ÖLÜMSÜZLÜK...

 

Şəhid Eldar Həsənovun həyat yolu

 

Eldar Həsənov doğma Vətənini canından, qanından artıq sevirdi. Birinci Qarabağ Müharibəsində onun uğrunda özünü fəda etməklə, 29 yaşında ölümsüzlüyə qovuşub. Bu, Vətən sevdalısı özü qısa ömür yaşasa da, göstərdiyi qəhrəmanlığı ilə Azərbaycan gəncliyinə örnək olan, şöhrət  gətirən bir ad qoyub.

Eldar İsfəndiyar oğlu Həsənov   1965-ci ildə Cəlilabad rayonu, Lallar kəndində dünyaya göz açıb. 1983-cü ildə Xanəgah kənd orta məktəbini bitirib, bir ildən sonra  sovet  ordu sıralarına çağırılıb.  Xidmət zamanı mənəvi cəhətdən yetkinliyi, yaşına uyuşmayan təmkini, sanballı davranışı ona başqa millətlər arasında dərin hörmət  qazandırır. 1986-cı ildə hərbi xidmətini başa vurub doğma kəndinə qayıdıb. Həyat amalı yaxşılıq etməkdən ibarət  olan gənc bir müddət sürücü işləyib.

1988-ci ildən erməni faşistlərin Qarabağa təcavüzü Eldarı narahat edib. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılmaqla, əlinə silah alıb Vətənin müdafiəsinə qalxıb.  Hər dəfə döyüşə girəndə  yağıya qan qusdurub. Dəfələrlə getdiyi kəşfiyyatdan iki-üç əsirlə geri dönüb.  Vətənin azadlığı naminə hər an qurban getməyə hazır olan igid düşmənə sarsıdıcı zərbələr vurmaqla, onun kabusuna çevrilib. Məhz buna görə   E. Həsənovun başına ermənilər 50 min ABŞ dolları məbləğində mükafat qoyublar.

Eldar 1991-ci ildə Polis Akademiyasına daxil olub. Təhsilini başa vuran kimi, yəni 1994-cü ildə  yenidən erməni dığalarına qarşı döyüşə yollanıb. Füzuli bölgəsində  polis starşinası yüksək şəxsi rəşadət şücaət göstərərək düşmənin xeyli canlı qüvvəsini, texnikasını məhv edib.  Qəhrəmanlığı dillərdə  dastana dönüb.  Ermənilər igid döyüşçünü  daim izləyib, məqam düşəndə öldürməyə çalışıblar. 1994-cü ilin may ayının 12-  Horadiz qəsəbəsi uğrunda ağır döyüşlər  zamanı Eldar özünə xas olan igidliklə yenə ön cərgədə vuruşub,  qəfil atılan mərmi onun Vətən eşqli qəlbini əbədi olaraq susdurub. Doğma kənd qəbiristanlığında torpağa tapşırılıb.

Böyük bir millətin qürur yeri olan Eldar Həsənova  Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı  ilə   ölümündən sonraAzərbaycanın Milli Qəhrəmanıadı verilib. Həmçinin qəhrəman Vətən  oğlunun  Cəlilabad Rayon Polis Şöbəsinin həyətində büstü qoyulub.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2024.- 9 yanvar, ¹1.- S.15.