Bir sənətkar
ömrünün elmi araşdırması
İmran Axundovun “Ağadadaş
Qurbanov” monoqrafiyası haqqında düşünərkən
Əvvəli ötən
sayımızda
Müəllif İmran
Axundov elmi monoqrafiyanın ikinci fəslini “Aktyor və
Bakı Uşaq Teatrı (1929-1935)” adlandıraraq oxucunu bu
dövrdə yaradılan, mühüm sənət yolu
keçən Bakı Uşaq Teatrının
yaradıcılıq yoluna eləcə də burada aktyorun səhnə
fəaliyyətinə nəzər yetirməklə onun fəaliyyətinin
geniş aspektlərindən ətraflı söhbət
açır. Qeyd etmək lazımdır ki, Bakı Uşaq Teatrı rəsmi
olaraq fəaliyyətə başladığı ilk gündən
özünün ciddi fəaliyyəti ilə fərqlənib. Teatr öz repertuar
siyasətinin tənzimlənməsi ilə yanaşı
dünya mədəniyyətini, ədəbiyyatını dərindən
öyrənir, öz yaradıcılıq keyfiyyətlərini
yüksəltməyə hər zaman
çalışırdı. Müəllif bu mərhələni təhlil
edərkən yazır: “Kollektiv arasında aktyor sənətində
köhnəlmiş üslubi xüsusiyyətlər, “oyun”
teatrlarından qalma vərdişlər: yalançı pafos,
deklamasiya, zahiri plastika və sairəyə qarşı da
mübarizə gündən-günə genişlənirdi. Onlar bu çətinliklərə dözərək
ruh yüksəkliyi ilə çalışırdılar.
Hələ onları qarşıda daha çətin
işlər gözləyirdi. Teatrın
daimi binaya, peşəkar insanlara ehtiyacı var idi. Ən böyük çətinlik orijinal əsərlərin
olmaması idi”.
Elmi monoqrafiyada yeni yaradılan teatrın qastrol səfərlərindən
də geniş söhbətlər açılır. Xüsusi ilə
1930-cu ilin fevralında Bakı Uşaq Teatrının
aktyorlarının Gəncə şəhərində on bir
gün müddətində qastrolda olmaları haqqında
müfəssəl məlumatlar verilir. Burada
ancaq “Qırmızı qalstuk əleyhinə” pyesinin
tamaşasının göstərilməsi ilə əsərin
Gəncə məktəblilərinin marağına səbəb
olduğundan gündə iki dəfə ümumilikdə on bir
günə altı min məktəblinin bu tamaşaya
böyük maraqla baxması qeyd edilir.
Elmi
monoqrafiyada həm də bu dövürdə Bakı Uşaq
Teatrının kollektivinin daha iki əsər olaraq
hazırladığı R. Beqakın “Vur-qur” (quruluş Qabriel
Kornelli, tərcümə Əsəd Tahir, rəssam Pavel
Velinski) və Q. Kornellinin “Uzaq yaylaqda” (rejissor müəllifin
özü, tərcümə F. Axundov, rəssam N. Kovalenko)
pyeslərinin maraqlı səhnə taleyindən söhbət
açılır. Müəllif İmran Axundov qeyd edir ki; “Bakı Uşaq
Teatrı öz fəaliyyətini genişləndirmək
üçün rayonlara üz tutmalı, öz fəaliyyət
dairəsini genişləndirməli idi. Bu məqsədlə
onlar “Qırmız qalstuk əleyhinə”, “Vur-qur” və “Uzaq
yaylaqda” tamaşalarından ibarət repertuar düzəldib,
1931-ci ilin iyun-iyul aylarında Şəki, Ağdam,
Göyçay, Lənkəran rayonlarında qastrol
tamaşaları göstərdilər. Kollektiv
rayon mərkəzlərində tamaşalar verməklə
yanaşı kolxoz və kəndlərdə də tamaşalar
oynayırdılar”.
Müəllifin elmi araşdırmalarından bəlli
olur ki, bu qastrollar həmçinin həmin dövrün mətbu
orqanlarında da işıqlandırılmaqla geniş oxucu
gütləsinə təqdim edilib. Belə ki, bu dövrdə “Gənc
işçi” qəzeti yazırdı: “İşçı və
kəndli cocuqlarını passiv və zərərli məşğələlərdən
ayıraraq aktivləşdirmək istədiyimiz bir zamanda
işçi cocuqlar teatrosunun varlığı əlimizdə
ən canlı bir vasitədir”. Və ya 19 iyun 1931-ci il tarixli “Gənc işçi” qəzetində
yazılırdı: “Aktyor Ağadadaş Qurbanovun hər bir
çıxışı tamaşaçıların
çox xoşuna gəlir və sürəkli
alqışlarla qarşılanır. Günlər
keçdikcə o, daha çox ümidlər verir. O,
böyük gələcəyi olan aktyordur”.
Qeyd etmək lazımdır ki, Ağadadaş Qurbanov
1932-1936-cı illərdə Bakı Uşaq Teatrında
bir-birinin ardınca müxtəlif rollar ifa edib. Belə ki, Vəhşi
insan (R. Kipling “Tək başına gəzən pişik”, səhnələşdirəni
və rej. Q. Kornelli, tərcümə M. Mərdanov,
rəssam S. Yefimenko), Səməd (Q. Kornelli “Qoçaq Səməd”,
rej. S. Dadaşov, tərcümə F.
Axundov, rəssam N. Kovalenko), Klenervan (J. Vernin “Kapitan Qrantın
uşaqları” eyni adlı romanı üzərində səhnələşdirilən,
tərcümə M. Mərdanov, rej. S. Dadaşov və Q.
Kornelli, rəssam N. Kovalenko), Mail (C. Cəfərov, Ş. Məlikyeqanov
“Küçələrdə”, rej. Q, Kornelli, rəssam
N. Kovalenko), Qaneş (R. Taqor “Əfilər”, səhnələşdirən
və rej. Q. Kornelli, tərcümə F.
Axundov, rəssam N. Ovçinnikov), Niftəli (Ə. Haqverdiyev
“Sağsağan”, rej. Q. Kornelli və M.
Haşımov, rəssam N. Kovalenko), Q. J. Şmidt (Ə. Atayev,
Ə. Həsənov “Çelyuskinçilər”, rej. S. Dadaşov, rəssam N. Kovalenko), Professor (V. Lyubimova
“Seryoja Streltsov”, rej. M. Haşımov, tərcümə
M. Mərdanov, rəssam F. Qusak), Ayaz (M. M. Seyidzadə “Ayaz”,
rej. M. Haşımov, rəssam F. Qusak) kimi obrazlarla
yanaşı həmçinin Şamil Məlikyeqanovun “Papiros
çəkmə” (rəssam Sadıq Şərifzadə) və
Hacağa Abasovun “Sabirin məhkəməsi” (Məmmədağa
Dadaşovla birlikdə, rəssam Məmməd Əlizadə)
adlı əsərlərinin də səhnədə
maraqlı rejissor traktofkası haqqında fikir və mülahizələri
oxucuların diqqətinə təqdim edilir.
Tarixi mənbələrə
nəzər salarkən görürük ki, Bakı Uşaq
Teatrına Azərbaycan Xalq Maarif Komissarlığının əmri
ilə 1936-cı il iyun ayının 18-dən
etibarən Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı adı verilib. 1937-ci
ildə görkəmli uşaq yazıçısı və
şairi Abdulla Şaiq teatra pedaqoji hissə müdiri təyin
edilib. A. Şaiqin kollektivə gəlməsi
teatrın həyatında əlamətdar hadisə kimi qiymətləndirilərək
təcrübəli ədib və müəllim olaraq pedaqoji
hissə üzrə bir sıra tədbirlər həyata
keçirilib. Qeyd etmək lazımdır
ki, bu dövrdə A. Şaiq məktəblilərin teatra olan rəğbətini
daha da artırmaq, uşaqlarda bədii zövqü yüksəltmək,
onları əməyə həvəsləndirmək məqsədi
ilə maketçilər və eskizçilər dərnəklərini
yaratmağa müvəffəq olub. Bu dərnəklərdə
fəaliyyət göstərən müxtəlif yaş
qruplarından olan şagirdlər ilk tamaşadan sonra
hazırladıqları maketləri və eskizləri sərgidə
nümayiş etdiriblər. Müəllif İmran Axundov
məhz Gənc Tamaşaçılar Teatrının bu
dövrdə fəaliyyətinə geniş nəzər yetirməklə
elmi monoqrafiyanın üçüncü fəslini “Aktyor və
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı (1936-1952)” adlandıraraq bu dövrdə aktyor
Ağadadaş Qurbanovun genişlənən səhnə fəaliyyəti
haqqında ətraflı təhlillər aparır. Onun bu
dövrdə olan səhnə fəaliyyəti haqqında
müəllif yazır: “Kollektivin əsas aparıcı
aktyorlarında biri olan Ağadadaş Qurbanov 1937-1945-ci illərdə
teatrın səhnəsində müxtəlif xarakterlərə
malik olan obrazlar yaratmışdır. Onun ifasında Seyid, Məmməd,
Kikel, Molla İbrahimxəlil, Xlestakov, Eldar, Seyran, Babək,
Atakişi, Sədaqət, Hacı Qəmbər, Karl Moor, Elman,
Aydın, Məlik Məmməd, Qaplan kimi surətləri
maraqla izlənilən səhnə obrazlarının bir
qismidir”.
Müəllif İmran Axundov həmçinin aktyorun bir
neçə obrazlarının dövrü mətbuatda
haqlı olaraq tənqid hədəfinə çevrilməsi
haqqında yazarkən onun yaradıcılığına
böyük həssaslıqla yanaşmaqla dövrü mətbuatda
nəşr olunan tənqidi yazılara da münasibət
bildirir.
Müəllif qeyd edir: “1937-ci ilin fevral ayının 1-də L.
Makarovun “Əmirin əsirləri” tamaşası Məhərrəm
Haşımovun tərcüməsində (ikinci tərcüməçi
M. Dadaşov) və quruluşunda tamaşaya qoyuldu. 1929-1930-cu illərdə Tacikistanda baş vermiş
kolxosçularla basmaçıların mübarizəsinin
işıqlandırılması tamaşanın fikir və
ideyasının əsasını təşkil edirdi.
Aktual və yığcam hazırlanmış bu əsərdə
Ağadadaş Qurbanov mənfi tip olan Seyid obrazını ifa
edirdi. Tənqid Ağadadaş Qurbanovu Seyid
obrazının düzgün başa düşməməkdə
günahlandırırdı. Aktyor
satqın, yaramaz bir tip olan, “bəlkə də qaytardılar” xəyalı
ilə yaşayan, kolxoz hərəkatının düşməni,
basmaçılara “bacardığı qədər” kömək
edən Seyidi müsbət bir obraz kimi oynayırdı. Əlbəttə, bu səhv aktyorun
bacarıqsızlığından deyil, rolu düzgün
başa düşməməsindən irəli gəlirdi”.
İmran
Axundov monoqrafiyanın dördüncü fəslini “Aktyor və
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (1953-1965)” və
beşinci fəslini isə “Aktyor və Azərbaycanfilm
(1941-1965)” adlandırmaqla bu fəsllərdə Ağadadaş
Qurbanovun Akademik Milli Dram Teatrının səhnəsində
yaratdığı obrazlarını təhlil etməklə
aktyorun səhnə quruluşlarında maraqlı
obrazlarının diapazonunu böyük ustalıq və həssalıqla
oxucularına təqdim edə bilir. Həmçinin aktyorun kino
fəaliyyəti də geniş bir formada təhlil edilməklə
onun “Səbuhi” (1941), “Şamdan bəy” (1956), “Qızmar günəş
altında” (1957), “Bir qalanın sirri” (1959), “Koroğlu” (1960),
“Bizim küçə” (1961), “Telefonçu qız” (1962), “Zəncirlənmiş
adam” (1964), “Arşın mal alan” (1965), “Yun şal” (1965) bədii
filmlərindəki obrazları haqqında da maraqlı
mülahizələri ilə elmi monoqrafiyasını oxucular
üçün daha təsirli forma və üslublarında təqdim
edir.
Nətcə etibarı ilə fəlsəfə doktoru
İmran Axundovun qələmə aldığı
“Ağadadaş Qurbanov” adlı elmi monoqrafiyası Azərbaycan
mədəniyyəti tarixində xüsusi yeri olan Xalq artisti
Ağadadaş Qurbanovun bir sənətkar olaraq səhnə
tendensiyaları və obrazlarının təqdimi üslubunda
maraqla oxunan orjinal yazı nümunəsidir.
Anar Burcəliyev
Teatrşünas-tənqidçi
Hürriyyət.-
2022.- 21 iyun.- S.15.