“Qürbətdə olan yalnız cismimdir,
ruhum hər zaman vətənimdədir...”
Xalq rəssamı
Əşrəf Heybətov: “Qarabağa həsr olunmuş
albomumda 44 mənzərə yer alıb”
“Mədəniyyət
Nazirliyi əsərimi çox ucuz qiymətə satın
aldı, amma nədənsə üzə
çıxarmırlar”
“50 il əvvəl
çəkdiyim Şuşa mənzərələrini indiyə
kimi iş otağımda saxlayıram”
“Azərbaycan
diasporunun fəaliyyətində müsbətə doğru irəliləyiş
var, bunu Avropada yaşayan azərbaycanlı fəallar da təsdiq
edə bilər”
“Səmimi
söhbət”in bu dəfəki qonağı YUNESKO Rəssamlar
Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni
Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq
"Sülh səfiri", Azərbaycan Rəssamlar
İttifaqının fəxri üzvü, Azərbaycanın
Xalq rəssamı Əşrəf Heybətovdur.
Yaradıcılığının
əsas mövzusunu Azərbaycan və xalqın milli adət-ənənələri
təşkil edən rəssam, mədəniyyət və incəsənətimizi
dünyada tanıdır. Almaniyanın Koblents şəhərində
yaşayan həmyerlimiz rəssamlıq sənətindən həm
də təbliğat vasitəsi kimi istifadə edir. Onun əsərləri
BMT, Avropa Şurası, NATO, Vatikanda təşkil olunan tədbirlərdə
nümayiş edilir.
(Əvvəli qəzetimizin 28 dekabr
2021-ci il sayında)
- Rusiyada yaşadığınız
illərdə bir rəssam kimi hansı yaddaqalan işləriniz
oldu?
- Ən yaddaqalan, əhəmiyyətli işlərimdən
biri dünyaşöhrətli monumentalçı-rəssam
Zurab Seretelinin rəhbərliyi altında “Gənclik Moda Mərkəzi”nə
verdiyim tərtibat oldu. Bundan sonra artıq Moskvada yaşamağa qərar
verdim. Evləndim. Həyat
yoldaşım Regina Lvovna milliyyətcə yəhudidir. 42 ildir ki, evliyik.
- Allah ayırmasın. Bilirəm ki, həyat
yoldaşınız da yaradıcı insandır. Maraqlı
hobbiləri var...
- Bəli.
Regina xanım texniki sahə üzrə mütəxəssisdir,
elmi dərəcəsi var, eyni zamanda gözəl musiqi duyumuna,
vokal qabiliyyətinə malikdir. Skripkada
klassik musiqi əsərləri ifa edir, oxuyur, şeir yazır.
Bu yaxınlarda Bakıda şeirlər kitabı
çapdan çıxdı, təqdimatını
keçirdik. Mənim xanımım mələk
kimi insandır. Görürsünüz,
özü burda olmasa da, portretdən mənə baxır.
O da mənim kimi gözəllik aşiqidir. Biz
onunla demək olar, bütün dünyanı gəzmişik.
Tez-tez Venesiyada oluruq. Orada
çoxlu tanışımız, dostumuz var, bizi qonaq dəvət
edirlər, özləri də Almaniyada bizim
qonağımız olurlar.
- Bu, çox böyük xoşbəxtikdir
ki, bir-birinizi tamamlayırsınız...
- Bu bir
qismətdir.
- Rusiyada
yaşadığınız illərdə sərgilərdə
iştirak etmisiniz?
- Əlbəttə, dəfələrlə həm
yığma sərgilərin iştirakçısı
olmuşam, həm də fərdi sərgilərim təşkil
edilib. Amma nədənsə Azərbaycanda heç bir sərgiyə
dəvət olunmamışam.
- Yəni vətəndə fərdi
sərgiləriniz təşkil edilsə də, yığma sərgilərin
iştirakçısı olmamısınız?
- Xeyr, Azərbaycanda
keçirilən yığma sərgilərin heç birinə
dəvət olunmamışam.
- Bəs nədən əsərlərinizi
qalereyalara təqdim etmirsiniz?
-
Qalereyalar satış üçün əsərləri
götürür, 3-5 ay saxlayıb geri qaytarırlar. Bu günə qədər Azərbaycanda fəaliyyət
göstərən qalereyalarda bircə əsərim belə
satılmayıb. Heç cür anlaya
bilmirəm ki, dünyanın, özəlliklə də
Avropanın bir sıra ölkələrində əsərlərimə
bu qədər tələbat olduğu halda (əsərlərim
muzeyləri, tanınmış insanların şəxsi
kolleksiyalarını, qalereyaları bəzəyir), nədən
öz doğma vətənimdə
yaradıcılığıma maraq göstərilmir.
Bircə əsərimi su qiymətinə alıblar, amma nədənsə
üzə çıxarmırlar, Azərbaycan Milli İncəsənət
Muzeyinin zirzəmisində
saxlayırlar. Halbuki, üç hissədən
ibarət böyük əsərdir, adını Da “Ulu torpaq”
qoymuşam. 5-6 il bundan əvvəl
Bakıdakı Atatürk Mərkəzində təqdimat mərasimi
də keçirilib. Mədəniyyət Nazirliyi tamamilə təsadüfən
sözügedən əsəri çox ucuz qiymətə
satın aldı, amma dediyim kimi, “yerimiz yoxdur”, - deyib sərgiləmirlər.
- Bu münasibət anlaşılan
deyil. Çünki bütün əsərlərinizdə
milli ruh var. Vətəndən kənarda yaşasanız da, Azərbaycanda
baş verən heç bir olaya biganə
qalmamısınız. Doğma
Qarabağımıza da silsilə əsərlər həsr
etmisiniz.
- İkinci Qarabağ müharibəsi başlayan kimi
“Qarabağda Qələbə günü” adlı üç
hissədən ibarət böyük panno işləməyə
başladım. Müharibə yeni başlasa da, zəfər
çalacağımıza zərrə qədər
şübhəm yox idi. Elə vətənə
bu dəfəki səfərimin məqsədi də bu panno ilə
bağlıdır. Onu Müdafiə
Nazirliyinə hədiyyə etmək üçün gəldim
Azərbaycana. Həzi Aslanov adına
Mərkəzi Zabitlər Evində yüksək səviyyəli
tədbir təşkil olundu və həmin tədbirdə əsərimi
nazirliyə təqdim etdim. Əsərim artıq
Hərb Tarixi Muzeyinin eksponatları sırasındadır.
Onu da deyim ki, tələbəlik illərində
iki dəfə Şuşada olmuşam, 1972 və 1978-ci illərdə.
O vaxtlar kasıb oğlan idim. Bahalı material
almağa pulum yox idi. Bu üzdən karton
üzərində yağlı boyalarla etüdlər edirdim.
50 il əvvəl çəkdiyim həmin
Şuşa mənzərələrini indiyə kimi iş
otağımda saxlayıram. Rəngləri bir az
solmuşdu, yenilədim, sanki bu gün işlənib. Qarabağa həsr olunmuş albomum da yaxın
vaxtlarda Bakıda işıq üzü görüb. Sözügedən albomda 44 Qarabağ mənzərəsi
yer alıb. Haqqında danışdığım tələbəlik
illərimin Şuşa mənzərələri
də alboma daxil edilib. Əsərlərin tən
yarısında yollar təsvir olunduğundan, albomumu
“Qarabağa gedən 44 günlük yollar”
adlandırmışam.
- Dualarımız qəbul olundu.
Əslində biz 30 ildir o yolları gəlirik, sadəcə 44
gündə qət etdik. Həqiqətən
çox gözəl əsər yaratmısınız. Mötəbər məkanları bəzəməyə
layiq əsərdir və Hərb Tarixi Muzeyi məhz belə
mötəbər məkandır.
- Azərbaycana
həsr etdiyim əsərlərin çoxunu bura gətirməməyim
səbəbsiz deyil. Düşünürəm
ki, həmin əsərlərin, xüsusilə də
Qarabağla bağlı olan tablolarımın xaricdə sərgilənməsi
daha vacibdir. Heç vaxt unutmaram, 1987-ci ildə
erməni əsilli rəssam “Mənim Qarabağım” adlı
albom çap etdirdi. Bu mənə çox
pis təsir etdi. Necə yəni, sənin
Qarabağın? Qarabağ bizimdir, siz ermənilər
ora sonradan köçürülmüsünüz. Amma o zamanlar bizi eşidən yox idi. Moskva ermənilərin əlində idi. Siyasətə
varmaq istəmirəm, amma 30 il sonra
Qarabağa ad olunmuş albom çap etdirməyimin əsas səbəbi
Qarabağın Azərbaycan olduğunu dünyaya
çatdırmaq idi.
- Biz zəfərimizə
qovuşandan sonra Reza Deqati ilə birgə yenidən Qarabağa səfər
etmisiniz və dağıdılmış Ağdama 12 əsər
ad etmisiniz. Bu əsərlər hələ
ictimaiyyətə təqdim edilməyib.
- Mən
həm Şuşada, həm də Ağdamda oldum. Çəkiliş qrupu ilə birgə Ağdamı
ziyarət edən yeganə rəssamam. AzTv
70 illik yubileyimlə bağlı haqqımda sənədli film
çəkirdi, elə Qarabağa səfərimiz də bununla
bağlı idi. 6 nəfərdən ibarət
çəkiliş qrupu ilə birgə Ağdamdan sonra Bərdəyə
getdik, bir neçə gün orada qalıb, çəkiliş
apardıq. Dəniz kənarında, bağ
evimdə, bu mənzildə, emalatxanamda da çəkilişlər
edildi. Amma aradan iki ay keçməsinə
baxmayaraq, filmdən səs-soraq yoxdur. Soruşanda,
deyirlər, vaxt yoxdur. Bu mənim qəlbimə toxundu,
AzTv-nin rəhbəri Rövşən Məmmədova məktub
yollayıb bildirdim ki, çox sağ olun, amma o film daha mənə
lazım deyil. İncimişəm onlardan.
- Bir çox Avropa dövlətlərində
artıq yubileyiniz yüksək səviyyədə qeyd edilib. Bəs Azərbaycanda nə vaxt qeyd ediləcək?
Mədəniyyət Nazirliyi bununla bağlı
hansısa addımlar atır?
-
Heç bir addım atmır. Nazirlikdən
heç kəs mənimlə əlaqə saxlamayıb. Mədəniyyət Nazirliyi bu günədək mənim
bircə sərgimi belə keçirməyib. 65 illik yubileyim ərəfəsində nazirliyə xəbər
yolladım, səs çıxmadı. Amma
Naxçıvanın Mədəniyyət Nazirliyi sağ olsun,
gözəl bir yubiley tədbiri keçirdi mənim
üçün.
- “Vətəni sevməyi Səttar
Bəhlulzadədən öyrnmişəm” demişdiniz...
- Bəli,
ustadımın bir sözünü ömürlük
qulağıma sırğa etmişəm. O deyərdi ki, bəzi
azərbaycanlılar dil pəhləvanıdırlar, amma
qanlarında azərbaycanlılıq yoxdur, bəziləri isə
dildə mənim kimi zəifdirlər, amma vətəni
canlarından artıq sevirlər. Vətəni unudanlara
Çingiz Aytmatov yaxşı ad verib: manqurt! 1994-cü
ildə Çingiz Aytmatov Lüksemburqda fərdi sərgimi təşkil
etdi. O vaxtdan yazışmağa başladıq. Bu günə qədər onun məktublarını əziz
xatirə kimi saxlayıram. Məktublarında
məni özünün “ruh dostu” adlandırması xüsusilə
qürurvericidir.
- Əşrəf müəllim,
sirr deyilsə, deyə bilərsiniz ki, necə oldu, Almaniyaya
köçdünüz?
- Bunda
heç bir sirr yoxdur. Dediyim kimi, xanımım
milliyyətcə yəhudidir. 1995-ci ildə
yəhudi vizası ilə Almaniyaya köçdük. 90-cı illərin Moskvasında yaşamaq çox
çətin idi. Cinayətkarlığın
səviyyəsi həddən artıq yüksək idi. Demək olar ki, başımızı
götürüb Moskvadan qaçdıq.
- Bu
gün Almaniyada yaşayırsınız, Bir sıra dünya
dövlətlərinə səyahət edirsiniz, əsərləriniz
dünyanın müxtəlif sərgi salonlarında,
qalereyalarda sərgilənir. Vətənpərvər azərbaycanlı
kimi Avropada, özəlliklə də Almaniyada fəaliyyət
göstərən Azərbaycan diasporu ilə bağlı
fikrinizi bilmək maraqlı olardı.
- Deyə
bilmərəm ki, hər şey yaxşıdır, amma hər
şeyin pis olduğunu da deməyəcəyəm. Azərbaycan diasporunun fəaliyyətində müsbətə
doğru irəliləyiş var. Bunu Avropada yaşayan azərbaycanlı
fəallar da təsdiq edə bilər. Erməni
diasporunun tarixi 1 əsrdən çoxdur, bizimkinin isə
vur-tut 20-30 yaşı var. Təbii ki, uşaq böyüyənə,
ayaq üstə duranadək dəfələrlə səndirləyir,
xəstələnib sağalır. Bizim
diaspor da eləcə. İllər
keçdikcə böyüyür, olğunlaşır. Məni diasporun veteranı adlandırırlar. Hələ Moskvada yaşadığım illərdə
“Bakı Cəmiyyəti” qurmuşduq. İndi
isə Avropada “Azərbaycan Mədəniyyət
Assosiasiyası” yaratmışıq. 43 nəfər
üzvü var. Biz, Avropada yaşayan incəsənət adamları
Azərbaycan mədəniyyətini yalnız müsbət
yöndən təbliğ etməliyik. Əyər-əskiyimizi
yalnız vətənimizdə müzakirə edib, onları
aradan qaldırmaq üçün yollar axtarmalıyıq.
Ən inkişaf etmiş ölkələrdə
belə problemlər var, problemsiz cəmiyyət yoxdur. Amma bu problemlər həmin cəmiyyət daxilində
həll olunmalıdır. Onsuz da ölkəmizə,
xalqımıza münasibət birmənalı deyil. Desəm ki, Azərbaycan bütün dünyada
tanınır, yalan olar, desəm ki, heç tanımırlar,
bu da yalan olar. Vətənimizi biz azərbaycanlılar
tanıtmalıyıq. Hər sahədə,
xüsusilə də mədəniyyət, incəsənət
sahəsində.
- Siz beynəlxalq aləmdə Azərbaycanı
layiqincə təmsil edirsiniz, Əşrəf müəllim. Buna görə sizə minnətdarıq. Bilirəm
ki, yazda Şuşada fərdi sərgi keçirməyi
planlaşdırırsınız. İnşallah,
arzunuza çatarsınız. İnanıram ki, möhtəşəm
sərgi olacaq. Elə həmin sərgidə
görüşmək arzusu ilə sağollaşıram sizinlə.
- Sağ
olun, inşallah Şuşada görüşərik.
Söhbətləşdi: Runa
Hürriyyət.-
2022.- 18 yanvar.- S.3.