“Bu gün sənətə
gəlsəydim
filmlərə çəkilməzdim”
RASİM
BALAYEV: “Arzum budur ki, bu yaşlı vaxtımda bir neçə rollar oynaya bilim”
“Zaurların, Xoşqədəmlərin,
Elgizlərin, Toliklərin
verilişləri səhərdən
axşama kimi insanların zövqünü
korlayır”
Müsahibimiz Azərbaycam kino sənətinin
canlı əfsanəsi,
bir çox tarixi şəxsiyyətimizə
ölməzlik obrazı
qazandıran aktyor, qəhrəman kimi Beyrəyimiz, şair kimi Nəsimimiz olan Xalq artisti,
Şərəf, Şöhrət
və İstiqlal ordenli Rasim Balayevdir.
Onunla müsahibəmizdə
cəmiyyətdə hər
bir fərdi düşündürən suallara
cavab tapmağa çalışmışıq.
- Rasim müəllim, sizinlə görüşümüz
seçkidən sonraya,
yəni cənab Prezidentin elan etdiyi yeni dönəmin başlanğıcına
təsadüf edir.
İlk olaraq yeni dönəm
haqda fikirlərinizi bilmək istərdik…
- Bizim hamımızın arzusu idi ki, Prezidentimizi yenidən seçək. O, böyük
şəxsiyyətdir, bu
boyda işlər görür. Mən indi o işləri sadalamaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, Qarabağı xalqımıza
qaytardı. İndi orda
möhtəşəm tikinti,
abadlıq işləri
görülür.
Düzdür, müəyyən çatışmayan
cəhətlər də
var. O da, inandırım sizi,
bəzi məmurların
ucbatındandır. Bizim
Prezidentimiz yaxşı
insandır, bəzi məmurlar sui-istifadə edir, vətəndaşları
incidirlər. Mən əminəm ki, Prezident bu məsələləri
də yerinə qoyacaq, insanların daha gözəl, firəvan, xoşbəxt yaşaması üçün
əlindən gələni
əsirgəməyəcək. Azərbaycanın, Azərbaycan
xalqının gələcəyini
çox yaxşı görürəm. Onun simasında hər şey yaxşı olacaq.
- İstər mədəniyyət
sahəsində, istər
də digər - siyasi, iqtisadi və sosial sahələrdə sizin
yeni dönəmdən gözləntiləriniz
nələrdir?
- Təbii ki, bizim işdə də müəyyən yeniliklər
var. Kinematoqrafçılar Assosiasiyası yaradıldı.
Ümidlərimiz var ki, Assosiasiya
Azərbaycan kinosuyla məşğul olacaq. Bizim uzun müddətdir
bu sahədə maliyyə problemimiz var idi. Prezidentimiz həmişə deyirdi ki,
nə lazımdırsa,
mən hazıram. Sağ olsun ki, kinomuz üçün heç nəyi əsirgəmir. Sadəcə,
yaradıcı işçilərdə
təpər lazımdır.
Yaxşı ssenarilər
yazılsın, rejissorlar
olsun ki, Azərbaycan kinosunun inkişafına kömək etsinlər. Bizim çox mövzular var. Ələlxüsus
da, Prezidentlə görüşəndə
də dedim ki, biz borcluyuq, Azərbaycan bu boyda qələbə
çalıb, şəhidlərimizin,
qazilərimizin, əsgərlərimizin
fəaliyyətini kinoda
əks etdirməliyik.
Bilirsiniz ki, kino geniş
bir auditoriyadır. Bizim işimiz budur ki, bu böyük
qələbəyə kino vasitəsilə
töhfələrimizi verə
bilək. Məndə
inam var ki, inşallah,
bu sahədə də bizdə irəlləyiş olacaq.
- Sovet hakimiyyəti dönəmində filmlərimiz
az büdcə ilə çəkilsə
də, böyük izləyici qazanır və yaddaşlara hopurdu. Hansı ki, hələ də bir çox filmlərimiz təkrar-təkrar
izlənilməkdədir. Lakin müstəqillik illərində,
xüsusilə də
son dövrlər dövlətimiz
film sektorunda geniş imkanlar yaratsa da, çox az filmlər
tamaşaçı marağına
səbəb olur. Sizcə, bunun səbəbi nədir?
- Bilirsiniz, bunun səbəbi çox uzundur. Pis-yaxşı sovet hökumətinin strukturu, quruluşu var idi. Xoşumuza gələn və gəlməyən tərəfləri
də var idi. Amma çox təəssüf
ki, biz ictimai informasiyanı
dəyişdik, yenisini
də fikirləşmədilər.
Bu günə qədər
də onun əziyyətini çəkirik.
Mən onu təkrar-təkrar deyirəm,
elə bil ki, estafeti itirdik. Nəsillər dəyişildi,
yeni kadrlar gəldi, bu nizam-intizam pozuldu. Toparlanıb, kino aləmində irəlləyiş
etmək, bunun üçün də böyük işlər görmək lazımdır.
- Rasim müəllim,
filmdən söz düşmüşkən, necə
düşünürsünüz, film sektorunun inkişafı, belə desək, bu sahədəki durğunluğu aradan götürmək üçün
daha hansı vasitələrə əl
atmaq lazımdır?
- Həmin Assosiasiya bu işlə məğuldur. Kinonu yenidən sevdirmək, tamaşaçıları razı
sala bilən filmlər çəkmək
üçün ssenaristlər,
rejissorlar, operatorlar yetişdirmək lazımdır.
Düzdür, bizdə
seriallar çəkilib.
Amma bu, hələ bizi qane etmir.
Bu barədə Mədəniyyət
Nazirliyinin, o cümlədən
Kinematoqrafçılar Assosiasiyasının
proqramları var. Bu proqramları
yavaş-yavaş həyata
keçirəcəklər. Azərbaycan kinosunun inkişafı üçün
müəyyən işlər
görüləcək.
- Siz xalqımızın
sevilən sənətkarısınız
və film aktyoru olaraq bu sahədəki
xidmətləriniz heç
vaxt unudulmayacaq. Maraqlıdır, istər səhnədə, istər
də şəxsi həyatda reallaşdıra
bilmədiyiniz hansısa
arzularınız var?
- Təbii. Bilirsən, bu belədi də, mənə həmişə deyirlər
ki, cavan vaxtı cavan rolu oynamışam.
Bizdə yaş senzi yoxdur. Çünki
yaşlaşan adam yaşlı rol oynamağa başlayır.
Bu, mənim də arzumdur. Əgər yaxşı ssenarilər yazılsa, məni qane edən rollar olsa, bir
aktyor kimi çəkilməyə hazıram.
Aktyor potensialımız
var. Amma bizdə, yenə
də deyirəm, çatışmayan cəhət
ssenaridir. Bir də rejissor, operator məsələsidir.
Bunları toparlamaq, iş başına gətirmək çətindir.
Amma bunu etmək lazımdır. Bunsuz Azərbaycan kinosunu təsəvvür etmək
olmaz.
Amma aktyor potensialımız
var. Yaxşı cavan uşaqlar, yaxşı simalar, yaxşı aktyorlar var. Yaxşı aktyorlar yetişdirmək mümkündür. Bilirsiz,
biri var hansısa əsəri kitabdan nəzəri cəhətdən
oxuyasan, biri də var o praktikanı keçəsən. Elə
mən özümdən
deyim. İnstitutu bitirdim, bu sənətlə
bağlı müəyyən,
çoxlu kitablar oxudum. Amma bunları həyata keçirmək üçün aktyor ya kamera qarşısında,
ya da səhnədə
olmalıdır. Bunu
da həyata keçirmək
lazımdır.
Bizim problemimiz aktyor sənəti deyil. Əsas odur ki, bayaq dediyim kimi,
ssenari və rejissor işi olsun. Bu problemlər həll olunsa, demək olar ki, Azərbaycan kinosu keçmiş hörmətini
qaytara bilər.
- Rasim müəllim,
zamanında böyük,
tarixi şəxsiyyətlərin
obrazını çox
məharətlə canlandırdınız.
Bu yaşınızda hansı
tarixi şəxsiyyətin
həyatından bəhs
edən filmə çəkilmək istərdiniz?
- Mən istəməklə
deyil. Konkret yazılan ssenaridən çıxış etmək
lazımdır. Ona görə
də, ad deyə bilmirəm. O əsər hələ yazılmayıb,
axı. Ssenari yazılıb qəbul olunsun, rejissoru dəvət olunsun… Bunların hamısı müəyyən bir prosesdir. Bu proses getməlidir.
Təbii, mən də bir aktyor
kimi istəyirəm
ki, çox təbii və çətin, ola bilsin dərin psixoloji rollar olsun. Yəni bir sözlə, dramaturgiya, rejissor yerində olsa, aktyor da yerində öz işini bilər. Ona görə də, mən konkret deyə bilmirəm hansı əsəri... Çünki
o əsər bəlkə
də yazılmayıb,
amma yazılacaq. Mən də istəyirəm, arzum budur ki, bu yaşlı
vaxtımda bir neçə rollar oynaya bilim.
- Sizə uğur, şan-şöhrət gətirən
bir çox rollar oldu. Maraqlıdır,
sizin özünüzü
qane etməyən, belə desək, çəkiləndən sonra
peşiman olduğunuz
və yaxud “bu obrazı belə canlandırsam, daha yaxşı olardı” dediyiniz filmlər oldu?
- Oldu. Amma onun günahı məndə olmadı. Təbii ki, mən öz rollarıma həmişə
məsuliyyətlə yanaşmışam.
Amma yenə deyirəm,
kino kollektiv sənətdir...
Məsələn, sən
şairsən, oturub bu gün bir
şeir yazırsan. Səhər bir də oxuyursan, görürsən ki, bu “kuplet” nəsə xoşuna gəlmədi, onu pozursan. Amma kino kollektiv sənətdir. Mən tək heç nə edə bilmirəm. Mənim gərək ssenarim, dramaturgiyam, rejissorun göstərişləri
və özümün
əlavələrim olsun.
Məni yaxşı çəkən operator olsun.
Bu kollektiv sənət
birləşəndə, hamı
bir yerə, bir amala qulluq
edəndə o əsər
uğurlu olur.
- Hal-hazırda tələbələr
yetişdirməsəniz də,
ancaq sizin sənətinizdən, möhtəşəm
obrazlarınızdan bəhrələnib
bu sənətə gələnlər çoxdur.
İndiki gənc aktyorlarımızın fəaliyyətini
necə qiymətləndirirsiniz?
- Açığı, mən
bu gün sənətə gəlsəydim
filmlərə çəkilməzdim.
- Niyə?
- Ona görə ki, həm rejissor tərəfdən,
dramaturji material tərəfdən…
Mənim xoşbəxtçilyim
onda oldu ki, kinoya gələndə başqa ab-hava var idi. Kinostudiyada dalbadal ssenarilər yazılırdı. Heç
bilmirdin ki, hansında
çəkiləsən. Bu gün o seçim yoxdur. Ona görə də mən aktyorları qınamıram.
Bayaq da dedim, nəzəri cəhətdən
öyrədirlər, praktikada
- çəkiliş meydançasında
özünü göstərməlisən.
Ona görə, yenə
də bu işlər aktyorlardan asılı deyil. Əsas odur ki, yaxşı əsər olsun. Yaxşı əsər olmasa, nə etsən də, xeyri yoxdur, orda uğur
qazanmaq mümkün deyil.
Kino sənətinin çətinliyi
ondadır ki, bu kollektiv sənətdir, hamının fikri bir yerə getməlidir,
bir amala xidmət etməlidir. Biri bir tərəfə, digəri başqa tərəfə çəksə
onda inkişaf olmaz.
- Rasim müəllim, sənətkarlar var ki, şöhrətləri
çoxalıb, amma sadəlikləri yoxdur. Məsələn, Siz həmişə xalqın
içindəsiniz, insanlarla
ünsiyyət qurmaqdan
yorulmursunuz. Sizə elə gəlmir ki, sənətkara stimul verən də, müdrik yaşa çatdıran da xalqın
sevgisidir?
- Elədir. Elədir və bir neçə
uğurlu işdən
sonra insanda təkəbbürlülük, lovğalıq
başlayır. Bu o deməkdir
ki, o adamın gələcəyi
yoxdur. Mən özüm yeni rollar oynamağa başlayanda köhnə işlərimi
unuduram, elə bil ki, birinci dəfədir çəkilirəm.
Məsuliyyətlə yanaşmaq
lazımdır. “Ay mən
filan şey oynamışam”, “mən belə oynamışam”, bunu deyən səviyyəsiz adamdır.
Ona görə, bu sənətin uğurunun yüksəlişi, yeri məlum deyil, sonsuzdur. Həmişə
- dünən gördüyün
işə görə
sağ ol, bu günki işindən
danışma - bu əqidəylə işə
girişmək lazımdır.
- Rasim müəllim, filmlərdən,
danışdıq. Sizin
gözünüzdə Azərbaycan
teatrları hansı səviyyədədir? Sonuncu
dəfə hansı tamaşalara baxmısınız?
- Vallah, axır vaxtlar tamaşalara baxmışam, birini deyəcəm, birini deməyəcəm, istəmirəm…
Amma teatrda da bir durğunluq var. Yəni bugünki tamaşaçı
40 il bundan qabaqkı tamaşaçı deyil. Hər şeydən xəbərdar, qarşısında
telefonu, saytlar,
internet, nə bilim, istədiyi gözəl filmlərə baxırlar.
Ona görə də,
bu gün incəsənət adamlarının
işi çox çətindir. Onlar elə əsər, elə rollar yaratmalıdır ki, ona tamaşaçı baxsın.
Bir də görürsən,
teatrlarımızda o qədər
sönük tamaşalar
olur ki, tamaşaçılar
gəlib həmin tamaşalara baxmırlar.
- Deyirsiniz ki, teatrlarımız
da durğunluq dövrünü
yaşayır. Bəs,
buardakı durğunluğu
necə aradan qaldırmaq olar?
- Orda da yaxşı əsərlər tamaşaya
qoyulmalıdır. Bilirsiniz
necədir, orda da əsər qıtlığı
var. Mən klassik yazıçıları demirəm,
amma vaxtilə teatr üçün Bəxtiyar Vahabzadə,
İlyas Əfəndiyev var idi. Dramaturqlar vardı ki, əsərləri
teatrlarımızda oynanılırdı.
Bu gün çox təəssüf ki, teatra
tamaşa qoymaq üçün əsərlərin
də qıtlığı
var. Teatrda da çoxlu
işlər görmək
lazımdır ki, bu gün tamaşaçını
razı sala biləsən. Onun üçün də böyük professionallıq
lazımdır. O olmasa,
tamaşaçı gəlib
sənə baxmayacaq. Zorla gətirirlər teatra, o iş deyil.
Bugünki televiziya da tamaşaçının
zövqünü korlayıb,
bir-ikisini çıxmaq
şərtilə, çox
bərbad vəziyyətdədir.
Çox təəssüf
ki, o qədər şit-şit,
lazımsız verilişlər
verirlər ki, bunlar bizim gəncliyimizi, insanları tərbiyə etməkdənsə, ibrət
götürməkdənsə, onların zövqlərini
korlayır.
- Rasim müəllim, televiziyalarla bağlı ayrıca sualımız olacaq. Öncə daha bir məsələ
haqda fikrinizi bilmək istərdik. Sizin film sahəsində fərqliliyiniz həm də o oldu ki, yaratdığınız hər
obrazda öz dəsti-xəttiniz oldu, kiməsə bənzəməyə
çalışmadınız. Bu gün istər teatrda, istər də film sahəsində özlərindən əvvəlki
məşhur aktyorlara,
aktrisalara oxşamağa
çalışan şəxslərə
sözünüz nə
olardı?
- Mən özüm indi də əsərlərə
baxıb öyrənirəm.
Peyğəmbərimiz demişkən,
insan doğuşdan qəbr evinə qədər öyrənməlidir.
Heç kim deyə bilməz ki, mən hər şeyi bilirəm. Hər şeyi Allah bilir. Ona görə də öz üzərində çalışmalısan,
məsuliyyət hiss etməlisən.
Heç vaxt kimisə təqlid etməklə əmələ
gələn şey deyil. Məsələn, mən baxıram, çox aktyorlar var… Oyun tərzinə baxıram, özümə
nəsə lazımi şeyləri götürürəm.
Öyrənmək lazımdır.
Dublyaj edirdim, tez-tez fırlanırdım,
o aktyorların oyununa baxırdım. Onlardan çox şey öyrənirdim. Yəni bu gün şərt
o deyil ki, mən, ya filankəs durub auditoriyada tələbəyə dərs
öyrətsin. Xeyr. Kinodur, ekrandır, baxırsan, əgər aktyorluq sənətini seçmisənsə, öyrənməli
çox şeylər
var. Bir yaxşı dərin
filmə baxarsan, aktyor oyununun dərin ştrixlərini öyrənə bilərsən.
Çox şey öyrənmək olar. Bu gün bu sənətə
məhəbbət, sevgi
lazımdır. O olmasa,
bu mümkün deyil.
- Azərbaycan ordusu xüsusilə də 44 günlük İkinci Vətən Müharibəsində
böyük qəhrəmanlıq
nümayiş etdirərək,
torpaqlarımızı işğaldan
azad etdi. Söhbətimizin əvvəlində
dəd qeyd etdiyiniz kimi, təəssüf ki, hələ
də əsgərlərimizin,
hərbçilərimizin qəhrəmanlığı
film səhnəsinə daşınmayıb.
Gecikmirik?
- Gecikirik. Mən bu barədə
bayaq dedim ki, şəhidlərimizin, qazilərimizin
obrazlarını oynamaq
lazımdır. Orda iştirak edib sağ-salamat gələn adamlar müharibənin şahidləridi, savaşın
içində olublar,
onları ekrana gətirmək, bu gəncliyimizi bütün
dünyaya tanıtmaq lazımdır. Özümüz
də çox qəhrəmanlarımızı yaxşı tanımalıyıq.
Ona görə, ekrana,
ədəbiyyata, şeirə,
teatra, filmlərə,
sənətə gətirmək
lazımdır ki, ümumiyyətlə
yaddan çıxmasın,
həmişə vəsf
olunsun.
- Rasim müəllim, ölkəmizdə bir çox sahələrdə
inkişaf getsə də, etiraf etməliyik ki, hələ
də müəyyən
sahələrdə vəziyyət
arzuolunan səviyyədə
deyil. Məsələn,
Sizin də dediyiniz kimi, televiziyalarımız maarifçilik
xəttindən tamamilə
kənara çəkilərək,
şou-biznesə, ailəiçi
qalmaqallara, insanların
şəxsi həyatının
aşkara çıxarılmasına
və s. meyl göstərirlər. Xalqımızın
sevilən ziyalısı
olaraq, bu problemin həllini necə görürsünüz,
təklifləriniz nələrdir?
- Təklifim odur ki, mən bunu neçə
dəfə demişəm,
yenə də deyirəm, küçə
adamlarının hamısı
ekrandadır… Elə bayaqdan onu deyirəm,
bir-iki proqramı çıxmaq şərtilə,
Azərbaycan televiziyası
ancaq insanların zövqünü korlamaqla
məşğuldur. Məhkəməlik
işləri gətirib
ekrana çıxarırlar.
Ədəbsizlik, böyük-kiçikyə
hörmətsizlik… Ağbirçək
qadını çıxarıb
ora, ola bilsin ki, onun psixologiyasında çatışmamazlıq var, deyir ki, mən cavan oğlanı sevirəm. Ola bilər bu həyatda. Bunu tamaşaçıya niyə deyirsən? Zaurların, Xoşqədəmlərin,
Elgizlərin, Toliklərin
verilişləri səhərdən
axşama kimi insanların zövqünü
korlayır. Yəni bu adamların verilişləri vətəndaşların
zövqünü korlamaqdan
başqa bir şey deyil.
Azərbaycan televiziyaları insanların
zövqünü çox
korlayıb. O qədər
korlayıb ki, insanlar maraqlı, ciddi ibrətamiz şeylərə
qulaq asmaq istəmirlər. Boş hır-hırlar. Bunlar sənət deyil. Çox təəssüf
ki, o işlərlə məşğul
olan adamlar hər bir şeyə
nail olublar, çox şeyə nail ola bilməyiblər.
Xeyli insanın zövqünü korlayırlar.
Söhhbətləşdi: Fuad BİLƏSUVARLI
Hürriyyət.-
2024.- 27 fevral, ¹8.- S.8-9.