Muzeydə musiqi
gecəsi
Bakı Musiqi Cəmiyyətinin Muzey Mərkəzi ilə birgə təşkil etdiyi “Muzeydə musiqi gecələri” layihəsinin “Təfsir” adlı növbəti konserti keçiriləcək. 22 noyabr saat 18:00-da Muzey Mərkəzinin Akt zalında keçiriləcək konsertdə yaradıcılığı eyni dövrə təsadüf edən dörd bəstəkarın- Firudin Allahverdi “Təfsir”, Rüfət Xəlilov “Freskalar”, Məhəmməd Ənsari “Bakht-a-bakht” (“Blind fire”) və İlham Azmanlının “Baxiana Bakuana” əsəri solistlər Kamran Talıblı (fleyta), Məhəmmədəli Paşazadə (klarnet), Məmməd Rəcəbli (klarnet), Qleb Xoxlov (violin), Üzeyir Mahmudbəyli (viola), Ərol Rzayev (violonçel), Georgiy İmanov (violonçel), Rəna Fəhradova (piano), Afaq Qarayevanın (piano) ifasında səslənəcək.
Firudin Allahverdi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professor Xəyyam Mirzəzadənin sinfində təhsil almışdır. Bir sıra yerli və beynəlxalq müsabiqə, festivalların qalibi olmuşdur. Bəstəkar fortepiano, kamera musiqisi, orkestr üçün yazılmış əsərlərin, həmçinin teatr və filmlərə yazılmış musiqi əsərlərinin müəllifidir. Konsertdə ifa olunacaq “Təfsir” əsəri 2008-ci ildə yazılmışdır. Əsər Yaxın Şərq musiqi dünya görüşünü, eləcə də Azərbaycan muğamının spesifik cəhətlərini özündə əks etdirir.
Rüfət Xəlilov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkar İsmayıl Hacıbəylinin sinfində təhsil almışdır. Daha sonra Alman Akademik Mübadilə Servisinin (DAAD) təqaüdü ilə Diter Makin sinfində təcrübəsini davam etdirmiş, müxtəlif festival və müsabiqələrdə iştirakçısı olmuşdur. Konsertdə ifa olunacaq “Freskalar” əsəri bəstəkarın 2016-cı ildə “Keşikçidağ” tarix-mədəniyyət qoruğunda yerləşən XIX əsrə aid mağarada gördüyü freskalardan təsirlənərək yazılmışdır.
İlham Azmanlı özünəməxsus yaradıcılıq yolu olan, musiqinin bir çox janrına maraqlı əsərlərlə töhfə vermiş bəstəkardır. O, professor Xəyyam Mirzəzadənin sinfində təhsil almışdır. Bəstəkar 3 simfoniya, baletlər, bir sıra simfonik və xor əsərlərinin, kino və teatrlara yazılmış musiqinin müəllifidir. Konsertdə ifa olunacaq “Baxiana Bakuana” əsərində bəstəkar dahi alman bəstəkarı İ.S.Baxın prelüdləri və d-moll tokkatası üzərinə klarnet partiyasını yazaraq, bəstəkarın yaradıcılığına fərqli rakursdan yanaşmışdır.
Təbrizdə anadan olmuş Məhəmməd Ənsari bəstəkarlıq təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professor Arif Məlikovun sinfində almışdır. Konsertdə ifa olunacaq “Bakht-a-bakht” (“Blind fire”) əsəri 2022-ci ildə yazılmışdır və ilk dəfə ifa olunacaq.
Qeyd edək ki, Bakı Musiqi Cəmiyyəti Muzey Mərkəzinin də dəstəyi ilə mütəmadi olaraq, Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi gecələri təşkil etməyi nəzərdə tutur.
Hürriyyət.-
2023.- 28 noyabr, ¹44.- S.12.