Qeyrət zirvəsinə ucalan Ramid

 

İkinci Qarabağ müharibəsində minlərlə qeyrətli oğullar kimi, 9 fevral 1996-cı il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində anadan olan Ramid Kamal oğlu Əliyev də Vətənin müqəddəsliyinə tapınmaqla onun bütövlüyünü hər şeydən əziz tutdu. “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz”-deyib özünü şüurlu şəkildə odun-alovun içinə atdı. Və ömrünün 24-cü ilində bu yolda şəhid olmağı özünə şərəf bildi.

Ramid Əliyev cəbhə bölgəsində Vətənə olan əsgəri borcunu ləyaqətlə verib doğma kəndinə qayıdır. Qaldı ki, onun işğalçı erməni cəlladlardan qisas almaq istəyi bir an belə azalmır. Həmişə Vətənin, xalqın xoşbəxtliyi düşünən Ramidə xeyirxah, nəcib əməllərinə, gözəl mənəvi keyfiyyətlərinə görə el-obada əsl övlad məhəbbəti bəsləyir, ona dərin ehtiram göstərirlər. Nə qədər günləri xoş keçsə də, Vətən torpaqlarının düşmən işğalına ürəyi dözmür. Yenidən hərbi hissəyə qayıtmaq, döyüş meydanında yağının ilan başını əzmək istəyir. Ramid belə bir istəkdə olan vaxt İkinci Qarabağ müharibəsi başlanır. “Artıq erməni dığaların sonu çatıb. 30 il canına yağı dadanmış torpaq yalnız igid qani ilə Vətən olar”- deyib könüllü müharibəyə yollanır.

Lənkəranın qəhrəman oğlu silahlanıb işğal altında olan doğma Azərbaycana məxsus müqəddəs torpaqların azadlığı naminə birbaşa düşmənə qarşı döyüşə başlayır. O, hər ölüm-dirim savaşında çoxlu sayda erməni dığasını cəhənnəmə göndərir. Cəbrayılda, Qubadlıda Ramid ölümə meydan oxumaqla misilsiz qəhrəmanlıq örnəyi göstərir. Döyüşlər zamanı yağıya qan qusdurub ürəyincə qisas aldıqdan sonra, 26 oktyabrda şəhid olur. Şərəfli ölüm daha bir Vətən sevdalısının adını Azərbaycanın yeni şanlı tarixinə yazdırir. Həm də qeyrət zirvəsindən boylanan bu ,əbədiyaşar ömrə dövlət tərəfindən “Vətən uğrunda”, Cəbrayılın və Qubadlının azadlığına görə medalları da əlavə olunur.

İstisu qəsəbə tam orta məktəbində coğrafiya müəllimi işləyən şəhidin atası Kamal Əliyev deyir:- Oğlum Ramid Vətəni canından artıq istəyirdi. Onu şəhidlik zirvəsinə aparan elə bu halal sevgi oldu. İndi bütün Azərbaycan Ramidin qəhrəmanlığından iftixarla, fəxrlə danışır. Bir ata kimi o, mənim bacımı uca etdi...

 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2023.- 14 mart.- S.13.