BİR VİDA BORCUMUZ VARDI
Xalq artisti Zülfüqar Abbasovun əziz
xatirəsinə
Əvvəli ötən
sayımızda
İnsan əzəməti hər an
onun varlığının bir hissəsi olaraq
düşüncələrinin qisməti qədər doğmalaşa
bilir. Bu doğmalıq onun var
olduğu zamanında o qədər də hiss olunmur.
Çünki hər vaxt
bir zaman kəsiyində onu görə bilmək istəyi
bu hissi
üstələmiş
olur.Bir aprel tarixinədək
tanınmış rejissor, Azərbaycan Respublikasının Xalq artisti
Zülfüqar Abbasovla görüşmək hissi qədər doğma və əziz bir
duyğunun şirinliyi tək. Doğrusu, bir aprel tarixində səhərin
alaqanlığının yenicə köksünü
yardığı zamanında həyat yoldaşı Mədinə
xanımdan ilk olaraq
aldığım
acı xəbərə
bir az da inanmamaq istəsəm də, sonradan bu xəbərin həqiqət
olduğunu anlaya bildim. Məhz bir aprel tarixində görkəmli
rejissor, Mingəçevir Dövlət Dram
Teatrında bir çoxlarının əlindən tutub
müqəddəs səhnənin onlar
üçün
sözün əsl mənasında böyük sənət məbədi
olaraq sevdirən bir müəllimi hesab
edilən, Xalq artisti Zülfüqar Abbasov
ömrünün 82-ci ilində bu fani dünya ilə əbədi
olaraq vidalaşdı. Vidalaşdı demək qədər
çətin bir kəlmənin ifadə edilməsi mənim
dilimdə hər an çox ağır olub. Elə
bu gün də ağırdır. Zülfüqar Abbasov
kimi bir şəxsiyyətin vida sözünü də demək çətindən
çətin idi. Ancaq bir vida borcumuz
vardı. Zülfüqar Abbasova olan
vida borcu
Hətta
bu gün böyük ədib Cəfər Cabbarlının
“Sitarə” librettosundan söhbət düşərkən,
onun uğurlu səhnə traktofkasından danışarkən
Xalq artisti Zülfüqar Abbasovun xatirələrində
oxuyuruq: “Yadımdadır, o vaxt mənim beynimdə Cəfər
Cabbarlının “Sitarə” librettosunu faciə kimi səhnələşdirib,
tamaşaya qoymaq fikiri oyanmışdı. Çox
həvəs və istəklə bu işə başladıq.
Tamaşa hazır oldu. Cəfər
Cabbarlının “Sitarə” tamaşasında rolları
teatrın ən aparıcı aktyorlarına vermişdim.
Hətta bunlardan- Zülfü Məmmədovun, Afət
Əliyevanın, Şıxı Yaqubovun, Namik Abdullayevin,
İbrahim Salamovun oyunları mənim özümü də
heyrətləndirmişdi. Mən, müəllifə
sadiq qalaraq, tamaşanı klassik Yunan üslubunda
hazırlamışdım. Ona görə
də tamaşa monumental və baxımlı
alınmışdı”.
2016-cı ilin iyun ayı idi. Bir gün
Zülfüqar Abbasov mənə telefonla zəng edib bildirdi ki,
Qazax Dövlət Dram Teatrında C. Cabbarlının
“Solğun çiçəklər” pyesini hazırlayıb.
Tamaşaya baxmaq üçün məni ictimai
baxışa Qazaxa dəvət edir. Mən
böyük məmnunluq və həvəslə bu dəvəti
qəbul edib qeyd edilən tarixdə Qazaxa yollandım.
Zülfüqar Abbasovun rejissor traktofkasında bu tamaşaya
baxarkən bir daha əmin oldum ki, həqiqətən bu gün klassik dramaturgiya ona görə
öz aktuallığını qoruyub saxlaya bilir ki, dramaturqlar
öz əsərlərində bəşəri ideyaları tərənnüm
etməklə, fikir tamlığını qorumaqla,
zamanının pyeslərində belə ideya və
düşüncələri müasir olur. Məhz
bu gün Cəfər Cabbarlı dramaturgiyasının
müasirliyi də dövrünün, zamanının problemlərini
öz aktuallığı ilə qorumasındadır. Zülfüqar Abbasov isə quruluşunda Cəfər
Cabbarlı ideya və baxışlarına sadiq qalaraq ilk
öncə bu aktuallığı qoruya bilmişdir.
Ümumiyyətlə Cəfər Cabbarlı dramaturgiyası bəsit və natamam əlavələri qəbul
etmir. Cabbarlı yaradıcılığında
dramaturji janrına həmçinin ideyasına uyğun olaraq hər
hansı bir əlavə və artırmalar
mümkünsüzdür. Ancaq
tamaşanın quruluşçu rejissoru, Xalq artisti
Zülfüqar Abbasov çox böyük bir risq etməklə
pyesə yeni bir personaj əlavə etmişdir. Bu Dərviş obrazıdır. Səhnədə
cəmi iki pərdədə görünən Dərviş
aktyor Nəsimi Aşbazov vəziyyətlər dinamikasına
daha çox yaxın idi. Bəhramın sanki
sonradan başına gələcək hadisələri bir ilahi
varlıq kimi işarətlə “Məndə əvvəl sənin
kimi idim, indi necəyəm” söyləməsi səhnədə
Dərviş obrazının maraqla izlənilməsinə
şərait yaratmış olurdu. Xalq
artisti Zülfüqar Abbasovun quruluşunda “Solğun
çiçəklər” pyesi olduqca maraqlı, hadisələr
dolğun və ardıcıl şəkildə bir-birini əvəz
edirdi. Tamaşanın daha baxımlı
olması üçün rejissor cərəyan edən hadisələrin,
vəziyyətlərin reallığı və
dolğunluğu üçün yüksək ritm yaratmaqla səhnədə
hər bir mizan rejissor traktofkası ilə daha dəqiq göstərilmişdir.
Pyesdə cərəyan edən hadisələrin
inkişafı olduqca surətli və eyni zamanda təbii idi.
Rejissor traktofkası öz mizanları ilə
əvvəldən sonadək dramatik
gərginliklə inkişaf edirdi. Həmçinin
bu arada qeyd etmək istərdim ki, rejissor Zülfüqar Abbasov
hər zaman öz quruluşlarında müəlliflərin təqdim
etdiyi pyesi olduğu kimi səhnəyə gətirmirdi. O,
hər hansı bir səhnəni mizanlara görə ya dəyişirdi,
ya da ona əlavələr etməklə orjinallığı qorumağa
çalışırdı. Bununla da Xalq artisti
Zülfüqar Abbasov hər zaman “tamaşanın üç
müəllifi olur: dramaturq, rejissor və teatr kollektivilə bərabər
tamaşaçı” fikirlərinə sadiqliyini nümayiş
etdirmiş olurdu. Bu
baxımdan onun Qazax Dövlət Dram Teatrının səhnəsində
hazırladığı “Solğun çiçəklər”
pyesinə vermiş olduğu yeni quruluşu orjinal və təqdirə
layiq idi.
Qeyd etmək lazımdır ki, Zülfüqar Abbasov həmçinin
bir çox tamaşalarda da həm də aktyor kimi
çıxışlar edib. Onun zehni,
yaddaşı o qədər güclü idi ki, bəzən
tamaşaların bütün mətnlərini belə tam olaraq
əzbərdən bilir, səhnədə ifa etdiyi obrazları
özünün rejissor və aktyor təxəyyülünün
süzgəcindən keçirərək ona bir bənzərsizlik
bəxş edirdi. Bu zaman isə onun ifasında
hər hansı bir obraz öz təsir gücü ilə
uğurlu səhnə traktofkasında daha maraqla baxılır
və surətin aktyor ştrixləri özünün təsir
gücünü səhnədə artıraraq daha çox fərqlənirdi.
Bu baxımdan hər zaman səhnə obrazları təhlil
olunarkən Zülfüqar
Abbasovun münasibəti bir mənalı olaraq fərqlənirdi
və bu haqda deyirdi: “O xalqın, millətin ki, fikir, fəlsəfi,
etik baxışı olan teatrı yoxdursa, həmin millətin,
xalqın tərəqqisi də heç vaxt kamil ola bilməz”.
1997-ci ildə
Şeyx Şamilin 200 illik yubileyi münasibətilə Mehdi
Hüseynin “Şeyx Şamil” faciəsi Zülfüqar Abbasovun quruluşunda
Azərbaycan Opera və Balet Teatrında göstərilən
vaxt ulu öndər Heydər Əliyev də bu tamaşaya
baxıb və rejssor traktofkasını yüksək dəyərləndirib.
Söhbət əsnasında o, öyrənib ki,
bu tamaşanın quruluşçu rejissoru Zülfqar Abbasov
uzun illər teatrda çalışsa da, hələ bu vaxta qədər
fəxri ad almayıb. Bu tamaşadan sonra
ümummilli lider Heydər Əliyevin sərəncamı ilə
ona birbaşa “Azərbaycan Respublikaının Xalq artisti” fəxri
adı verilib. Bu hadisə Azərbaycan
rejissor sənəti yaradıcılığında ikinci belə
bir hal idi ki, 2000-ci ildə Adil İsgəndərovdan sonra
ölkə rəhbəri ona birbaşa “Xalq artisti” fəxri
adını verirdi.
Zülfüqar Abbasov həm də təkcə rejissor
deyil o, həm də maraqlı dramaturq kimi də Azərbaycan
teatr tarixində qələm sahibi olaraq öz bacarıq və
istedadını sınaya bilib. Onun qələmə
aldığı “Fillər ayaq üstə ölürlər”
(“Anda xəyanət”), “Nabat xalanın çörəyi”, “Qəribə
düşmənlər”, “Kefdi bu millət”, “Vətən dərdi”,
“Qisas günü”, “Ön xətdə müharibə” pyesləri
böyük uğurla Mingəçevir və Qazax Dövlət
Dram teatrlarının səhnələrində
hazırlanıb.
Qeyd etmək
lazımdır ki, Zülfüqar Abbasov həmçinin uzun illər
Qərb regionunda fəaliyyət göstərən “El” TV-nin
efirində də maraqlı verlişləri olan “Fatehlər” və
“Mənəviyyatımız tarixi qaynaqlarda” layihələrinin
müəllifi, rejissoru və həm də aparıcısı
kimi də çalışıb. Sənətkarın ən
yaxın dostlarından biri hesab edilən Hacı Nərimanoğlu bu fəaliyyəti
yüksək dəyərləndirərək onun haqqında
xatirələrində yazır: “Sözümüz, dərdimiz,
sirrimiz bir idi. Olduqca millət, vətənsevər
ziyalı idi, dövrün, zamanın dərdini içində
gəzdirən, mümkün olduğu qədər
tamaşalarına daşıyan əsl teatr xadimi idi. O,
böyük maarifçi idi. 2008-ci ildən təqaüdə
çıxandan sonra səhhətinin yol verdiyi qədər nə
az, nə çox beş il "El” TV-də maraqlı
verlişlər aparırdı, “Fatehlər” və “Mənəviyyatımız
tarixi qaynaqlarda” layihələrinin müəllifi, rejissoru və
aparıcısı olaraq bu mssiyanı uğurla və layəqətlə
daşıyırdı”.
Dövlətimiz hər zaman Zülfüar Abbasovun
yaradıcılığını yüksək dəyərləndirərək
onun rejissor fəaliyyətini diqqət mərkəzində
saxlayırdı. Belə ki, onun uzunmüddətli səhnə fəaliyyəti
nəzərə alınaraq ölkə
başçısı İlham Əliyev tərəfindən “Tərəqqi” medalına və “Prezidentin fəxri” diplomuna layiq
görülmüşdür.
Bu gün
böyük fəxarət hissi ilə qeyd etmək istəyirəm
ki, uzun illər Azərbaycan
teatrı üçün əvəzsiz xidmətlər
göstərən, adlarını xalqımızın mədəniyyət tarixinə
əbədi yazdıran, özlərinin sözün əsl
mənasında sənət məktəbini yaradan rejissorlar Azərbaycan
xalqının əvəz
olunmaz milli-mənəvi sərvətidir. Azərbaycan Respublikasının Xalq artisti
Zülfüqar Abbasov da bu sərvətin bir incisi olaraq hər
zaman xatirələrdə,
zehinlərdə əbədi olaraq yaşayacaqdır.
Anar
Burcəliyev
Teatrşünas-tənqidçi
Hürriyyət.-
2022.- 17 may.- S.14.