyətinin komunist xüsusi mülkiyyətinə çevrilməsini nəzərdə tutur.
Beləliklə sosializm iqtisadi sisteminin kapitalist iqtisadi sistemindən
əsas fərqləri bunlardır.
Ardı var
Şapur Qasımi
Hürriyyət.- 2022.- 19 iyul.- S.13