Səhnədə yaşanan ömür

 

Xalq artisti Ella Yaqubova – 75

 

         Teatr hər zaman incəsənətin əsas növü olaraq öz ətrafında istedadlı qüvvələrin işıq şöləsində böyük sənət fədailərini bəxş edib. Bu fədailər sənətin əsas mahiyyət etibarı ilə inkişaf etdirilməsi üçün var qüvvələri ilə çalışıb. Hətta gecələrini gündüzlərinə, gündüzlərini gecələrinə qatmaq naminə olsada sənətin ağrılı-acılı anlarında belə bu məbədi tərk etməyib. Öz dünyalarının ömür yolunu məhz bu məkanda tapıb. Hər dəfə sənət korifeylərimizdən və onların yetirmələrindən söhbət açanda bir daha şahidi oluram ki, sənəti öz varlığı qədər əziz və doğma bilən aktyor və aktrisalarımız bu gün də çalışır, öz sənət məktəblərini yaratmaqla gənclərin yetişdirilməsi, sənət uğurlarının qazanılması üçün var qüvvələrini əsirgəmirlər.

         Gəncə Dövlət Dram Teatrının xoşbəxt taleli yetirmələri sırasında Respublikanın Xalq artisti Ella Yaqubovanın isə öz yolu, öz dəsti-xətti var. Bu aktrisa sənətin ilk məziyyətlərini məhz Gəncə Dövlət Dram Teatrının müqtədir sənət korifeylərindən öyrənərək 75 illik həyat yolunun 56 illik bir sənət zirvəsində yaşada bilib. Bu sənət zirvəsi onun həyatının enişli-yoxuşlu hərdən də ağrılı-acılı, yuxusuz gecələrinin ömür zirvəsində yüksələ bilib. Bu ömür zirvəsinin 56 illik sənət tarixçəsi həyatının mənasına, səhnə ömrünün işığına çevrilib.

 

 (Əvvəli ötən sayımızda)

 

Milli Azərbaycan teatrının tarixinə nəzər saldıqda uzun illər ərzində professional-aktrisaya hər zaman havasu kimi ehtiyac duyulduğunun şahidi olmuşuq. Bu həsrət, intizar  xüsusilə bölgə teatrlarında hər zaman ən ümdə problemə çevrilərək teatrlarımızın səhnəsinə milli aktrsalarımızın nə vaxtsa qədəm qoyacaqları arzu və istəyini illər boyu teatrsevərlərə yaşatmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 60-cı illərin sonları teatr sferasında nailiyyətlər göstərən milli aktrisalarımızdan biri də məhz elə Xalq artisti Ella Yaqubova olmuşdur. Ella Yaqubovanın fədakar, yenilməz, öz sözünü deyən, pisi-pis, düzü-düz demək qabiliyyətinə malik olması onun son dərəcə prinspial, kimsəyə yaradıcılıq nöqteyi-nəzərindən güzəştə getməməsi əzmi, hökmü  səriştəsi  qətiyyəti ilə  bağlıdır desəm səhv etmərəm. Məhz o, Mingəçevir Dövlət Dram Teatrının inkişafı, təkamülü eləcə də təşəkkülü üçün əlindən gələni edərək, xüsusi olaraq teatrın repertuarının ideya və məzmun etibarı ilə dolğun, mündəricəli pyeslərlə zənginləşməsi naminə Bədii şura üzvü olaraq əlindəni gələni etməsi, teatrın yaradıcılıq nailiyyətləri zəminində inkişafı üçün hər zaman mənəvi dəstək olması ilə səciyyəvidir.

Təsadüfi deyil ki, 2017-ci ildə mən Ella Yaqubovanın Mingəçevir Dövlət Dram Teatrının səhnəsində iki obrazını böyük maraqla izlədim. Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesinin tamaşasında Pəri xanım və gənc yazıçı-dramaturq Pərvinin  “Nənələr ərə gedirpyesinin tamaşasında yaratdığı Məsi arvad obrazlarını xüsusi olaraq qeyd etmək istəyirəm.

Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesinin tamaşasında Pəri xanım obrazı səhnədə aktrisanın məharətli ifası ilə bir daha tərəfmüqabillərinin obraz üzərində necə işləməyin yollarının açıqlanması və öyrənilməsi baxımından diqqəti cəlb edirdi. Aktrisanın səhnədə olan hər bir mizanı rejissor traktofkası ilə eynilik təşkil etməklə obrazın daha da maraqla qarşılanmasına səbəb olurdu. Həmçinin xüsusi bir ləhcə ilə səhnədə danışıq tərzi Pəri xanım obrazının uğurlu səhnə taleyindən xəbər verirdi. Qorxaq, bacarmaz həm də yaltaq vəzir kimi tanınan Mirzə Həbib kimilərinin əməllərinin ifşa edilməsi üçün aktrisa Ella Yaqubova Pəri xanım obrazında maraqla qarşılanırdı. Hətta Pəri xanımın aktrisa Ella Yaqubovanın caduya inanaraq mollaya getməsi və bununla da kürəkəni Vəzir Mirzə Həbibi də inandırmaq istəyi vəziyyətlərin dəyişməsi konseptində səhnədə maraqla izlənilirdi. 

Gənc yazıçı-dramaturq Pərvinin “Nənələr ərə gedirpyesinin tamaşasında aktrisanın yaratdığı Məsi arvad qulağı ağır eşidən, çox az danışan, amma hərdən keçmiş eşq macaralarını yada salıb qırıq-kəsik nələrsə deyən bir fərd kimi göstərilsə də aktrisanın səhnədə etdiyi improvizələr obrazın tam şəkildə açılmasına böyük təkan verirdi. Bununla da aktrisa səhnədə obrazı arzularının reallaşmasını gözləyən bir fərd kimi göstərilməsinə müvəffəq ola bilirdi. Onun səhnədə olan plastikasına hər an heyranlıqla baxmamaq mümkün deyildi. Aktrisanın səhnədəki rəqsi bir daha onun obraz üzərində necə maraq və həvəslə işləməsindən xəbər verirdi.

Aktrisanın təxəyyülü, mövcud vəziyyəti anında dəyərləndirmə, zəngin improvizasiya qabiliyyəti, həssaslıq, rejissor tapşırıqlarını yüksək səviyyədə icra etmə xüsusiyyətləri onun ən yüksək professional keyfiyyətləri kimi səhnədə diqqəti hər zaman cəlb edir. Ella Yaqubova heç vaxt özü üçün, özünü səhnədə büruzə vermək və ya tamaşaçının xoşuna gəlmək üçün oynamayıb. Əksinə onun əsas məqsədi səhnədə tərəfmüqabil üçün oynamaq, bu anlamda bütövlükdə tamaşanın daha da uğurlu alınmasını təmin etmək və bu niyyətlə uğurlu bir səhnə əsərinin ərsəyə gəlməsi üçün əlindən gələni əsirgəməməkdən ibarət olmuşdur. 

Aktrisa fəaliyyəti müddətində Mingəçevir Dövlət Dram Teatrında gənc nəslin yetişməsində əvəzsiz xidmətlər göstərib. Belə ki, hələ 90-cı illərin sonlarına yaxın öz şəxsi təşəbbüsü  ilə bu teatrdaÜmid” adlı Teatr studiyasını yaradıb və istedadı olan gənclərin teatra cəlb edilməsini yüksək peşəkarlıqla təmin edib. Bundan sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ildə olan əmri ilə bütün Dövlət Dram Teatrlarında “İkinci nəfəs” Teatr studiyaları  fəaliyyətə  başlayıb. Respublikanın Xalq artisti Ella Yaqubovaya isə Mingəçevir Dövlət Dram Teatrında yaradılan “ÜmidTeatr studiyasına rəhbərlik etmək həvalə edilib. Bununla da aktrisa region teatrlarında bu gün böyük problemlərlə  üzləşən ixtisaslı kadr potensialının teatrların daxili imkanları hesabına qismən də olsa aradan qaldırılması işini öz səy və bacarığı ilə təmin edə bilib. 

Xalq  artisti Ella Yaqubova həmçinin bu gün də Mingəçevir şəhərinin ictimai həyatında fəal iştirak edir. Onun ümumşəhər tədbirlərində hazırladığı kompazisiyalar böyük maraqla qarşılanır. Məhz xalqımızın ağrılı-acılı günlərini əks etdirən vətənpərvər mövzuda olan “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” tamaşa-kompozisiyalarının quruluşçu  rejissoru eləcə də ssenari müəllifi olan Ella Yaqubova səhnə məziyyətlərinin uğurlu rejissor traktofkasını tətbiq etməklə çıxışlar edir. Aktrisanın yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur. Belə ki, xalqımızın qan yaddaşı olan və ağrılı-acılı günlərini əks etdirən “20 yanvar”, “Vətən, Torpaq, Şəhid”, “Xocalı” və başqa kompozisiyaları dediklərimizin bariz nümunəsidir. Onun Əfqan müharibəsinin 30 illik qələbə yubileyində Əfqan Veteranları Cəmiyyəti tərəfindən və Mingəçevir şəhər İcra Hakimiyyətinin tapşırığı ilə “Ömürdən bir yarpaq” adlı tamaşasının da uğurla nümayişi hər zaman diqqət mərkəzində olmağı bacarır. İstedadlı aktrisa bu gün həmçinin 44 günlük Vətən müharibəsi zamanı Mingəçevir şəhərindən olan qazilərin və şəhid ailələrinin yanında olmaqla onların acılarına şərik olaraq ailə üzvlərinə baş çəkir öz qayğısını əsirgəmir. 

Respublikanın Xalq artisti Ella Yaqubova həmçinin “Bakıfilm”in istehsal etdiyiXoca” filmində maraqlı bir Ana obrazında çəkilib. Aktrisa bu filmdə Ananın istirablarını, onun övlad yanğısını böyük məharətlə ifa edə bilib.

Aparıcı səhnə ustası olan Respublikanın Xalq artisti Ella Yaqubova Hüseyn CavidinAna” pyesindəki Səlima ana obrazına görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 1988-ci ildə “Əmək veteranı”, 2013-cü ildə isə “Tərəqqi” medalları ilə təltif olunub. Bundan başqa müxtəlif  illərdə    2021-ci ildə Prezident mükafatına, 2009-cu ildə Respublikanın Əməkdar artisti, 2018-ci ildə isə Respublikanın Xalq artisti fəxri adlarına layiq görülüb.     

Həyatda elə bir insan tapılmaz ki, o, çətinliklərlə, müqavimətlə, süni yaradılmış böhranlı vəziyyətlərlə rastlaşmasın, qarşılaşmasın. Ella Yaqubovanın da həyatı, yaşayışı, fəaliyyəti ilə yaxından tanış olanda bu çətinliklərin, bu süni sədlərin ondan da yan ötmədiyinin şahidi olursan. Lakin o, qarşısına diyirlənən daşları görəndə başını heç vaxt itirməyib, sarsılmayıb, çaşıb qalmayıb, inadla bunları dəf etməyə özündə qüvvət tapıb, hər zaman özünü bir sənətkar xanım olaraq təsdiq edə bilib.

Deyirlər hər bir kəsin alın yazısı olur. Qismətin, taleyin ona bəxş etdiyi bir alın yazısı. İnsan bu həyatı yaşadıqca, elə bu alın yazısını axıra qədər yaşamaq lazım olduğunu anlayır. Şərəflə, ləyaqətlə. Ella Yaqubova da bu alın yazısında olan 75 illik həyatını şərəf ləyaqətlə, qürurla yaşayır. Amalı idrakı uğrunda mübarizə yolu tək.

 

Anar  Burcəliyev

Teatrşünas-tənqidçi

 

Hürriyyət.- 2022.- 11 yanvar.- S.15.