Bir sənətkar ömrünün elmi araşdırması

 

İmran Axundovun “Ağadadaş Qurbanov” monoqrafiyası haqqında düşünərkən

 

Son zamanlar müqtədir sənətkarlar haqqında yazılan elmi monoqrafiyalar böyük oxucu kütləsinin maraq darəsini əhatə etməklə yanaşı onlar haqqında ilkin araşdırmaların əsas mənbəsi hesab edilir. Məhz ilkin mənbə olaraq qələmə alınan bu kimi monoqrafiyalar bir daha sənətkarların yaradıcılıq yollarının daha dərindən öyrənilməsi, daha dərin prizmalardan yanaşma mexanizmi baxımından tədqiq edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.

Bu günlərdə fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı “Ağadadaş Qurbanov” monoqrafiyası ilə tanış oldum. İlk öncə deyim ki, elmi monoqrafiya Respublikasnın Xalq artisti Ağadadaş Qurbanovun yaradıcılıq yoluna böyük işıq salmaqla aktyorun Dövlət Gənc Tamaşaçılar Teatrında eləcə də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında həmçinin Azərbaycanfilmdə ifa etdiyi mürəkkəb xarakterli səhnə və ekran obrazları haqqında müvəssəl məlumat verməklə növbəti elmi araşdırmalar üçün əsas mənbə hesab edilə bilər. Müəllif  bu monoqrafiya ilə aktyorun böyük yaradıcılıq yoluna fəsillərlə nəzər yetirməklə dövrü yaradıcılıq yollarını daha dəqiqliklə tədqiq etməyə müvəffəq ola bilib. Qeyd etmək istərdim ki, kitabın redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar artisti Xəzər Gəncəlidir. Qeyd edim ki, elmi monoqrafiya həmçinin Ağadadaş Qurbanovun 110 illik yubileyi ərəfəsində aktyorun əziz xatirəsinə ithaf olunur.

Xalq artisti Ağadadaş Qurbanov teatr və kino aktyoru olmaqla yanaşı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını yaradanlardan biridir. Bu baxımdan onun yaradıcılığı haqqında elmi monoqrafiyada tədqiqat aparıldıqda istər-istəməz bu kimi sənətkarların yaradıcılığı teatrın inkişaf prinsipləri ilə sıx əlaqədə olduğu üçün çalışdığı teatrın fəaliyyətini də daha dərindən öyrənməmək və bütövlükdə tədqiq etməmək mümkün deyildir. Məhz bu baxımdan müəllif İmran Axundov aktyor yaradıcılığı ilə üzvü surətdə bağlı olan onun fəaliyyət göstərdiyi teatrların tarixi inkişaf mərhələlərini monoqrafiyada tədqiqat predmetinə çevirə bilib. Müəllif elmi monoqrafiyada teatrların tarixi inkişaf mərhələlərinin tədqiqat predmetinə nəzər salarkən yazır: “Onlar əvvəl teatrın özülünü qoyur, sonra onun yükünü cəsarətlə çiyinlərində daşıyırlar, teatrı inkişaf etdirərək, özləri də yetkin sənətkara çevrilirlər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yarandığı zamandan uşaq və gənclərin estetik tərbiyyəsində mühüm rol oynamış və bu ənənə indi də davam etməkdədir. On iki nəfər gənclə fəaliyyətə başlayan bu teatrın səhnəsində böyük aktyor ordusu meydana gəlmiş və formalaşmışdır. Bu aktyorlardan ən birincisi, Azərbaycanın görkəmli teatr və kino xadimi, Xalq artisti Ağadadaş Qurbanov idi.  Onun səhnə fəaliyyəti Gənc Tamaşaçılar Teatrının yaranması ilə eynidir. Bu teatrın inkişafında A. Qurbanovun müstəsna xidmətləri olmuşdur. O, bir aktyor kimi bu teatrın səhnəsində ilk adımlarını atmış, zaman keçdikcə görkəmli səhnə ustası səviyyəsinə yüksəlmişdir. Böyük istedada, gözəl xarici görünüşə, zəngin daxilə, yüksək tembr səsə malik olan bu böyük aktyorun yaradıcılığı haqqında danışarkən mütləq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tarixinə müraciət etmək lazımdır”.

İmran Axundov monoqrafiyanın birinci fəslini “Aktyorun həyatı və Bakı Uşaq Teatrının yaranması (1911-1929)” adlandırmaqla bu dövrü geniş bir formada tədqiq edir. Məhz bu dövürdə aktyorun səhnəyə qədəm qoyduğu ilk günlərdən hər zaman yaradıcılıq həvəsi ilə yaşayan, daim novatorluq eşqi ilə alışıb-yanan bir sənətkar olmaqla onun ömür yoluna diqqəti cəlb edir.

Ağadadaş Qurbanov 1911-ci il mart ayının 8-də Bakıda Qurban (əksər mənbələrdə Gülməmməd adı ilə qeyd olunub) kişinin ailəsində dünyaya göz açıb. Onun atası zamanının mütərəqqi fikirli insanlarından biri hesab edilirdi. 1915-ci ildə atasını itirən Ağadadaş, az sonra anasını da itirib. O, əvvəl kiçik bacısı ilə babasının himayəsində yaşayıb və 1920-ci ildən sonra təhsil almaq imkanını əldə edib. Ağadadaş Qurbanovun aktyorluğa olan həvəsi 12-13 yaşlarında yaranmağa başlayıb. Aktyor özü bu barədə xatirələrində yazır: “1923-cü ilin payızı idi. Bakının 5 ¹-li Şura məktəbinin (indiki orta məktəblər o zaman Şura məktəbi adlanırdı) 3-cü sinfində oxuyurdum. Bir gün əmim Məhərrəm məni teatra apardı. Zal adamla dolu idi. Pərdə açıldı. Mən heyrətimdən donub qaldım. Yer yarıldı. Od püskürdü. Alov qalxdı, oradan əcaib bir şey peyda olub, gurultulu səslə danışmağa başladı. Əmim həyəcanlandığımı hiss edib qulağıma pıçıldadı ki, bu hamının sevimlisi artist Abbas Mirzə Şərifzadədir, İblis rolunu oynayır. Onun nəfəsindən elə bil od tökülürdü. Pərdə endi. Camaat ayağa qalxıb gurultulu alqışlarla onu səhnə qarşısına çıxartdılar. Evə gələrkən bütün yol uzunu əmimə İblis və onu oynayan aktyor haqqında müxtəlif suallar verirdim. Beynimdə, xəyalımda yalnız o, dolanırdı”.

Müəllif  İmran Axundov  bununla da aktyorun həyatına diqqəti yönəltməklə onun teatra və səhnəyə yaranan ilk marağının kiçik ñüñərtilərindən söhbət açmaqla gənclik illərinin səhnə təzahürlərini geniş şəkildə təhlil edir. Belə ki, XX əsrin üçüncü onilliyində, yəni 1923-cü ildən başlayaraq Bakı dəniz limanında, Toxuculuq fabrikasında, indiki Səttərxan adına zavodda, iki saylı uşaq evində, Neft-qaz zavodunda ilk dəfə on iki nəfərdən ibarət pioner dəstəsinin dram dərnəyindən başlayan fəaliyyəti oxucuların diqqətinə təqdim olunur. Onun səhnəyə olan marağının buradan daha da vüsətlə pərvazlanması aktyorun yaradıcılıq imkanlarının gələcək uğurlarının başlanğıcı kimi dəyərləndirilir. Müəllif yazır: “Dram dərnəyində klassik və müasir Azərbaycan yazıçılarının əsərləri tamaşaya qoyulurdu. On iki nəfərdən ibarət olan bu dəstədə Hacağa Abasovun “Sabirin məhkəməsi” adlı kiçik pyesi tamaşaya hazırlanmışdı. Ağadadaş Qurbanov bu tamaşada Sabirin oğlunu oynamaqla yanaşı rejissor işinə də köməklik edirdi. Onun səhnədəki sərbəstliyi, diksiyasının aydınlığı tamaşaçıların diqqətini cəlb etdi. Bir müddət keçdikdən sonra dram dərnəyinin fəaliyyətini genişləndirmək zərurəti meydana çıxır. Az müddət keçdikdən sonra uşaqlardan ibarət dram kollektivi təşkil olunur, pioner Ağadadaş Qurbanov kollektivə həm rəhbər, həm də rejissor olaraq təyin edilir”.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, gənclik illərində Ağadadaş Qurbanov mütəmadi olaraq teatr tamaşalarına gedər Mirzağa Əliyevin, Sidqi Ruhullanın, Abbasmirzə Şərifzadənin, Rza Təhmasibin, Mərziyə Davudovanın, İsmayıl Hidayətzadənin, Ülvi Rəcəbin ifalarına baxar, imkan tapıb səhnə arxasına keçərək, dekora, əlbəsələrə diqqət yetirər, tamaşadan sonra aktyorların arxasınca düşərək, onların hərəkətlərinə, danışıqlarına göz qoyardı. Balaca Ağadadaşın səhnəyə olan sonsuz həvəsi, aktyorluq istedadı Sidqi Ruhullanın İsmayıl Hidayətzadənin diqqətini cəlb etdiyindən onlar daim Ağadadaşın fəaliyyət göstərdiyi dərnəyə gələr, balacaartistlərəyardım edərdilər.

 Beləliklə, Ağadadaş Qurbanov böyük Azərbaycan dramaturqları Əbdürrəhim bəy Haqverdiyev Nəcəf bəy Vəzirovun məsləhəti ilə Teatr texnikumuna daxil olur eləcə binası olmayan dram dərnəyinə pəhbərlik edir. Bu məqamda elmi monoqrafiyanın müəllifi olan İmran Axundov araşdırmalarının nəticəsi olaraq yazır: “Bina olmadığı üçün tamaşaları şəhərin klub mədəniyyət saraylarında göstərirlər. Tamaşanın ərsəyə gəlməsi üçün lazım olan əşyaların çatışmazlığından (dekor, rekvizit s.) əziyyət çəkən kollektiv S. Ruhulla İ. Hidayətzadənin köməyi ilə dərnəkdə öz işlərini getdikcə artırırlar”.

 

Ardı var

 

Anar Burcəliyev

Teatrşünas-tənqidçi

 

Hürriyyət.- 2022.- 14 iyun.- S.15.