“TEATR TAMAŞASIYLA TANINMAQ, SEVİLMƏK,

POPULYAR OLMAQ ÇOX ÇƏTİNDİR”

 

Əkbər Əlizadə: “Tanınmaq üçün gərək gərək seriallara, televiziya tamaşalarına çəkiləsən…”

 

Müsahibimiz Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Azad Azərbaycan Televiziyasının aparıcısı, Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Əkbər Əlizadədir. Onunla 45 illik yubileyi ərəfəsində sənət və yaradıcılığı haqda söhbətləşdik.

 

- Əkbər müəllim, ilk olaraq yeniliklərdən danışaq. Hazırda sənətinizdə nə kimi yeniliklər var?

- Hal-hazırda “Bəxtiyar” televiziya filminin teatr versiyasını səhnələşdiririk. Filmi teatr səhnəsinə gətirmişik. Bilirsiniz ki, “Bəxtiyar” filmi 1955-ci ildə çəkilib. İndi də Cavid İmamverdiyevin quruluşunda “Bəxtiyar” bədii filmini teatrda tamaşa kimi səhnələşdiririk. Mən “Yusif” obrazıyla iştirak edəcəm. Bu obraz tamaşaçılara mənfi obraz kimi qələmə verilib, amma mən “Yusif”i tamam başqa cür oynayacam. Çünki Saşa Yusifə demir ki, səni sevirəm, ya sevmirəm. O sözü Bəxtiyara da demir, yaxud təkzib də etmir. Ona görə, baxmayaraq ki, mən Bəxtiyarla dostam, Saşayla onun uşaqlıq dostuyuq, sevgim uğurunda belə mücadilə aparıram. Yəni obrazıma belə bəraət qazandırıram. Yenilik hələ budur.

- Sənətçilərin çoxu vaxt azlığından gileylənirlər. Teatrda tamaşalar, seriallar, üstəlik də ATV-də "Gündən Günə" verilişini aparırsınız. Bütün bunları bir araya sığışdırmaq çətin deyil?

- Bilirsiniz, necədir, düşünürəm ki, ilk növbədə sənəti sevmək lazımdır. Əgər sənəti sevirsənsə, bütün bu komponentlərin öhdəsindən gələ bilirsənsə, istər aktyorluq, istər aparıcılıq, istər studiyada mahnıların yazılışı (Bilirsiniz, mən musiqiyə bağlı olduğum üçün ara-sıra mahnılar da ifa edirəm), istər serial çəkilişləri olsun, vaxtı ayarlamağı bacarmalısan. Sadəcə olaraq bir əldə iki qarpız tutmamalısan. Əgər vaxtı nizamlamağı bacarırsansa, demək, çatdıra biləcəksən.

- Gərgin iş qrafiki ilə çalışan Əkbər müəllim ailəyə də yetərincə vaxt ayıra bilirmi?

- Mən düşünə bilirəm ki, vaxt ayıra bilirəm. Bilirsiniz, nə üçün? Mənim nə köməkçim, nə sürücüm, nə prodüsserim, nə də menecerim yoxdur. Nə olursa olsun, axşam evə gec gəlmiş olsam da səhər səkkizə işləmiş oyanıram, uşaqları dərsə aparıram. Düzdür, həyat yoldaşım da əlimdən tutur, biz bu sarıdan bir-birimizə kömək edirik. Amma uşaqları hazırlığa aparıram, idmanla məşğul olurlar, idmana aparıram. Ailədə növbələşirik ki, çətinlik yaranmasın. İstirahətimiz də öz yerində. Vaxt ayırmağa çalışıram ki, mənimlə bərabər uşaqlar da istirahət etmiş olsunlar.

- Necə düşünürsünüz, yaradıcılıq baxımından bu gün bir aktyor olaraq sizi həmkarlarınızdan hansı xüsusiyyətlər fərqləndirir?

- Deyirsiniz, indi mən özümü tərifləyim(Gülür)?! Düşünürəm ki, məni hər şeydən də əlavə, aktyor olaraq fərqləndirən tamaşaçıların, izləyicilərin dediyinə görə səmimiliyimdir. Yəni sözü hülqumumda saxlamıram, düz söz gəldisə, onu deməliyəmsə, qarşı tərəf düşünürsə ki, mən onu deməklə bəlkə də kəskin göründüm, amma sözümü deyirəm. Səmimilik - istər xoş, istər naxoş. Əgər səhnədə mən özüməmsə - Əkbərəmsə, nə “Jenifer Yılmaz”ı nə, “Mister Bin”i təqlid eləmirəmsə, pisimlə-yaxşımla əgər özüməmsə, öz keyfiyyətlərimdir, öz cəhətlərimdir, düşünürəm ki, tamaşaçı o halda aktyoru da, aparıcını da çox asanlıqla qəbul edir, həzm edir. Həm onun oynadığı oyununu, rollarını, həm də onun dediklərini. Amma bir qədər də haşiyə çıxmış olsam, düzdür, teatrda istedadsız insan çalışa bilməz, sadəcə, kiminsə istedadı başqasının istedadından doza baxımından artıqdır, düşünürəm ki, istedadım da mənim karıma gəlir. Bəzi aktyorların səsi var, plastikası yoxdur. Plastikası var, rəqs etmək qabiliyyəti yoxdur. Rəqs etmək qabiliyyəti var, aktyorluq keyfiyyətləri baxımından əziyyət çəkir... İndi o qədər özünə “peşəkar sənətkar”, “peşəkar aktyor” deyən var ki. Məsəl üçün, “k”-ya “ç”, “g”-ya “c” deyir. Hətta dublyajda rastıma gəlir, ləhcəylə danışırlar, ətim tökülür. Mənə maraqlıdır ki, görəsən, onlar özlərini eşitmirlərmi? Əgər özlərini eşitmiş olsaydılar, yəqin diksiya üzərində çalışıb təkmilləşərdilər.

- Necə düşünürsünüz, hansı obrazınız sizin "vizit kartı"nızdır?

- Balakişi. Bilirsiniz, teatr tamaşasıyla tanınmaq, sevilmək, populyar olmaq çox çətindir. Sən gərək seriallara, televiziya tamaşalarına çəkiləsən. Teatr tamaşasıyla tanınmaq çox müşküldür.

1997-ci ildə Akademik Milli Dram Teatrında Səməd Vurğunun "Fərhad və Şirin" tamaşasında Cənnət xanım Səlimovanın quruluşunda Şiruyyə rolunda oynamışdım, Həsən Məmmədov, Mikayıl Mirzə, Hicran Nəsirova, Məleykə Əsədova və Rafiq Əzimovla. Əfsuslar olsun ki, zamanında o tamaşanı lentə aldırmadım, yazdırmadım. Amma xatirə olaraq məndə şəkilləri var. 1994-cü ildən 2000-ci ilə qədər Xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera Teatrında aktyor kimi Jan Botis Molyer "Skapenin kələkləri” - Leondr, Cəlil Məmmədquluzadə "Məkkəyə yol” - Zəvvar, Vilyam Şekspir "Otello” - Lodaviko, Mirzə Fətəli Axundzadə "Xırs quldurbasan” - Mister Fok, Mirzə Fətəli Axundzadə "Dərviş Məstəli şah” - Qulaməli, Mirzə Fətəli Axundzadə "Lənkəran xanın vəziri” - Ərizəçi kimi rollarda oynamışdım. Amma "Bankir adaxlı" tamaşasında Balakişi mənim vizit kartım oldu. Hacıbaba müəllimlə, Ofelya Aslanla tərəfmüqabilliyimiz, Naibə xanımın özü, Gülşən Qurbanova anamı oynayırdılar tamaşada. O tamaşadan danışanda xatirimdə çox gözəl, nostalji hisslər yaşanır.

- “Bankir adaxlı”da Balakişi obrazının “vizit kartınız” olduğunu qeyd etdiniz. Bəs, sizi tamaşaçılara çox sevdirən, tanıtdıran hansı obrazınız oldu?

- Mənim bəxtim onda gətirdi ki, Cənnət Səlimovanın yaratdığı Kamera Teatrında uzun illər işlədim. Afaq Bəşirqızının özünün yaratdığı Bəşir Teatrında çalışdım. “Parni iz Baku” Teatrında 8 il çalışdım. Akademik Milli Dram Teatrında çalışdım. 28 ildir, artıq 29-cu ilə keçir ki, mən Akademik Dövlət Musiqili Teatrında fasilə vermədən çalışıram. İnsanlar var, 10 il bir yerdə işləyirlər, 8 il evdə otururlar, qayıdandan sonra deyirlər ki, mən 18 ildir sənətdəyəm. Mən 1 il belə fasilə verməmişəm. Hələ əsgəri xidmətdə olanda da hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, keçmiş mədəniyyət nazirimiz Polad Bülbüloğlunun tapşırığı ilə məni əsgəri xidmətdən gətirdilər ki, “Bankir adaxlı” tamaşasını oynayım. Həm də bəxtim onda gətirdi ki, silsilə rollar oynadım, həmin rollar tamaşaçıların yaddaşında qalıb. Əli Əmirlinin “İtkin ər” tamaşasında Afaq xanımla Heydər Əliyev sarayında tərəf müqabili olduq. Mən onun qardaşı Zəka rolunda oynadım. Sonra “Space TV”-də silsilə “Afaq gülür, güldürür” tamaşaları göstərildi. Orda bir neçə buraxılışlarda çıxışlar elədim. Sonra Qayınana serialına çəkildim, Ümidi oynadım. “Üç bacı” serialında Qəniməti oynadım. Qənimət rolum da məni tamaşaçılarıma çox sevdirdi. Serial “Space TV”-də 2 il sərasər nümayiş olundu.

- Siz eyni zamanda indi ATV-də yayımlanan məşhur "Qız atası" serialında Alik obrazını çox gözəl yaratmısınız. Bu rola görə tamaşaçıların sizə reaksiyası necə olur?

- "Qız atası" serialında Alik obrazı tamaşaçılar tərəfindən çox yaxşı qarşılandı, çox böyük ajiotaj doğurdu. Bilirsiniz, niyə? Mən orda xəsis, simic, bir balaca da hülqumsuz ailə başçısı rolunu oynayıram. Bu keyfiyyətlərin heç biri məndə yoxdur. Mən düşünürəm ki, aktyor hansı rol oynayırsa, o rol ona bəraət qazandırmalıdır. İndi mən Əkbər Əlizadə olaraq Alik obrazına elə bəraət qazandırıram. Əgər Səbişa lazım oldu-olmadı paltarları alıb şopinq edirsə, Alik necə əsəbləşməsin?! Pulu ehtiyatla xərcləmək lazımdır, büdcənin dəyərini, pulun qədrini, qiymətini bilmək lazımdır. Pulu xərcləmək asandır, amma qazanmaq çətin. Bir də biz bir damın altında yaşayırıqsa, Səbişa evdəki mebelləri dəyişmək istəyirsə, anam bundan necə xəbər tutmaya bilər?! Anam görməyəcək ki, evə təzə mebel gəlib?! Deməliyəm də anama. O demirsə, mən deməliyəm. Bu kimi məqamlar tamaşaçılarda yaxşı fikrə gətirib çıxarır. Axı, bunun özü də bir komediyadır. Ciddiyyətin içində komediya var. Əgər mən onu sırf ciddi oynamış olsaydım, onda bəlkə də tamaşaçıların fikri başqa səmtə dönərdi.

- Aktyorun öz sənətinin bütün incəliklərinə sahib olması üçün onun mütaliə etməsi zəruridir. Sizin mütaliəyə vaxtınız qalırmı?

- Aktyorun mütaliə etməkdən də əlavə, müşahidə etmək qabiliyyəti gözəl olmalıdır. Əgər sən oxuyursansa, mütaliə edirsənsə, oxuduqlarında fantaziyanı işlədə bilmirsənsə, təxəyyülünü işə sala bilmirsənsə, oxuduqlarını səhnədə canlandırmaq üçün həyatda müşahidə aparıb kiminsə hərəkəti, kiminsə danışıq manerası sənə hopmursa, sən onu səhnədə təbliğ edə bilməyəcəksən. Səhnədə olan aktyor isə mütləq ağıllı olmalıdır, mütaliə etməlidir, düşünməyi bacarmalıdır. Rejissor kulisdən çıxdı gəldi, qrafindən suyu süzdü, içdi, bunu necə etdi, aktyor bunları bilməlidir. Çünki o məqamda, ondan əvvəl nəsə baş verdi, həyəcanlandı, boğazı qurudu, dili damağına yapışdı, su içmək məcburiyyət qarşısında qaldı. Əgər aktyor bunu dolğunlaşdırmırsa, mütaliəni nə qədər etmiş olsa da çifayda.

 

(Ardı var)

 

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

 

Hürriyyət.- 2022.- 17 may.- S.10.