“MƏNİM HƏYATDA BİR LEYLİM VAR…”

 

Müsahibimiz tanınmış xanəndə, Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovdur. Onunla həyat və yaradıcılığı haqda söhbətləşdik.

 

Əvvəli ötən sayımızda

 

- Milli Ordumuzun şücaəti ilə işğal altında olan torpaqlarımız azad olundu, inşallah, tədricən dədə-baba yurdumuza qayıdacağıq. Sirr deyilsə, sizin Qarabağla, konkret olaraq doğulduğunuz Ağdam rayonu ilə bağlı nə kimi düşüncələriniz, planlarınız var?

- Çox maraqlı sualdır. Ona görə ki, bu günü 30 ilə yaxın gözləmişik. Mən həmişə deyirdim ki, bütün dünyanı gəzirik, burdan-bura öz torpaqlarımıza gedə bilmirik. Amma o gün də gəldi. Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz 44 gün ərzində düşmənin “dəmir yumruq”la başını əzərək, torpaqlarımızdan qovdu. İgid şəhidlərimizin ruhları şad olsun. Allah qazilərimizə cansağlığı, şəfa versin ki, onların sayəsində biz öz dədə-baba torpaqlarımıza qayıtdıq. Bildiyiniz kimi, Şuşamızda “Xarı bülbül” festivalı başladı. Bundan gözəl bir iş ola bilməz ki. Keçən il biz də orda çıxış etmişdik. Mən orda Qaçaq Nəbi mahnısını oxumuşdum, “Qarabağ” muğam qrupumuzla. O da, əlbəttə ki, təsadüf deyildi. Çünki, bilirsiniz ki, Qaçaq Nəbi Zəngəzurda mənfur düşmənlərimizə qarşı vuruşub. O mahnı da orda yaranmışdı. O mahnı Zəngəzurun simvoludur. Ona görə də biz həmin mahnını keçən il o festivalda oxumuşduq.

Qarabağla bağlı bizim çox arzularımız var. Düşünürəm ki, orda Konservatoriyamızın filalı da olacaq. Orda muğam mərkəzləri açılacaq. Orda böyük festivallar, muğam müsabiqəmiz niyə də keçirilməsin?! Qarabağ həmişə musiqimizin beşiyi, çal-çağır meydanı olub. Ona görə düşünürəm ki, bundan sonra orda daha çox mədəni hadisələr olacaq, həm də böyük musiqi bayramları, festivallar, müsabiqələr keçirəcəyik, Allahın köməkliyi ilə.

- Şuşa festivalında Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramov bir zamanlar Tacir Şahmalıoğlunun ifa etdiyi məşhur "Bayatı şirazı"ı oxumuşdu. Tacir Şahmalıoğlu da demişdi ki, bu toxunulmazdı, məndən sonra bunu heç kim oxumamalıdır. Bəzi xanəndələrimizin muğamları “özününküləşdirmək” cəhdlərinə necə baxırsınız?

- Mən belə deyim ki, Tacir gözəl sənətkardır, həqiqətən də “Bayatı şiraz”ın möhürünü vurub, bunu heç kim dana bilməz. Elə gözəl oxuyub ki, Tacir müəllimdən sonra o uşaqlar onu sevərək ona meyil edirlər. Təbii ki, onlar da onun yolunu davam etdirirlər. Mən sizə deyim ki, həqiqətən də o bir simvoldur. Həqiqətən də Tacirin o ifası bir tarixdir. Mən də o ifaya həmişə sevə-sevə qulaq asıram. İnsan o ifaya adi qulaq asa bilmir. İnsan yaxşı mənada həyacanlanır. Qarabağın bütün dağları, gözəl mənzərələri gözümüz önündə canlanır. Əlbəttə, Kənan da Tacir müəllimin o ifasından həvəslənərək həmin mahnını – “Bayatı şiraz”ı oxumuşdu. O da dəvət olundu, getdi Şuşada oxudu. Orda da çox gözəl qarşılandı. Yəni yaxşı oxuyub ki, o da gedib ondan bəhrələndi, oxudu. Yaxşı ifa olmasaydı oxumazdılar ki.

Xan əmi də “Şuşanın dağları” oxuyub. Bu gün hamımız oxuyuruq, əlbəttə. Yaxşı ifadır ki, hamımız ona müraciət edirik. Mən düşünürəm ki, Tacir də bizim gözəl sənətkarımızdır, əlbəttə, ondan sonra neçə-neçə uşaqlar “Bayatı şiraz”ı yaxşı mənada oxuyurlar, ifa edirlər.

- Rəhmətlik Bəxtiyar Vahabzadə deyirdi ki: "Bir özümdən razıyam ki, özümdən narazıyam". Mənsum İbrahimovu özündən narazı edən nədir?

- Mən hamıyla yaxşı yola gedirəm. Özümlə çətin yola gedirəm(Gülür.) Ona görə ki, içimdəki bir mən var. Həmişə məni tənqid edir. İçimdəki mən həmişə mənə tənqidçi kimi yanaşır. Hər zaman çalışıram ki, daha yaxşısı olsun. Ona görə də özüm özümlə çox nadir hallarda razılaşıram. Həmişə deyirəm ki, yox, daha yaxşısı olmalıdır. Əslində, o çox gözəl haldır. O mənada ki, mən mahnı yazanda, muğam yazanda bir dəfə qulaq asıram ki, görüm necə oxumuşuq, hər şey qaydasındadırmı, amma ondan sonra tamaşaçı, dinləyici kimi özümə qulaq asa bilmirəm. Çünki, düşünürəm ki, həmişə daha yaxşısı ola bilərdi. Hər anın, ovqatın ifası başqa cür olur. Hər dəfə oxuyanda fərqli oxuyacaqsan. Çünki sənətkar hər dəfə hansı ovqatda olursa, o cür də oxuyur. Tənqidi yanaşmaq çox gözəl bir işdir. Əlbəttə, hər zaman - ağlım kəsəndən bu günə qədər özümə tənqidi yanaşıram. Tələbələrimə də deyirəm ki, heç zaman “mən” sözü işlətməyin. Sənin haqqında başqası danışa bilər, sən işini gör.

- Bir qədər də Akademik Opera və Balet Teatrındakı tamaşlarınızdan danışaq. Pandemiyadan sonra yeni tamaşalar üzərində işləyirsiniz?

- Mən 1985-ci ildən bu günə qədər Opera və Balet teatrında çalışıram. Mənim üçün ora böyük məbəddir, böyük bir ocaqdır, sözün əsl mənasında. Leyli-Məcnun əsərindəki Məcnun obrazı da mənim üçün ideal obrazdır. Sevinirəm ki, tamaşaçılar da məni Məcnun kimi qəbul elədilər, sevdilər. Mən də bu obrazı oxumuşam. Xeyli müddətdir - 2015-ci ildən bəri mən fəal səhnədən çəkilmişəm. Mən ildə bir və ya iki tamaşa oxuyuram. O da öz yetirmələrimlə bir nümunə olaraq ustad dərsi kimi. Gənclərə dəstək olaraq onu edirəm. Daha çox çalışıram ki, bunu gənclər oxusunlar və bu günə qədər Muğam müsabiqəsinin 20 nəfər qalibi rəhbərlik tərəfindən Opera və Balet teatrına dəvət olunub. Demək olar ki, onların bir çoxu baş rollar oxuyurlar. Məcnun, Aşıq Qərib, Kərəm, Şah İsmayıl... Mən də onlara dəstəyəm. Tamaşalarına gedirəm. Özüm də ildə bir və ya iki tamaşa oxuyuram. Pandemiyadan sonra bir tamaşa oxumuşam. İnşallah, nə vaxtsa da bir dəfə yenə oxuyacam. Həm ona vaxt yoxdur, həm də hər kəsin bir real vaxtı var. Çalışıram ki, gənclər çox irəli getsinlər. Gənclərə çox dəstək oluram.

Mən artıq 7 ildir ki, fəal səhnədə deyiləm. Yenə də deyirəm, ildə bir və ya iki tamaşa oxuyuram. Bütün meydanı vermişik gənclərimizə. Yəni belə də olmalıdır. Çünki mən özüm hər zaman gənclərə çox böyük dəstək oluram. “Gəncləşən muğam” adlı layihəmiz vardı. Bu günə kimi Heydər Əliyev sarayında 7  layihə həyata keçirmişik. Hamısında da ustadları dəvət eləmişik. Dövlət televiziyası çəkib. Hər dəfə 40- 50 gənc xanəndəni və tar-kamança ifaçılarını xalqa təqdim etmişik. Məqsəd budur ki, gənclərə dəstək olaq. Çünki sənətimizin arxası gəlməlidir. Mən düşünürəm ki, hər bir xanəndə, hər bir ustad özündən sonra ən azından beş-on ifaçı yetişdirməlidir. O zaman bizim sənətimiz inkişaf edəcək.

- Sənətini Məcnun kimi sevən Mənsum İbrahimov səhnədəki Leylilərindən razıdır?

- Mənim bu günə qədər Operanın səhnələrində on nəfərə qədər tərəf müqabilim olub. On nəfər Leylim olub. Onun biri türkiyəli sənətçi olub, doqquzu Azərbaycandan. Onların hamısı xalqımızın sevdiyi, seçdiyi sənətkarlardır. Bilirsiniz ki, Leyli oxumaq və ya Məcnun oxumaq hər kəsə nəsib olmur. Xalqımız tərəfindən sevilən sənətkarlardır. Hər biriylə də mənim üçün çox xoşdur. Hər birinin də öz dəsti-xətti var. Yəni öz nəfəsi, öz ifası var. Təbii ki, razıyam. Amma mənim həyatda bir Leylim var. O da təbii ki, uşaqlarımın anasıdır.

- Məşhur "Qarabağ" qrupu ilə dünyanı gəzmisiniz. Maraqlıdır, hansı ölkəyə səfəri yenidən həyata keçirmək istərdiniz?

- Biz, deməli, 25 ildir “Qarabağ” muğam qrupu ilə yol gedirik. Mənim sənət dostlarım Azərbaycanın gözəl sənətkarları Xalq artisti Elçin Haşımov, Əməkdar artist Elnur Əhmədov, Əməkdar artist Kamran Kərimov - biz demək olar ki, bir neçə ölkə var, o ölkələrdə olmamışıq. Amma ölkələr var ki, dəfələrlə olmuşuq. Əlbəttə ki, musiqinin dili yoxdur. O qədər maraqlı hadisələr olur ki… Danimarkanın paytaxtı Kopenhagendə festivala getmişdik. Məşhur aparıcı Emin Musəvi də bizi orda təqdim etmişdi. Bizim çıxışımızdan sonra danimarkalı bir jurnalist bizim Azərbaycanın bayrağını götürərək öpdü və mikrofonla dedi ki, bu cür musiqisi olan xalqın qarşısında baş əyirəm. Biz bunları da görmüşük. Bizim üçün əsas muğamlarımızın qəbul olduğu ölkələrdir. Məni çox sevindirir ki, Azərbaycanın muğamı Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın bizim muğama dəstəyi və qayğısı sayəsində artıq bütün dünyada həm qəbul olunur, həm də sevilir. Çünki Heydər Əliyev Fondu yaranan gündən bizim dəyərli muğamımızın ikinci inkişaf dövrü başlayıb. Muğamımızın xarici ölkələrdə təbliği, keçirilən 7 muğam müsabiqəsi, 6 beynəlxalq muğam müsabiqəsi və festivalı nəticəsində bu gün bizim muğamımıza böyük axın, gənclərimiz tərəfindən böyük maraq var. Bax, bu gün də səkkizinci muğam müsabiqəsinə start verilib, Heydər Əliyev Fondu, Dövlət televiziyamız, “Mədəniyyət” kanalı tərəfindən. Bu da böyük marağa səbəb olub.

- Sonda Sizə bir şablon sual da vermək istərdim: Bizdən gözlədiyiniz, amma vermədiyimiz sual oldumu?

- Vallah, ola bilər(Gülür). Beynimizdə o qədər suallar, cavablar var ki. Əsas odur ki, bu gün bizim milli musiqimizə dövlətimizin yüksək diqqət və qayğısı var. Birinci növbədə budur. Mən az öncə də dedim ki, Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımıza sahib çıxıb. Muğamımızın inkişafı üçün dəstək və qayğı var. Dövlət başçımız tərəfindən sənət adamlarına diqqət və qayğı var. Elə, yeri gəlmişkən, bir neçə gün öncə sənət insanları Prezident mükafatları ilə təltif olundular. Mən sənət dostlarımın hamısını təbrik edirəm. Fərdi təqaüdlə təltif olunanları təbrik edirəm ki, uğurlu olsun, xeyirli olsun. Əlbəttə ki, bu bizim sənətimizin inkişafı üçün böyük stimuldur. Hər kəsə cansağlığı arzulayıram. Bu gün, sözün əsl mənasında, bütün xalq olaraq biz birik. Qarabağ savaşında necə bir olduq torpaqlarımızı işğaldan azad etdik, Qarabağın tikilməsində, yolların çəkilməsində Qarabağın quruculuq işlərində də birləşmişik. Artıq sözümüzü dünyaya deyə bilirik. Artıq güclü bir dövlət kimi dünya bizi qəbul etdi, dünya bizi kəşf etdi. Haqq sözümüzü müharibədə də yüksək mədəniyyətlə apardıq. Mənfur qonşularımızdan fərqli olaraq müharibəni də müharibə qaydasıyla apardıq - sivil insana toxunmadıq, sivil şəhərə toxunmadıq. Əsgərimiz əsgərlə döyüşdü. Amma bizdən fərqli olaraq onlar bizim şəhərlərimizlə, abidələrimizlə, məscidlərimizlə döyüşdülər. Bu günə şükür ki qalibik, zəfər çalmışıq. Bu gündən sonra da Qarabağımızda əbədi olacağıq. Sizə də təşəkkür edirəm.

 

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

 

Hürriyyət.- 2022.- 14 iyun.- S.13.