Vətənlə birgə çəkilən ad

 

Zaur Nizami oğlu İsmayılzadə  44 günlük haqq savaşımızda Vətən  torpaqlarının azadlığı uğrunda yağı düşmənə qarşı döyüşlərdə  qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Şərəfli ölümü xalqına başucalığı gətirən bu Vətən sevdalısı 1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində, hərbçi ailəsində anadan olub.

Ölümündən sonra dövlət tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə"  ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", Füzulinin, Şuşanın azadlığına  görə medalları ilə təltif edilən Zaur İsmayılzadənin adı hər dəfə doğma  Azərbaycanla birgə  çəkilir, lənkəranlılar bununla qürur duyurlar. İndi  ölməz qəhrəmanın xatirəsinə burada insanlar tərəfindən müqəddəs sayılan yadigarlar çoxdur.

Zaur İsmayılzadənin Vətən, torpaq naminə şəhadətə qovuşduğu gündən 3 il ötür. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra ailəsinin üzvləri şəhid  Zaur İsmayılzadənin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Söhbət zaman bildirilib ki, 44 günlük Qarabağ müharibəsində qanları bahasına Azərbaycanın yeni, şanlı  tarixini yazan qəhrəmanlar xalqın qəlbində yaşamaqla, heç  vaxt unudulmaz onların şərəfli ömür yolları gələcək nəsillər  örnək olacaq. Bizim Zaur da onların içində. O, şəhid olana  qədər bir ailənin övladı idi. İndi isə Vətən ona oğul deyir.

Daha sonra icra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı problemlərini ətraflı öyrənib.

Azərbaycan Ordusunun əsgəri olan Zaur İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli  döyüşlərində savaşıb, düşmənə ağır itkilər verərək şəhidlik zirvəsinə ucalıb Lənkəran rayonunda hər qarışını canından artıq sevdiyi  torpağa tapşırılıb.

 

Zəfər ORUCOĞLU

 

Hürriyyət.- 2023.- 17 oktyabr, ¹38.- S.13.