Tarix yazan oğullar

 

Daha iki qeyrətli Vətən oğlu ölümündən sonra əbədiyaşarlıq qazanıblar. Bu, hər adama nəsib olmayan bir xoşbəxtlikdir.

Belə ki, Lənkərandan olan Kənan Hamil oğlu Axundzadə Əli Məcid oğlu Mehdizadə 44 günlük haqq savaşımızda 30 il düşmənə əsir düşən əzəli-ədədi yurd yerimiz Qarabağ uğrunda son damla qanına qədər döyüşərək, şəhidlik zirvəsinə ucalıblar.

Bəli, canından keçib, torpağı Vətən edənlər heç zaman ölmürlər. Vətən var olduqca onların yeri ürəklərdə olur, hər dəfə böyük hörmətlə xalq tərəfindən yad edilirlər. Adları Lənkəran elinə şan, şöhrət olan Kənan Əli kimi!

Ölümü ilə ölməzliyə qovuşan hər iki qəhrəmanın şəhadətə ucalmalarının 3 iliyi münasibətilə anım mərasimləri keçirildi. Rayonun rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər, şəhid ailələrinin üzvləri hər iki Vətən sevdalısının uyduqları müqəddəs yeri ziyarət etdilər, ehtiram  əlaməti olaraq məzarları önünə gül dəstələri düzdülər. Bildirdilər ki, indi bütün millət tərəfindən adları qürurla  çəkilən şəhidlər qısa ömür yaşasalar da, şərəfli, qərinələr boyunca örnək sayılan həyat yolu keçdilər.

Lənkəranın Girdəni kəndində boya-başa çatan Kənan Axundzadə  üçün Vətən hər şeydən qiymətli idi. Odur ki, onun torpaqlarına təcavüz edən yağıdan qisas alacağı günə hazır durmuşdu. 2020-ci il  sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində odlu səngərə atıldığı andan dığaların kabusuna çevrilib. Həmişə düşmənlə öndə döyüşüb. Onun kimi qəhrəman oğlanların sayəsində  tezliklə Füzuli yağıdan təmizlənib. Kənanın Xocavəndin azadlığı uğrunda göstərdiyi şücaət dillərdə dastana dönüb. Neçə-neçə döyüşün qalibi olan qəhrəman sonuncu dəfə gözünü qırpmadan  səngərdən çıxaraq düşmənin üzərinə yeriyib, onun xeyli sayda canlı qüvvəsini məhv edib. Elə bu an qarşı tərəfdən açılan atəş nəticəsində sağ çiyin nahiyəsindən sinəsindən güllə yarası alaraq ömrünün ən gözəl cağında - 26 yaşında  şəhidlik mərtəbəsinə yüksəlib.

Adını Azərbaycanın yeni tarixinə yazdıran Kənan Axundzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", Xocavəndin, Füzulinin azadlığına görə medalları ilə təltif olunub.

2001-ci ildə Lənkəranda dünyaya göz açan, qəlbi Vətən eşqi ilə döyünən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri  Əli Mehdizadə haqq savaşımızda qanlı-qadalı yollar keçib. Hər qarış torpaq uğrunda canından keçməyə hazır olub. Doğma Azərbaycanın müqəddəsliyinə tapınan igid neçə-neçə savaş meydanından üzüağ çıxıb. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda əsl qəhrəmanlıq göstərib. Cəbrayıl istiqamətində çiynindən ağır qəlpə yarası alsa da, hospitalda çox qalmağı vicdanına sığışdıra bilməyib. Vətəninə sevgisi onu döyüş meydanına çəkib.

Son dəfə Daşaltı kəndidə qana susayan düşməni qanda boğmaqla, özü əlçatmaz, ünyetməz ulduzlar dünyasına qovuşub. Beləcə, 19 yaşında könüllərə köç edən Əli Mehdizadə ölümündən sonra  dövlət tərəfindən 3-cü dərəcəli "Rəşadət" ordeninə, "Vətən uğrunda", "Şücaətə görə", "Cəsur döyüşçü", Kəlbəcərin, Xocavənd,  Şuşanın azadlığı uğrunda medallarına layiq görülüb.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2023.- 21 noyabr.- S.7.