NAĞARA
SƏNƏTİNƏ BİR NƏZƏR
77 yaşlı Şirzad Həsənov gözlərimiz
qarşısındadır. Əsl ustaddır. Bütün ritmləri bilir. Ondan örənməliyik.
O, 1960-cı illərdə
Suraxanı
mədəniyyət sarayında dərs deyərkən xeyli uğurlu nağaraçalanlar yetişdirib.
Son dövrlərə qədər uşaq musiqi məktəblərində çalışarkən Şirzad müəllimin əla
şagirdləri sənətə qədəm qoyublar.
Yaşlı adamdır, sabah olmaya bilər, onu tapın, öyrənin.
71 yaşlı Hüseynqulu Abdullayev nağara sinifi üzrə pedaqoqdur, pensiyadadır, ondan da öyrənmək olar. Buzovnalı Nizami Paşayev və başqaları əla ifaçıdırlar və ustad səviyyəyə çatıblar. Kimləri unutmuşamsa, məni bağışlayın.
Ustad sənətkar Elşən Qasımovla ritm sənətimizlə bağlı bir neçə dəfə maraqlı və çox ciddi söhbətlərimiz olub. O, ritmlərimizi əla bilir və ifasında özünün də yeni fikirləri, əlavələri, ştrixləri var. Toylardan onun çox gözəl solo ifaları çəkilişə götürülərək yayımlanmaqdadır. Elə müxtəlif vaxtlarda mənim övladlarımın toylarında çox zəngin solo çalğılar sərgiləyib. Bunlar da internetdə yayımlanır.
Ustad və nadir ifaçı olduğu üçün onun üzərinə çox böyük məsuliyyət düşür. O, çox iş görrməlidir. Elşən bəy uşaqlıqdan, gənclikdən ustadlardan öyrənərək və öz üzərində müntəzəm işləyərək bu yerə gəlib çıxıb. Ondan öyrənmək lazımdır.
Rəhman Rasimoğlu da milli ritmlərə yaxından bələddir. Ondan öyrənmək mümkündür. Hər birimizin öyrənmək borcumuz var.
Axı haqlı olaraq deyilir ki, öyrənmək heç zaman gec və ayıb deyil. Öyrənək, öyrənək...
Buna da diqqət edək, ciddi məsələdir. Vaxtılə Azərbaycanda sənətkarlar nağaranı zil tembrlə çalmazdılar. Nağara xomlu olardı. Alətin səsində sambal vardı. Yalnız rəqs ansambllarında çalınan nağaralar zil səslənərdi, bu da rəqqas və rəqqasələrin ritmi daha aydın eşidib dəqiq oynaması üçün idi. Elə indi də həmin ansambllarda diametri kiçik, 32-33 diametrə malik zil tembrli nağaralardan istifadə edilir. Bu işdə tələbat budur.
Son zamanlarda bütün toy nağaraçalanları zil tembrlə ifa edirlər. Bu yalnız alətin üzünün plastik olması ilə əlaqədar deyil, ifaçıların öz istəyilə bağlıdır. Plastik üzlü nağaralarla da xomlu səs almaq mümkündür, təki istək olsun. İstək isə odur ki, ipləri dartmaq və zil səslə çalmaqdır. Bu isə əsl nağara səsi deyildir. Nağaranın isə özünəxas tembri və səslənməsi var. Zamanında olub və bu ənənəni qaytarmaq borcumuzdur.
Bəla burasındadır ki, son 15-20 ildə səhnələrdə, TV-lərdə, toylarda solist instrumental ifaçıları müşayiət edən nağaraçalanlar aləti zil çalırlar. Buna da yol vermək qəti düzgün deyil.
Hətta ustad nağaraçalanlar da zil tembrə alışıb. İrad bildirəndə bizimlə tam razılaşırlar. Lirik musiqidə istər vokal, istərsə də instrumental əsərlərdə ümumiyyətlə zil nağara ilə müşayiət düz deyil. Bəzilərinin düşüncəsi zəif olduğu üçün bura qoşanağara da qoşur. Zil nağara və qoşa nağara lirik melodiyanın əhvalını, məzmununu, səslənməni, gözəlliyini pozur və təsir gücünü azaldır. Heç bir lirik musiqidə qoşanağara ifa edilməli deyil.
Mənə haqlı olaraq irad tuta bilərlər ki, sənin ansamblının nağaraçalanının da tembri zildir. Bəli, bu barədə onunla dəfələrlə söhbətimiz olub, mənim fikirlərimlə tam razılaşıb. O, böyük staja, ifaçılıq və pedaqoji təcrübəyə malik, bütün ritmlərə bələd əsl sənətkardır. Bu adam harada tədrisdə çalışıbsa orada şagirdlərdən ibarət yüksək səviyyəli, möhtəşəm səslənən nağaraçalanlar ansamblı yaradıb. Sonuncu iş yeri Malıbəyli uşaq musiqi məktəbində yaratdığı “Şuşa” ritm qrupu çox məşhurlaşmış, baxış-müsabiqələrdə daim birincilik qazanmışdı. Buna görə də ona Mədəniyyət Nazirliyi tərəfindən fəxri mədəniyyət işçisi adı verilib.
Məsələ belədir, Heybət Babayev uşaqlıq illərində pionerlər evində sənət öyrənib, gənclikdə Dövlət Mahnı və Rəqs Ansamblında nağara çalıb. Yuxarıda qeyd etmişik ki, rəqs ansamblında nağaralar mütləq zil olmalıdır. O da təbii ki, bu qaydanı, tələbatı yerinə yetirib. Əks təqdirdə orada işləyə bilməzdi.
Beləliklə, onun da, rəqs ansambllarındakı müşayiətçi nağaraçıların özləri də, qulaqları da, zövqü də bu tembrə alışıb.
Heybət sonra filarmoniyada Ağası Məşədibəyovun rəhbəri olduğu ansamblda zil səslə çalıb, Şövkət Ələkbərova, Sara Qədimova, Mirzə Babayev, Əbülfət Əliyev, Anatollu Qəniyev, Nazim Ağayev və b. müşayiət edib, heç kəs ona irad tutmayıb, uzun illər toy ansambllarının tərkibində olanda da həmçinin. Görünür xanəndələri, musiqiçiləri qane edib. Konsertlərdə Şəmsi İmanovun solo çalğılarının müşayiətçisi olub.
Əslində onun kimi bu yaşda olanlardan nəyisə mütləq mənada tələb etmək də düz deyil.
Bu adam mənim ansamblıma 50 yaşında gəlib. Onun əl
quruluşu, çalğı qaydaları, tembr xüsusiyyətləri
necə vardısa, o vəziyyətdə bizə qoşulub.
Hazırda 71 yaşı var.
Biz canlı çıxışlarda
az olurduq, studiyada səs yazılarında
isə Faiq daim onun tembrini bizi qane edən şəkildə tənzimləyib.
Çəkilişlərimizə tamaşa edəndə bu hiss
olunur. Son dövrdə mənim evimdə ifa edib telefonla çəkdiyimiz
melodiyalarda Heybət müəllimin nağarası zil deyil.
Təsəvvür edin ki, bu boyda sənətkar
son illərdəki məşqlərimizdə
hazırladığımız melodiyalar zamanı ona verdiyim
çətin, heç yerdə eşitmədiyi
tapşırıqları səbr, təmkinlə qavrayaraq ləyaqətlə
yerinə yetirir. Bizim qrupda hazırlanan bütün
melodiyaların əhvalına, hər cümləsinə,
keçidlərə, sonluqlara aid ritmlər
çalınır. Burada xırdalıqlar, əl
quruluşunda fərqli forma və s. incəliklər var. Bu
heç də asan məsələ deyil. Lakin bu, bizim musiqiyə
lazımdır və gələcək nəsillərə
ötürülməlidir. Əslində isə bu adam
çox çətin işi yerinə yetirir. Başqası
işini çətinə salmaz, özünə əziyyət
verməz və baş götürüb qrupdan gedərdi. O, isə
sənətini ürəkdən sevdiyi üçün hər
çətinə qatlaşır, bu yaşında da öyrənir,
tələbimi yerinə yetirir və çətin ifa tərzini
ortaya qoyur.
Zaman gələcək
Heybət Babanın bu işi təqdir olunacaq, dəyər
verilərək öyrəniləcək. Əziz həmvətənlər!
Musiqidə hər şey var, xeyli incə nüanslar, mətləblər,
maraqlı ritm işlətmə qaydaları mövcuddur və
bunları tapıb ortaya qoymaq vətəndaşlıq
borcumuzdur. Biz illərdir ki, bu üslubda
çalışırıq. Bunu gənc nağara
ifaçılarına nümunə olsun deyə qeyd edirəm.
Sənəti, öz işini sevmək bax belə olar. O, bu
yaşda da öyrənir. Pensiyadadır, heç yerdə,
işləmir, lakin sevimli sənətindən də
ayrılmır və öz yeni töhfələrini vermək
arzusundadır. Əsl fədakar sənətkar belə
olmalıdır. Allah qorusun.
İndi ömrümüz qalsa, işimzi davam edə bilsək, bizim qrupda
nağara zil səslənməyəcək. Bu fikirləri ona
görə qeyd edirəm bilsinlər ki, biz öz işimizə
də tənqidi yanaşa və onu düzəltməyə
çalışırıq. Əks təqdirdə
başqalarına irad tutmağa, nəyisə düzəltməyə
haqqımız olmaz.
Mən Heybət Babanın 60 illik
yubileyi ilə bağlı milli radionun fondu üçün
solo, “Ritmlər kompozisiyası” hazırladım. O dövrə
qədər olan nağara ifaçlarının solosundan fərqli
bir iş gördük. Hər ritmə dair yeni musiqi bəstələdim.
Faiqin studiyasında yazıldı. 2023-cü ilin yayında Mədəniyyət
kanalı bu kompozisiyanı öz fondu üçün çəkərək
yayımladı. Əlbəttə, bunların hamısı Azərbaycan
nağara ifaçılığına, onun inkişafına
xidmətdir.
Mətləbə qayıdaq. Siz, əziz musiqiçilər,
ərəblərin, farsların, türklərin
ansambllarının internetdəki konsertlərini seyr edin,
görün orada bəm ritmlərin tələbatı
üçün bəm səsli qavallardan neçə istifadə
edirlər. Yəni zil səsli dümbəklərin yanında
bəm qavallar səslənir.
Hazırda bizdə belədir,
zil səsli qoşanağaranın
yanında nağaranı da zil edirlər. Heç də
yaxşı deyil, olmaz.
Vaxtılə Ağasüleyman İmanov,
Kərim kişi, Pele Mamed,
Hüseynağa, Çingiz Mehdiyev, Kamal Həsənov,
Böyükağa Muradov, Bigəhli Rafiq, Ramiz Həsənov,
Rafiq Budaqov (Eysebio), Şirzad Həsənov, Tahir Hüseynov,
Almaz Quliyev və başqaları nağaranı öz
qaydasında, əsl tembrində ifa ediblər.
Nağara
sinfinin müəllimi,
ustad Azər Əliyev bütün
şagirdlərinin, onlardan ibarət yaratdığı ansambll
üzvlərinin alətlərini bir-bir kökləyər və
yaxşı tembr alardı.
Gəlin
Azərbaycan nağara
sənətini qaydaya salaq, bu aləti zil
deyil, xoşagələn tembrdə çalaq, beyinləri
yormayaq və həm də ümumi səslənməni
pozmayaq. Bu nağaradır, dümbək və ya
qoşa-nağara deyildir.
Hələ onu da deyək
ki, xails ritmlərimizi bərbad hala salanlar da var, əsl ritmlərimiz
kənarda qalıb, bu barədə başqa vaxt söhbət
edərik.
Nağara
ifaçılarının əksəriyyəti “Vağzalı”nın əsl ritmini bilmir.
Bizim qrupun nağaraçalanı Heybət Baba belə ritmlərdə
tam ustadır. Ondan bütün ritmləri öyrənmək
mümkündür.
Hələ bunları demirik
ki, nağara ifaçıları “Qazaxı”, “Şələqoy”,
“Bakı”, “Kinto” rəqs havalarını öz ritmində
deyil, “Tərəkəmə”, “Süleymanı” ritm
ölçülərində çalırlar. “Qoçəli”
ritmini düz çalmayanlar var. Düşüblər
sintezator ritmlərinin ardınca. Müasir, qondarma
mahnıları fars ritmləri ilə çalırlar. Polemika
açsaq çox məsələlər meydana
çıxacaq.
Xəbəriniz olsun ki, Şirvan
aşıq, Qərb aşıq məktəbinin çox
unikal, çətin ritmləri var. Dünyanın bir sıra
ölkələrində olduğu kimi bizdə də bunlar
sinkopa ritmlər sayıla bilər. Hə, bunlardan xəbər
tutsaydınız yaxşı olmazdımı?
Əzizlərim! Siz ritm sənətinə xidmət edir, oradan ruzi
qazanırsınız. Sənətinizi sevmək, ritmləri
qorumaq borcunuz var. Əsl insan, layiqli sənətkar öz
peşəsini mükəmməl öyrənər və sədaqətlə
xidmət edər.
O ki, sizi şadlıq
saraylarında istismar edir, hər məclisdən 20 AZN maaş
verirlər, burada nə bizim, nə də əsrlərlə
yaradılıb bizə ötürülən möhtəşəm,
məhrəm, doğma ritmlərimizin günahı yoxdur.
ƏHSƏN
RƏHMANLI,
TƏDQİQATÇI,
SƏNƏTŞÜNASLIQ
ÜZRƏ
FƏLSƏFƏ DOKTORU
Hürriyyət.- 2023.- 19 sentyabr.-
S.14.