QEYRƏT QALASININ
SAĞALMAZ YARASI
Şəhid
Tağı Abdullazadənin döyüş yolu...
Həyat
səni mənə belə tanıdacaqmış demək. Sən
şəhid olaraq mənim qəlbimə köçəcəkmişsən.
Dünya boyda sənsizliyə qərq olacaqmışam. Biraz
nakam ömrünə ağlayacaqmışam, biraz da
yarının divara asdığı şəkilinə göz
dikərək səhərə qədər sənə
ünvanladığı cavabsız suallara
ağlayacaqmışam. Bunlara birtəhər dözsəm də
dözülməz qəlb ağrıları da
yaşayacaqmışam. Məsələn Yusifin telefonda sevinc
və kədərlə qarışıq hisslərlə
“Manya bibi, Manya bibi atama yeni medallar verdilər. Sabah taxıb məzarı
üstünə gedəcəm. Qoy atamın ruhu görüb
sevinsin” sözlərini eşitdiyimdə çarəsizcəsinə
susdum. Əslində dilim susdu. Ancaq əminəm ki, ruhumun fəryadı
ta Tağının cənnətinə qədər gedib
çatdı.
Bir
uşaq düşünün, heç bir geyiminin
yarlığını atasının məzarına göstərmədən
qoparmır və geyinmir. İlk bağçaya gedəndə,
ilk məktəbə gedəndə bütün
uşaqların ataları gəldi, ancaq Yusif atasına getdi.
Gecə-gündüz demədən Yusif atasını görmək
istədiyində Naxçıvan şəhərindən Sədərək
Şəhidlər xiyabanına gedən isə
Tağının can yoldaşı Nuranə,
Tağının dili ilə desək “Nuruş”dur.
“Dərdi
çox olanların gülüşü dərin olur” deyərlər.
Nuranə tam o deyimin
bir izahıdır. Hamıya yetməyə çalışan, hamını
sevindirmək üçün
əlindən gələni
əsirgəməyən bu
gənc qadının
təkcə özünü
sevindirməyə gücü
yetmir. Çünki onun sevincinin səbəbkarı vətənə
can fəda edərək
şəhadətə ucalıb.
Abdullazadə Tağı İlham oğlu
4 may 1992-ci ildə Naxçıvan
Muxtar Respublikasının
Sədərək rayonunun
Dəmirçi kəndind
dünyaya göz açıb.Sədərək rayonunun
adı gələndə
xəyalımızda hər
zaman düşmənin atəşə
tutduğu yer canlanır. Tağı da həmin atəş səslərini duya-duya böyümüşdü. Üç
bacının bir qardaşı olan Tağı tək oğul olsa da heç zaman ərköyün
böyüməmiş, əksinə
həyatın sərt
sınaqlarından çıxmışdı.
Tağı 1999-2010-cu illərdə Sədərək rayonu Sədərək kənd
1 nömrəli tam orta
məktəbin şagirdləri
sırasında yer alıb. Məktəbi bitirdikdən sonra 2010-cu ilin oktyabr ayında
müddətli həqiqi
hərbi xidmətə
yollanıb. Naxçıvan
Muxtar Respublikasının
Ordubad rayonununda yerləşən
N saylı hərbi hissədə xidmət edən vətən oğlu xidmətini uğurla başa vurduqdan sonra evinə dönüb.
Tağının vətənə olan
sevgisi hər kəsə məlum idi. O, bütün uşaqların məktəb
vaxtından hərbi biliklərə yiyələnməyinin
tərəfdarı idi.
Elə bu minvalla da Sədərək
rayonunun Heydərabad qəsəbə tam orta məktəbində hərbi
hazırlıq müəllimi
işləməyə başlayır.
Bəzi
insanlar bu dünyada sevincin üz çevirdiyi insanlar olar. Anasını itirən bir qızın baxışları sevincdən
uzaq düşdüyünü
bəlli edirdi. Tağı ilk dəfə
Nuranəni gördüyündə
elə onun hüzünlü baxışlarına
heyran olur. 2014-cü ildə başlayan sevgi yolu 2016-cı il avqustun 27-də ailə həyatına çatır.
2017-ci ildə o ailənin
qapısını Yusuf adlı
övlad döyür.
Yusuf ata-anasının bütün
ağrı-acılarına məlhəm olur. Hər bir yoxluğa
sevgilərinin varlığı
qalib gələn bu ailənin qapısını əbədi
ayrılıq döyür.
Tağı Abdullazadə vətəninə,
xalqına bağlı
bir oğul olub. O bağlılıq onu yenidən ordu sıralarına qayıtmağa sövq edib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ)
kimi ordu sıralarına qoşulmaq
üçün üç
aylıq kursu uğurla başa vuran Tağı Sədərək rayonunda yerləşən N saylı
hərbi hissədə
xidmətə başlayıb.
Xidmətinin bir ili başa çatdıqdan
sonra Xüsusi Təyinatlı Qüvvələrə
keçmək qərarına
gəlib. Həmin vaxt da lazım olan kursu uğurla
keçdikdən sonra
XTQ-nin bir üzvü olub.
Vətənə sədaqət, sevgi
olan ürəkdə vətəni azad etmək istəyi də ucsuz-bucaqsız idi. 27 sentyabrın 2020-ci ildə başlayan müharibənin 14-cü günü
Tağı o istəklə
Qarabağa doğru yol aldı. Müharibəyə gedərkən
geriyə bir baxışı var ki, insan
izlədikcə iliklərinə
qədər o həsrəti
hiss edir.
Tağı döyüşlər zamanı böyük şücaətlər göstərir.
Bir neçə düşməni
zərərsizləşdirir. Mühasirəyə düşsələr
də çıxmağı
bacarır. Xocavənd
rayonunun bir çox əhəmiyyətli
yerlərinin azad olunmasında rolu olur. Hadrutda şiddətli döyüşlərdə
iştirak edir. Son dəfə 23 oktyabrda ailəsi ilə danışanda qələbədən
müjdə verir. Oktyabrın 27-də Hadrutun
Tuzluca yüksəkliyi
uğrunda gedən döyüşlərdə yaralanan
silahdaşlarını həmin
ərazidən çıxaran
zaman artilleriya atəşinə
tutulur və şəhid olur.
Tağının şəhid olması
Nuranənin ürəyinə
ikinci şəhid dağını vurur. Oktyabrın 15-də əmisi
oğlu Əliyev Ənvər Nizami oğlunu vətənə
qurban edən Nuranə sevdiyinin də şəhid olduğu xəbərini eşidir.
Tağının tabutunu həsrətlə
gözləyənlər 2 noyabrda
Naxçıvan şəhər
hava limanında şəhid tabutunu qarşılayır. Elə
həmin gün qeyrət qalası Sədərəyin daha bir qəhrəmanı Şəhidlər xiyabanında
torpağa tapşırılır.
MAHHXHQ (Kiçik çavuş) Abdullazadə Tağı
İlham oğlu Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin
sərəncamı ilə
şəhadətindən sonra
“Vətən uğrunda”
medalı, “İgidliyə
görə” medalı,
“Xocavəndin azad olunmasına görə” medalı, “Şuşanın
azad olunmasına görə” medalı və 3-cü dərəcəli
“Vətənə xidmətə
görə” ordeni ilə təltif olunub.
Şəhid Tağı
Sədərəyin başına güllələr
yağan zaman,
Şəhidim, sən də oldun o dəhşəti yaşayan.
Bir gözü gülən xalqın, bir gözündən axdı
qan,
Tağı, yerdə qoymadın
qanların qisasını,
İgidlər sağaltdılar vətənin
yarasını.
Naxçıvandan yol aldın Xocavənd torpağına,
Qəhrəmanlar çıxmışdı qələbə sorağına.
Şəhid kimi bürünüb
üç rəngli bayrağıma,
Zəfər müjdəsi ilə
tabutda döndün geri,
Bu dönüş al qan etdi səni sevən qəlbləri.
Həsrətin də böyükdür,
adının qüruru
da,
Sevdiyinin,
oğlunun gözü
qalıb yollarda.
Ömür fəda etdiyin o
azad torpaqlarda,
Yavaş-yavaş sağalır düşmən
vuran yaralar,
Tağı, sənin dərdinsə
daim təzə-tər
qalar.
Manya Səxavətqızı
AYB-nin və AJB-nin üzvü
Hürriyyət.- 2023.- 5 dekabr,
¹45.- S.11.