NAXIŞLARIN DİLİ İLƏ

 

Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın qədim sənətləri nəsildən-nəslə ötürülərək, qorunub saxlanılır. Belə sənət növlərindən biri də ağac üzərində oymadır. Qeyd etmək lazımdır ki, ağac üzərində oyma bu sənətin ən qədim və geniş yayılmış növlərindən biridir. Əsasən daş, ağac, sümük və başqa  materiallar üzərində daha geniş miqyasla işlənir.

Bu gün Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Qobustanda, Gəmiqayada daş üzərində oymaları bədii oyma sənətinin ilkin nümunələri kimi xüsusi olaraq qeyd etmək olar. Həmçinin, onu da qeyd etmək lazımdır ki, tarixi məmbələrə əsasən, ölkəmizdə oyma sənəti ilk dəfə Mingəçevir şəhərində aşkar olunub, daha sonra isə digər rayonlarımızda təbliğ edilməyə başlanılıb.

Sənətkarlarımız isə bu sənət növünü öz yaradıcılıqlarında uzun müddət qoruyub saxlamaqla yanaşı, onu inkişaf etdirməyə müvəffəq olublar.

Ölkəmizin bir çox bölgələrində yaşadılan bu sənət növü Ulu Şeyx Nizami yurdu olan qədim Gəncədə də qorunub saxlanılmaqdadır. Məhz oxucularımıza da bu sənətin ustad sənətkarlarından biri olan Saləddin Şurəddin oğlu Məhərrəmov haqqında geniş söhbət açmaq niyyətindəyik.

Ustad sənətkar 4 avqust 1954-cü ildə Goranboy rayonunun Faxralı kəndində anadan olub. 1970-ci ildə Gəncə Uşaq Rəssamlıq məktəbini, 1979-cu ildə isə Gəncə Pedaqoji Texnikomunun “Rəssamlıq” fakültəsini bitirib. O, 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Saləddin Məhərrəmov 1990-cı ilin əvvəllərindən oyma sənəti ilə məşguldur. Əslində, rəssam olan sənətkar oyma sənətində də gözəl əl işləri ərsəyə gətirir. Deyir ki, oymaçı olmaq insandan iki şey tələb edir: birincisi rəssamlıq qabiliyyəti, ikincisi və ən əsası isə böyük səbr. Ağac, oyma sənəti ilə məşgul olmağa başladığı ilk illəri xatırlayan sənətkar söhbət zamanı deyir: “Təxminən 30 ildən artıqdır ki, bu sənətlə məşgulam. Mən təbiət qoynunda böyümüş insan və təbiət vurğunu olduğum üçün ilk zamanlar naxışlar bəlkə də daha gözəl görünürdü. Naxışları, təbiətin bəxş etdiyi gözəllikləri oyma üzərinə çevirdikcə böyük zövq alırdım. Tədricən bu sənəti davam etdirməklə, yardıcılığımı da inkişaf etdirə bildim.

Hər bir ağacın öz naxışı, öz gözəlliyi var. Bu gözəlliyi duyub, hiss etmək lazımdır. Əgər qarşındakı ağacın səndən nə istədiyini hiss edib, duya bilmirsənsə, demək, o da sənə istədiyini verməyəcək”.

Saləddin Məhərrəmov bir çox Respublika və Beynəlxalq miqyaslı sərgilərdə iştirak edərək, maraqlı və orjinal əsərləri ilə diqqət mərkəzində olmağı bacarıb. Sənətkarın əsərləri Sankt Peterburq, Moskva, Amerika, eləcə də paytaxt Bakıda, həmçinin digər rayon və şəhərlərimizdə bu gün də kolleksiyalarda qorunub saxlanılmaqdadır.

O, hər zaman düşündüyü mövzuları ağac üzərinə köçürərkən duyğuları ilə birgə onları ərsəyə gətirir. Sanki sənətkarın qəlbinin isti hərarəti bu əsərlərə köçmüş olur. Belə olmasaydı, yəqin ki, özünün də bu yaradıcılıq növünə marağı olmazdı. Maraqlı cəhət həm də burasındadır ki, Saləddin Məhərrəmov hər bir yaratdığı ağac üzərində oyma işlərində özünəməxsus ştrixlərdən məharətlə istifadə etməyi bacarır. Təqdim etdiyi hər bir əsər məhz onun özünün düşüncə təxəyyülünün məhsulu olaraq diqqət mərkəzində olur. Sənətkar heç zaman təkrarlanmır. Əksinə, bütün varlığı ilə bağlı olduğu sənətin sirlərinin yeni kodlarını kəşf edə bilir. Bu isə məhz Saləddin Məhərrəmov yaradıcılığının əsas amilinə çevrilir. Sonda isə idrakı və düşüncəsi ilə cilalanmış sənət əsəri olaraq təqdim edilir.

Sənətinin incəlikləri haqqında danışan sənətkar deyir: “Nəzərə alın ki, xüsusi olaraq oyma işlərində əsasən qiymətli ağac növlərindən istifadə etmək lazımdır. Məsələn, deyək ki, qoz, palıd, cökə və ya çinar ağaclarından istifadə olunumalıdır. Bu kimi xüsusi əhəmiyyətli əl işləri rəssam-oymaçıdan bütün çılpaqlığı ilə göz önündə olan, maksimum dəqiqlik, səliqə tələb edir. Baxın görün, bir əsəri ərsəyə gətirmək üçün ən azı 25-30 gün vaxt tələb olunur. Bu isə böyük bir səbr deməkdir”.

Onun əsərlərinə nəzər yetirdikcə elə naxışlar olur ki, görünən və görünməyən gizlinləri, dərin mətləbləri, sözləri ifadə vasitələri olaraq düşüncəsilə təqdim etməyə müvəffəq ola bilir  ki, hətta heç bir səs və ahənglə, rəng və çalarlarla ifadə etmək belə, mümkün deyil. Səladdin Məhərrəmovun yaradıcılıq üslüb və  dilində naxışın dili bir ayrıdır və deyərdim ki, millətin, xalqın dilinin içərisində onun məxsusi mərtəbəsi var. Onun  naxışlarının dili içərisində sözlər, xüsusi kodlarla sanki çatdırılmalı ismarışlarla, hətta oxuna və ya oxunmadığı  təqdirdə belə, gizlənməklə gözəldir. Elə həmin sayaq bəzən  zərif bəzənsə kobud görünə bilən naxışlar belə, sanki rəmzli  məktublar kimidir. Ünvanı bəlli olmayan, ancaq danışan və susan məktublar kimi. Bu ünvanlı məktublarla yanaşı olan  düşüncə təxəyyülünün hər birində bir işarə, bir fikir, bir dilək, gözlərdə oxunan ali məqam tək. Sadəcə, həmin işarələri anlamaq, o naxışları duymaq kifayətdir ki, ustad sənətkarın ünvan məqamının düşüncə aşiqi olasan.

Usatad sənətkarla çox zaman sərgilərdə görüşürük. Hərdən olur ki, əlimlə onun əlindən çıxmış naxışlara toxunur, barmaqlarımı onun barmaqlarından həyat ilhamı almış, həyatda yaşamaq sevgisi ilə dolu olan naxışlarda gəzdirirəm. Bu zaman bir həqiqəti hiss etmiş oluram. Ustadın əllərinin hərarəti heç vəclə itib-getmir, əksinə bu zaman donmuş ağac belə, heç vaxt soyuq olmur. Bu hərarətin ülvi eşqi onun yaratdığı əsərlərin üzərində qabil sənətkar imzası olaraq hər an hiss olunur.

Saləddin Məhərrəmovun yaradıcılığında xüsusi olaraq “Zaqafqaziya Gənc rəssamların qrafika və rəngkarlıq əsərlərindən ibarət sərgilər”də, “Dekorativ tətbiqi sənət sərgiləri”ndə, “Xalq yaradıcılığı-Qədim sənətlər silsiləsində”, eləcə də “Tətbiqi sənət ustalarının işlərində İslami dəyərlər çərçivəsində” təşkil olunan sərgilərdə uğurlu çıxışları onun yaradıcılıq aspektlərinin daha geniş olmasından xəbər verir. Təbiət kompozisiyalarını, eləcə də fəlsəfi və mistik həyatı yaradıcılığında geniş bir formada əks etdirən sənətkar bu günə kimi 60-dan artıq sənət əsərini çox uğurla ərsəyə gətirə bilib. Onun “Qədim yurd yerlərimiz”, “Mənim Kəpəzim”, “Nar budağı” və digər əsərləri maraqla qarşılanan sənət nümunələrindəndir.

Bu gün ustad sənətkar tarixi şəxsiyyətlərin portret cizgilərini özündə əks etdirən orjinal səpgili silsilə əsərlər üzərində işləyir. Belə ki, “Şah İsmayıl Xətai”, “Cavad xan”, “Nizami Gəncəvi”, “Səlahəddin Əyyubi” kimi ağac üzərində oyma portretlər deyilənlərin bariz nümunəsidir.

44 günlük Vətən müharibəsi və bu tarixin Zəfər salnaməsi də ustad sənətkarın yaradıcılıq emalatxanasından yan keçməyib. Belə ki, Vətən müharibəsinin Zəfər tarixli qələbəsi bir çox  sənətkarlara ilham  mənbəyi olduğu kimi, usatad sənətkarımız  olan Saləddin Məhərrəmovu da bir-birindən maraqlı, bitkin, orjinal, kolaritli üslüb dəsti-xətti ilə gözəl işlər yaratmağa sövq edib. Vətən müharibəsinin ağrı-acısını daşıyan sənətkar bu  tarixi  günləri maraqlı sənət əsərlərində yaşatmağa müvəffəq olub. Belə ki, yaradıcılığı zamanı “Ana bətnindən dəmir yumruqla gələn Azərbaycan əsgəri”, “Ömər aşırımı”, “Xüdafərin körpüsü”, “Qarabağ mənzərələri”, “Alban türk məbədləri”, “Ana məhəbbəti”, “Şəhid anasının ürəyi” kimi maraqla qarşılanan  ağac üzərində oyma işləri tarixi  Zəfər günümüzün  salnaməsinə  çevrilə bilib.

Bu gün xüsusi olaraq qeyd etmək lazımdır ki, məhz Saləddin Məhərrəmovun ağac üzərində oyma sənət əsərlərindəki forma və quruluşlar praqmatik baxımdan yaradılmır, həmin formalar sənətkarın dünya qavrayışının üzvi hissəsi olaraq təqdim edilir. Məhz buna görə də, onun əsərləri adi obrazlar çərçivəsində deyil, daha çox əsrarəngiz və eyni zamanda belə cazibədar görünür.

Həmçinin, Saləddin Məhərrəmov yaradıcılığında ənənəvi xətti perspektiv qaydalarından istifadə etməklə, klassik gözəllik  meyarlardan kənara çıxmaqla, bir çox hallarda intuitiv olaraq özünün son dərəcə gözəl və harmoniya dolu reallığını yarada bilir. Onun əsərlərinin qəhrəmanları daxilinə qapanmış və cəmiyyətlə qaynayıb-qarışmayan personajlar fonunda hətta zaman və məkan anlamında baxışlarında belə metafizik ifadə vasitəsi kimi görünə bilir. Yaradıcılığına xas olan təsvir  plastikası, dəqiq kompozisiyalar, personajların təhrif  edilmiş  fiqurları və çərçivələrə xas olan tünd rəng palitrası bu təəssüratı daha da gücləndirmiş  olur.

 

Anar Ərtoğrul Burcəliyev

Teatrşünas

 

Hürriyyət.- 2024.- 27 fevral, ¹8.- S.12.