Şanlı tariximizin qəhrəmanı

 

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda Vətən naminə sinəsini sipər edib şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan bir Raqib Əzizovdur. Məhz buna görə doğulub boya-başa çatdığı Masallı rayonunun Yolağac kəndində kiçikdən tutmuş böyüyə  kimi hamı adını iftixarla çəkir onun keçdiyi 29 illik şərəfli ömür yolunu örnək sayırlar.  Qanı bahasına qəhrəmanlıq salnaməsini yazan Raqib bu yolu həm Vətəninə, millətinə başucalığı gətirmək üçün seçmişdi. çətin məqamda amalına sadiq qalaraq,  qəlbində   bəslədiyi  sədaqət borcunu ləyaqətlə yerinə yetirib.

Raqib həyatı dərk edən gündən Vətəninin torpağına, daşına o qədər sevdalanmışdı ki, erməni vandalların Azərbaycanımızın müqəddəs bir parçası olan Qarabağa təcavüzü ilə heç cür barışa bilməyib.  Həmçinin, birinci arzusu elə nifrət bəslədiyi ermənilərdən qisas almaq olub. Buna görə əsgər yaşı çatanda ürəkdən sevinib.

2009-2011-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin "N" saylı  hissəsində müddətli həqiqi hərbi xidmətdə olanda Vətəninə, dövlətinə ləyaqətli xidməti ilə sayılıb, sevilib. Təlimlərdə isə cəsurluğu, çevikliyi, ağıllı hərəkətləri həmişə onu  komandirlərin yanında üzüağ edib.

Əsgəri borcunu yerinə yetirən igid Vətən sevdalısı döyüş meydanında dığalarla üz-üzə gəlib, onların başını əzmək üçün yenidən orduya qayıdıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin TTM- təhsil alıb, mükəmməl öyrəndikdən sonra "N" saylı hərbi hissədə bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində xidmət edib özünü yağıdan qisas almağa tam hazırlayıb. Odur ki, Vətən müharibəsi başlanan kimi gözünü qırpmadan öz yerini odlu-alovlu səngərlərdə alıb.

İgid döyüşçü Hadrut qəsəbəsinin Füzulinin azadlığı uğrunda gedən qanlı savaşda rəşadət şücaət göstərib. Yağının kabusuna çevirməklə yüzlərlə canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edib. Çətin müharibə meydanlarından üzüağ çıxmaqla şanlı qələməmizə qədər yol gedib. Raqib Vətən torpağında yazdığı  şanlı tarixə  ürəkdən sevinib, qalib bir ölkənin vətəndaşı olmağına qürur duyub.

Şanlı qələbəmizdən sonra bütün dünyada ifşa olunmuş  bir qrup   erməni  dığası  dekabrın 8-də  Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Görülən tədbirlər nəticəsində onlar layiqli cavabını alsalar da, gizir Raqib Əzizov şəhidlik zirvəsinə ucalıb.

Qəlbi Vətən, torpaq sevgisi ilə döyünən qəhrəman  milyonların  ürəyində özünə əbədi   məkan qurmaqla bərabər, həm dövlət tərəfindən  "Vətən uğrunda",  "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medallarına layiq görülüb.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2024.- 20 fevral, ¹7.- S.10.