Şəhidlik zirvəsinə ucalan Elməddin

 

Elməddin Anar oğlu Məmmədov İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda şüurlu surətdə canından keçərək şəhidlik zirvəsinə ucaldı. Bu şərəflə  də ömrünün 20-ci ilində əbədi olaraq özünə  ürəklərdə  yuva  qurdu. İndi təkcə doğulub boya-başa çatdığı Lənkəran rayonunun Velədi kəndində deyil, bütün Azərbaycan xalqı öz qəhrəman oğlu ilə fəxr edir. Qərinələr keçəcək, gələcək nəsillər də Elməddinin Vətən sevgisindən nümunə götürəcək.

Qəlbi Vətənə sevdalanan , onun torpağını, daşını  canından əziz bilən  Elməddin Məmmədov  orta məktəbi bitirib ordu sıralarına erməni dığalardan qisas almaq məqsədilə  yollanır. Cəbhə bölgəsinə düşən Elməddin doğma Azərbaycana  qeyrətlə, vicdanla xidmət edir. Vətənə qəlbində bəslədiyi məhəbbət hissi  ona həmişə uğur gətirir. Təlimlər zamanı göstərdiyi əla  döyüşçü keyfiyyətləri bütün əsgərlərə nümunə olur. And içir ki,  lazımı məqamda hər qarış torpaq uğrunda döyüş meydanında  erməni faşistlərinə qarşı amansız olacaqdır. Həmişə  də əsgər yoldaşlarına dedikləri belə olur:-  Xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar  yetişdirib.  İndi düşmən qarşısında  aciz qalmaq bizə yaraşmır. Qarabağımız öz mərd oğullarının yolunu gözləyir. Şəhid qanı  axmayan torpaq  Vətən olmaz...  

Günlər ötdükcə Elməddinin qəlbində yağı düşmənə  intiqam, qisas  almaq alovu get-gedə güclənir. 2020-ci il sentyabrın 27-də Azərbaycanın, eləcə dünyanın hərb tarixinə qızıl  hərflərlə yazılan İkinci Qarabağ müharibəsi başlanan kimi  Elməddin torpaq uğrunda gözünü qırpmadan, ölümün gözünə  dik baxa-baxa döyüş meydanına girirpolad sinəsini irəli verib  düşmən üstünə  qartal tək şığıyır.  Füzulunun azadlığı uğrunda   sözün əsl mənasında tarix yazır.  Bir-birindən ağır müharibə meydanlarında  döyüş igidliyinə  görə fərqlənir. Son döyüş yerində də düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir,  əks   tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olur.

Bəli, Vətənə məhəbbətdən yaranan bu ölüm Elməddin Məmmədova ürəklərdə  əzəmətli abidə ucaltmaqla, həm də ölkə başçısının verdiyi müvafiq sərəncamları əsasında   "Vətən uğrunda",  Cəbrayılın və Füzulinin azadlığına görə,  "Cəsur döyüşçü" medallarına layiq görülür. İkinci tərəfdən  lənkəranlılar  hər an öz qəhrəman oğlunu  ehtiramla xatırlayır, onun adına layiqli  işlər görürlər.  Burada onun adına küçə, xatirə bulağı vardır.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2023.- 18 aprel.- S.12.