Unudulmaz şəxsiyyət Rəhim Tağıyev
Rəhim Tağıyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Hələ sağlığında ürəklərdə özünə əbədi abidə ucaldan şəxsiyyətlərdən biri də Rəhim Kərim oğlu Tağıyevdir. Tanrının verdiyi 84 ilik ömür payını öz Vətəninə, xalqına sərf edən bu, dəyərli insan Masallı rayonunun Hişkədərə kəndində şərəfli həyat yolu keçibdir. Odur ki, 22 il bundan əvvəl vəfat etsə də, mənən qəlblərdə yaşayır, onun haqqında söz düşəndə böyük ehtiramla xatırlanır.
Bu günlər adını daşıdığı Masallı Tarix-Diyarşünaslıq Muzeyində Rəhim Tağıyevin anım gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə Vətən, torpaq uğrunda canından keçən şəhidlərin və Rəhim Tağıyevin xatirəsi ehtiramla anılıb.
Çıxışlarda ömrünün çox hissəsini rayonda muzey işinin yaradılması, bölgənin qədim tarixinin araşdırılaraq üzə çıxarmasına həsr edən, öz dövründə rayonun ictimai işlərində fəal olan, fədakar, vətənpərvər, əməksevər, dürüst və xeyirxah əməlləri ilə çoxlarının yaddaşına həkk olunan Əməkdar müəllim, Böyük Vətən müharibəsi veteranı, rayon muzeyinin yaradıcısı Rəhim Tağıyevin mənalı həyat yolundan söhbət açılıb. Bildirilib ki, o, birinci təhsilini 1928-1931-ci illərdə savad məktəbində alıb. 1934-1938-ci illərdə Lənkəran Pedaqoji Texnikumunda oxuyub. Həmin zaman Lənkəran “Şərq Qadınlar” klubunda savadsızlığa qarşı mübarizə aparıb, buna görə də ona “Kult əsgər” bileti verilib.
Rəhim Tağıyev 1938-ci ildə hərbi xidmətə çağırılıb, 1939-cu ildə SSRİ və Finlandiya arasında gedən müharibəyə göndərilib. 1941-1942-ci illərdə Böyük Vətən müharibəsində isə Rəhim alman faşistlərinə qarşı döyüşüb. Müharibənin qızğın vaxtı aylarında yaralanır və arxa cəbhəyə göndərilib. Bir müddət sağlamlığını bərpa edən R. Tağıyev hərbi təhsil almağa başlayıb. Daha sonra Kazan şəhərində motoatıcı alayda leytenant rütbəsində 2 il xidmət keçib.
R. Tağıyev 1949-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi (KP MK) yanında ikiillik partiya məktəbini bitirib. İki il Azərbaycan KP-nin Masallı rayon komitəsinin katibi vəzifəsi ona tapşırılır . 1953-cü ildən Tağıyev Masallı rayonunun Boradigah qəsəbəsində Kalinin adına MTS-nin siyasi şöbəsinin direktor müavini, partiya təşkilat katibi və Azərbaycan KP-nin katibi vəzifələrində çalışıb. Həmçinin iki il Masallı rayon RTS-nin partiya təşkilat katibi, Ərkivan kəndində kolxozun partiya təşkilat katibi, 1960-cı ildən Qodman kəndinin kolxoz sədri vəzifəsində işləyib. O, 1963-cü ildən Hişkədərə kənd orta məktəbində müəllim işləməyə başlayıb, məktəbdə Masallı Tarix-Diyarşünaslıq muzeyini yaradıb.1976-1978-ci illərdə Rəhim müəllimin doğma Hişkədərə kəndində muzeydən ötrü bina inşa edilib və Masallı Tarix-Diyarşünaslıq Muzeyi adını alıb. Eləcə də 15 il ərzində isə Rəhim müəllimin tərəfində toplanan maddi-mədəni tapıntılar onun çalışdığı Hişkədərə kənd orta məktəbində sərgilənib. 1977-ci ildə muzeyə dövlət statusu verilib. Həm də cənub bölgəsinin ilk və yeganə muzey olub ki, kənddə yerləşsə də , “SSRİ Muzeylər kataloqu” na daxil edilibdir. 2016-cı ilin sentyabr ayında həmin bina yararsız hala düşdüyü üçün Masallı şəhərində yeni bina tikilib. Muzey məktəbdə yerləşdiyi müddətdə 7 minə yaxın eksponatı olub. Hazırda ekspozisiya zalı 2 mərtəbəni əhatə edən mədəniyyət ocağının əsas fondunda 9010, köməkçi fondunda isə 2 minə yaxın eksponat mövcuddur. Həmin köməkçi fondunun eksponatların bəziləri muzeyin kənddə olan binasında yerləşir.
Rəhim Tağıyev 1977-ci ildən Masallı Tarix-Diyarşünaslıq muzeyinin binası tikiləndən sonra ömrünün sonuna kimi, yəni 24 il həmin muzeyin direktoru kimi çalışıb. O, tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği işində fəal iştirakına görə 25-dən artıq fəxri fərman, orden və medallarla təltif edilib. Hazırda muzeyə Rəhim müəllimin qızı Əməkdar mədəniyyət işçısi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva rəhbərlik edir.
Zəfər
ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hürriyyət.-
2023.- 24 oktyabr, ¹39.- S.14.