ÜZEYİRBAYCAN

 

(Anam Qarabaģa)

 

Aralı düşmərik bir-birimizdən.

Əsli sən olmusan, Yanıq Kərəm mən.

"Dayna" kəlmənin gündə yüz kərə

Başına dolanıb hərlənərəm mən.

 

"Şikəstə" oxuyub, sən zaman-zaman

Qızıl torpağına dərd-qəm əkmisən.

"Heyratı" üstündə ayağa qalxıb

Zūlmūn anasına dağlar çəkmisən.

 

Elin dar günündə, ağır günündə

Sõykənib yenilməz vüqarına sən,

Qızın Nüşabənin ləyaqətiylə,

Fateh İsgəndərə diz çökdürmüsən!

 

Yağılar tutanda dörd bir yanını,

Səni xar eləyən ərən olmayıb,

Dara düşəndə vüqar sarıdan

Korluq çəkdiyini görən olmayıb.

 

İndi Vətənim yanıb-yaxılır

Başından əskilən tək bircə tükə.

Ölməz Füzulinin əsli, nəsli

Sənin Bayatından düşüb Kərkükə.

 

Torpağın nəğməkar, daşın nəğməkar.

Yayılıb şöhrətin, şanın hər yana.

Bir dahi oğlunun barmaqlarıyla

Himni sən yazmısan Azərbaycana.

 

Adını Vətənə yaraşdırıram

Üzeyirbaycanım, ey ulu binəm!

Ölməzlər yetirən boz torpağına

Babam qurban olub, növbədə mənəm!

 

Şahmar Əkbərzadə,

şair- publicist

 

Hürriyyət.- 2024.- 17 sentyabr, №35.- S.13.