BƏŞƏR ÖVLADININ
HÜRRİYYƏT VƏ İSTİQLALI
ƏNUŞİRƏVAN
İBRAHİMİ QANUNLARI VƏ
FİRİDUN İBRAHİMİ
ANAYASASI!
Fədakarlığınız
nəticəsiz qalmayıb. Məsləkinizlə,
mübarizə əzminiz və şəhadətinizlə
yandırdığınız milli
azadlıq məşəli bu gün sizin yolunuzu davam etdirən milyonlarla türk ərənlərinin
ürəyində alovlanaraq azadlıq yoluna nur saçmaqla
türkün milli
azadlığını addım-addım
yaxınlaşdırır.
Firidun Qəni oğlu İbrahimi
21.11.1918-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində milli azadlıq hərəkatının fəal üzvlərindən biri olan Qəni Mirzə Ağabala oğlunun ailəsində anadan olub. Hələ gənclik illərində Tehran universitetinin hüquq fakültəsində oxuduğu zaman milli ruhlu azadlıq mübarizi kimi yetişir. Təhsilini başa vurduqdan sonra ona İranın müxtəlif şəhərlərində samballı vəzifələr təklif etsələr də, o bunlardan imtina edib Təbrizə gələrək Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi 21 Azər hərəkatına qoşularaq qısa bir müddətdə hərəkatın mətin, dönməz və önəmli şəxsiyyətlərindən birinə çevrilir. O Azərbaycan Demokrat Firqəsinin, Milli Məclisinin, Milli Hökumətinin qurulması və fəaliyyətində fəal iştirak edir. F.İbrahimi Cənubi Azərbaycan Demokratik Respublikası qurulduğu 12.11.1945-ci il tarixindən, respublikanın süqut etdiyi 12.12.1946-cı il tarixinə qədər respublikanın Baş Prokuroru olub. Respublika ingilislərin dəstəklədiyi şah qoşunları ilə qeyri-bərabər müharibədə süqut etdiyi vaxt hökumət üzvlərinin (S.C.Pişəvəri və M.Bağırzadə (Biriya) istisna olmaqla) və səhra komandirlərinin əksəriyyətinin Sovet Azərbaycanına mühacirət etməsinə baxmayaraq nəinki Cənubi Azərbaycanı, hətta Təbrizi belə tərk etmir. Vətəndə qalıb düşmənlə son nəfəsə qədər mübarizə aparmağa üstünlük verərək bu addımını belə əsaslandırır: – “Xalqı bu mübarizəyə biz cəlb etmişik. Onları yalnız qoymağa haqqımız yoxdur. Onların yanında qalıb ölmək, qaçmaqdan və vətəni tərk etməkdən daha yaxşıdır”.
Məsləkdaşları ilə birlikdə düşmənin mühasirəsində Cənubi Azərbaycan Demokrat Firqəsinin binasında barrikada qurub 34 saat düşmənlə döyüşən F.İbrahimi düşmənin əlinə keçmiş, altı ay Təbrizin və Tehranın zindanlarında işgəncəyə məruz qoyulduqdan sonra belə, əyə, sındıra bilmədikləri, 22.05.1947-ci ildə dara çəkilən Azərbaycanın Baş Prokurorunun Təbrizdə “Ağalı” (bugünkü “İmamiyyə”) qəbristanlığındakı məzarı bu gün də İrandakı bütün milli şüuru olan türklərin müqəddəs ziyarətgahı, and yeridir.
Ənuşirəvan Qəni oğlu İbrahimi
12.05.1926-cı ildə Cənubi Azərbaycanın Astara şəhərində milli azadlıq hərəkatının fəal üzvlərindən biri olan Qəni Mirzə Ağabala oğlunun ailəsində anadan olub. O ibtidai təhsilini Astara şəhərində başlasa da, atasının Nəhavəndə sürgün olunması səbəbindən ibtidai təhsilini də orada davam etdirir. Cənubi Azərbaycanda Demokratik Respublika qurulduqdan sonra Ə.İbrahimi Təbrizə gələrək orada təsis edilmiş polis məktəbində təhsilini davam etdirir. Milli hökumət süqut etdikdə böyük qardaşı, Milli Hökumətin baş prokuroru Firidun İbrahimi onu çağıraraq təcili Astaraya gedərək bacılarının Sovet İttifaqına mühacirət etməsinin qarşısını almağı tapşırır. Bu zaman bütün Cənubi Azərbaycan geniş zindana çevrilmiş, Tehran hökumətinin polis və hərbi qüvvələri yaşayış məntəqələrini, əsas yolları və Şimali Azərbaycanla sərhədləri güclü nəzarətə götürmüşdü. Astara çayı boyundakı sıldırıma çatdıqda təqib edildiyini görüb özünü aşağı ataraq qarlı sıldırımdan sürüşüb çayın kənarına düşən kimi qarşısında iki silahlı sərhəd keşikçisini görür. Məcburən Şimali Azərbaycanda qalmalı olur. Burada ali təhsil və alimlik dərəcəsi alır. Burada Azərbaycan Demokrat Firqəsinin müxtəlif rəhbər vəzifələrində çalışır. 1978-79-cu ildə şahlıq rejimi devrildikdən sonra vətənə qayıdaraq Təbrizdə İran Xalq Partiyasının Azərbaycan yerli təşkilatının – Azərbaycan Demokrat Firqəsinin katibi olaraq fəaliyyətə başlayır. Öz şəxsi keyfiyyətlərinə görə çox qısa zamanda xalq arasında böyük nüfuz sahibi olur. O qardaşı Firudinin məzarı önündə duraraq söyləyir: Əziz qardaşım! «Böyük ustadım! Mən bütün bu illər boyu səninlə birlikdə yaşamışam və mənə öyrətdiyin hər şeyə əməl etmişəm. Sənə qovuşmaq üçün də yolunu davam etdirirəm». Ruhulla Xomeyninin şovinist molla rejimi mütərəqqi siyasi qüvvələrə qarşı terror elan etdiyi zaman Ə.İbrahimi Təbrizdə idi və çox asanlıqla mühacirət edə bilərdi. Lakin o qardaşı kimi son nəfəsinədək mübarizə etməkdə qərarlı idi. O Tehrana gedir və Mərkəzi Komitənin digər üzvləri ilə birlikdə həbs edilərək 13.09.1987-ci ildə Tehranda, “Evin” zindanında edam edilir. Tehranın şərq hissəsində “Xavəran” (keçmiş Misgərabad) qəbristanlığında dəfn edilib.
Bu gün İran
adlanan coğrafiyada
1370 il öncə ərəb
işğalçılarını məğlub edib 1925-ci ilə qədər, yəni, 1274 il ərzində bu ərazidə
böyük bir imperiya quran türk xanədanlarından Əhməd şah Qacarı ingilislərin köməyilə
hərbi çevriliş edib
hakimiyyətə sahib olan
fars şovinisti Rza Pəhləvi İranda
türk dilini, türk mədəniyyətini, tədrisini, mətbuatını
qadağan edərək bu
coğrafiyada öz milli ərazilərində yaşayan
bütün türkləri assimilyasiya edərək farslaşdırmaq
siyasəti yeridib. Pəhləvilər 53 illik hakimiyyəti dövründə öz təbii milli
hüquqlarını tələb edən milyonlarla
türk aydınlarını, mübarizlərini
qətlə yetirib, zindanlarda
çürüdüb. Pəhləvilərin
zülmündən cana doyan
xalqı islam dini,
şiəlik nağılları ilə aldadaraq
hakimiyyətə gələn Ruhulla Xomeyninin qurduğu islam rejimi şahlıq
rejimindən daha qəddarlıq və hiyləgərliklə
türkləri məhv edir, dilinə, mədəniyyətinə,
tədrisinə və s. daha
sərt qadağalar qoyur.
Bu molla rejimi bir
tərəfdən polis, məhkəmə,
hərbi zor vasitəsilə türkləri,
eləcə də başqa millətləri
fiziki məhvə düçar
edir, digər tərəfdən isə
onların zehinlərini din ilə qandallayaraq onları mənəvi əsarəti
altına alır. Məhz din vasitəsilə
başqa millətlərin milli
ruhunu, milli mənliyini
və şəxsi azadlıq hisslərini, düşüncələrini
boğmağa çalışırlar.
Hamıya məlumdur ki, insanın inzibati azadlığının
reallaşdırılmasının əsası onun iqtisadi
azadlığıdır. Bu gün Tehranın molla rejimi İran
əhalisini, xüsusilə türk əhalini
dilənçi halına gətirmək hesabına təkcə
Suriyada Bəşər Əsədin
hakimiyyətdə qalmasına ildə 8 (səkkiz) milyard ABŞ dolları xərcləyir. Əgər
İranın ərəb ölkələrində böyük silahlı birləşmələr saxladığını, Ermənistana kömək
üçün milyardlarla
dollar xərclədiyini, Türkiyə və
Azərbaycan dövlətinə qarşı təxribat
qrupları yaradaraq maliyyələşdirilməsi,
İranda məmurların büdcəni oğurlaması,
rüşvətxorluq və s. nəzərə
alsaq molla rejiminin İranda yaşayan millətlərə düşünülmüş şəkildə hərtərəfli
divan tutduğu məlum
olur. Bəşər övladı ancaq elmə sarılmaqla, öz
azadlığı uğrunda mübarizəni
elmi əsaslarla qurduğu
zaman azad ola bilər. Məhz bu baxımdan mən Şapur
Qasimi məzmununu kəşf etdiyim və İranda türk milli azadlıq
mübarizəsinin öndərlərindən olan
Ənuşirəvan Qəni oğlu İbrahiminin şərəfinə “obyektiv Mülkiyyət, Bölgü
və Əmək Haqqının Ənuşirəvan
qanunları” adlandırdığım qanunlar
əsasında məşhur hüquqşünas Məmmədxan
Əzizxanlı ilə birlikdə hazırlayaraq 1945-46-cı
illərdə Cənubi Azərbaycan Demokratik
Respublikasında Seyid Cəfər Pişəvərinin
başçılıq etdiyi hökumətin
Baş Prokuroru olmuş. Firidun Qəni oğlu İbrahiminin şərəfinə
“Turan dövlətinin Firidun
İbrahimi Anayasası”
adlandırdığımız Anayasanın qısa
şərhini və bəzi müddəalarını İran adlanan
coğrafiyadakı insnalara
ünvanlayıram. Bu qanunların və Anayasanın məzmunu nəinki türk millətinə İran
coğrafiyasında azad olaraq
böyük Turanın tərkib hissəsinə
çevrilməyə, eləcə də digər millətlərə
azad yaşamağın yollarını
göstərəcək, bizim milli azadlıq mübarizəmizin nəticəsi
olaraq hökmən azadlıq günəşi
doğacaq.
Ardı var
Şapur Qasımi
Hürriyyət.- 2022.- 28 iyun.- S.14.