Mailin qəhrəmanlıq dastanı
Mail Mahir oğlu Əzizov İkinci Qarabağ müharibəsində yağı düşmənə qarşı son nəfəsinə qədər döyüşərək ömrünün 20-ci ilində adını zəfər tariximizə yazıb. Lənkəranın Şağlakücə kəndində boya-başa çatan Vətənin bu, şəhid oğlu ilə indi bütün Azərbaycan xalqı fəxr edir. Şərəfli ölümü ilə ucaldığı şəhidlik zirvəsindən xoş gələcəyə boylanan Mail mənən bizim üçün diridir, milyonların qəlbində yaşamaqla hər an hörmətlə xatırlanır.
Əbədiyyətə qovuşduğu 3 ili münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri öz qəhrəman oğluna ehtiram əlaməti olaraq onun uyduğu müqəddəs torpağı ziyarət etdilər, məzarına təzə güllərdən çələng hördülər.
Söhbət zamanı icra başçısı bildirdi ki, 44 günlük haqq savaşında qanı bahasına bizə qələbə sevincini yaşadan Vətən qeyrətli şəhid oğullara hər zaman borcluyuq, onlar bizim qəlbimizdə əbədiyaşarlıq qazanıblar. Bundan sonra şəhidlərin sayəsində uca başla, daim qalib xalq olaraq yaşayacağıq. Ən əsası vətənpərvər ruhda övlad böyüdüb tərbiyə etdikləri üçün şəhid valideynləri xüsusi diqqət və rəğbətə layiqdirlər. Döyüş meydanında hünər göstərib şəhidlik zirvəsinə ucalan Mailimiz bir daha sübut etdi ki, Vətəni necə sevərlər, doğma torpağı necə qoruyarlar. Mail bizim iftixar mənbəyimiz və qürur yerimizdir.
Göstərilən diqqətə və qayğıya, istənilən problemlərinin həlli üçün icra başçısı ilə birbaşa, maneəsiz əlaqə yarada bildiyinə görə Taleh Qaraşova minnətdarlıq edən şəhidin atası Mahir Əzizov dedi ki, ölkəmizdə istər dövlət qurumları, istərsə də sıravi vətəndaşlar tərəfindən şəhid ailələrinə olan münasibət yüksək səviyyədədir. Bu, həssas yanaşmaya görə elimdən, dövlət başçımız cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan çox razıyam. Bəli, dövlət səviyyəsində şəhid ailələrinə göstərilən isti münasibət bizə mənəvi təsəllidir. Şəhid valideyni olaraq qürur hissi keçiririk ki, övladımız Vətən üçün canından keçib və ona dövlət səviyyəsində yüksək qiymət verilir. El-obam da bizləri heç zaman yalqız saxlamır. Hər zaman acımızı unutdurmaq üçün insanlarımız bütün addımları atırlar ki, təki üzümüz gülsün. Məğrur, qürurlu, acımıza kədərlənən, sevincimizə şərik olan bir xalqa sahib olduğumuz üçün fəxr edirik.
Daha sonra Şağlakücə kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik ruhunda və şəhidlərlə bağlı şerlər oxudular.
Azərbaycan Ordusunun əsgəri olan Mail Əzizov 30 il düşmən tapdağında olan Vətən torpaqların azad edilməsi üçün başlanan haqq savaşımızda ilk gündən odlu-alovlu səngərlərə atılır. Hər döyüşdə erməni dığaların kabusuna çevrilən igid əsgər Şuşa şəhəri istiqamətində gedən savaşda artilleriya atəşi nəticəsində şəhadətə qovuşub. Vətən müharibəsində göstərdiyi igidliyinə görə ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın, Füzulinin azadlığına görə medalları ilə təltif edilib. Eləcə Lənkəran elində onun adını gələcək nəsilləri üçün yaşadan yadigarlar çoxdur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzv
Hürriyyət.-
2023.- 5 dekabr, ¹45.- S.13.