“Sözlə oynamaq mənim
üçün hobbiyə
çevrilib”
“Səmimi
söhbət”in bu dəfəki
qonağı yazıçı, şair Səhər
Əhməddir. Səhər xanımın şeir
və hekayələri, publisistik
yazıları geniş oxucu
auditoriyasına yaxşı tanışdır. Bir müddət "Xəzər"
jurnalı redaksiyasına rəhbərlik edən Səhər
Əhməd hazırda fərdi yaradıcılıqla məşğuldur.
Şeirləri "Azərbaycan", "Ulduz"
jurnallarında, qəzetlərdə və internet
saytlarında yayımlanır.
- Səhər xanım, siz bu
gün ədəbiyyat aləmində də, jurnalistika sahəsində
də, o cümlədən televiziya məkanında da kifayət
qədər tanınırsınız. Əsərləriniz
təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə, Azərbaycanımızın
Güneyində, eləcə də ingilisdilli
qaynaqlarda dəfələrlə
nəşr olunub. Bədii qiraət
ustaları şeirlərinizə dönə-dönə, sevə-sevə
müraciət edir. Güney
Azərbaycanda şeirləriniz, xüsusilə də “Ay qız” şeiriniz çox sevilir. Qeyd etdiyim kimi,
televiziya aparıcısı kimi də özünüzü
təsdiq etmisiniz, artıq öz
tamaşaçınız var. Təbii ki, bütün bu uğurlara bir günün içərisində
nail olmamısınız, müəyyən
bir yol qət etmisiniz. Uğura aparan yol adətən
enişli-yoxuşlu, keşməkeşli olur. Mümkünsə, bu
haqda eşitmək istərdik.
- Xoş sözlərinizə görə sağ olun. Doğrusu, heç vaxt yaradıcılığa karyera kimi yanaşmamışam. Yəni burada birxətli olaraq irəli getmək, nələrsə qazanmaq haqda düşünməmişəm, belə bir iddiam olmayıb. Ona görə də müxtəlif maneələr yaratmaq istəyən, yaxud məni mənfi enerjisi iə yükləməyə çalışan insanlara heç vaxt fikir verməmişəm. Çünki, dediyim kimi, yaradıcılıqdan xüsusi istəyim olmayıb. Mənim üçün şeir yazmaq, yaradıcılıqla məşğul olmaq həyat tərzidir. Başqa işlərimlə paralel düşüncələrimi, hisslərimi yazmışam. Hisslərimi ifadə etmək qabilliyyətimin olduğuna görə həmişə Tanrıya şükür etmişəm və yavaş-yavaş buna elə alışmışam ki, artıq sözlə oynamaq mənim üçün əlavə bir hobbiyə çevrilib. Məncə, əsl yaradıcılıq məhz belə olmalıdır. Yaradıcı insan yaradıcılqan nəsə ummalı deyil. Bu sanki bir futbolçunun topa olan münasibəti, topla oyunudur. Yəni necə ki, bir rəssam öz fırçası ilə yalnız yaxşı bir əsər yaratmağı düşünür, ondan o tərəfi düşünmür, eləcə də əsl şair, əsl yazıçı yazdıqlarına onu zirvəyə ucaldacaq bir vasitə kimi yanaşmır, sadəcə rəssam fırçanı, futbolçu topu seçdiyi kimi, o da özünə sözü seçir və onunla hər gün daha gözəl oynamaqdan zövq alır.
- Siz əyalətdə dünyaya gəlmisiniz, orada
boya-başa çatmısınız.
Müəyyən yaşdan sonra paytaxta gəlib burada ailə təhsil almısınız, ailə
həyatı qurmusunuz və artıq uzun illərdir ki,
Bakıda yaşayırsınız. Paytaxta
ilk gəlişinizi necə
xatırlayırsınız? Əyalətdəki həyatınızla
paytaxtdakı həyatınız, o
zamankı Səhərlə bugünkü
Səhər arasında nə kimi fərq var? Bütün bu illər ərzində
qazandıqlarınız çox olub, ya itirdikləriniz?
- Təbii ki, qazandıqlarım çox olub. Ümümiyyətlə deməzdim ki, yaradıcılığa görə nə isə itirmişəm. Yenə deyirəm, mən yaradıcılığa xüsusi enerji sərf etməmişəm. Yaradıcılığa görə nədənsə vaz keçməmişəm. Təbii ki, yaradıcı insanın yaşamı, cəmiyyətə adaptasiyası bir az çətin olur. Mən də bununla qarşılaşmışam, amma bunu ətrafıma hiss etdirməməyə çalışmışam. Bilmirəm, bunu etməyim doğru olub, ya səhv, yəni “ay, mən şairəm, mənim hallarım var, mən başqalarından fərqlənirəm, mənim öz üsyanımı ifadə etmək hüququm var” kimi düşüncələrim olmayıb. Əksinə, həyatım boyu çalışmışam ki, başqalarından fərqlənməyim, sıradan biri olum, şairlik həyatıma mane olmasın. Yəqin ki, bu səbəbdən bu günədək ciddi itkilərim olmayıb. Gənc olanda düşünmüşəm ki, bunu valideynlərimə yaşatmağa haqqım yoxdur, ana olandan sonra isə düşünmüşəm ki, bunu övladlarıma yaşatmağa haqqım yoxdur. Çünki valideynlərim üçün övlad olmuşam, balalarım üçün isə anayam. Odur ki, özümü şairliyə qoyub onların həyatını qaralda bilmərəm. Bəlkə də özümdən çox başqalarını düşünmüşəm, onu deyə bilmərəm. Bəlkə özümdən nələri isə itirmişəm, özümdən nələri isə qurban vermişəm. Amma gözlə görünəcək bir itkim olmayıb.
O zamankı həyatımla bugünkü həyatım arasındakı fərqə gəlincə isə, ali təhsil almaq üçün əyalətdən paytaxta gəlib burada yaşayan insanlarda necədirsə, məndə də elədir. Təbii ki, yaşın da böyük əhəmiyyəti var. Ümumiyyətlə, həyatımın ayrı-ayrı mərhələlərinə - uşaqlığıma, gəncliyimə, tələbəliyimə baxanda elə bilirəm ki, o adam başqa adamdır. Çünki mən həmişə həyatımda, ətrafımda baş verənləri daha dərindən anlamağa çalışıram, psixoanalizlə maraqlanıram, öz üzərimdə işləyirəm və deyim ki, o zamankı Səhərlə indiki Səhər arasında çox fərq var, hətta dünənki sənlə bugünkü sən arasında belə fərq var. Mənə elə gəlir ki, hər kəsdə belədir.
- Sizin hər bir şeiriniz özünəməxsusluğu, səmimiyyəti
ilə seçilir. Maraqlıdır ki, bu şeirlərdən
hansı daha çox avtobioqrafikdir? Yəni hansı şeirinizdə
özününzü daha
çox ifadə etmisiniz?
Təbii ki, hər bir
şeirinizdə sizdən nəsə var.
Ümumiyyətlə, hər bir
yaradıcı insan yaratdıqlarında özünü ifadə edir.
Mənə görə, yaradıcılıq
özünüifadə vasitəsidir. Amma
söhbət daha çox
avtobioqrafik olanından, özünüzü,
həyatınızı, yaşantılarınızı daha dərindən ifadə etdiyiniz
şeirdən gedir. Ümumiyyətlə, şeir yazmaq sizdə
hansı ehtiyacdan doğur?
- Mən deyərdim ki, ümumiyyətlə bütün yaradıcılığım avtobioqrafikdir. Şeirlərimdə hər zaman öz hisslərimi, duyğularımı ifadə etmişəm. Hekayələrimin əksəriyyəti şahidi olduğum hadisələr əsasında yazılıb. Daxilimdən keçirə bilmədiyim hissi, müşahidə nöqtəmdən yayınan hadisəni təsvir edə bilmirəm, daha doğrusu, bunu etmək içimdən gəlmir. Heç vaxt hansısa hazır mövzuda yazmamışam. Çünki buna ehtiyacım yoxdur. Mən yalnız özümü məşğul edən mövzuları yazıram. Məni yalnız özümün cavabını tapmaq istədiyim suallar düşündürür. Bu baxımdan, şeirlərimin əksəriyyətində sırf özümü yazmışam. Elə şeirim var ki, orada həyatımın hansısa bir gününü təsvir etmişəm. Bu cür şeirlərdən xoşum gəlir, çünki onlarda həyatımdan bir gün, gerçək yaşantılarım var. Misal üçün, o qəbildən olan, özümün çox sevdiyim şeirlərdən birində deyirəm:
Bu gün yeni şeir yazdım,
Bir də təzə dərs keçdim.
Ədəbiyyatdan lirik növ,
Dildən sonor səs keçdim.
***
Əzizlədim şagirdləri,
Başların sığalladım.
Ən çox ən dəlisovların,
Ən çox ən cığalların.
***
Nə satıcı hirsləndirdi,
Nə bir "QAİ" saxladı.
Bu gün açıb qollarımı
Həyatı qucaqladım.
***
Oğlumla futbol oynadım,
Qızımla mahnı qoşdum.
İtimlə şəkil çəkdirdim,
Pişiyimlə barışdım.
***
Suladım çiçəklərimi,
Bağdan nar dərib yedim.
Sonra ağacı oxşayıb,
Sağ ol, dadlıdır, - dedim.
***
Bu gün hər gündən biriydi,
Bu mən hər kəsdən biri.
Yazdığım şeirdən biri,
Keçdiyim dərsdən biri.
- Yaradıcı insan müəyyən mənada komplekslərdən
azad insandır. Mənə elə gəlir
ki, kompleksləri olan,
özünə qapalı şəxs yaradıcı insan ola bilməz. Kompleksləri
həmişə onu sıxacaq, arxaya çəkəcək, özünü
bütünlüklə ifadə etməsinə mane olacaq. Xüsusilə bu şairlərə, özü
də kişilərdən daha çox, qadın şairlərə aiddir. Çünki
qadınlar kişilərlə müqayisədə daha emosionaldırlar, hiss və
duyğularını daha
çılğın şəkildə ifadə edirlər. Siz necə, komplekslərinizdən arınmaq üçün öz
üzərinizdə işləməli olmusunuz,
ya təbiətən komplekssiz
insansınız? Ümumiyyətlə, bir
insan kimi özünüzü necə xarakterizə edərdiniz?
- Xeyr, deməzdim ki, komplekssiz insanam. İndinin özündə də komplekslərdən tam azad
deyiləm. Düzdür, uşaqlıq illərində
daha çox komplekslərim vardı, indi xeyli rahatam.
Amma hamının kompleks etdiyi bəzi məsələlər var
ki, mən onları kompleksə çevirmirəm. Özüm üçün
müəyyən etdiyim
qanunlar var. Ədalətli
saydığım sözü
deyirəm, addımı
atıram. Kimsə kənardan
mənə başqa cür baxa bilər.
Kimsə
məni çılğın,
demaqoq, hətta nankor belə adlandıra bilər.
Amma davranışımın doğru
olduğunu bilirəm deyə, özümə bunu etməyə icazə verirəm. Bu və buna
bənzər müəyyən
məsələlərdə məni komplekssiz adlandırmaq olar. Amma elə sədlər var ki, hələ
də onları aşmamışam. Misal
üçün, bəzi
məsələlərə cəmiyyətin gözü
ilə baxmaqdan xilas ola
bilməmişəm. Özümə ətrafdakıların gözü
ilə baxmaq, başqalarının fikrini
nəzərə almaq
kimi cüzi də olsa, komplekslərim
qalmaqdadı. İnanmıram ki, yaradıcı insan bütün komplekslərdən azad olmalıdır. Xüsusilə
də bizim ölkədə, bizim cəmiyyətdə bu bir az çətin məsələdir.
Ardı var
Söhbətləşdi: RUNA
Hürriyyət.- 2022.- 24 may.- S.14.