“Səs”
Şəhid
mayor Vüsal Vəliyevin xatirəsinə həsr
olunan eyniadlı
tamaşanın premyerası təqdim edildi
3 dekabr
2024-cü ildə C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrı Azərbaycanın qəhrəmanlıq
salnaməsində zəfər zirvəsi olan 44 günlük Vətən
müharibəsinin qəhrəmanlarına həsr olunan, şəhid
mayor Vüsal Vəliyevin xatirəsinə ehtiramla Adilə Nəzərin
“Axirətdən gələn səs” qəhrəmanlıq
dramı əsasında İftixarın “Səs” adlı rejissor
tamaşasının premyerasını təqdim etdi. Avanqard
üslubda, qeyri-səlis təbəddülatla nümayiş
olunan səhnə əsəri Qarabağ müharibəsində
şücaət göstərən, Azərbaycan
bayrağını işğaldan azad edilən
torpaqlarımızda dalğalandıran, ərazi
bütövlüyümüz yolunda canlarını fəda edən
şəhidlərimizin mübarizə amallarını təcəssüm
etdirir.
Tamaşanın
quruluşçu rejissoru, bədii və musiqi tərtibatının,
rəqslərin quruluşçusu Əməkdar mədəniyyət
işçisi İftixar Piriyevdir.
“Səs”
44 günlük Vətən müharibəsi mövzusunda
tamaşaya qoyulan ilk əsərdir. Əsərdə baş
qahrəman mayor Vüsal Vəliyevlə yanaşı Milli Qəhrəman
Polad Həşimov, Mübariz İbrahimov və digər qəhrəmanlarımız
da ümumiləşdirilmiş Komandir obrazında yad edilir.
Premyerada
ölkənin tanınmış simaları – millət vəkilləri,
ədəbiyyatşünas-alimlər, sənətşünaslar,
şəhid ailələri, qazilər, şəhidin mayor
Vüsal Vəliyevin ailə üzvləri, kursant
yoldaşları, televiziya, qəzet və sayt nümayəndələri
iştirak etdi. Tamaşa izləyicilər tərəfindən
maraqla qarşılandı.
Rollarda: Səmayə
Nəbiyeva (Səmayə ana), Samir Əliyev (Vüsal), Əməkdar
artist Esmiralda Şahbazova (Mədinə), Niyaməddin Səfərəliyev
(İslam), Natiq Həziyev (Milli qəhrəman), Pərvin
Dadaşova (İnci), Anar Həşimov (Elyar), Naibə Nemətova
(Afaq), Xədicə Məmmədova (Snayper) və
başqaları.
Xatırladım
ki, mayor Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur
rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə
Şərur rayon Dizə kənd orta məktəbində,
2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi
liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev
adına Ali Hərbi Məktəbdə hərbi təhsilin
sirrlərinə yiyələnib. 2012-ci ildə Xüsusi Təyinatlı
Qüvvələr təlimini uğurla başa vurub. Vüsal Vəliyevə
22.06.2009-cu il tarixdə leytenant, 26.06. 2012-ci il tarixdə
baş leytenant, 26.06.2016-cı il tarixdə kapitan, 20.08.2020-ci
il tarixdə isə mayor rütbəsi verilmişdir.
2009-cu ildən
“leytenant” hərbi rütbəsində Beyləqan rayonunda xidmətə
başlayıb. Tank əleyhinə taqımın komandiri,
motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah
bölüyünün komandiri, motoatıcı
bölüyün komandiri, tank əleyhinə
bölüyün komandiri, motoatıcı taborun qərargah rəisi,
tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində
Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və
Göygöl-Murovdağda xidmət edib, “mayor” hərbi rütbəsinəcən
yüksəlib. Xidmət etdiyi müddətdə mayor Vüsal
Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100
illiyi (1918-2018) Yubiley Medalı”, “10 il Qüsursuz xidmətlərə
görə” 3-cü dərəcəli medalı, Azərbaycan
Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov
tərəfindən təqdim edilmiş xüsusi medalla təltif
olunub.
Vüsal
Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı
Qüvvələri tərəfindən Ermənistanın
işğalı altında olan ərazilərin azad edilməsi
üçün başlanan Vətən müharibəsi
zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan
döyüş yolu Şuşanın azadlığınadək
davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa
döyüşləri zamanı şəhid olub. 14 dekabr
2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər
Xiyabanında dəfn olunub.
Hərbi
hissə qarşısında qoyulmuş bütün
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi,
döyüşdə şücaət və igidlik göstərdiyi
üçün mayor Vüsal Vəliyev ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sərəncamıyla “Vətən uğrunda”, “Kəlbəcərin
azad olunmasına görə”, “İgidliyə görə”
medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif
edilib.
Mayor
Vüsal Vəliyev nişanlı idi.
Şəhid mayor Vüsal Vəliyevin haqqında “Qisas 44” və “Vüsalın dastanı” adlı iki kitab çap olunub. Onun doğulduğu Dizə kəndində əziz xatirəsinə “Şəhid Vüsal bulağı” adlı abidə-bulaq kompleksi inşa edilib. Şəhid mayor Vüsal Vəliyev haqqında onlarla sujet hazırlanıb, yüzlərlə məqalə, şeir və mahnılar yazılıb. Ölkənin müxtəlif məktəblərində onun adına sinif otaqları verilmişdir.
Adilə
Nəzər
Hürriyyət.-
2024.- 10 dekabr, №46.- S.11.