AZƏRBAYCAN QARMONU BARƏDƏ

 

Azərbaycanın bir gənci mənə messencer vasitəsilə müraciət etmişdi: “Niyə qarmonumuz geniş şəkildə tanınmır, dünyanın çalğı alətləri sırasında deyil?”.

 

Əvvəlcədən bildirirəm ki, Azərbaycan qarmonunun yaranması, tarixi mərhələləri barədə fikir bildirməyəcəm. Çünki bu barədə geniş məlumat çap olunaraq yayılan kitablarımda, məqalələrimdə və elmi işimdə öz əksini tapıb.

Əksər dövlətlərdə, xalqlarda, millətlərdə istifadə olunan çalğı alətləri çoxdur və saysaq böyük siyahı alınacaq. Həmin gənc fortepiano, orqan, klarnet, qoboy, fleyta, viola (violin-skripka), kontrabas, truba, trombon, faqot, gitara və s. alətlərin adlarını nümunə olaraq göstərir. Dünyəvi çalğı alətləri daim simfonik və digər orkestrlərin tərkibində, həmçinin solo olaraq çalınmaqdadır. Bəstəkarlar belə musiqi alətlərinin hər biri üçün əsərlər yazıblar və bu yönümdə iş davam edir.Azərbaycan bəstəkarları da bu istiqamətdə çox iş görüb.

Yalnız qarmon deyil, bizim digər çalğı alətlərimiz də dünyəvi sayılmır və yalnız bizim özümüzə məxsusdur. Ermənilərdən başqa heç bir xalq, millət bizim musiqi alətlərinə sahib çıxaraq demir ki, bu bizimdir.

Bir sıra maraqlı, dəyərli işlərlə dünyada müəyyən qədər tanınan, Amerikada yaşayan Çin əsilli Yo Yo Ma var. Musiqiçi və yazardır. O, 1955-ci ildə Fransanın Paris şəhərində anadan olub. Bəstəkarların əsərlərini, xalqların nadir musiqi nümunələrini hazırlayıb səhnələrə çıxararkən müxtəlif xalqların çalğı alətlərindən təşkil etdiyi “İpək yolu” ansamblının tərkibində səsləndirir. Belə hallarda o, dəfələrlə Azərbaycanın musiqi alətlərindən də orkestrə daxil edərək heyətin tərkibində bizim mahir ifaçıların da sənətini sərgiləyib.

Nümunə olaraq qeyd edirik ki, 2000-ci illərin əvvəllərində Yo Yo Ma Amerikada Firəngiz Əlizadənin “Dərviş” əsərini səhnəyə qoyarkən xanəndə Alim Qasımov ney çalan İlham Nəcəfzadə və qanun ifaçısı Təranə Əliyevanın müşayiəti ilə oxuyub.

Yo-Yo Ma sonralar müxtəlif illərdə dəfələrlə Alim Qasımovu öz layihələri ilə konsertlərə dəvət edərkən xanəndəni tarzən Malik Mansurov və kamança ifaçısı Rauf İslamov müşayiət edib.

Dünya ölkələrində tanınan “Atlas” adlı musiqi qrupu var. Onu Amsterdam Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışan Jojell Bons 2002-ci ildə yaradıb. Həmin qrupun vasitəsilə dünya tamaşaçılarını heyran edən proqramlar hazırlanır. Bizim ölkəmizdən “Atlas”a mahir kamança ifaçısı, xalq artisti Elşən Mansurovla birlikdə tarzən, əməkdar müəllim Elçin Nağıyev dəvət olunur. Həmin ansamblla təşkil olunan konsertlər həm də bizim çalğı alətlərimizi təbliğ etmək üçün bir vasitə deyilmi? 20 ildən artıqdır ki, adı çəkilən musiqiçilərimiz “Atlas” qrupu ilə əməkdaşlıq edir.

İnkişaf etmiş ölkələrin böyük orkestrlərinin tərkibində Azərbaycan musiqi alətlərindən istifadə olunmur. Nə də oraların təhsil müəssisələrində musiqi alətlərimiz tədris edilmir. Milliyyətindən asılı olmayaraq bizim xalq çalğı alətləri ixtisasları üzrə təhsil almaq istəyənlər ali musiqi ocaqlarımıza qəbul olunaraq ödəniş vasitəsilə oxuyurlar.

Bu bir başqa məsələdir ki, qardaş türk dövlətləri, Avropa ölkələri və ya Amerikanın böyük konsert salonlarında, həmçinin elm, tədris ocaqlarındakı musiqi simpoziumlarında, konfranslarda Azərbaycan musiqisi ilə bağlı tədbirlərdə ifaçılarımız dəvət olunaraq çalğı alətlərimiz oranın orkestrlərinin və ya qrupların tərkibində səsləndirilir.

Klavişli, körüklü çalğı alətləri vardır ki, daimi olaraq dünya xalqlarının həyatına, məişətinə, adət-ənənəsinə, musiqisinə daxil edilərək müntəzəm istifadə olunmaqdadır-harmon, akkordeon, bandoneon, bayan, qarmonlar (bu alətlərin sırasında qarmoşkalar), müxtəlif növlü dodaq qarmonları bu sıradadır. Bəzi ərəb ölkələrində, bundan başqa Əfqanıstan, Pakistan və Hindistanda harmon çalırlar.

Yalnız bizə aid olan deyil, keçmiş SSRİ daxilində yaşamış xalqların hər birinin özünəməxsus olan qarmonları da dünyəvi səviyyə almayıb, yəni həmin xalqların özünə aid olaraq isifadədədir. Nümunə kimi deyək ki, rus qarmonları (qarmoşkaları) da, həmçinin, dünya xalqlarının ifaçılığında rus qarmonlarından deyil, akkordeonlardan istifadə olunur.

Ölkələr var ki, orada yaşayan xalqların əksər ailələrində akkordeon var. Çay, dəniz, şəlalə kənarına, meşəyə, bağ-baxçaya, yaşıllıqlara, çəmənliklərə istirahətə gedərkən, ya gəzintilərə çıxarkən hər kəsin avtomobilində akkordeon olur və hara gedilirsə, orada bu çalğı alətindən layiqincə istifadə edilir.

Akkordeon ansambllar, orkestrlər və müxtəlif qruplar tərkibində çalınmaqla bərabər həm də solo alətidir. Dünya bəstəkarları akkordeon üçün istər orkestrlər və istərsə də solo ifa əsərləri yazıblar. Elə Azərbaycan bəstəkarı, xalq artisti Firəngiz Əlizadə Avropada yaşayarkən kontrabas və akkordeon üçün əsər bəstələyərək səhnələrə çıxarıb.

Rusiyada və xüsusilə bir sıra Avropa ölkələrində yüksək səviyyəli akkordeonların istehsalı ilə məşğul olaraq bütün dünyaya realizə edən məşhur fabriklər fəaliyyətdədir. İllərlə bu fabriklərdə istehsal olsa da, ölkələrdə həmin alətlərin satışı müntəzəm davam etməkdədir.

Akkordeonlar qarmonlardan dəfələrlə imkanlı alətdir. Burada oktava genişliyi, çox registrli olması, sol klaviaturadakı akkord sistemi böyük əhəmiyyət daşıyır. Dünya xalqları akkordeonu kənara qoyub qarmondan istifadə etməyəcəklər. Azərbaycan qarmonlarının sol klaviaturasındakı səs ardıcıllığı bizim özümüzə məxsusdur, bizə aiddir və musiqimizə uyğunlaşdırılmışdır. Yəni alət formalaşdırılanda el havaları, xalq musiqimiz və muğamlarımızın ifası nəzərə alınıb. Burada, sol gövdədə dünya musiqisi üçün nəzərdə tutulan akkord sistemi yoxdur. Qarmonumuzun solundakı unison səslər dünya musiqisinin ifası üçün elə də əlverişli deyil. Bu başqa məsələdir ki, bizim ifaçılarımız usta, çox bacarıqlı olduqları üçün qarmonun sol tərəfindən layiqincə istifadə edirlər. Zaman-zaman bu baş verib və davam etməkdədir.

Akkordeonların sol gövdəsindəki akkord sistemindən istifadə etmək elə də çətin deyildir, bir düyməyə toxunmaqla akkordu səsləndirmək mümkündür. Hər musiqi cümləsinə, frazaya uyğun akkord almaq olur. Bu hal, bu vəziyyət ifa olunan əsərin, melodiyanın müşayiətini tam təmin edə bilir. Bizim qarmonların sol klaviaturasındakı unison səslər vasitəsilə akkordlarla çalğı yaratmaq çox çətindir. Bir daha qeyd edirəm ki, bu işdə ustalıq yaratmaq, əsl peşəkarlıq və pərgarlıq göstərmək bizim çox mahir qarmon ifaçılarımıza məxsusdur.

Təbii ki, bizim qarmonlarımızın da öz ifa imkanları, tembr xüsusiyyətləri, milli musiqimizin, muğamlarımızın, xalq, aşıq və bəstəkarlarımızın mahnılarının gözəl ifasını təmin edən doğma səslənməsi var. Bəli, bu belədir, belə də var və bizim ruhumuzu, zövqümüzü oxşayır. Qarmon bizim milli hisslərimizi tərənnüm edir. Bu çalğı aləti ilə gözəl səslənmə yaratmaq, musiqimizin çoxçalarlığını vermək, harmoniyasını ifadə etmək mümkündür. Qarmonu ölkəmizdəki kiçik, böyük qruplar, ansambllar və xalq çalğı alətləri orkestrlərinin tərkibində səsləndirmək olur. Lakin bu o demək deyil ki, Azərbaycan qarmonları bütün dünya xalqları ilə doğmalaşacaq. Bu yazı vasitəsilə bəzi cəhətləri, müəyyən şərtləri izah etməyə çalışdım.

Bu faktdır, bizim ifaçılarımız Azərbaycan qarmonunu geniş şəkildə meydana çıxararaq, ifaçılıq səviyyəsini imkanlı hala gətirərək yüksəyə qaldırıblar. Bu barədə çəkinmədən xalq artisti, virtuoz ifaçı Ənvər Sadıqovun adı xüsusi qeyd edilməlidir.

Həm də qarmon ifasının sol əllə (sol klaviatura) müşayiəti işində illərlə qarmonun not tədrisinin, müəllimlər-Xeyrulla Dadaşov, Sona İrzaquliyeva, Əlibala Ağayev, Zair Mustafayev, Əlövsət Piriyev, Ceyhun Qəmərlinski, Natiq Rəsulov, Sərxan Abıyev, Vüsal Qəhrəmanov, İlham İsmayıl, Gülnarə Qasımova, Könül Hüseynova, Xuraman Nağıyeva və başqalarının xüsusi əməyi olub (adları qeyd olunmayanlardan üzr istəyirəm, həm də axı kimləri isə tanımıram).

Vaxtılə yaşadığımız Sovet dövründə bütün respublikalarda və bizdə də akkordeon tədris edilirdi. Qeyri azərbaycanlılarının yazıb tərtib etdiyi “Akkordeon məktəbi” kitabları, bu ixtisas aid məcmuələr SSRİ məkanında tədrisdə xüsusi rol oynayırdı. Həmin tədris vəsaitlərində Sovet və xarici ölkə bəstəkarlarının əsərləri özünə yer almışdır.

Azərbaycanda qarmonun ixtisas kimi tədrisi inkişaf etdikcə bizdə də “Qarmon məktəbi” kitabları, bu sahəyə aid müxtəlif not məcmuələri, proqramlar və göstəricilər yazılaraq təhsildə geniş şəkildə yayıldı. Bu istiqamətdə böyük işlər görənlər sırasında Xeyrulla Dadaşov, Sona İrzaquliyeva, filologiya elmləri doktoru, professor Fərahim Sadıqov, əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zakir Mirzə, Natiq Rəsulov, Əli Bayramov, Zair Mustafayev, dosent Sərxan Abıyev, əməkdar incəsənət xadimi, professor Aydın Əzim, Əbdül Həşimov, Gülnarə Qasımova, Könül Hüseynova, Mehriban Nəsirova, Əhsən Rəhmanlı və başqalarının adlarını qeyd etməliyik.

Belə tədris vəsaitlərində qammalar, etüdlər, rus, Avropa, Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları, oyun havaları, zərbli muğamlar, dəramədlər və rənglər öz əksini tapır.

Xalq artisti, bəstəkar, professor Süleyman Ələsgərov qarmon üçün iki əsər bəstələyib:-“Lirik rəqs”, “Skerso”.

Ustad qarmon ifaçısı, pedaqoq Zair Mustafayev qarmon tədrisində istifadə olunmaq, çalınmaq üçün yeddi melodiya bəstələyib və bunların fortepiano müşayiətini də özü yazıb.

Bu məqalənin yazarı kimi deyirəm, 20 ildən artıqdır ki, qarmon ifaçılığı sənətilə bağlı keçirilən bütün tədbirlərdə, elmi konfranslar və seminarlarda öz çıxışım vasitəsilə Azərbaycan bəstəkarlarına qarmon üçün əsərlər yazmalarını xahiş edirəm. Bu barədə “Qarmonla fortepiano üçün”, “Qarmonla xalq çalğı alətləri orkestri üçün”, “Qarmonla simfonik orkestr üçün” və “Qarmonla kamera orkestri üçün” konsertləri nəzərdə tuturam.

 

Əhsən Rəhmanlı,

Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Ardı var

 

Hürriyyət.- 2024.- 28 may, ¹20.- S.15.