NİZAMİ YURDUNUN GƏNC İSTEDADLARI

 

Nizami Gəncəvi - 880

 

(I yazı)

 

 “ Dostum qrup” yaradıcıları

 

Bu gün istedadlı Azərbaycan gəncliyi sözün əsl mənasında təbiətin bizə bəxş etdiyi bir nemət olaraq diqqət mərkəzində olmağı bacarır. Müdriklərin deyimdə belə bir misal vardı ki, torpaq tərkibində qızıl olsa da o yalnız istehsal prosesindən sonra həqiqi qiymətini alır. Əsl istedad da belədir. Cilalandıqdan sonra özünü təsdiq edir və qiymətini alır.

Təbii ki, əsl istedadın üzə çıxması üçün isə mövcud şərait və imkanlar olmalıdır. Düşünürəm ki, bu gün vətənimiz Azərbaycanda gənc istedadların inkişaf etdirilməsi, tanınması üçün imkanlar yaradılıb və bu imkanlardan yararlanma faizi kifayət qədərdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün vətənimizdə gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil etməkdədir. Bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edilməklə, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin” təsis edilməsi, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı”, “Dövlət gənclər siyasəti” haqqında olan qanun, fərman və sərəncamlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirməsinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” üzrə Dövlət Proqramı da bu qəbildəndir. Mübağiləsiz qeyd etmək lazımdır ki, bu gün qəbul edilən hər bir qanun, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına təsir göstərməkdədir.

Bu gün həmsöhbətlərimiz Ulu Şeyx Nizami yurdu Gəncədə fəaliyyət göstərən istedadlı gənclərdən ibarət bir qrupun yaradıcıları olan “Dostum qrup”un rəhbərləri kimi tanınan gənc müğənnilər Pərviz Məmmədzadə və Hüseyn Hüseynovdur.

Qeyd edim ki, Pəriz Məmmədzadə 07 mart 1997-ci ildə Gəncə şəhərində anadan olub. 2014-cü ildə Gəncə şəhəri 19 saylı tam orta məktəbini bitirib. 2014-cü ildə həmçinin Gəncə şəhəri, Bülbül adına 3 saylı musiqi məktəbinin Muğam sinfində təhsil alıb. Hüseyn Hüseynov isə əslən Ağdamlıdır. O, 01 avqust 1993-cü ildə Gəncə şəhərində anadan olub. 2011-ci ildə Kəlbəcər şəhəri, 4 saylı orta məktəbini bitirib. 2011-ci ildə Uşaq İncəsənət Məktəbinin daha sonra isə 2019-cu ildə Ağdam Musiqi Kollecinin Xanəndəlik siniflərində təhsil alıb. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının birinci kurs tələbəsidir.   

-Gənclər, xoş gördük Sizi. “Dostum qrup” ideyası ilk olaraq necə meydana gəldi və bu tanışlıq haradan başlandı?

- Bizim  tanışlığımız  tamamilə  təsadüf  nəticəsində  el şənliklərinin  birində olub. Ancaq heç düşünməzdik ki, bu tanışlıq sonradan böyük bir iş birliyinə çevrilə bilər. Biz də nə zamansa belə bir qrup yaradaraq daha yüksək səviyyədə el şənliklərində iştirak edə bilərik. Əslində ilk günlərdə dostluq əlaqələri qurulsa da sonradan “Dostum qrup” olaraq faəliyyət dairəmizi genişləndirmiş olaraq nəticə etibarı ilə Gəncə, Gəncəbasar ətrafında tanınan və seçilən bir qurup kimi fəaliyyətimizi davam etdirməyə müvəffəq olduq. Beləliklə də el şənliklərində, şəhər tədbirlərində, konsert proqramlarında iştiraklarımız olur. Artıq iki ildir ki, “Dostum qrup” olaraq fəaliyyət göstəririk. Bir məqamı qeyd etmək istəyirik ki, biz ilk dövrdə fəaliyyətə başlayarkən üç nəfərlə fəaliyyət göstərmək niyyətində idik. Ancaq son iki ildə “Covid-19” pandemiyası səbəbindən bu istəyimizi gerçəkləşdirə bilmədik. Bu üzdən də elə ikimiz birlikdə fəaliyyət göstərmək qərarına gəldik.

- Ailənizdə bu sənətdə olan kimsə vardı, yoxsa bu istək özünüzdən olub ki, məhz xanəndəliyi seçmisiniz ?

- Pərviz  Məmmədzadə:  Deyim ki, uşaqlıqdan musiqiyə, mahnı ifa etməyə marağım olub. Eyni zamanda orta məktəb illərində həm də musiqi məktəbinin pianino sinfini də bitirmişəm. Belə oldu ki, valideyinlərim bildirdilər ki, əgər belə musiqiyə marağın varsa sona qədər davam et. Kiçik yaşlarımdan evdə səhnə qurub parodiyalar edirdim. Hətta deyim ki, yaşadığımız binanın qarşıısnda kiçik səhnə qurub tamaşa parçaları göstərməklə məşğul idim. Hətta ətraf qonşular da valideyinlərimə bildirdilər ki, bu uşağın meyli incəsənət sahəsinədir, inkişaf etdirmək olar. Belə oldu ki, valideyinlərimin dəstəyi və razılığı ilə bu sahədə özümü axtarmağa başladım. İlk vaxtlarda valideyinlərim məni pianino sinfinə qoydu. Ağlaya-ağlaya, sızlaya-sızlaya qarı, qışı anam məni Gəncə şəhər Mərkəzi Alimlər evində fəaliyyət göstərən Pianino sinfinə apardı. Burada ilk müəlliməm Firəngiz xanım olub. Doğrusu pianino sinfinə getmək heç də ürəyimcə deyildi. Həqiqəti deyəcəm. Burada təhsil aldığım beş il ərzində öyrəndiyim tək musiqi Qənbər Hüseynlinin “Cücələrim” əsəri olub. Ancaq deyim ki, orta məktəbi yaxşı qiymətlərlə oxumuşam. Həm də orta məktəbdə təşkilatçı idim. Bildiyiniz kimi 2011-ci ildə Gəncədə Nizami Gəncəvinin 870 illiyi keçirilirdi. Bu zaman Gəncə şəhərində fəaliyyət göstərən Zülfüqar Baratzadə adına Uşaq Yaradıcılıq Mərkəzinin Bədii qirayət dərnəyində Nizami Gəncəvinin obrazı mənə həvalə olundu. Gəncə Dövlət Dram Teatrının mərhum rejissoru, Xalq artisti Vaqif Şərifov, Əməkdar artist Ramiz Vəliyev bu tədbiri hazırlayanlar arasında idilər. Beləliklə Gəncə Dövlət Universitetinin önündə şəhərimizə gələn qonaqların qarşısında çıxışımız oldu. O ki, qaldı mənim sonradan vokala və muğama olan marağım bir qədər əvvəl dediyim kimi əsas marağım da elə bu sahəyə olub. Yaşadığımız binanın arxasında həyətimiz vardı. Bu həyətdə isə iki ədəd böyük tut ağacları. Gündüzlər mən bu tut ağaclarına çıxıb mahnılar oxuyardım. Hətta qonşular olub ki, eyvanlara çıxıb oradan mənə mahnılar sifarişlər edərdilər. Bax beləcə musiqiyə gəlişim elə deyərdim ki, həyətimizdə olan tut ağaclarından başlayıb. Sonradan əməkdar müəllim, mərhum Sərdar müəllimin Xanəndəlik sinfində təhsilimi davam etdirmişəm.

Hüseyn Hüseynov: Demək olar ki, orta məktəb illərində daha çox musiqi dərslərində fəal iştirak edirdim. Musiqi müəlliməmiz olan Arifə xanım bizim Qarabağlı olduğumuzu bildiyi üçün daha çox diqqət göstərirdi. Daha sonra Gəncə şəhərində yerləşən Uşaq İncəsənət Məktəbindən seçim zamanı Cəvahir müəllimə məktəbimizə gəlib bir neçə istedadlı gəncləri seçdi və onlardan biri də mən idim. Beləcə ilk addımlarımı məhz Uşaq İncəsənət Məktəbindən atmağa başladım. Sizə deyim ki, mənim atam Ağdamın Poladlı kəndindəndir. Ağsaqqalların dediyinə görə atamın dayısının da yüksək deapazonlu səsi olub. Hətta o, oxuyanda səsi digər yaxın kəndlərdə də çox aydın eşidilirmiş. Əslində valideyinlərim xüsusilə də atam o qədər də mənim xanəndə olacağıma inanmırdı. Məndə də bir prinsipiallıq yaranmağa başlayırdı ki, mənə niyə belə inamsızlıq var. Bu minvalla qarşıma məqsəd qoydum ki, mən bu sənəti daha dərindən yiyələnərək sübut edəcəm ki, mənim səsim var və oxuya bilirəm. Beləliklə Uşaq İncəsənət Məktəbindən sonra Ağdam Musiqi Kollecinə qəbul olundum. 2019-cu ildə Ağdam Musiqi Kollecini bitirdikdən sonra yetərincə bal toplaya bilmədiyim üçün həmin ili ali təhsil almaq üçün qəbul ola bilmədim. Ancaq növbəti ilə hazırlaşaraq Azərbaycan Milli Konservatoriyasının Xanəndəlik kursuna qəbul olundum.

- Bu  gün  məşq  proseslərinizdən həm də repertuar planlarınızdan danışmanızı  istərdim. Bu  proses  necə  tərəfinizdən  tənzimlənir?

- Demək olar ki, məşq proseslərimizi çalışırıq ki, mütəmadi olaraq davamlı edək. Çünki bildiyiniz kimi əsas yaradıcılıq prosesinin daha da təkminləşdirilməsi məşq proseslərindən asılıdır. Həmçinin bu proseslərdə repertuar planlarının üzərində də maraqlı gəlişmələr etməklə yeni musiqi ifalarının yaranması üçün münbit şərait yaranmış olur. Əsasən məşq proseslərimizi Şəmkirdə Bilal adlı bir qardaşımızın bizim üçün yaratdığı şəraitdən yararlanmaqla davamlı olaraq orada həyata keçiririk. Əsasən də son dönəmlərdə pandemiya səbəbindən ki, qadağalar mövcud idi məşq proseslərimizi davamlı olaraq Şəmkirdə həyata keçirirdik. Repertuar seçimində də əsas qarşımıza qoyduğumuz məqsəd ilk öncə bir-birimizi ifalarımızla tamamlamaqdır. Musiqilərin seçiminə həssalıqla yanaşırıq. Burada musiqinin bəmi və zili bizim üçün əsas amildir. Ancaq bir faktda var ki, musiqinin ifası zamanı daha çox yük Hüseynin üzərinə düşür. Çünki daha çox zilxan o, oxuyur.  Bu gün daha çox bəstəkar mahnıları ilə yanaşı xalq mahnılarının da ifasına üstünlük veririk. Sözsüz ki, bu ifalarda ansambılın müşayəti də bizim üçün əsas şərtdir. Bu gün Rauf Hacıyev, Tofiq Quliyev, Elza İbrahimova, Hacıxan Məmmədov  kimi  bəstəkarlarımızın  əsərlərindən  istifadə  edirik. 

- Bu gün yeni ifalar üçün səsyazma studiyalarına müraciətləriniz varmı? Ümumiyyətlə, bu məsələləri necə həll edə bilirsiniz?

- Təbii ki, Gəncədə bir çox səsyazma studiyaları var. Bu gün yaxın dostumuz Anar Əsgərovun, Vüqar Hüseynovun, Elxan Rzayevin səsyazma studiyalarından faydalanırıq. Bildiyiniz kimi səsyazma studiyaları ilə qarşılıqlı fəaliyyət maliyyə üzərində qurulur. Bu gün açıq etiraf etmək istəyirəm ki, hələ ki, maliyyə imkanlarımız daha böyük səsyazma studiyalarından faydalanmaq imkanını vermir. Yəqin ki, yaxın zamanlarda bu kimi problemlərin də aradan qaldırılmasına çalışacağıq.

- Bildiyim qədər 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanımızın Zəfər tarixi ilə bağlı gözəl bir mahnı ifa etmisiniz. İstərdim bu ifa haqqında danışasınız.

- Bəli, düz qeyd edirsiniz. Biz də fikirləşdik ki, birlikdə 44 günlük Zəfər tariximizi özündə əks etdirən bir mahnı ifa edək. Sözləri və musiqisi Pərviz Məmmədzadəyə, aranjimanı isə Sadiq Həmzəyevə məxsus olan “Qarabağ Azərbaycandır!” adlı mahnının ifasıdır. Bu ifa duet şəklindədir və düşünürük ki, uğurlu bir ifa olaraq alınıb. Yaxın günlərdə də yeni bir neçə ifamız da olacaq. İnanırıq ki, birlikdə duet şəklində nəzərdə tutulan yeni ifalarımız da dinləyicilərimizin ürəyincə olacaq.

         İstedad elə bir işıqdır ki, onu qorumaq və inkişaf etdirmək naminə davamlı olaraq fəaliyyəti yaradıcılıq axtarışalrında axtarmaq gərkdir. Gəncliyə və gələcəyə olan ümidin işığı olaraq.

 

Anar  Burcəliyev,

Teatrşünas-tənqidçi

 

Hürriyyət.- 2022.- 18 yanvar.-S.14.