Emilin həyat yolu...

 

İkinci Qarabağ müharibəsində Vətənin, millətin yolunda şüurlu sürətdə canını fəda edən minlərlə qeyrətli oğullardan biri də Emil Qurbanovdur. Emil kimi Vətən sevdalıların qanı, canı bahasına xalqın 30 illik torpaq həsrətinə son qoyuldu, Azərbaycanımızın yeni, şanlı tarixi yazıldı. Şəhidliyi Vətən sevgisindən başlanan igidlərimiz isə səmanın parlaq günəşi olmaqla  ürəklərə köçdülər.

Emil Qurbanov 25 avqust 1980-ci ildə Lənkəranda anadan olub. Lənkəran şəhər A.Məhərrəmov saylı 7 nömrəli tam orta məktəbdə təhsil alıb, daha sonra isə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsində oxuyub.

Həqiqi hərbi xidmətdə olanda Emil Qurbanov leytenant rütbəsini alıb. 2003-cü ilin oktyabrında Tərtər rayonunun “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsində Vətənini göz-bəbəyi kimi qoruyub. 2005-ci ildə “Zirvə” idman kompleksinə məşqçi-müəllim gəlir, vətənpərvər, sağlam əqidəli idmançılar yetişdirməklə bərabər, qatıldığı müxtəlif yarışların qalibi olub. Daha sonra o, Lənkəran Şəhər Uşaq – Gənclər İdman Məktəbinə məşqçi-müəllim təyin olunub. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 saylı tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı müəllimi kimi işləməyə başlayıb.

Vətən müharibəsi zamanı tağım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 29 oktyabr 2020-ci ildə Qubadlının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə 40 yaşında əbədiyyətə qovuşub. 6 noyabr 2020-ci ildə Lənkəranda  canından əziz bildiyi torpağa tapşırılıb. Tarix yazan Lənkəranın qəhrəman oğlu ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın və Qubadlının azadlığına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Vətən müharibəsindən üç ilə yaxın vaxt keçir. Lənkəranlılar həmişə, hər yerdə öz qəhrəman  oğlu Emilin adını uca tutur, xatirəsini əbədiləşdirmək üçün layiqli işlər görürlər. İndi bu baxımda ucaldılmış “Emil bulağı” adamların ən çox olduğu müqəddəs yerdir. 43 yaşının tamamında doğum gününü də böyük qürurla qeyd etmək şəhidə dərin ehtiramdan irəli   gəlirdi. Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkdilər, qəhrəman övladımızın məzarını ziyarət edib önünə gül dəstələri düzdülər.

Mərasim iştirakçıları çıxışlarında onu da bildirdilər ki, Azərbaycan xalqının tarixinə qeyrət və şərəf səhifəsi kimi yazılan İkinci Qarabağ müharibəsində Emil Qurbanov da xüsusi qəhrəmanlıq göstərib. Vətəninə olan məhəbbətini şəhidliyi ilə bir daha sübut edib. Şəhidlər  heç zaman ölmürlər. Qərinələr boyunca, nəsillər bir-birini əvəz etdikcə onların həyatları həmişə örnək göstərilir. Məhz buna görə bizim Emilin ömür yolu daimi və əbədi olacaqdır.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

İlin vətənpərvər adamı” media mükafatçısı

 

Hürriyyət.- 2023.- 12 sentyabr.- S.13.