50 yaşlı Vətən sevdalısı

 

Birinci Qarabağ müharibəsi başlananda Elşən Bəşirov da Vətəni müdafiə etmək üçün savaşa yollandı. torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər erməni dığaları ilə döyüşüb, şəhidlik zirvəsinə ucaldı.

Öz xalqı üçün örnək olacaq bir tarix yazıb gedən qəhrəman Vətən sevdalısının 50 yaşı tamam olub. Əbədiyyət adlı ulduzlu dünyasında gələcəyə boylanan, mənən diri olan şəhidə doğulub boya-başa çatdığı Masallı rayonunun Təklə kəndində  bu münasibətlə anım tədbiri keçirildi. Kənd məktəbində baş tutan tədbirdə kənd ərazi nümayəndəsi, bələdiyyə sədri, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri, şəhidin ailə üzvləri, məktəbin müəllim şagirdləri iştirak edirdilər.

Azərbaycanın  ərazi  bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə  məktəbin direktoru Oktay  Abıyev şəhid Elşən Bəşirovun şərəfli ömür döyüş yolu barədə məlumat verərək dedi: -  Şəhid  Elşən Dənizxan oğlu Bəşirov   1992-ci ildə hərbi xidmətə çağırılıb. Gəncə batalyonunun tərkibində Ağdərə bölgəsində qəhrəmanlıqla döyüşüb. 1993-cü il aprelin 2-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub .  Elşən  cismən aramızda olmasa da, mənən qəlblərdə yaşayacaq, hər an ehtiramla xatırlanacaq.

Masallı Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tural Bəşirov, məktəbin müəllimi Əhməd Rzayev başqaları Prezident,  Ali Baş Komandanın rəhbərliyi altında  müzəffər Ordumuzun qazandığı tarixi qələbədən, bu zəfərin qazanmasında qəhrəman oğulların    şücaətindən, Elşən kimi igidlərin Vətənə, torpağa sevgisindən söz açdılar.

Məktəblilərin ifasında səslənən şəhidlərə, Vətənə  həsr olunan şerlər tədbirə  qəhrəmanlı, iftixar duyğuları qatdı  .

Daha sonra  tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ehtiram əlaməti olaraq önünə gül dəstələri qoydular.

Şəhidin qardaşı Elxan Bəşirov ailə üzvləri adından onlara göstərilən diqqət qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, eləcə  tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2024.- 20 fevral, ¹7.- S.13.