“YETİRMƏLƏRİM
ARTIQ
MƏNİM
SƏNƏT YOLDAŞLARIMDIR”
Müsahibimiz tanınmış xanəndə,
Azərbaycanın Xalq artisti, Prezident
mükafatçısı, Azərbaycan Milli
Konservatoriyasının professoru Mənsum İbrahimovdur. Onunla həyat və
yaradıcılığı haqda söhbətləşdik.
- Mənsum müəllim,
Sizinlə, müsahibə haqda
danışdığımız gündən bir
neçə ay sonra
görüşə bildik. Güman edirik ki, bu, işlərinizin çoxluğundan irəli gəlir…
- Sözün əsl mənasında bu aylar iş qrafikimiz həddindən artıq çox doludur. Bildiyiniz kimi, xarici ölkəyə dörd səfərimiz oldu. Burda - Şuşadakı qurultayla bağlı, Bakı şəhərindəki tədbirlər, həm də Muğam televiziya müsabiqəsinə seçimlərlə bağlı bölgələrə çıxdıq. Eyni zamanda, bilirsiniz ki, Bakıda ayın 10-da Ulu öndərimizin doğum günündə efirə çıxdıq…
İş həddindən artıq çoxdur. Bu gün özünüz də iştirak edirsiniz dərs prosesində, həm dərslərimiz, həm məşqlərimiz, həm də tədbirlərimiz olur. Şükür Allaha, zəfərimizdən sonra tədbirlərimizin də sayı çoxalıb. Demək, qismət bu günəymiş ki, “Hürriyyət”ə, sizə müsahibəni bu gün verirəm.
- Ən çox vaxtınızı tədris sahəsinə,
yoxsa yaradıcılığa
ayırmağa məcbursunuz?
- Mən hamısına eyni dərəcədə vaxt ayırıram, çalışıram ki, heç bir sahə axsamasın. Tədris sahəsi belədir ki, xarici səfərlər olanda… bir gün, iki gün, üç gün olub ki, sonra gəlib biz onun proqramını yenidən təkrarlayıb, yerinə yetiririk. Çalışırıq, tələbələr proqramdan geri qalmasınlar. İfaçılıq… əlbəttə ki, mən bir ifaçıyam, xanəndəyəm, ona görə də çalışıram ki, hər iş öz yolunda yürüsün, getsin.
- Milli Konservatoriyadakı fəaliyyətiniz
tədris planına uyğun davam edir, bəs
yaradıcılıqla bağlı nə kimi
yeniliklər var?
- Əlbəttə, yaradıcılıqla bağlı yeniliklər çoxdur. Birinci növbədə onu deyim ki, zəfərimizdən sonra beş ölkəyə səfər eləmişik. Türkiyə, İsveç, Norveç, “Dubay Ekspo” və bu yaxınlarda Özbəkistana, Daşkəndə səfərimiz oldu. Böyük konsertimiz oldu. Növbəti həftə - mayın 28-i Respublika Günü ilə bağlı bir Avropa turumuz var(Qəzetimizin ötən sayı qeyri-iş gününə təsadüf etdiyindən, müsahibə bir qədər gec dərc olunur – red.). İnşallah, o haqda qayıdandan sonra danışacam mətbuata. Hardasa 6 konsertimiz var. İnşallah, onları da gerçəkləşdirərik. İşlər çoxdur. Həm də, Muğam müsabiqəsiylə bağlı bir az da gərginliyimiz artıb. Orda münsif kimi iştirak edirəm, arada bölgələrə çıxacağıq. Bölgələrdən canlı efirə çıxacağıq. Və bildiyimiz qədəri, bunun finalı - Qala konserti Şuşamızda olacaq. Bu da, əlbəttə ki, qürurverici hadisədir.
- Sizin çox sayda istedadlı tələbələriniz olduğunu bilirik. Sənətdə
özünüzə rəqib gördüyünüz
tələbəniz varmı?
- Vallah, rəqib demərəm, davamçılarım deyim… Ümumiyyətlə, gəncləri, ələlxüsus da istedadlı gəncləri çox sevirəm. Bizim məhsulumuz ifaçıdır, biz ifaçı yetişdiririk, ona görə də həmişə çalışıram ki, Azərbaycanın adına, muğamımıza layiq ifaçılar yetişdirək. Şükür olsun Allaha, mənim yetirmələrim artıq mənim sənət yoldaşlarımdır. Elə bir neçəsinin adını deyim - Təyyar Bayramov, Arzu Əliyeva, Aytən Məhərrəmli, Pərvaz İbrahimli, Orxan Hüseynli, Elsevər Muradov, Sədəf Budaqova, Gülzar Fərəcova, Elgiz Əliyev, Valid Abdullayev… saysam kiminsə adı yadımdan çıxar. Artıq onlar tanınmış şəxslərdir, Muğam müsabiqəsinin qalibləridir, bir neçəsinin fəxri adları var. Operanın aparıcı solistləridir, Ana televiziyamızın solistləridir. Təbii ki, muğamda öz davamçılarımızı yetişdiririk. Bu gün onlara təkcə dərs demirəm, onları bütövlükdə ifaçı yetişdirirəm. Yəni onların oturuşu, duruşu, insanlarla münasibəti, səhnə mədəniyyəti, yəni hər şeyi… mükəmməl ifaçı yetişdirməyə çalışıram.
- Bu yaxınlarda “Qarabağ”
qrupunuz ilə “Bənövşə”
adlı yeni mahnınız işıq üzü gördü. Amma nədəndirsə xanəndələr
yeniliklərə o qədər də meyl etmirlər…
- Bilirsiniz, muğam sahəsində az xanəndələr var ki, mahnı janrında da oxuyublar. Bunlar Hacıbaba Hüseynovdur, Əbülfət Əliyevdir, Qulu Əsgərovdur, Xan Şuşinskidir, Əlibaba Məmmədovdur… Cabbar Qaryağdıoğlunun özünün 400-dən çox mahnısı var. Xanəndə eyni zamanda da mahnı janrında oxumalıdır. Həmişə dəsgah oxumaq olmaz ki. Biz də zamanla sənət yoldaşlarımızla müraciət edirik - həm retro mahnılara, bəstəkar mahnılarına, təsniflərə, həm də yeni mahnılara. “Bənövşə” yeni mahnıdır. Düzdür, bunun sözləri Aşıq Qurbanindir, musiqisi Fazilə Qaraxanqızınındır, arenjımanı da Mahir etdi. Elçin Haşımovun, Elnur Əhmədovun, Kamran Kərimovun müşayiəti ilə ərsəyə gətirdik, üstündə işlədik. Nəticədə yaxşı bir musiqi meydana gəldi. Vaxtımız olduqca təbii ki, belə işlər edirik. Çalışırıq ki, bunu da edək.
- Azərbaycanda və
ölkəmizdən kənarda minlərlə, on
minlərlə soydaşımız Mənsum İbrahimovun
mahnılarını dinləməklə rahatlıq tapır, ruhunu dincəldir. Maraqlıdır, bəs Mənsum
İbrahimov hansı müğənninin,
xanəndənin musiqisini dinləyərkən
ruhunu dincəldə bilir?
- Təbii ki, hər zaman mən korifeylərimizi dinləyirəm. Dünyasını dəyişmiş böyük sənətkarlarımıza hər dəfə qulaq asdıqca yeni nəsə kəşf edirəm. Sözün əsl mənasında bizim sənətin yaradıcıları, korifeylərimiz... eyni zamanda, mən fərq qoymuram ki, bu kimdir, o kimdir, əgər ruhuma uyğundursa, ovqatımdan asılı olaraq musiqilər dinləyirəm. Bəzən görürsən ki, insan optimist notlara köklənir, onda daha şən musiqilər dinləyirsən. Bir də görürsən ki, insan xəyala dalır, keçmişi xatırlayır, o zaman bir az nostalji mahnılar dinləyirsən. Ovqatımdan asılı olaraq... Təbii ki, gözəl musiqilərimiz o vaxt da vardı, bu gün də var, sabah da olacaq. Gənc ifaçılara qulaq asıram. Əlbəttə, başqa janrlara da qulaq asıram. Gözəl musiqinin janrı yoxdur. Ovqatından asılı olaraq, əgər sənin ruhunu oxşaya bilirsə, dinləyirsən.
Bəzən tək olanda sakitlik axtarıram. Özünüz bilirsiniz ki, biz həddindən artıq musiqinin içində oluruq. Bəzən o sakitliyin özü bizim üçün bir həzin musiqi olur.
- Həyat
yoldaşınız da müəllimədir.
Gərgin iş rejimindən sonra evdə, ailə içində olanda, yorğunluğu yox etmək üçün
mahnılar zümzümə edirsiniz?
- Mahnı deməzdim... Arada düzdür, olur, məşq olur. O başqa söhbətdir. Amma təbii ki, o yorğun iş rejimindən sonra hüzur, sakitlik axtarıram ki, beynim bir az dincəlsin, növbəti işləri görüm… Çünki həm müsabiqədə, həm də dərsdə gəlib görürsünüz ki, bütün günü səslərin içində oluram. Həm məşq prosesi, həm də konsertlər... Amma elə bizim ailəmiz müəllim ailəsidir. Mən özüm də müəlliməm. Mənim xanımım da Əməkdar müəllimədir. Ziyalı ailəmiz var. Təbii ki, işimizdən söhbət edirik. Yeniliklərimizdən danışırıq, həm məktəbdə, həm səfərlərimizdə olan bütün gündəmdən belə.
- Bir
ara oğlunuz da tar çalmağı
öyrənirdi. Görkəmli sənətkar Xalq
artisti tarzən Elçin
Haşımovdan dərs alırdı. Amma
deyəsən, sonradan musiqiçi
olmaq fikrindən daşındı...
- Bilirsiniz, əslində çox sevinmişdim ki, uşaq tara
meyl edir. Hətta tarı da var
evdə. Arada bir az çaldı da. Ən azından odur ki, milli musiqini
bilir. Yaxşını, pisdən ayırır.
O, dörd yaşında
Leyli və Məcnun tamaşasına gəlib, tamaşaçı
kimi. O, artıq muğamımızı bilir.
Muğam
konsertlərimizə gəlir.
Sonra idmana meyl elədi.
İdmana getdi, karateyə
getdi. Müəyyən yarışlarda yer
də tutdu. Hal-hazırda birinci
kurs tələbəsidir.
Özü də Tarix fakültəsini seçib.
İngilis dilində oxuyur.
İnşallah, zaman göstərəcək
nə olacaq.
- Son vaxtlar xarici musiqiləri milli muğamlarımızla
sintez edib oxuyurlar. Buna necə
baxırsınız? Nə
vaxtsa, siz də muğamlarımızı
xarici musiqilərlə
sintez edib oxumağı düşünürsünüzmü?
- Belə deyim də, mən əslində yaxşı
yeniliyin tərəfdarıyam.
Amma peşəkar olsun. Özfəaliyyət səviyyəsində yox. Mən özüm də
təbii ki, oxuyuram. Siyavuş müəllimin "Salam-Hola" bir layihəsi vardı, Latin Amerika musiqiçiləriylə
hazırlamışdı. Latın Amerika musiqiçiləriylə
orda mən də iştirak eləmişdim. Bir neçə il
bundan öncə Argentinadan bir neçə musiqi qrupu gəlmişdi - "Flaminqo" qrupu, dörd nəfərdən
ibarət. Biz onlarla iki kompozisya
hazırladıq. Bizim Beynəlxalq
Muğam Mərkəzində
konsertimiz oldu. Argentinanın səfirliyi və
bizim Mədəniyyət
Nazirliyimizin müştərək
layihəsi idi. Bizim “Qarabağ” muğam qrupumuz onlarla işlədi və maraqlı kompozisiya üzə çıxartdıq.
Yəni tərəfdarıyam. Amma yenə
də deyirəm, o peşəkar olmalıdır,
bizim musiqimizə xələl gətirməməlidir.
Muğamın düzgün yanaşma
tərzləri var. Muğamın
dünyaya intiqrasiya olmağı üçün
bunlar da lazımdır. Məsələn, bunu zamanında Üzeyir bəy edib, Niyazı “Rast” muğamını edib. Simfoniya ilə “Rast”
muğamını birləşdirib.
Vaqif Mustafazadə cazla muğamı birləşdirib.
Niyazinin “Rast” simfonik muğamı, Fikrət Əmirovun “Şur” simfonik muğamı, Süleyman Ələsgərovun “Bayatı
şiraz”ı, Vasif Adıgözəlovun “Segah”
və “Qarabağ şikəstəsi”... Yəni çox
yaxşı baxıram.
- Milli Ordumuzun şücaəti ilə işğal altında olan torpaqlarımız azad olundu, inşallah,
tədricən dədə-baba
yurdumuza qayıdacağıq. Sirr deyilsə, sizin Qarabağla, konkret olaraq doğulduğunuz Ağdam
rayonu ilə bağlı nə kimi düşüncələriniz,
planlarınız var?
(Ardı var)
Fuad BİLƏSUVARLI
Hürriyyət.- 2022.- 7 iyun.- S.13.